manera.az
manera.az

Xarici qonaqlar - Bəylər Əliyevin hekayəsi

📅 05.11.2024 15:41

Xarici qonaqlar - Bəylər Əliyevin hekayəsi
MANERA.AZ Bəylər Əliyevin 2 hekayəsini oxuculara təqdim edir.

XARİCİ QONAQLAR

Kəndə səs düşdü ki, xaricdən qonaqlar gə­ləcək. Qeyri-hökumət təşkilatının xətti ilə layihə hə­yata keçirmək üçün bu kəndi seçmişdilər. La­yi­hədən əvvəl xaricilər əhaliyə həftəlik seminar ke­çirəcəklərini bildirmişdilər. İcra nümayəndəsi təcili fəalları toplayıb bu xəbəri onlara çatdırdı və dedi: “Bizim millətin qonaqpərvərliyi bütün dün­yaya məlumdur və biz elə etməliyik ki, gələn qonaqlar bizdən narazı qalmasın. Bunun üçün biz hər işi xır­dalıqlarına qədər ölçüb-biçməliyik ki, harada qo­naqlara süfrə açacağıq və harada gecələyəcəklər.”

Müzakirələri dinləyəndən sonra icra nüma­yəndəsi fəallarla birlikdə qərara aldılar ki. Qonaq­ları rayonun ərazisində olan ən yaxşı restoranda yedirdib, ən yaxşı oteldə istirahətini təşkil etsinlər. Hətta bunun üçün lazım olan vəsaiti hesablayıb, toplanmasına göstəriş də oldu.

Həmişəki kimi, hamı sakitcə oturan Kamil müəllimin fikrini gözləyirdi, çünki o yeganə adam idi ki, əksər hallarda çoxluğu təşkil edən fikirlə razılaşmırdı və özünə məxsus tərzdə insanların “ağzını pozurdu”.

Kamil müəllim orta yaşlı insan idi. Baş­qa­larından fərqli olaraq zəngin deyildi və topladığı vəsaiti kitablara və ailəsi ilə səyahət etməyə xərc­ləyirdi. Hətta bir neçə xarici ölkələrdə də olmuşdu. Kamil müəllim nə villa, nə də “xarici maşın” sahibi idi. Çoxları Kamil müəllim kimi yaşamaq arzu­sunda olsa da, bunu edə bilmirdilər, çünki “qon­şunun acığına mən də…” fikri onlara bu arzularına çatmaq imkanı vermirdi. Topladıqları vəsaiti qon­şuya çatmaq və onu qabaqlamağa sərf edirdilər. Yeri gələndə Kamil müəllim haqqında söhbət düşəndə deyirdilər: “Kamil müəllim bir dənədir. Heç kim Kamil müəllim ola bilməz.” Kənddə Kamil müəllimin böyük hörməti var idi. Hamıya o eyni gözlə baxırdı və heç kəsdən məsləhətini və köməyini əsirgəmirdi. Kamil müəllimin hörməti çoxlarını “qayğılandırırdı” və gözləri götürmə­yən­lər onun haqqında xoş olmayan sözlər yayırdılar.

Kamil müəllim bu kəndə təyinatla gəlmişdi. Uzun müddət idi ki, bu kənddə müəllimlik edirdi. Özünəməxsus təmkinli, görəcəyi işi çox götür-qoy edən adam idi. Ona görə də onun işində nöqsan tapmaq mümkün deyildi. “Tapılan” nöqsanları ona deyəndə, gülümsəyərək “işin mahiyyətini yaxşı dərk etmədiyiniz üçün, sizə belə görünür”, – deyə cavab verərdi…

Çıxış üçün Kamil müəllim söz istədi. Hamı sakitləşdi. Onlar bilirdilər ki, Kamil müəllim söz istəyibsə – yığıncağın qərarı onu qane etməyib və o yeni təklif irəli sürəcək.

