Mən illərin əzabına qatlaşdım - Ələsgər Əlioğludan retro şeirlər

MANERA.AZ tanınmış şair Ələsgər Əlioğlunun retro şeirlərini təqdim edir.
Payız etüdləri
Enişi sallanıb, yoxuşu qalxıb,
Dağları dizindən keçirib payız.
Güneydən dərəyə süzülən arxı,
İynənin gözündən keçirib payız.
Meşələr nəğməsiz elə sınıxıb,
Qısılıb öz içinə.
Zirvələr buludu başına yığıb,
Qoymayıb qoşulsun durna köçünə.
Yellər qanadını çöllərə gərib,
Dərədən xəbərsiz
Coşub yoxuşda.
Koğuşda təzədən çiçək göyərib,
Baharın nəfəsi qalıb koğuşda...
1974
Nifrətimə sığınıram
Bəzən...bəzən göz ağardır tülkü şirə,
Zirvəyə də durub dodaq büzür dərə...
Arxasızı bir arxalı vurur yerə,
Nifrətimə,
Nifrətimə sığınıram.
Aramızda ağı qara tutan olur,
Döyüb düzün axırına çatan olur.
Həqiqəti timsah kimi udan olur,
Nifrətimə,
Nifrətimə sığınıram.
Alçaq var ki, sübut deyil alçaqlığı,
Sınma deyir palıda bir çöp qırığı...
Qorxağın da ünvanına yazan vardır qoçaqlığı,
Nifrətimə,
Nifrətimə sığınıram.
Qapı var ki, meşin qapı... açmaq olmur,
Qanad var ki, bəzək üçün, uçmaq olmur.
Düz yolda da qardaş, bəzən qaçmaq olmur,
Nifrətimə,
Nifrətimə sığınıram.
Biri arvad hesabına olur kişi,
Biri kordir, "korsan" deyib hey göz deşir...
Bir qeyrətsiz həll eləyir qeyrət işi,
Nifrətimə,
Nifrətimə sığınıram!..
1983
Haqsızlıq önündə yazılan şeir
Yolumda, izimdə tələ qurdular,
Duydum fitnə-felə onlar quldular.
Haqq üçün üz tutdum neçə quldura,
Bəs niyə bir açan-bükən olmadı!?
Qapı arxasında hökmüm oxundu,
Yay gizləndi,
Guya günah oxundu...
Dözüb hər ağrıya qəlbim ovundu,
Dəryada gəmimə yelkən olmadı...
Mənim əllərimə göz də dikdilər,
Kirpiyim ucunda yuva tikdilər...
Zəmimi dəryazla biçib tökdülər,
Yerində bircə dən əkən olmadı.
Yaşlar həsrət qoydu quruya məni,
Dedim bəlkə səbrim qoruya məni.
Tutub salladılar quyuya məni,
"Yandım, yandım" dedim...
Çəkən olmadı;
Bəs niyə bir açan-bükən olmadı!
1988
O qədər düz demişik
O qədər, o qədər düzük demişik,
İndi hamımızı qara basır da.
O qədər, o qədər düzük demişik,
Çıxıb sözümüzün qabırğası da.
Bəzən unutmuşuq,
unutmuşuq ki,
Hardasa astarıq, hardasa üzük.
Bəzən qəddimizi düz tutmuşuq ki,
Desinlər düzük!..
Bəzən əyriliyi
"Düzlüyə" görə
Ordenə, medala layiq görmüşük.
Bəzən də düzlüyü göz görə-görə,
Tutub əyriliyə
Girov vermişik...
Bəzən neçə "yüzlük" qarışıb işə,
Kağızda gen-bola yapılıb "düzlük".
Yoxsa qurbanlarla gəlməyib başa,
Yoxsa elə çöldən tapılıb düzlük!..
Elə bil düzlüyün yiyəsi yoxmuş,
Yersiz çox salmışıq dilə, ağıza.
Özümüz bir küncdə daldalanmışıq,
Düzlüyü vermişik sözə, kağıza...
O qədər, o qədər düzük demişik,
İndi hamımızı qara basır da.
O qədər, o qədər düzük demişik,
Çıxıb sözümüzün qabırğası da.
1988
Öz əlimdən tutdum
Ünvanıma qışda qar az yağmadı,
Tufan qopdu, inadımı yıxmadı...
Murazımı illər yoldan yığmadı,
Ayaq döydüm
üzü yaza sarı mən.
Qarşı durdum neçə-neçə alçağa,
Təl qurdular :"di payını al, çağa!.."
Çiçəyimi qoymadılar açmağa,
Dərdlərimi
Açım dedim barı mən.
Mən illərin əzabına qatlaşdım,
Ağrım, acım baxdım qulaş-qulaşdı...
Quzu gördüm...
Böyüdükcə qurdlaşdı,
Bilmədim ki, kimdən tutum Tanrı, mən!
Başlar vardı...
Paysız qalan qabdılar,
Öyüd verib ağlı başdan qovdular...
İmkanları əllərimdən aldılar,
Dönüb oldum şansız qalan arı mən...
Dostlar gördüm...
İçi çürük qozdular,
Hər addımda durub quyu qazdılar.
Duydum axır məni ürək qızdırar,
Tapammadım arxa ondan ayrı mən!
Tərpənməsəm, gördüm işlər bəd gedər,
Dizlərimi həyat haçan bərkidər!?
Yaz yoluma gec çıxardı bəlkə də,
Əritdim öz nəfəsimlə qarı mən;
Öz əlimdən tutdum yenə Tanrı, mən!
1988
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.