Gümüş durnalar - Təranə Vahid
MANERA.AZ yazıçı Təranə Vahidin iki hekayəsini təqdim edir.
Çoxlu ürək
Həvva öləndə Adəm tarlada darı əkirdi...
Qaş qaralanda Mirzə oğurluğa gedən adam kimi dəvikə-dəvikə Firudinin qapısını iki dəfə astadan döydü. Əvvəlcə içəridən Firudinin hıqqıltısı eşidildi:
- Gəlirəəəm ə, gəlirəm...
Gəldi də. Əlində çay dəsmalı, qapını Mirzənin üzünə açıb onu uşaq kimi danladı:
- Ə, gəl çıx da, zalımın balası, elə bil dağ dalına getmisən...
Mirzə burnunu çəkdi, əlinin dabanında gətirdiyi payı Firudinə ötürdü, yanpörtü qapıdan içəri keçib çaxmaq gözləriylə bir anda evə göz gəzdirdi. Allahüçünə ev səliqə-səhmanlıydı. Heç demzədin, bu evdə on üç ildir qadın yaşamır.
Gözü açıq süfrəyə sataşanda: "Rəhmətlik qaynanam məni çox istəyirdi, hələ də istəyir..." - deyib ürəkdən güldü.
Firudin çay süzə-süzə "İndi istəməsin", - dedi.
Mirzə oturmağına oturdu, bu dəfə də gözü qırağı güllü nimçədəki ürək formalı şirniyyata ilişdi, eyni açıldı, kefi duruldu, qımışa-qımışa:
- Yenə ürəkləri isti-isti bişirib yığmısan haaa...
- Yaxşıdı, eləmi?
Mirzə gözünün birini yumub, birini açdı, müştəri gözüylə qırmızı ürəkləri gözdən keçirib:
- Yaxşıdı nədi, bu dəfə quşu gözündən vurmusan, Mirzə canı, bazara çıxarsan, göydə gedər. Sən də ürəksatan Firudin kimi qəsəbədə ad-san qazanarsan. Hələ bəlkə qarşına halal südəmmişin biri də çıxar.
Firudin utandı.
- Kiri ə, gic-gic danışma, dadına bax, - deyib çayı süfrəyə qoydu.
- Qıymaram! Adam ürəyə toxunar?! Bunlar yemək üçün deyil, sənətkar, baxmaq üçündür, necə ki, sənət əsərləri olur ha, adamlar uzaqdan baxır, baxır, baxır, ürəyi titrəyir, elə bir şeydir.
Mirzə sözünü qurtaranda dodağı qaçdı, qızıl dişlərinin işığı qəfil çaxan şimşək kimi üz-gözündə dolaşdı.
- Onda ürəyin istədiyi qədər bax, - dedi Firudin.
Araya sükut çökdü. Yaqut rəngli ürəklər hərəsinin ağlını alıb bir yana apardı. Elə bir yerə ki, o yerə getməyə indi ürəkləri gəlməzdi...
Mirzəylə Firudin kiçik qəsəbədə yaşayırdılar. Qohum deyildilər, heç qonşu da sayılmazdılar, özləri də ayrı-ayrı işin-gücün qulpundan yapışırdılar, yatanda da biri Yaxın Şərqə, biri Uzaq Şərqə baxırdı. Onları bir-birinə yaxınlaşdıran dərdləriydi. İkisi də ahıl çağında arvaddan yetim qalmışdı. Bu yaşdan sonra evlənməyə hamı pis baxır axı, o da ola oğul, uşaq, nəvə ola... Amma bir gün oğul-uşaq hərəsi öz yuvasına çəkiləndə Mirzəylə Firudin damın altında tək-tənha qaldılar, balaca qəsəbənin gözü də canlı kamera kimi üstlərində...