– Yoldaşlar, – dedi Kamil müəllim. – Siz bizim millətin qonaqpərvərliyini düz qeyd etdiniz. Mən az-çox dünya xalqlarının nümayəndələri ilə təmasda olmuşam. Bizim qonaqpərvərliyimizdən heç bir yerdə yoxdur. Otuz nəfər azərbaycanlı içinə qeyri-bir millətin nümayəndəsi düşəndə, o otuz nəfər çalışır ki, ya o bir nəfərin dilində danışsın, ya da elə bir danışıq dili seçirlər ki, o bir nəfər onları başa düşsün. Biz bunu qonağa hörmət kimi qiy­mətləndirdiyimizə baxmayaraq, əksər halda bunu müsbət qarşılamırlar və o bir nəfərdə bizim haq­qımızda müsbət rəy formalaşmır. Biz elə et­məliyik ki, o bir nəfər bizim dilimizi öyrən­məyinin zəru­rətini duysun və dilimizi öyrəndikdə – necə zərif, zəngin, məlahətli, dünya dillərindən gözəl oldu­ğunu hiss etsin…

Hər xalqın öz xüsusiyyətləri və meyarları var. Siz nəzərdə tutduqlarınız yalnız qonaqların qarnını doydurub, rahat yatmaqdan ibarətdir. Sizə elə gəlir ki, insanlara bundan artıq heç nə lazım deyil. Bu fikir səhvdir. Bu, bizim millətin psixolo­giyasıdır. Siz qonaqların qidalanmasına əbəs yerə külli miqdarda vəsait sərf etmək fikrindəsiniz. Lazım deyil! Sizin üçün ləziz görünən “qrilləri”, “kababları” və s. onlar qəbul etməyəcəklər. Onlar bilirlər ki, hər gün yağlı, güclü qidalı yeməkləri yemək insanların sağlamlığına xeyirdən çox ziyan verir. İnsan xəstəliklərinin dörd dərin kökü olan sütunu var. Bu sütunlar soyuqdəymə, əsəb, yağlı-kalorili yeməklər və hərəkətsizlikdir. Yalnız bizim millət özünü bunlardan qorumur.

Təklif edirəm qonaqlar üçün kəndimizdə süfrə açaq. Onları millətimizin dadlı xörəklərinə qonaq edək. Onlar üçün bu daha maraqlı və xoş­xatirəli olacaq. Yemək üçün nəzərdə tutduğunuz vəsaitin cüzi bir hissəsinə ətrafımızda olan tarixi abidələrimizlə tanış edək, toylarımıza, nişanları­mıza, təbiətimizin mənzərəli yerlərinə aparaq. Sizin o hər gün gördüyünüz su dəyirmanı, istifadə etdiyiniz kəhriz, toxunan xalça və s. bizim üçün adi olmağına baxmayaraq, onlar onu möcüzə sa­yaraq, öz ölkələrində göstərmək üçün şəklini çə­kəcəklər, məqalələr yazacaqlar.

Kamil müəllim sözünü davam etmək istə­yəndə icra nümayəndəsi Həsrət kişi ona otur işarəsi etdi…

Kamil müəllimə “camaatın ağzını pozan” sö­zünü ən çox Həsrət kişi işlədirdi. Elə indi də Ka­mil müəllim söz istəyəndə Həsrət kişinin kefi po­zuldu. O, Kamil müəllimə tərs-tərs baxaraq söz vermişdi.

Həsrət kişi ağır-ağır durub dedi:

– Ay Kamil müəllim, sənin sözünlə gələn qo­naqlar yeməkdən imtina edib, muzey ax­ta­ra­caqlar? Hər şey yeməyə bağlıdır. Adamın qarnı tox olanda oynamaq da istəyir, oxumaq da.

