İçək şərəfinə ayrılıqların - Tofiq Nurəlinin şeirləri
Manera.az tanınmış şair Tofiq Nurəlinin şeirlərini təqdim edir:
***
İçək şərəfinə ayrılıqların –
Ürək tir-tir əsir düşəndə yada...
Yaxşı ki, dünyada ayrılıqlar var,
Yaxşı ki, sevgilər ölmür dünyada...
Yaxşı ki, dünyada ayrılıqlar var –
Yaxşı ki, qəlbləri titrədir bu qəm...
...İsavi matəmlər necə keçirsə,
Bu dəfə lap o cür içək deyirəm...
İçək heç bir kəsi xatırlamadan –
İçək, içimizə baxaq və susaq;
Üz-üzə dursaq da, bir-birimizdən
Görərsən nə qədər uzağıq, uzaq.
Baxıb gözlərinə axtarım səni,
Gör, sən də bacarsan axtar məni tap...
Bizim aramızdan su keçməyirdi,
Amma nələr keçib – ay dadi-bidad...
Biz sovet gənciydik, dua bilmədik—
İnanma bu bizə günah sayılsın...
O gün molla dedi hüzr yerində –
Daima açıqdır tövbə qapısı...
Sən tövbə eylə ki, atmazsan məni,
Mən də tövbə üçün bir şey taparam...
Bəlkə tövbə edim unutmamağı –
Gözəl xanımlarla qoy dəysin aram...
Ürək tir-tir əsir düşəndə yada –
İçək şərəfinə ayrılıqların...
...Qaçım qabağına, qaçım lap elə,
Qaçım başı açıq, ayağı yalın...
BU QIZ
Mən ki, onu görən kimi tanıdım
Qırx il sonra həmən yaşda qayıdıb.
Gözlərimə baxıb keçdi təlaşla
Ürəyimdə bir vulkanı oyadıb.
Bir az getdi, bir az durdu yerində
Bu qız çaşdı, mən də çaşdım, nə deyim.
Elə bil ki, nəbzi vurdu yerin də,
Birdən- birə dünya qaçdı, nə deyim...
Bu qız məni nə tanıyır, nə görüb..,
Özü bilmir bu həyəcan nə sirdi...
Mən ki onu görən kimi tanıdım,
Mən o qızın anasını sevirdim.
Anlamır ki, ürəyində dolaşan
Bu təlaşlar anasıdır, oyanıb...
Anlamır ki, bu ağsaqqal kişinin
Gözlərində anasını taniyib.
Allah, mənə bir ağıl ver bu yaşda,
İlk məhəbbət hansı yaşda haramdı?..
Bu qız mənə gözlərini zilləyib-
Bu qız mənim sevgilimdi?
Balamdı?
MƏNİM YAŞIDLARIM
Mənim yaşıdlarım tez qocaldılar
Elə mənqarışıq, özümqarışıq.
Dostlara baxmağa utanır adam
Saçlar bəyazlaşıb, alın qırışıq.
Bilmirəm nə idi sıxan-sındıran
Biz hansı fitnənin felinə düşdük?
Necə qoruyaydq bir-birimizi –
Zamanın toqquşan yerinə düşdük.
Bizim taleyimiz eyni yazılıb,
Alın yazımızın diqtəsindəydik.
Bizim günahımız deyildi axı –
Vulkanın püskürən nöqtəsindəydik.
Bizi şax olmağa öyrətmişdilər,
Anlaya bilmədik hara əyilək;
Bizimki deyildi köhnə zəmanə,
Təzə dövrana da gəzrək deyilik.
Səmtsiz bir boşluğa düşdük qəfildən,
Zamanın seçdiyi qurbanlıq bizik.
Durub öz-özümə deyirəm hərdən
Bizi unutdurdu bu çəkisizlik.
Bizdən əvvəlkilər qaldı yerində,
Bizdən sonrakılar qısıb səsini
Bizim çiynimizin üstə salamat
Keçdilər fəlakət məsafəsini...
Mənim yaşıdlarım tez qocaldılar
Alın yazımızın felinə düşdük?!
Zəmanə qurbanlıq yetirdi bizi
Zamanın toqquşan yerinə düşdük.
***
Elə bil qar yağıb, çovğundur hər yan..,
Bir günəş çox azdı bizim dünyada;
O qədər sopsoyuq baxıb keçirsən
Papaq, kürk geyinmək istəyir adam...
O qədər sevirəm səni, o qədər –
Sığışmır "sevirəm” kəlməsimə də...
Mən sənin adına deyə bilərəm
Sonuncu şəhadət kəlməsini də...
Mən daha neyniyim – nələrdən keçim,
Səhvlərin ödənci de nədir indi?..
Aldadıb qaytarmaq istəmirəm, yox..,
Cavab gözləyirəm, növbə sənindi...
Mənim inadımın səbəbləri var,
Daha gizlətməyin zamanı keçib...
Demək istəmirdim; Vanqa deyib ki,
Mənim olacaqsan sən tezi-geci..
SƏNİ GÖZLƏYİRDİM
Mən səni bu dəfə çox gözlədim, çox...
