manera.az
manera.az

Bütün müqəddəslərdən ucadır söz - Şeirlər

📅 19.11.2021 17:20

Bütün müqəddəslərdən ucadır söz - Şeirlər
Şükür Mürsəloğlunun şeirləri..

***
Nə gələn var, nə gedən,
Gəl, indi dərd elə də.
Qəfil bir ağacdələn,
Kor qapını dələ də...

Yanasan maraq odda,
Görəsən kimdi gələn.
Ay uşaq, dillən də bir,
Mənəm də - Ağacdələn!

Əl atasan cəftəyə,
Qan çıxa biləyəcən.
Çırmana qollarının,
Dərisi dirsəyəcən.

Diksinə tavandakı,
Sükut boyda dairə
Güllü yuxu içindən,
Bağırasan - Nə var, ə?!

Sənə bir söz deyim

Sənə bir söz deyim
kimsəyə demə -
adamlar üzündən qocalır
Dizindən-
dizinin gözündən qocalır
Üzünü güzgüdən,
dizini yoldan,
özünü qocalıqdan gizlə!

Sənə bir söz deyim
kimsəyə demə -
Yarpaq-yarpaq yaşmaqlan
dodaqların qaçanda
Sıx gözlərini ağla
kirpiklərin arasında
solğun, rəngsiz və ağlağan
görünmə deyə…

Sənə bir söz deyim -
adamlar əllərindən qocalır.
Dırnaqlarına bahar yaşılı,
lalə qırmızısı çəkmə
Böcəklər də qorxur
damarların hərəkətsiz rəqsindən,
əllərin payız mənzərəsindən.

Sənə bir söz deyim
kimsəyə demə -
Tanrı duaları eşidirsə,
demək bütün müqəddəslərdən
ucadır söz
Dua et,
Adımı de,
Qocalma!

Gedim

Qarşıda dağ görünür,
Gedim? Nə üzlə gedim?!
Keçərmi günahımdan,
Sürünüm dizlə gedim.

Nə sağım-solum qalıb,
Ələnib...qohum, qalıb?!
Bir dodaq yolum qalıb,
Yanağın gizlə, gedim.

Quzeyləri ağ kümbəz,
Öpsəm də qar əriməz,
Yatsam yuxuma girməz,
Oyağam gözlə gedim...


Baxış sayı - 1 005 | Yüklənmə tarixi: 19.11.2021 17:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031