Girdin ürəyimə, qaldın dilimdə - Əlövsət Saldaşın şeirləri

MANERA.AZ Əlövsət Saldaşın şeirlərini təqdim edir.
***
Halınız necədi, dərdiniz alım,
Mənimtək yolları daşa düşənlər.
Baxıb yekinizə gülürmü, görən,
Zərində şeşləri qoşa düşənlər.
Suyumuz bulanar, duru tapılmaz,
İsrafil çalınca...suru, tapılmaz...
Bizim sobamıza quru tapılmaz,
Qisməti tüstülü yaşa düşənlər.
Ta sular əvvəlki səmtinə axmir
Paslı tüfəngimiz ovuna çaxmır.
Dönüb bircə dəfə ətrafa baxmır,
Yağlı süfrələrdə aşa düşənlər.
Ara özün söysün, ara gününü,
Çün, ehtiyac çəkib dara gününü.
İndidən qavqarsın qara gününü,
Yalın ayağıynan qışa düşənlər.
Yorğun ürəkləri salmısız gücə,
Əlövsət ovutsun sizləri necə ?
Nağıl başlamışam, uzundu gecə,
Yığılın başıma, başa düşənlər!
Deyəsən ki..
Bu dünyanın astarı nə, üzü nə,
Yol verdi ki, yol gedəsən düzünə.
Bu yaşında "ağ" olasan üzünə,
Deyəsən ki, "ay beləsi belolmuş".
Nə qorxasan,nə gözünü qırpasan,
Oduna da, közünə də çarpasan.
Yön çevirib, qapısını çırpasan,
Deyəsən ki, "ay beləsi belolmuş".
Nə fərqi var, dönük qadın ya da sən,
Necə verdin min-min canı bada sən?..
Deyəsən ki, bu xaraban,bu da sən,
Deyəsən ki, "ay beləsi belolmuş".
Sərtliyə bax, gedişə bax qanunda,
Göz yaşıdı əvvəlin də, sonun da.
Üzüm ağdı, suçum yoxdu yanında,-
Deyəsən ki, "ay beləsi belolmuş".
Ay Əlövsət, qanmazına zər bələr,
Qananını qəm içində qərq elər.
Nə utanar, nə halına fərq elər,
Min yol denən-"ay beləsi belolmuş"
***
Hələ bunun yaşına bax, yaşına,
Dartdı bizi ömrümüzün qışına.
Çox dolandıq eşqimizin başına,
Uzun çəkdi sınaqları, qocaldıq.
Ömür yolu qovhaqovdu, yarışdı,
Çəkçevirdi, küsüşməkdi, barışdı.
Şaxta vurmuş alma kimi qırışbı,
Soldu getdi yanaqları, qocaldıq.
Girdabına saldı tufan, sel bizi,
Qoy oxşasın sazda ötən tel bizi.
Axşam - səhər yamanladı el bizi,
Tükənmədi qınaqları, qocaldıq.
Lap əzəldən taleyimiz ləng idi,
Yollar yorduq, nəfəsimiz təngidi.
Gurgur yanan ocağımız səngidi,
Küsdü getdi qonaqları, qocaldıq.
***
Gəzirəm, qəlbimdə bir yığın ələm,
İnanma toxtayam, özümə gələm.
Nə dilim söz tutur, nə əlim qələm,
Gördüyün zəliləm, şikəstəm elə.
Birnəfəsə içdim eşqin camını,
Müyəssər olmadı alam kamını.
Heyrətə salmışdım onda hamını,
Ayıla bilmirəm, sərməstəm elə.
Bəxtim yatıbdısa, ta mən də yatım,
Bir dastanlıq oldu ötən həyatım.
Dillərdə dolaşır köhnə bayatım,
Köhnə şikəstədir şikəstəm elə.
Mənimtək Saldaşa dönüb demədin,
İnadın taxtından enib, demədin...