Bu sözləri eşidəndə hamı ürəkdən gülməyə başladı. Kamil müəllim heç nə demədən sakit otur­du. O bilirdi ki, Həsrət kişini inandırmaq mümkün deyil. O heç vaxt səhvini etiraf etməzdi və sona qədər dediyinin üstündə durardı…

Bir həftədən sonra qonaqlar gəldi, semi­nardan razı qaldılar. Onlar çıxıb gedəndən sonra Həsrət kişi yenə də toplantı keçirdi. Bu toplantıda Kamil müəllim yox idi. Həsrət kişi toplantı işti­rakçılarına, qonaqların qəbulunda iştirak edənlərə təşəkkür etdi. Amma qonaqların gəldiyi gündən bir gün sonra onların tələbi ilə Həsrət kişi qonaqları “Göy-gölə” və şəhərdəki tarix diyarşünaslıq muze­yinə apardığını, kəhrizin və su dəyirmanının ya­nında şəkil çəkdirdiyini, həyat yoldaşının qonaq­lara yuxa yaydığını, dürmək düzəltdiyini, kətə, əvəlikli umac, dovğa bişirdiyini və s. deməsə də, camaat hər şeyi bilirdi. Onlar Kamil müəllimin haqlı olduğunu görüb, ona daha çox hörmət bəs­lədi.

Kamil müəllim onlara həmişə deyirdi ki, “bizimkilərdən bəziləri var-dövləti və yeməyi hər şeydən üstün tutur. Getdikləri şəhərlərin, dövlətlə­rin bazar-dükanlarından başqa heç bir yeri gör­mürlər və getdikləri ölkələr haqqında yalnız on­lardan danışırlar. Getdikləri ölkə haqqında təsəv­vürləri az olur. O ölkə haqqında fikir söyləməyə çə­tinlik çəkirlər. O ölkənin adət-ənənələrini bil­mədikləri üçün “kobud” səhvlər edirlər və bununla öz xalqı və milləti haqqında mənfi rəy yaradırlar. Məsələn: heç kəs bilmir ki, qonşu dövlətlərin ək­səriyyətinin muzeylərində bizim milli musiqi alət­lərimiz, ərazi bütövlüyümüzü şübhə altına salan xəritələr, millətimizə məxsus çoxlu əşyalar orada nümayiş etdirilir və mənimsənilir və s. Heç kəs on­lara mane olmadığı üçün milli əşyalarımızın çe­şidini genişləndirirlər. Görəsən bu nə vaxta qədər davam edəcək…

QONAQLIQ

Bu gün çayçıya həmişəkindən çox insan top­lanmışdı. Buna səbəb Tofiqin qonaqlığa getməsi idi. Bu adi qonaqlıq deyildi. Tofiq icra hakimiyyəti başçısının qonağı olmuşdu. Hamı səbirsizliklə To­fiqin gəlməyini gözləyirdi ki, qonaqlığın necə keç­diyini öyrənsin…

Tofiq 40 yaşını keçmiş insan idi. Bir neçə ay əvvəl onun tələbə yoldaşı rayonlarına başçı təyin olunmuşdu. O, Tofiqin bu rayonda yaşadığını bilir­di və yanına çağırmışdı…

Tofiq yaxşı insan və yaxşı mütəxəssis idi. Hamı onun təvazökarlığına heyran idi. O böyüklə böyük, kiçiklə kiçik idi. Heç vaxt qabiliyyəti ilə öyünməzdi, heç kimə köməyini əsirgəməzdi, etdiyi köməkdən təmənna güdməzdi, edilən “hörmətlə” kifayətlənərdi. Böyük hörmət sahibi olsa da, zən­gin deyildi, heç zəngin olmağa da can atmazdı. İn­sanların çoxu onun bu keyfiyyətinə görə hörmətini saxlasa da, bəziləri onu “ağılsız” hesab edirdi. De­yirdilər: Tofiqin qabiliyyəti və bacarığı məndə ol­say­dı, qaz vurub qazan doldurardım. Nəinki kən­dimizin, rayonumuzun ən zəngin insanı olardım…

