Yoxdan var olmaq başlanğıcı - Ağamir Cavad yazır
(Mehman Qaraxanoğlunun "Kamal Abdulla: yaradıcılıq stixiyası" kitabı haqqında esse)
"Ey Mətn!!! Ey Görünənlərin Görünməyən Qatları!"
Tənqidçi-alim Mehman Qaraxanoğlunun yazıçı-alim Kamal Abdulla Mətnlərinə, bu Mətnlərin Görünməyən Qatlarına Nida ilə müraciəti təsadüfi deyil.
İnsan Həqiqəti aramaq üçün Göyün Qatlarına da, öz daxili dünyasının Ənginliyinə də Nida ilə müraciət edir. Cavab isə Ayə şəklində, Şeir şəklində, Mətn şəklində təzahür edir. Kamal Abdulla Mətnləri də bu Eşq Nidasından var olub.
Nağıldan, mifdən gələn "yoxdan var olmaq" sirrini dərk etmək var, "biri var idi" ilə "biri yox idi" arasındakı "dərədən, təpədən, düzdən" keçən, qırx illik məsafəni "iynə yarım yol"kimi qət edən Söz sahibinin "yana-yana qırx arşın quyuya" enib "Gözəlləri," gözəllikləri divlərdən xilas etməsi ideyası var bu mətnlərin alt qatında. "Qaranlıq dünyadan işıqlı dünyaya" gedən yolun sehrlərini qırmaq cəhdi gizlənib mətnlərin fikir dünyasının arxasında.
Mehman Qaraxanoğlu məhz yana-yana hər mətnin "qırx arşın dərinliyinə" enib müəllif təhkiyəsinin qatlarında bədiiləşən ideyaları üzə çıxarır. Onları elmi üslubun təhlil süzgəcindən keçirib, intellektual oxucunun qəbul etdiyi obrazlı bir dildə fikir və mühakimə yürüdür. Bu baxımdan Mehman Qaraxanoğlunun esselərinin dili, mətnlərə baxışı və təhlili özünəməxsusluğu ilə diqqəti cəlb edir. Bu təhlil üsulu ilə də o, Kamal Abdulla yaradıcılığının stixiyasına yaxınlaşır.
Dünyanın, eləcə də Kamal Abdulla Mətnlərinin harmoniyasını dərk edən müəllif: "Həyat həm də Rəqslərdən ibarətdir", - deyir. Hər kəsin, hər nəsnənin oynadığı rəqslər zəncirvari birləşərək Yerin Göy ətrafında fırlanmasını, Səmavi Rəqsi ehtiva edir. Yaşamaq elə bu Rəqsin ritmini, ahəngini tutmaqdır. Müəllif yazıçının "Sehrbazlar dərəsi" romanını təhlil edərkən yazır:"Elə roman da- "Sehrbazlar dərəsi" də "Heç nə," "Heç kim," və "Hər şey"in arasında rəqs edir." Həyatın ekzistensializmi elə Varlıqla Yoxluq arasındakı Hər şey deyilmi? Dünya fanidir, heç nə daimi deyil. Ancaq Həyat davam edir. Həyatda hər şey nəsildən-nəsilə, zamandan-zamana ötürülür. Bu dünyanın Əbədiyyət Rəqsidir.
Hər qələmin də öz rəqsi var. Bu rəqslərin havasını tutmaq, oyununda oynamaq hər qələm sahibinin işi deyil. Müəllif Kamal Abdulla qələminin oynadığı rəqsləri müşahidə edir, hər ritmini, hər ahəngini duyur. Bu rəqslərin nə zaman ayaq, nə zaman baş tərpətdiyini yaxşı görür və öz qələmi ilə bu rəqslərin musiqisini nota köçürüb fəlsəfəsini açıqlayır.
Bu fəlsəfə "Heç nə" ilə "Heç kim" arasındakı "Hər şey"dir. Tənqidçi yazıçının əsərindən gətirdiyi kiçik bir hekayətlə bu həyat fəlsəfəsinin açıqlamasını verir:
"Bir gün məmləkətin vəziri saray əyanları ilə yolunu bir bağdan salır. Görür ki, bir sufi dərviş uzanıb bağda. Vəzir bir az yol gedib öz-özünə fikirləşir ki, görəsən, bu kimdir məni görəndə heç yerindən dəbərmədi. Qəzəbqarışıq bir əda ilə dərvişə yaxınlaşıb soruşur:
- Sən kimsən?
O da soruşur:
- Bəs sən kimsən?
- Mən vəzir.
- Səndən böyüyü kimdir?
- Şah.
- Şahdan böyük kimdir?
- Allah!
- Bəs Allahdan böyük kimdir?
Vəzir hirslənib deyir:
- Heç kim!
Dərviş ayağa qalxıb xirqəsini düymələyir, ədəb-ərkanla vəzirə əl uzadıb deyir:
- O heç kim mənəm."
Alt qatında min hikmət gizlənən bu ibrətamiz hekayənin bir açıqlaması da budur; dünya özünü Allahdan böyük sanan Heç kimlərin dünyasıdır.