Bilənlər bilirdi, Mirzənin günü pis keçmirdi. Dərd Firudinin dərdiydi. Qadın görəndə özünü itirir, əl-ayağı bir-birinə dolaşır, yaxınlaşmağa da ürək eləmirdi. Arvadı Gülsənəmlə bir dastanlıq ömür yaşamışdı, gül kimi sevgisinin üstünə toz qondurmağa ürəyi gəlmirdi. Dünyada belə kişilərin olduğunu düşünəndə qəsəbə arvadları doluxsunur, "Firudinin qadasını alaq, başına dolanaq, kül bizimkilərin kişi başına" - deyirdilər. Allı-güllü sözlər Firudinin qulağına çatar-çatmaz, başındakı qarışıq sevda küləkləri pırr eləyib Qaf dağınacan uçur, bir müddətdən sonra daşlara sinə-sinə geri qayıdırdı. Düzdü, Firudin sədaqətli kişiydi, amma ölü deyildi, nəfəs alırdı, nəfəs verirdi, yeyirdi, içirdi.
Yaşayırdı? Bax, bu yalan olardı. Yaşamırdı! Yaşamaq başqa şeydi. Səksən yaşlı nənəsi öləndə babası Savalan kişi demişdi ki, sevgi bağı qırılanda adam ölür. Arvadının qırxı çıxmamış çəliyini əsdirə-əsdirə kəndin ən kifir qarısına elçi düşmüşdü. Pis eləmədi ki, səkkiz il bir-birinə söykənib yaşadılar. Firudin də ölmək istəmirdi, sevmək istəyidi. Amma onun sevgi limitinin üstünə "abır" etiketi yapışdırıb qəsəbənin gözəgəlimli yerindən asmışdılar. O da yaşamaq üçün özündən sevgi oyunları uydurur, ürək formalı peçenyelər, şirniyyatlar bişirib özünü ovudur, hərdən bişirdiyi ürəkləri sevib əzizləyir, hərdən də ağzına atıb yeyirdi.
Amma Mirzə özünü başqa cür ovudurdu. Yolunu tez-tez qadın alt paltarları satan Səmayənin dükanından salır, guya ondan nəsə soruşur, imkan tapan kimi gözünü yarıçılpaq, incəbelli manikenlərə dikib bir anlıq dünyadan zövq alırdı.
Səmayə də ütük arvadıydı, Mirzənin qarnının azarını bildiyindən:
- Ə, bunlardan birini al, dayna, - deyib onunla məzələnirdi.
Mirzə də söz altında qalmırdı:
- Onu niyə, ay Səmayə, gəl elə səni alım, - deyirdi.
Firudingildə, ürəkli süfrənin arxasında Mirzə ürəklərə baxa-baxa ürəkləndi:
- Hə, Firudin kişi, deyirəm, Səmayə yaxşı kadındı, - dedi.
Firudinin eyni açıldı:
- Hə, yaxşıdı, çox yaxşıdı, indi elə kadını gün işığında çıraqla da axtarsan, tapa bilməzsən, - dedi.
Mirzə diksindi, çəpəki Firudinə baxdı. Mirzənin qarnının dərdindən xəbərsiz olan Firudin başındakı sevda quşlarını uçurdub, yenə ürəklərdən söz saldı.
- Xavarın var, yeni ürək qəlibləri hazırlamışam: incə, kök, butavari, ürəklər... Gələn dəfə gələndə hayıl-mayıl qalacaqsan.
Mirzə qəfil yerindən qalxıb "day gedim, işim var", - deyəndə Firudin əl-ayağa düşdü.
- Ə, hara gedirsən, kefin istəyən kəllə-paça bişirmişəm, kənddən başıxamurlu da göndəriblər, getmə, - dedi.
Başqa vaxt olsaydı, Mirzə əlüstü razılaşar, sevindiyindən sümükləri oynayardı. Amma bu dəfə belə olmadı.
Mirzə gedəndə Firudin ürəklərdən üç-dördünü kağıza büküb dərd ortağının cibinə qoydu. Mirzə də havalı-havalı çıxıb getdi.
