Tofiq Nurəli - Qarlı nəğmələr

(“Darıxan nəğmələr”dən)
***
Nəyimə lazımdır bu çöllər mənim –
Solğun ay.., donmuş qar nəyimə gərək
Qırovlu yulğundan tonqal qalayıb
Tullanım üstündən mən yüyürərək.
Taleyin, həyatın sualları çox –
Yığılıb önümdə hey qalaq-qalaq.
Onsuz da bir cavab tapa bilmədim,
Qoy atım onları bir-bir tonqala...
Söylə mən nələri silim ömürdən?!
Mümkünmü? Söylə, kim bacarıb bunu?!..
Hələ bu günəcən anlamamışdım
Həyatın bu qədər boş olduğunu...
Ah.., sonsuz, kimsəsiz bu qarlı çöllər...
Solğun ay.., donmuş yel, bum-buz ulduzlar...
...Qoy atım toonqala o sualları..,
Cavablar onsuz da uduzulublar...
Bu sonsuz çöl kimi dünya mənasız..,
Solğun ay.., donmuş qar nəyimə gərək...
Bu soyuq ömürdən, solğun həyatdan
Nələr istəyirdi – bilmədi ürək.
01.04.18
Səni gözləyirdim
Mən səni bu dəfə çox gözlədim, çox..,
Kövrəldim gecəni döyəndə yağış...
Səni gözləyirdim gör neçə vaxtdır,
Səni gözləyirdım bu qar düşməmiş...
Mən ki çox gözlədim, nə gizlədim, çox...
Mən səni bu dəfə çox gözlədim, çox
Bəlkə gəlməyəsən, heç gəlməyəsən...
Bir az da gözlərəm,sonra nə bilim..,
Dözümüm çatarmı gözləyəm yenə?..
Bəlkə də unutdum lap yerli-dibli...
Ya da neyləyim ki, gec gəlməyəsən?!
Bəlkə sən bu dəfə heç gəlməyəsən?..
Hər şey çox uzanıb həddin aşanda,
Gözləmək özü də düşəndə gözdən,
Eyni şey olanda gözlə-gözləmə..,
gözləmək mənasız olubsa, gəlmə...
Qapını açmağın bayram deyilsə,
gəliş təmənnasız olubsa ,gəlmə!
Səbrin üstünü də basıbsa bu qar,
Bu ayaz gecəyə çaxırsa şimşək
Onda yum gözünü,qaldır badəni:
Açılmayan qapıların sağlığına
İçək son qədəhi, sonacan içək...
Mən səni bu dəfə çox gözlədim,çox...
...Səni gözləyirdim bu qar düşməmiş...
16.10.15
Pencəkli xatirələr...
Salıram pencəyimi
çiyninə başdaşının
hava şaxtadır yaman...
...Bəlkə çıxıb yadından-
bax beləcə bir zaman
salardım pencəyimi
sənin çiyinlərinə..,
bir az üşüməkdən qoruyardım səni,
bir az özümə bükərdim səni..,
Sən gedəndən sonra
bu pencəyin içindən
canıma çəkərdim səni...
...indi heç nə yoxdur, yox..,
yüz fikirləş,
yüz vur-çıx
yüz düşün, yüz daşın
heç nə dəyişən deyil...
Adını sinəsinə tutub durub baş daşın –
burda nə çox gözləyən var, ilahi.
Adını sinəsinə tutub durub baş daşın –
demək ki, gözləyirsən?.,
axı bir qərib də var
ömrün o başlarında
iyirmi yaşlarında...
Sənli mənli, pencəkli
köhnə xatirələri –
həyəcanlı və canlı
və tərli xatirələri
salıram bircə-bircə yaddaşımın çiyninə
və adını sinəsinə tutub duran
baş daşının çiyninə.
Salıram pencəyimi
baş daşının çiyninə
hava yaman şaxtadadı.
29.03.2017
Qış qayğısı
Yazda toxum kimi zoğ atıb çıxıb
Yarpaq açacağam gül açacağam,
Bu köhnə dilimi qoyub bir yana
inan ki təzədən dil açacağam
Bu qışı birtəhər keçirə bilsəm...
Sazaq iliyimə işləyən zaman
Bir isti misraya tutsam əlimi..,
Tələsə-tələsə gələn dumandan
Qırov bağlayanda daş da, çör-çöp də...
Qəfil yıxılmasam bu ötə-ötdə..,
Bu qışı birtəhər keçirə bilsəm...
Çovğundan yerlə göy seçilməyəndə,
Başın itirəndə tamam çöl-bayır,
Domnadan tökülən yanar poladtək
Görərsən dilimdə söz parıldayır...
Bu qışı birtəhər keçirə bilsəm...
Bu da bir istəkdir düşüb könlümə,
Mən yaz vurğunu da deyiləm düzü..,
Bürüyür gəlbimi şairanəlik
Payıza dönəndə dünyanın üzü
28.02.16
***
Qar yağdı dağlara... məndən uzaqda.,
Qeyb oldu dünyadan hər cığır, hər iz...
Köhnə bacalardan qalxan tüstülər
Milləndi göylərə səssiz-səmirsiz.
Tənha evimizin artdi qubarı,
Buz oldu göz yaşı pəncərəmizin.
Bir uşaq boynunu burub ağladı,
Bağlı qapısında kənd evimizin.
Heç kim tanımadı, heç kim görmədi,
Bu uşaq kim idi? Gəlmişdi niyə?