Yeni gəlmiş icra başçısı Tofiqi kifayət qədər tanıyırdı. Axı onlar tələbəlik həyatını birgə yaşa­mışdı. O, Tofiqin qabiliyyətinə, savadına bələd idi. Təvazökar və məğrur olmağını bildiyi üçün özü onu yanına çağırmışdı. Düzdür, yeni gələndə Tofiq onu evinə dəvət etmişdi. Vaxtı olmadığı üçün başçı gələ bilməmişdi. Bu Tofiqin xətrinə çox dəymişdi və bir də başçının yanına getmirdi…

Tofiq çayçıya girəndə hamı onu alqışlarla qarşıladı, mötəbər yerdə əyləşdirdilər, qabağına çay qoydular və s. “Təmtəraqlı qəbul” qurtarandan sonra qonaqlığın necə keçdiyini soruşdular. Tofiq heç bir qonaqlığın olmadığını, başçı ona iş təklif etdiyini söyləsə də ona inanmadılar, çünki səhər qəbula gedən Tofiqin gün batana yaxın evə gəl­diyini bilirdilər. Onlardan biri soruşdu:

– Neçə il idi görüşmürdünüz. Görüşünüzü qeyd etmədiniz? Ola bilməz ki, siz axşama qədər ac-susuz oturaydınız.

Tofiq dedi:

– Niyə ac-susuz? O qəbulun sonuna kimi göz­ləməyimi xahiş etdi. Qəbul qurtarandan sonra evə dəvət etdi.

– Yəqin ki, möhkəm yediniz-içdiniz, özü də ləziz və dadlı yeməklərlə…

Tofiq qəzəblə:

– Niyə sən hər şeyi yemək-içməyə bağla­yırsan? Bəyəm bundan vacib iş yoxdur? Biz başçı ilə sadəcə nahar etdik…

– Nə yediniz? – deyə həmin adam əl çək­mir­di, – yəqin ki, növbənöv kabablar…

Tofiq qəzəblənərək dedi:

– Sən necə insansan?! Kabablar nədir? Biz şor­ba, qarabaşaqla katlet, turşu, kompot və s. ye­dik…

Həmin adam əl çəkməyərək:

– Daha bunun nəyi qonaqlıq oldu? Köhnə dostların görüşünü şorba ilə “qeyd” etmək günah­dır. Yəqin ki, içkiniz xarici olub…

Tofiq ona tərs-tərs baxıb dedi:

– Sənin kimiləri hər şeyi “gödənə” bağlayır. Adam bu qədər qarınqulu olmaz! Sizlər masanın üstündəkindən o yanı görmürsünüz…

İndi də sual verən qəzəblənərək dedi:

– Əgər mən başçı olsaydım, gündə bir quzu yeməsəm dayanmazdım…

Hamı qəh-qəhə çəkib güldü və biri dedi:

– Yaxşı ki, sən başçı deyilsən, yoxsa rayonu yeyib qurtarardın.

Bu sözlər hamının bir neçə dəqiqəlik gülü­şünə səbəb oldu. Hamı dayanandan sonra Tofiq dedi:

– Bizi hər yerdə biabır edənlər elə be­lə­lə­ridir. Hər şeyin həddi var, başqa xalqlarda olan “por­siya” anlayışı bizdə yoxdu. Biz həmişə doyana kimi yeməyə vərdiş etmişik. Yemək ürəyimizcə olan­da “partlayana” qədər yeyirik. Bunun nəticə­sində əksəriyyətimiz artıq çəkidən əziyyət çəkirik, müxtəlif xəstəliklərin baş qaldırmasına şərait yara­dırıq…