Səhərin gözü açılar-açılmaz xəbər gəldi ki, bəs, bu gecə Mirzəylə Səmayə kəbin kəsdiriblər. Firudin xəbəri eşidəndə həyətdəki kötüyün üstünə çökdü, çiyinləri büküldü, səsi titrəyə-titrəyə: neyləsin, hamıya ikinci ürək lazımdır, - deyib köks ötürdü.
O gün Firudin ürək bişirmədi...
Gümüş durnalar
Elə xatirələr var ki, bahar kimidi...
O gün nənəm köhnə corablarının altını yamadı, paltarını çeşidləyib, səliqəylə üst-üstə qalaqladı, qulağındakı gümüş sırğaları çıxarıb duzlu suda yaxşı-yaxşı yuyub parıldatdı. Sonra ovcuna qoyub bir xeyli tamaşa elədi. Sözün düzü, nənəmin sırğaları gümüşdən düzəldilmiş bir cüt zərif durnaydı. Elə bil ayaqlarını suya vurub bu an havaya qalxacaqdılar. Yalan olmasın, nənəm bu durnaları bir ömür özüylə gəzdirmiş, durnalar da vəfalı çıxıb onu tərk edib uçub getməmişdilər...
Kəndin qız-gəlinləri bu sırğanı görən gündən hayıl-mayıl qalmış, gördüklərinin üstünə beşini də qoyub görməyənlərin ovcuna qoymuşdular. Belə-belə nənəmin sırğalarının səsi-sorağı yeddi para kəndə yayılmış, uzun illər nənəmin sırğaları heç vaxt dəbdən düşməmişdi...
Hə, onu deyirəm axı, nənəm pal-paltarına əl gəzdirdi, sırğalarını parıldatdı, qaloşlarını yuyub, qurusun deyə çəpərdəki ağaca keçirdi, mən də fürsətdən istifadə edib, nənəmin gözündən yayınıb uşaqlara qoşuldum, kəndin ayağında yaşayan Səlimin oğlu Ələddinin toyuna baxmağa getdim. Kaş getməyəydim.
Toy mağarının qapısında ağzıpartaq Ruzigar arvadla qarşılaşdım. Ruzigar arvad əvvəlcə nənəmin halını soruşdu, sonra da qızıl dükanına oxşayan ağzını açıb elə beləcə də dedi:
- Azzz, nənənə de, qulağındakı sırğaları çıxarıb atsın, indi kənddə bütün arvadların sırğası var, özü də qızıldan. Day onun durnalı sırğasından ötrü ölüf-eliyən yoxdu.
Ruzigar arvadın yanındakılar toyuq kimi qaqqıldaşıb gülüşdülər. Nəsə demək istəsəm də, deyə bilmədim. Pərtliyimi gizlətmək üçün toy mağarına girib gözdən itdim. Amma o gün zurna-balabanın səsi belə kefimi aça bilmədi.
Evə qayıdanda artırmada oturub lobya dənələyən nənəmə diqqətlə baxdım. Başını çalıb, koftasının qollarını dirsəyəcən çırmalamış, üstü butalı yaşıl tumanını dizlərinin arasına yığmışdı. Nənəm ağbəniz, yupyumru, ortaboylu, gözəl arvadıydı. Dəniz rəngli iri gözləri vardı. Saçını tən ortadan ayırar, səliqə ilə darayıb iki saç hörər, arxada bir-birinə çatallayardı. Yaşı səksəni haqlasa da, gözəlliyi üstündəydi. Əgər dişləri tökülməsəydi, lap cavan qıza oxşayardı. Amma xırda ağzında vur-tut, iki saralmış dişi vardı. Dişlər də ağızdakı boşluqdan istifadə edib uzandıqca-uzanmışdı. Bu uzun dişlər belə nənəmin gözəlliyinə xələl gətirə bilməmişdi. Nənəm sadəcə, qocalmışdı, bəlkə də həyat onu yormuşdu. Qəfildən "Nənə, ay nənə!" - deyib onu öz aləmindən ayırdım.
Diksindi. Az qala ləyəndəki lobyalar yerə töküləcəkdi.
- Vurğun vursun səni, səhərdən hansı cəhənnəmdəsən, ağzın hara düşür, ora da gedirsən, sənin tayların ev yığışdırır, nənəsinə kömək eləyir, qara yerə soxum boyunu, böyümək yerinə, günü-gündən uşaqlaşırsan! - deyib ürəyini boşaltdı.
Mən qızılgül kolunun ətrafında qurdalanıb özümü elə apardım ki, guya nənəmin dediklərini eşitmirəm.
Amma onu da bilirəm ki, nənəmin hirsi yaz qarı kimidi, yerə düşməmiş əriyir.
Axır ki, nənəm deyinə-deyinə oturduğu yerdən qımıldandı.
- Keç içəri, acından-susuzdan öldün, evim yıxıldı. Stolun üstündə kasada qaymaq qoymuşam, təhnədən çörək götür, ye. Bayaq əmin də gəlmişdi, sənə konfet gətirib, servantın alt gözünə qoymuşam, - dedi.
Konfet adını eşidəndə gözlərimə işıq gəldi, nənəmin yanından güllə kimi keçdim. Əvvəlcə şokoladı, üstündən də camış qaymağını yeyib ayağa qalxmaq istəyirdim ki, nənəmin səsini eşitdim:
- Axşam düşür, qaç bulaqdan su gətir, çay qaynadaq.
Balaca səhəngimi götürüb Damcılı bulağa qaçdım.
Səhəngim elə balacaydı ki, gətirdiyim su çayniki güclə doldurdu. Bulağa bir də qayıdası oldum. Kəndin ayağından hələ də nağaranın səsi gəlirdi.
Nənəm dənələdiyi lobyanı mis siniyə töküb, ləngərli yerişlə gedib bir qalaq odunun üstünə qoydu. Mənə də tapşırdı ki, gözdə-qulaqda olum, toyuqlar çıxıb dağıtmasın.
Özümü elə göstərdim ki, guya dediyinə əməl edirəm, amma toyuqları güdmək fikrim yox idi. Bekarçılıqdan əlimi səliqə ilə üst-üstə düzülmüş odunlara sürtdüm. Üstü mamırlı yaş odunların ətri dalğa-dalğa ətrafa yayılırdı. Nənəm, əli çatsın deyə ayağının altına qoyduğu kötüyü diyirləndirə-diyirləndirə mənə tapşırıqlar verirdi.
- Sabah dükana gedib paltar sabunu alarsan. Ordan da poçta gedərsən, Məhəmməd əminə deyərsən ki, keçən ay "Göyərçin" jurnalım gəlməyib, nə məsələdi?
- Yaxşı, - deyərəm.
Günəş dağın arxasına keçəndə, birdən-birə kefim tamam pozuldu. Ürəyim tora düşən balıq kimi çırpındı. Sıxıldım. Bilmirəm, mənə əzab verən hissin adı nə idi, elə bil nənəmə nə isə vacib, çox vacib bir söz deməliydim. Amma nə deyəcəkdim, Ruzigar arvadın qurdlu sözlərinimi? Yox, nənəmin kefini heç nədən pozmayacaqdım. Nənəm heç kimin işinə qarışmır, heç kimin sözünü danışmır, ipək kimidir. Bütün gün işləyir, bilir ki, mənim bu dünyada ondan başqa heç kimim yoxdu.
Yadımdadı, bir dəfə nənəm bərk xəstələnmişdi, kəndimizin ara həkimi Ağabikə qarı dedi ki, bəs Humayın axırıdı. Gecə nənəmlə tək qalanda, pıçıltıyla Allaha yalvardığını eşitdim. Nənəm durmadan danışırdı: "Bilirəm, qocalmışam, amma nəvəmi qoyub ölən deyiləm. Bax, sözümüz sözdü, ha. Ata-anasını vaxtsız- vədəsiz apardın, sözüm yox, özün yaratmısan, özün bilərsən. Mən də qalası deyiləm, ha, gec-tez dərgahına gələcəm. Amma azacıq möhlət ver. Onu bu həyət-bacada, bu evdə tək qoyub gedə bilmərəm..."
Onda mən nənəmin nə qədər əlacsız olduğunu görüb qorxdum, özü də bərk qorxdum. Anladım ki, bu dünyda nənəmdən əziz heç kimim yoxdu. O olmasa, kim mənim qeydimə qalar? Kim saçımı darayar, paltarlarımı yuyar, kim yumurta satıb Novruz bayramında mənə dükandan qırmızı güllü don alar? Kim məktəbə gedəndə mənim çantama qoz-fındıq tökər, kim mənə yun əlcək, corab toxuyar, aldığı qocalıq pulundan kim hər gün 20 qəpik ayırıb "özünə bufetdən bir şey al" - deyər? Nənəmin elədiyini kim eləyər? - Heç kim! Canım nənəm!
Axşam yatmamışdan əvvəl nənəm işığı söndürüb yerinə girəndə Ay ağacların budaqlarından süzülüb pəncərədən otağımıza boylandı. Divarda nənəmin iri kölgəsi titrədi.
Nənəmlə qədim taxtın üstündə baş-ayaq yatırdıq. Mənə görə dünyada nənəmin ayağı altında yatmaqdan gözəl heç nə ola bilməzdi. Nənəm ayaqlarımı qucaqlayırdı, elə qucaqlayırdı ki, ürəyinin döyüntüsünü hiss edirdim. Mən də nənəmin yupyumru ayaqlarını qucaqlayırdım, hərdən şitliyim tutanda ayaqlarının altını qıdıqlayırdım. Nənəm elə gülürdü ki, bütün bədəni yırğalanırdı. Axırı da onunla qurtarırdı ki, əl çəkim deyə mənə təpinirdi.
O axşam şitliyim tutmadı, nənə-bala ordan-burdan danışıb, dərdləşdik.
- Sabah paltar sabunu alarsan, ha, yadından çıxmasın.
- Yadımdadı, - dedim.
Sonra sözü hərləyib-fırlayıb sırğalarının üstünə gətirdim. Durnalı sırğalarını tərifləyib dedim ki, yer üzündə bu gözəllikdə sırğa yoxdu.
Nənəm ürəkdən güldü, bədəni qayıq kimi yırğalandı.
- Bu sırğaları mənə baban alıb. Üçcə günün gəliniydim. Soyuq payız günü idi. Bir səhər baban sübh tezdən evdən çıxdı. Axşam oldu, gəlib çıxmadı. Narahat oldum, dedim balam, bu kişi hara getmiş olar? Lampanın yanında oturub, yumub-tökdüm, qapı qəfil cırıltıyla açıldı. Babanıydı. Əlləri bumbuz idi. Əlini cibinə salıb bir cüt sırğa çıxardı. Sırğanı görəndə ürəyim uçum-uçum uçundu.
- Zərgərliyə getmişdim, bu sırğaları zərgər Rəsul düzəldib, - dedi.
Baban sırğaları mənə uzatdı, alıb qulağıma taxdım. Vallah, elə bil dünyanı mənə verdilər.
Baban nəsilli-nəcabətli bir kişiydi. Ata-babası bu mahalın varlı-karlı adamıymış. Sürü-sürü mal-qaraları, tuluq-tuluq qızıl-gümüşü. Şura hökuməti hamısını əllərindən almışdı.
Baban kasıbçılıqdan sıxılırdı, məni sevindirmək üçün yeddi kənd aşıb bu sırğaları gətirmişdi.
Durnalı sırğa o gündən kəndə səs saldı. Qız-gəlinlər axşam-səhər bulağa gedəndə qarşımı kəsib sırğaya baxardılar. Neçə kərə kənddən zərgər Rəsulun yanına gedib durnalı sırğa istəyən oldu, düzəltmədi, dedi, "əsl zərgər bir düzəltdiyini iki kərə düzəltməz, başqa nə istəyirsiz, düzəldim, durnalı sırğa Həmidin istəyi idi, mən də onun istəyini yerinə yetirdim".