... O bağlı qapıda durub hər gecə
Ağlaya-ağlaya qeyb olur göyə...
27.11.96
QIŞ
Az qala qoymuşdu payızı darda
Bir görün haqlıdı dəli qış harda..,
Götürə bilmədi, navalçalarda
Payızın qırılmış kəndiri qaldı...
Aşdı gecələrdən aşıqsayağı..,
Yaman möhkəm oldu qışın dayağı.
Üşüdü nənəmin əli-ayağı
Çörəksiz-yappasız təndiri qaldı...
Çillələr çayları saldı buz qına,
Ovçu güllə atdı necə azğına.
Qurtardı dərilər, novruz ağzına
Nənəmin bir dəri pendiri qaldı...
23.12.78
***
Qar yağdı... ilk qar...
qaldı oktyabr bu qarın altda...
Bu qarın altda qaldı payız...
Ötən tələbəliyim..,
Kövrək sevdalı günlər,
Ömrün keçən çağları
bu qarın altda qaldı...
Gizli, aşkar görüşlər
qapınızı döydüyüm gecələr,
ananın sevincdən şaşqın baxışları,
Saçlarını oxşadığın analar,
İlk şübhələr,
son ümidlər,
Sən gəlin köçdüyün gün,
Mənim dağlara qayıtdığım vaxt,
Eh, hamısı..,
hamısı
qaldı bu qarın altda..,
Hər şey ağa büründü
təzədən doğulmaq istədiyim həyatda...
... Qar yağdı,
ilk qar...
Ağ səhərin
ağ yoluyla
ağ binaya doğru gedirəm
gedirəm asta-asta,
gedirəm xəstəxanaya
Orda ağ xalatım məni gözləyir.
... Ağ səhərin ağ yoluyla gedirəm
ayağımın altında qar.
Qarın altında
Eh, hamısı...
hamısı
qaldı bu qarın altda...
..Ağ səhərin ağ yoluyla gedirəm
ağ-appaqdı dünya,
ağ-appaqdı dünyam...
Göy zolaqlar uzana-uzana
üz tutub göy üzünə
ağ damlarından Qonaqkəndin!..
***
Ah, bizim kəndimiz, nə bəxtəvərsən,
Ağ dona bürünüb yenə çöl-bayır.
Soyuq təbəssümlə boylanır günəş,
Donqar təpələrdə qar parıldayır.
Kirşələr şütüyür, uşaqlar gülür,
Qarğalar eşərək dən gəzir qarda.
Hələ bəxtəvərdi bax bu uşaqlar,
Məndən bəxtəvərdi bu qarğalar da.
Ah, bizim kəndimiz , nə bəxtəvərsən,
Ağ dona bürünüb hər tərəf, hər yan.
Bu gecə işləyib səndən xəbərsiz
Çoxdan uçurulmuş sirli dəyirman.
Ey, bizim cığırlar, yadırğadım mən,
Qaldı o, xoşbəxtlik çox arxalarda.
Ey, bizim kəndimiz, məni bağışla,
Məndən bəxtəvərdi bu qarğalar da!
1984
***
Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm, tənhayam.
Ağlına gəlməz ki, könlümə düşdün,
Çox şeylər ağlına gəlməz bu gecə,
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz...
Ağlına gəlməz ki, şəklinə baxdım,
Baxdım və şəklini öpmək istədim,
Ağlına gəlməz ki, körpən qoymadı –
bətnindəki körpən!
Ağlına gəlməz ki, olub keçənlər
məhəbbət olmayıb,
bir oyun olub,
Bəlkə nağıl olub –
söylərsən bir vaxt
oğluna,
qızına,
nə bilim kimə...
İncimə,
sən Allah, məndən incimə
o, şirin nağılın sonu kədərmiş,
eh, sənin taleyin qəza-qədərmiş...
Mənimdə taleyim elədir, vallah!
Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm...
tək niyə?!
– Mən varam –
dünya var bu boş otaqda...
Ağlına gəlməz ki, gecə yarıdır,
Və şeir yazıram mən sənin haqda...
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz,
Çox şeylər ağlına gəlməz bu gecə!..
1979, oktyabr
***
Ah, qarlı düzənlər, lap sizin kimi
Nə vaxtsa təmizdi mənimdə qəlbim.
Mənim soyuqluğum yoxuydu ancaq,
Bəs niyə beləyəm indi, nə bilim...
Başsız küləklərə bənzədi ömrüm,
Bilmədim nə zaman çapıb getdilər,
Məni, yel qanadlı köhlən illərim
Qüssələr içinə atıb getdilər...
Arxada qaldıqca dost bildiklərim
Arxadan nə qədər daş atdı mənə.
Çoxuna səadət gətirən sevgi
Nədənsə, tənhalıq bəxş etdi mənə.
Dünyanın nə qədər işləri varmış...
İçimi yandırdı bu göz yaşları.
... Mənim qəbristandır çox sevdiyim yer,
Mənim sirdaşımdı məzar daşları...
Nə idi mənası axı bu ömrün,
Harda büdrədimsə, dedim düzələr...
... Bahar gözləyirdi mənim də könlüm
Ah , qarlı düzənlər, qarlı düzənlər...
1980
QAR YAĞIR
Aydınlıq gecədə yenə qar yağır-
Dünya başdan-başa ağappaq yuxu…
Elə bil qar deyil, ay işığında
Özünə qayıdır torpağın ruhu…
08.02.08
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.