Bu Heç kimlər dünyasında isə Hər kəs bir "Yarımçıq əlyazma"dır. Tənqidçi yazıçının "Yarımçıq əlyazma" romanından danışarkən qeyd edir ki, romanın ilk iki Cümləsi yarımçıqdır. Cümlələrdən birinin əvvəli, ikincisinin isə sonu yoxdur...Və müəllif haqlı olaraq bu yarımçıqlığı Dünyanın və İnsanın əvvəlinin və sonunun yarımçıqlığı kimi simvolizə edir: "Bu, Yaranışın əvvəl və sonunun mifogenetik yaddaşımızda yarımçıq olmasına simvolik işarə deyilmi?!" Mətndə natamam cümlələri qrammatika bütövləşdiyi kimi həyatda insanların, dünyaların natamamlığını məhəbbət bütövləşdirir. Həyatda hər şey bölünəndə çoxalır, məhəbbət bölünərkən isə yox olur. Kainatın yoxdan var olmağının sirri Allahın Eşqində kodlaşıb. Bu Sirri açmağa cəhd göstərən hərislər isə yaradıcı insanlardır.
Kamal Abdullanın elmi yaradıcılıq üslubu ilə ilk dəfə "Əvvəl-axır yazılanlar", daha sonra "Gizli Dədə Qorqud" kitabları və digər elmi-fəlsəfi esselərini oxuyandan tanışıq. Mətndə gizlinləri üzə çıxarmaq, onları insanların mifik və estetik düşüncə tərzinin süzgəcindən keçirib təhlil obyektinə çevirmək onun təkcə dilçi və ədəbiyyatşünas alim kimi bütövlüyündən deyil, həm də elmi-fəlsəfi kamilliyindən, mahiyyətə enmək, bu mahiyyəti üzə çıxarmaq bacarığından xəbər verir.
Bədii mətnlərində, roman və hekayələrində də Kamal Abdulla öz yaradıcılıq manerasına sadiqdir. Onun bədii mətnləri elmi mətnlərinin həyati-fəlsəfi davamıdır, -desək, yəqin ki yanılmarıq. Tənqidçi-alim Mehman Qaraxanoğlu yazıçı-alimin yaradıcılıq damarını düzgün tutmuş, onun mətnlərinin ürək döyüntülərini eşitmiş, duymuş və təhlil etmişdir.
"Kamal Abdulla: yaradıcılıq stixiyası" kitabındakı Mətnlər Mehman Qaraxanoğlunun bu alim və yazıçının yaradıcılığına yaxşı bələd olduğunu bariz şəkildə göstərir. Belə ki, müəllif illərlə Kamal Abdullanın bütün yaradıcılığını izləmiş, onun haqqında silsilə məqalə və esselər yazaraq qəzet və jurnallarında, saytlarda dərc etdirmişdir. Elə bu kitabda onun Kamal Abdulla haqqında otuz dörd essesi toplanmışdır ki, bu yazıların hər biri yazıçını tanıtmaq, təhlil etmək baxımından çox güclüdür. Müəllif kitabdakı yazıları üç fəslə ayırmışdır. Birinci fəsil "Müxtəlifliyin harmoniyası", ikinci fəsil "Kamal Abdulla hekayələrinin meditasiyası: özünü oxu, özünü şərh et!", üçüncü fəsil isə "Görükməz təpələr; romanlar..." adlanır.
Məncə, müəllif kitabdakı mətnləri bu başlıqlar altında verərkən də düşünüb-daşınmış və oxuculara yeni bir mesaj göndərmişdir: Həyatın müxtəlifliyinin harmoniyasından keçib özünü dərk edən, özünü oxuyub özünü şərh edən insan görünməz təpələrin, həyatın sirrinə, sehrinə vaqif ola bilər. Kitabdakı esselərdə Mehman Qaraxanoğlu yazıçının mətndaxili ideyasını götürüb yaşadığımız zaman çərçivəsində həyatın mahiyyətini açıqlayır. Bu mətnlər həyat həqiqətlərini çılpaqlığı ilə dilə gətirmək üçün sanki tənqidçiyə fürsət verir. Odur ki, bu kitab təkcə Kamal Abdulla yaradıcılığını öyrənmək baxımından yox, həyatın mahiyyətini anlamaq, özünü dərk etmək baxımından da çox dəyərlidir.
Kitab:"Bax əsas məsələ budur, qalanları isə təəssüratdır,"- cümləsi ilə bitir. Bitirmi? Yox, bitmir! Kitab bitsə də, təəssüratı daima bizimlə yaşayır.
"Ey Son Söz! Ey Sonun arxasınca yüyürən Ölmüş Dodaqlar!"
Dodaqlar son sözü deyəndə ölürlər. Son Söz Yoxdur! Son Sözdən sonra yeni bir Başlanğıc var! Yoxdan Var olmaq Başlanğıcı
Ağamir CAVAD,
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı