Ruhum aşiq vətəndaş, ürəyimsə vətəndi - Təbriz İmanın şeirləri

MANERA.AZ Təbriz İmanın şeirlərini təqdim edir.
OYADIM SƏNİ
Susur zimistan çağı, dağ - dağa verir qulaq,
Ləngiyir mənbəyinə, sular da düşür çolaq,
Xəzəllərə bürünüb, mürgüləyən ey bulaq,
Öpüşümlə gözünü açım, oyadım səni.
Sözdən başqa varım yox, bir Məmməd, bir Nəsirəm,
Sənə pay vermək üçün öz ömrümdən kəsirəm.
Sübhə qədər uyqum yox, hüsnünə tələsirəm,
Günəşdən bir az öncə qaçım, oyadım səni.
Sual verdilər, kimsən, dedim, haqqın aşığı,
Ürəyimin qənimi, ruhumun yaraşığı.
İlahi qanad verə, ey gözümün işığı,
Qürbətdən yurda sarı uçum, oyadım səni.
Keşkə göy yaylaqların ahusuna dönəydim,
Dolanbac cığırlarla hürkək - hürkək enəydim.
Təbrizəm, şux qəddimi sənin eşqinlə əydim,
Lilparlı qamətini qucum, oyadım səni.
İŞƏ DÜŞDÜM
Qəfil ürəyimi yaraladılar,
Gecənin bu vaxtı mən işə düşdüm.
Bir anın, bir günün içində, Allah,
Düşdü saçlarıma dən, işə düşdüm.
Eşqdən bağrım başı göynəyə döndü,
Ah çəkdim göylərə, göy nəyə döndü?
Həsrət gözlərimdə eynəyə döndü,
Zirvədə sis - duman, çən, işə düşdüm.
Qorx ki, şair ölər, batma qanına,
Sonra xələl gələr şöhrət-şanına.
Məndə halmı qoydun qalxam yanına,
Bir az o zirvədən en, işə düşdüm.
Çoxları yön tutub gəlir izimnən,
Yollara nur yağır halal sözümnən.
Of... azar deyilən vurdu dizimnən,
Təzəcə çatmışdım finişə, düşdüm.
Sanmaki, bir adi baxışdır, nolar,
O canı bu cana sığışdır, nolar.
Gözümü yollardan yığışdır nolar,
Qayıt Təbrizinə, dön, işə düşdüm.
ALLAH GÜNAHINDAN KEÇ İNSANLARIN
Yetişin dadıma, yetişin, dostlar,
Meyvələr payızda yetişən kimi.
Oxuyun, dinləyim avazınızı,
Bülbüllər bağçada ötüşən kimi.
Oxuyun, qəmlənən qəlbim açılsın,
Gözlərim Günəştək doğsun səhərə.
Şövqüm çiçəklərin üstə saçılsın,
Çiçəklər batmasın, qəmə, qəhərə.
Dağlar üşüyərmi bəyaz qarından,
Sular ovuc - ovuc əlimdən öpür.
Öpürəm şeirin dodaqlarından,
Şeirlər həmişə dilimdən öpür.
Doğrudan torpaqdan yaranmışıq biz?
Bəlkə, onun üçün torpağı sevdim.
Qoca kainatın gözyaşı dəniz,
Gecə yuxudan çox çırağı sevdim.
Çaları, mənası necə dərindir,
Dilini bilmədim mən insanların.
Özün yaratdığın bəndlərindir,
Allah, günahından keç insanların.
ÖYRƏŞƏ BİLMƏDİM
Yaranan günümdən yandım, əridim,
Həyat kibrit oldu, mənsə şam oldum.
Ayaqlaşdım, ələm üstə yeridim,
Çox oxudum, çox öyrəndim, xam oldum.
Öyrəşə bilmədim başqalar təki,
Öyrəşə bilmədim əyri yollara.
Quzeydə can verdim bəyaz qar təki,
İçildim, soruldum yaşıl kollara.
Ruhum dil açanda ilk vətən dedi,
Mən təbiət dedim, buz bulaq dedim.
Kimi quyruq yedi, kimi ət yedi,
Mən zaman əlindən şapalaq yedim.
Qırıldı, yeyildi daş da, dəmir də,
Bəxtimin ağzında dişlər qalmadı.
Bu gödək ömürdə, bu az ömürdə,
Başıma gəlməyən işlər qalmadı.
Heç boyun əymədim xana, xanlara.
Şair ürəyindən salamlar olsun,
Həyatı kişitək yaşayanlara.
QƏRİB DEYİLSEN GÜLÜM
Səni məndən ayıran uzaq - uzaq aralar,
Səni mənə qaytaran gözlərimdi, məndəsən.
Xəyallarım cəlladtək ürəyimi yaralar,
Öldürüb dirildirsən aşiqini gündə sən.
Qar üstünə düşən iz əriyəndi, itəndi,
İçimdəki eşq izi göyərəndi, bitəndi.
Ruhum aşiq vətəndaş, ürəyimsə vətəndi,
Qərib deyilsən, gülüm, həmişə vətəndəsən.
Məhəbbəti olmayan daş da deyil, daş sevir,
Qayalar da yaş tökür, yaş axıdır, yaş, sevir.
Qara torpaq yaz görür, yay vurulur, qış sevir,
Eşqi verən İlahi, ol vəfalı bəndə sən.
Vüsala yetsəm, deməm dərdim var qatar - qatar,
Gecələr fəraqdayam, nə olsun, bəxtim yatar.
Bir an gözümdən itsən, var bədənim od tutar,
Mələksən, gözlərimin yaşında çiməndə sən.
Təbrizin qayğıkeşi, çəməni var, çölü var,
Ruhumu ovsunlayan çiçəyi var, gülü var.
Otun da, yarpağın da, torpağın da dili var,
Baharın ortaları bir gəl bizim kəndə sən.
XƏBƏR AL MƏNİ
Sirli qayalardan, axar sulardan,
Çiçəkli çöllərdən xəbər al məni.
Ağır bir mahaldan, el - obalardan,
Sonalı göllərdən xəbər al məni.
"Xram" oylağından, "Yal"ın özündən,
Soyuq bulaqların durna gözündən,
Hal bilən kəslərin şirin sözündən,
Nəğməli dillərdən xəbər al məni.
Vüqarlı dağların ər həyasından,
Çiskinnən, dumannan, qar havasınnan,
"Qaranlıq dərə"nin şir yuvasınnan,
Ötüşən illərdən xəbər al məni.
Ərənlər yetirir Darvaz guşəsi,
Həkimdir,loğmandır yaşıl meşəsi.
Ruha layla çalır quşların səsi,
Qəmli bülbüllərdən xəbər al məni.
Təbriz yaşmaq tutur sözə arınnan,
Düz ollam əhdimnən, öz ilqarımnan.
Gözəl fəsillərin xoş baharınnan,
Ətirli güllərdən xəbər al məni.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.