Biz heç istirahət günlərində istirahət etməyi bacarmırıq. Təbiətin qoynuna gedəndə, ləziz ne­mət­lərlə bərabər mütləq quzu aparmalıyıq, sanki biz evdə ləziz yeməklər görmürük və yemirik. Təbiət qoynunda istirahət əvəzinə, başımız quzuya və ləziz yeməklər hazırlamağa elə qarışır ki, təbiə­tin gözəlliyini duymağa vaxt qalmır. Təbiətə vur­du­ğumuz ziyanı buraya əlavə etsək, bunu “istira­hət” adlandırmaq olarmı? Başqa xalqların nüma­yən­dələri, təbiətin qoynuna gedəndə “suxoy pa­yok” götürürlər. Kifayət qədər təbiətdən zövq alan­dan sonra, gətirdikləri bol çeşidli turist konser­vaları, kolbasaları, kətələri, yumurtanı, pendiri, ayranı və s. Qabağına qoyub yeyirlər-içirlər, isti­rahətlərinə davam edirlər. Yeyib qurtarandan sonra mütləq təmizlik işi aparırlar; çirkləndirdikləri yeri təmizləyib, səliqə-səhman yaradırlar, zibilləri top­la­yırlar, yanasını yandırırlar, qalanını oturduqları yerdən kənarda bir yerə qoyurlar və ya basdırırlar.

Siz bilirsiniz ki, mən uzun müddət Rusiyada yaşamışam. Yayda onlar təbiət qoynuna göbələk, giləmeyvə yığmağa, balıq tutmağa və s. gedirdilər. Onlar göbələk yığmaq üçün özləri ilə kəsici alət aparırlar və böyümüş göbələyin kökünü zədələ­mə­mək üçün onu səliqə ilə kəsib götürürlər ki, həmin yerdən bir də göbələk tapa bilsinlər. Balıq ovu zamanı onlar müəyyən ölçüdə balaca tutduqları balıqları yenidən suya atırlar ki, böyüsün. Onlar bilirlər ki, o balıq böyüyəcək və böyüyəndən sonra onu tutmaq daha sərfəlidir…

Bunu onlara heç kim məcbur etmir. Onlar yüksək şüura malik insanlar kimi davranırlar və bilirlər ki, belə davranışla təbiətin neməti tükən­məz olur: meşənin – göbələyi, göllərin – balıqları bitmir. Ümumiyyətlə, flora və fauna vəhdət təşkil edir və daha çox fayda verir.

Tofiq, onu sakitcə dinləyənləri nəzərdən ke­çirərək, dedi:

– Deyin görüm, sizin hansınız təbiətimizə be­lə münasibət bəsləyirsiniz?! Danışanda hər biri­niz Vətən sevgisindən ağzı dolu danışırsınız, şeir­lər söyləyib, mahnılar oxuyursunuz. O quru sevgi­dir! Vətənini sevən insan onun sərvətlərinə qayğı ilə yanaşmalıdır, istifadə etməlidir və israfçılığa yol verməməlidir. Təbiətimizin flora və faunasının harmoniyasını pozmamalıdır, pozulmuş sahəsində tarazlığı bərpa etməyə çalışmalıdır.

İsrafçılıqdan söhbət düşmüşkən, hansı sahə­də biz israfçılıq edirik?! Xeyir işlərimizdən tutmuş, hüzr yerlərinə qədər. Dövlətimiz nə qədər mübari­zə aparsa da, yenə də bizi fikrimizdən döndərə bil­mir. Dövlət bir ay üçün nəzərdə tutduğu məvacibi bir neçə toyda xərcləyirik və gileylənirik ki, bizə məvacibi az verirlər. Həmin məvacibin 20-30 faizi bir ay ailənin normal qidalanması, digər hissəsi başqa xərclərə kifayət edər.

Toya dəvət edilən şəxs şahidlik etmək üçün çağırılır ki, bu izdivac elə bəlli olsun. Çoxmu va­cibdir bu izdivaca yüzlərlə insan şahidlik etsin?! İnsanlar elə başa düşürlər ki, toya çox adam çağır­maqla çoxlu pul qazanacaqlar. Əlbəttə bu yanlış fikirdir. Çox qonaq çağırılan toyun xərci də çox böyük olur. Nəticədə az və çox qonaq dəvət edən­lər bərabər olur. Az qonaq çağıranda – ən yaxın adamlar olur və çox pul salanda onlardır…

Onu da qeyd edim ki, toyda “qazanmaq” to­ya gedənin özündən, toylara saldığı puldan, cə­miy­yətdə tutduğu nüfuzdan və vəzifədən asılıdır. Bəzi toylarda stollar boş qalır. Bu o adamların başına gə­lir ki, cəmiyyətdəki nüfuzunu, mövqeyini, get­dik­ləri toyun sayını və s. nəzərə almırlar. Elə hesab edirlər ki, dəvətnamə yazılarsa, deməli gələcəklər. El arasında belə fikir formalaşıb ki, toya getmək – borc vermək kimidir: çox verərsən – çox alarsan. Çox təəssüf ki, bu belə olmur.