O vaxt çox gənc idim, illər sonra babandan soruşdum ki, a kişi, bu durna məsələsi hardan çıxdı, baban altdan-altdan qımışdı. Dedi ki, ilk dəfə səni görəndə incə, durnaboyunlu bir qızıydın. Sən mənim qəlbimə durna kimi girdin, sənə görə durnaları sevdim. Bir də durnalar vəfalı olur, pis zəmanədir, bu əmanəti qoru, həyatı bilmək olmaz, başımıza nə gəlirsə-gəlsin, bu sırğanı qulağından çıxarma.
Nənəm susdu, kim bilir, fikri haralara getdi?!
Handan-hana danışmağa başladı:
- Heç çıxarammadım da... Baban olacaqları elə bil əvvəlcədən duymuşdu. Bu durnalardan başqa heç nə babanın istədiyi kimi olmadı.
37-ci il başlayar-başlamaz, qara xəbərlər qara ilan kimi el-el, ev-ev dolaşdı. Baban narahat idi. Filankəsi tutdular, filankəsi xalq düşməni elədilər, filankəs xain çıxdı... Qonşu kənddən Səlim müəllimi apardılar, Molla Hümbəti xalq düşməni adıyla güllələdilər, mənim sırğalarımı düzəldən zərgər Rəsulu damğaladılar, bu elin, bu torpağın say-seçmə oğullarını budadılar. Bir gün də babanı rayon mərkəzinə çağırdılar. Baban kəndin yeganə təhsil almış adamıydı. Baban özünü tox tutdu, özünü elə apardı ki, guya onu elə-belə çağırıblar. Gedəndə dedi ki, uşaqları sənə, səni Allaha tapşırıram. Baban birdəfəlik getdi, əvvəlcə səsi Şuşa türməsindən, sonra Sibirdən gəldi. Mən də iki uşaqla damın altında qaldım.
Babanı aparandan sonra çörəyimizi yeyən, bizə pənah gətirən adamlar evimizi yağmaladılar, bizi quru yurdda qoydular.
Bir vaxtlar babanın mal-qarasını otaran Bəbiri kolxoza sədr qoyanda arvadı üç dəfə adam yollayıb məndən sırğamı istədi, vermədim. O da boş oturmadı, Əmir əmini meşədə döydürtdü. Onda əminin cəmi-cümü 12 yaşı vardı. Uşaq öldü, ölümdən qayıtdı. O vaxt kənd Bəbirə görükdü, arvadı qorxub bir də biz tərəflərə baxmadı. Amma uzun illər, Stalin ölənəcən "kulak ailəsi," "kulak uşaqları" deyib, bizə göz verib işıq vermədilər.
- Babamdan ötrü darıxırsan?
Qəfil sualım nənəmi kövrəltdi, səsi titrədi.
- Ümidimi heç vaxt üzmədim, babanın nə vaxtsa geri dönəcəyini gözlədim. Dərdimi, sirrimi qulağımdakı durnalarla bölüşdüm. İndi day heç nədən qorxmuram, o qayıda bilmədi, mən onun yanına gedəcəm.
Baban bu evdən çıxanda mənim 19, babanın 28 yaşı vardı. Deyirəm, görən məni bu yaşda görsə, tanıyar? Axı aradan çox illər keçib.
Bir də yadımdan çıxmamış bir söz deyim, mən oldum-olmadım, bu sırğaları heç kimə vermə. Demə ki, dəmir qırığıdı, bu durnalar omrümün şahidi, babanın yadigarıdı.
Araya sükut çökdü. Mən nənəmə nəsə vacib, çox vacib bir söz demək istəyirdim.
Başımı yastığımdan dikəldib:
- Nənə, ay nənə! - dedim.
Nənəm yatmışdı.
Ay otaqda dolaşdıqca gümüş durnaları, Ruzigar arvadın bitib-tükənməyən həsədini və sabah alacağım sabunu düşünürdüm...