Sözdən minarəm, tacım var - Ələddin Əzimlinin şeirləri

MANERA.AZ tanınmış şair Ələddin Əzimlinin 70 illik yubileyi münasibətilə təbrik edir, şeirlərini oxuculara təqdim edir.
***
Ay işığında
mürgü döyür qoca köpək.
Qoca köpəyin
solğun, nəmli gözlərində
batar, çıxar Ay işığı.
Gözündə Ay işığı,
içində günəş parçası
qoca köpək,
Ay işığı
yapışıb dünyanın ətəyindən
mürgü döyə-döyə
yollanarlar sabaha...
***
Qulaqlarımı
kar eləyən
ayaq səslərindən,
dünyanın bu yorğun kəndindən,
gecənin boşluğundan
baş alıb qaça bilmədim.
Sapsarı Ay işığı
tutdu əlimdən...
***
Bu payız
üşüdəcək məni,
elə ağacları da.
Ağaclar
yarpaq-yarpaq göynəyəcək,
ağlayacaq,
güləcək çılpaqlığına.
Yaşıl-yaşıl yuxular
diksindirəcək ağacları
yaşıl-yaşıl ümidlər gələnəcən...
***
Ürəyimin
içi bomboşdur bu axşam.
Deməyə
sözüm qalmayıb,
oxumağa nəğməm.
Ayaqqabılarım
yırtılıb gəzməkdən.
Başım
ağrıyır yatmaqdan.
Bir yandan da
ürəyimin
içi bomboşdur bu axşam...
KÖHNƏ BALIQÇI QAYIĞI
Külək döyəcləyən,
qağayı gecələyən
sahilə atılmış
köhnə
balıqçı qağayı.
Qəmli-qəmli
ötür günləri.
Balıq dolu çağları düşür yadına.
Qarşıda alatoranlıq,
zil qaranlıq,
bitib-tükənməyən ayrılıq.
Azca aralıda
coşqun dəniz.
Sahilə çırpılan dalğalar,
qanadı sınıq qağayı
səksəndirir
köhnə, tənha qayığı...
QƏRİB GÜN
Çoxdan,
lap çoxdan,
bəkə də uşaqlıqdan
bu qədər
gəzməmişdim meşədə,
elə
yamacda da, döşdə də.
Meşəni bölüb keçən
daşları dilləndirən
çayın yaxınlığında,
lap qırağında
şırıltının səsini
layla bilib yatdığım
o qərib gün, nədənsə,
bu gün
qəfil düşdü yadıma.
Qərib günün sədası
çox uzaqdan gəlsə də,
günəşli çalarıyla
yeni
rəng qatdı həyatıma...
KÖVRƏK CAN
De, kim oyatdı yuxudan,
Ağrılı, titrək canımı?
Çırpdı sərt qayaya, daşa,
İnsafsız külək canımı.
Xoşbəxt sanma hər güləni,
Ayaq bilməz baş biləni.
Yaşadacaq zaman məni,
Saf arzu, dilək canımı.
Sözdən minarəm, tacım var,
Saysız qardaşım, bacım var.
Dünya, sənə bir borcum var,
Gəl apar kövrək canımı...
CAVAB
Üzüldü
səndən əllərim.
Elə bil yüz ildi
təkəm, yalqızam.
Səndən, özümdən
xeyli uzağam.
Kim bilir bu səfərdən
nə zaman qayıdacağam?
Ürəyim açıqdır dərdə, əzaba
torpaq
yağışlara əl açan kimi.
Körpələr
ana kəlməsilə dil açan kimi.
Bu qəriblikdə
hər axşam əvvəlcə qapım,
sonra da qəlbim döyülür.
Bu sənin əlindir,
yoxsa,
yalqız Tanrının?
Nə vaxtdır gəzirəm
ruhuma hakim kəsilən
bu ağır sualın
sirli cavabın...
GİZLİ SEVGİ
Bu çəmənin
çiçəyi çox, rəngi çox,
sevgilərdən boylanan
ilahi ahəngi çox.
Gecələr
qəlbimə təskinlik verən
xoş sözləri,
ruhuma sığal çəkən
gündüzləri mənimdir.
Hər zaman qəlbimdədir
şirin xəyallarıyla.
Ağzı bağlı məktubam
mən nə vaxtdır onunçün.
Xəbəri varmı görən?
Halidirmi
o bu gizli sevgidən?
Arxasınca kölgə tək
bilirmi,
vardır gələn?..
HƏQİQƏT
Təslim olmaq ağır dərddir,
Tanrım, onu çəkənə ver.
Səbri, dözüb gözləməyi,
Torpağa dən səpənə ver.
Dadlı, şirin məhəbbəti,
Tər çiçəyi, təravəti,
İnsanlığı, ləyaqəti,
Düşmənə dağ çəkənə ver.
Haqqı danan düşər oda,
Ürəyini açma yada.
Xoş günləri bu dünyada,
Bir qəlb evi tikənə ver...
BAĞLI QAPI, TƏNHA QUŞ VƏ MƏN
Üzümə bağlı qapı
Açılana oxşamır.
Budaqdakı tənha quş,
Ac olana oxşamır.
Acsa, qılınca çapar,
Dimdiyindən od qopar,
Bu təravət onda var,
Qocalana oxşamır.
Ağac çox sakit durub,
Yəqin, küləklər yorub.
Quş təmkinlə oturub,
Qol açana oxşamır.
Səs-səmir yox, ha dinlə,
Ha yalvar, ha tut dilə,
Hətta, Allaha belə,
Əl açana oxşamır.
Qapını sındıran yox,
Nadanı qandıran yox,
Haqqı oyandıran yox,
Quş uçana oxşamır...
DURNA HARAYI
Bu gecə
səsləndi həzin-həzin
dəstədən üzülmüş,
yolunu azmış
bir qərib durna.
Heyif
çata bilmədim
onun yanğılı harayına.
Uç,
uzaqlara uç,
canım durna, gözüm durna!
Yoxsa tuş gələrsən
zalım bir ovçuya.
Bir qaşıq isti qanın
zərrə-zərrə çilənər
bu pak gecəyə.
Bu ağrının göynərtisi, həyəcanı
çox-çox uzaq səndən,
bizdən,
gecədən, gündüzdən.
Bu olaydan
göylər bürünər
fəryada, aha.
Dərdə bax!
Ruhun
lələklərindən,
ipək tellərindən öncə
çatar Bağdada...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.