Toylar günü-gündən bahalaşır, çünki toylara çəkilən xərclər, edilən ərzaq tədarükləri süni şəkil­də bahalaşır. Səbəb – toylara göstərilən marağın art­ması. Hər birimiz çalışırıq ki, etdiyimiz toy di­gər­lərinkindən üstün olsun. Məsələn: əvvəllər gəli­nin ayağının altında kəsilən qoyunun başına qır­mızı bağlayardılar. İndi ona o qədər bəzək-düzək vururlar ki, bəzək-düzək qoçdan baha olur. Gəlini qohum-dostun olan adi maşınla gətirirdilərsə, indi gəlini ən bahalı maşınla yüksək məbləğ kirayə pulu verib gətirirlər. Musiqi zakazları artıb və s.

Kiçik oğlan toylarında əgər əvvəl valideyn övladına təzə paltar alıb geyindirirdisə, son vaxtlar xüsusi paltar dəbdədir. İmkanı olan o paltarı alır. İmkanı olmayan o paltarı, qiymətinin azı üçdə bir hissəsinin müqabilində kirayə götürür. Özü də o paltar cəmi bir dəfə geyinilir. Ayrı yerdə onu ge­yin­mək mümkün deyil. Son vaxtlar kiçik toya təl­xək və digər personajları dəvət edirlər. Bu da əlavə xərcdir.

Bu iradı nişan və toyda gəlinlik paltarlarına da aid etmək olar.

Qız toyunda şirniyyat paylayırlar. Əgər əv­vəl­lər o şirniyyatı adi salfetə bükürdülərsə, indi on­lar üçün torba “kəşf” ediblər. Həmin torbalar için­dəkindən bahadır. Toylarda süfrəmizə 30-40 ad­da nemət qoyulur. Onun yarıdan çoxu ümu­miy­yətlə heç istifadə edilmir.

Yaslarımız da toydan geri qalmır. Bəziləri bu mərasimdən biznes qurublar. Vəfat etmiş insan qalıb bir yanda, yasa gələnlər mağarın tərtibatından tutmuş, düzülən qablara, verilən nemətlərə və edi­lən qulluğa diqqət yetirirlər. Qəbir yerinin və baş daşlarının artan qiymətləri tez-tez mətbuatda və televiziyada qınaq obyektinə çevrilir…

Belə “qəbahətlərimizi” sadalamaqla bitmir, belə getsə heç bitməyəcək də. Məni düşündürən odur ki, görəsən biz nə vaxta qədər belə ucuz şöh­rət dalınca düşəcəyik?! “Tədbirlərimizin” şan-şöh­rətini yox, mahiyyətini düşünəcəyik, bir-birimizin bəhsinə girib, kreditlər girovuna çevriləcəyik, evlə­rimizi boş, övladlarımızı ac qoyacayıq? Axı bunlar bizə və övladlarımıza xoşbəxtlik yox – bədbəxtlik gətirir, vəfat edənlərə şöhrət yox, ruhuna narahatlıq gətirir və s…

Hamı susurdu. Tofiqin dedikləri hamını na­rahat etsə də, qabağa düşən yoxdur. Hamı gözləyir ki, kimsə “birinci” olacaq, nöqsanları aradan gö­tü­rəcək və digərləri onun arxasınca gedəcək…

Goranboy


Baxış sayı - 426 | Yüklənmə tarixi: 05.11.2024 15:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031