Kövrəldim gecəni döyəndə yağış...
Səni gözləyirdim gör neçə vaxtdır,
Səni gözləyirdim bu qar düşməmiş...
Mən ki çox gözlədim, nə gizlədim, çox...
Mən səni bu dəfə çox gözlədim, çox
Bəlkə gəlməyəsən, heç gəlməyəsən...
Bir az da gözlərəm, sonra nə bilim...
Dözümüm çatarmı gözləyəm yenə?..
Bəlkə də unutdum lap yerli-dibli...
Ya da neyləyim ki, gec gəlməyəsən?!
Bəlkə sən bu dəfə heç gəlməyəsən?..
Hər şey çox uzanıb həddin aşanda,
Gözləmək özü də düşəndə gözdən,
Eyni şey olanda gözlə-gözləmə...
gözləmək mənasız olubsa, gəlmə...
Qapını açmağın bayram deyilsə,
gəliş təmənnasız olubsa, gəlmə!
Səbrin üstünü də basıbsa bu qar,
Bu ayaz gecəyə çaxırsa şimşək
Onda yum gözünü,qaldır badəni:
Açılmayan qapıların şərəfinə
İçək son qədəhi, sonacan içək...
Mən səni bu dəfə çox gözlədim, çox...
...Səni gözləyirdim bu qar düşməmiş...
HEÇ İNANMIRAM
Tənhalıq içindən, təklik içindən
İntizar içindən, boşluq içindən
İşıqsız,nəfəssiz, odsuz –ocaqsız
Hənirsiz, buz sükut – daşlıq içindən
Görən necə çıxdı evimiz yaza?!
O nələr keçirdi çərşənbələrdə?!
Əydi hansı daşın qəm-qübar yükü?!
O həyət tonqalsız, o damlar şamsız...
Onu boğmadı ki, bu soyuq bürkü?!
Görən necə çıxdı evimiz yaza?!
Anamın əllərin yada saldımı,
Yadına saldımı atamın səsin...
Nələr çəkdi görən anamın ruhu –
Günahkar bilməyib yenə heç kəsi?!
Görən necə çıxdı evimiz yaza?!
Qışın zil qaranlıq kar gecələri
Boynun qatlatmasın.., inanmıram heç.
Qonşu həyətlərin novruz tonqalı
Bağrın partlatmasın... inanmıram heç.
Görən necə çıxdı evimiz yaza?!
Heç yaza çıxdımı,heç inanmıram...
Kim dözər bu qədər biganəliyə...
Yəqin küsüb getdi o evin ruhu,
Ya da ki, qoşuldu divanəliyə...
Quruca daş-divar ev deyil hələ..,
İçində heç kimin ruhu yoxdusa,
İçində bir çimir yuxu yoxdusa,
Onu yada salan ağrı yoxdusa,
Onu yada salan oğul yoxdusa
Quruca daş-divar ev deyil hələ...
Ey ata ocağım, ey ana evim
Sənə ata deyim, lap ana deyim?!
O necə oğuldu, deməzmi bir yol
Gedim bir atama-anama dəyim?
Mən deyə bilmədim, dəyə bilmədim
Heç bir gərək də yox min bəhanəyə.
Yəqin atam kimi, eh anam kimi
O evin ruhu da incidi məndən,
Daha heç birisi yuxuma gəlmir...
Daha heç birisi yaxına gəlmir.
Mən çıxıb getmişdim – qayıtmaq üçün...
Taleyim döndərdi axan ulduza...
...Üzüm də yoxdu ki, soruşum bu gün
Görən necə çıxdı evimiz yaza?!
NƏSİMİ
İnadı zamanı laxladan babam,
Taleyi dünyanı ağladan babam.
Dünyada soyulan tək sən deyilsən,
Çoxlarının yanında şükürlüsən sən hələ.
Səni bıçaq-bıçaq, əl-əl soydular,
söz-söz, misra-misra soyurlar indi.
Soyub qurtarıblar Əli Kərimi,
Soyublar, soyublar Nazim Hikməti,
Dörd yüz ildi Füzulini soyurlar...
söz-söz, misra-misra soyurlar indi...
Şairlər soyurlar biri-birini...
Hələ neçələri soyulacaqdır...
II
Hələbin qapısında
İki şaqqa Nəsimi –
Şərqin qapısında sən.
Nəsiminin taleyini dünya bilir –
Nəsimi taleli Vətən!
SÖZ
Qələm qan-qan deyir yenə
Misralar qan içindədi...
Sözlər kəsik başlar kimi
Qanlı meydan içindədi...
Yarasından qan fışqıran
Sözlərə dəymir köməyim...
Ağrıdan “Vətən” qışqıran
Sözlərə dəymir köməyim...
Sandım ki haqq yolundayam
Mən verdim sizi qırğına...
Qəlbimə gömürəm sizi –
Qardaşlıq məzarlığına...
Sizi qeyrət qəltan etdi
Tikə-tikə, doğram-doğram...
Sözün qanı düşən yerdən
Həmişə Vətən doğular!
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