Niyə bircə kəlmə dinib, demədin, -
Can üstdə qalıbdı bir xəstəm, elə...
Barı görməyim..
Köhnə ağrılarım oyanar, gəlmə,
Ürəyim qəfildən dayanar, gəlmə,
İmkanın olsa da bu yana gəlmə,
Əhdim var ölüncə yarı görməyim.
Yollara tökmüşəm neçə illəri,
Yaşaya bilmədim biçəm illəri.
Düyünü açılmış qıvrım telləri,
Saçlarına yağan qarı qörməyim.
Mənim də bəxtəvər çağım var idi,
Şamama umduğum tağım var idi,
Bir barlı - bəhrəli bağım var idi,
Necə talanıbdı barı, görməyim...
Yenə and yeridi adın dilimdə,
Girdin ürəyimə, qaldın dilimdə.
Necə soluxmusan yadın əlində,
Yanağını sarıb sarı, görməyim...
Yandırır yaramı hələ duz kimi,
Son vida...baxışın, əlin buz kimi.
Qal elə yadımda həmən qız kimi,
Bu yaşımda səni qarı qörməyim.
***
Kərəminə qurban olum, İlahi,
Əcəb əkdin bu tağları sinəmdə.
Zaman-zaman göz yaşımdan su içdi,
Bar gətirdi budaqları sinəmdə.
O ağrıdan, o həsrətdən gəlmələr -
Nələr açdı, nələr dedi kəlmələr.
Dodağımda sızıldadı nəğmələr,
Yaman əsdi sazaqları sinəmdə.
Ötən il də, gün də, ay da xatirə,
Vallah,elə yas da, toy da xatirə...
Xatirəyəm, özüm boyda xatirə -
Yaxınları, uzaqları sinəmdə.
Duyğularım əsim - əsim əsərlər,
Bağırımı qıyma - qıyma kəsərlər..
Doğulmamış dəfn etdiyim əsərlər-
Yazılmamış varaqları sinəmdə.
Geri dönməz ötüb keçən dəmlərim,
Başdan aşır yığın-yığın kəmlərim.
Ürəyimdə çeşid - çeşid qəmlərim -
Neçə - neçə yataqları sinəmdə.
Yaddaşa bax, al qanıma bulanmış,
Ömürə bax, başdan-başa yalanmış.
Nakam-nakam sevgilərin talanmış
Bər-bəzəkli otaqları sinəmdə.
Əlövsətəm, od götürdüm gözümlə,
Duruşmüşam bir inadkar dözümlə.
Qəbr evinə aparacam özümlə
Düyünləri, bu dağları sinəmdə.
***
Dərd yaxamdan tutur, ələm əlimdən,
Çoxdandır yapışmır lələm əlimdən.
Zinhara gəlibdir qələm əlimdən,
Barmağımı yeyir - şeir yazıram.
Bu yolun yoxuşu,bu da enişi,
Keyfinə dolanır çərxin gərdişi.
Deyəsən, qurtarıb fələyin işi,
Hər gün məni döyür - şeir yazıram.
Şallaq izləri var, lələ, belimdə,
Mən deyəni demir hələ dilim də.
Zindana dönübdür şələ belimdə,
Böyrü üstə əyir - şeir yazıram.
Sərvətə, şöhrətə satılan başlar
Dayanar yol üsdə hey məni daşlar.
Yayınmır hədəfdən, atılan daşlar
Ürəyimə dəyir - şeir yazıram.
Əlövsət,qorxum yox tələ - duzaqdan,
Şaxtadan, ayazdan, qardan, sazaqdan.
Bir səs pıçıldayır nəsə uzaqdan,
Yazmalısan deyir - şeir yazıram.
***
Göylər qan ağlayır məni görəndə,
Sel kimi tökülür qadam üstümə.
Can evim tab etməz bu ağırlığa,
Ya divar uçacaq ya dam üstümə.
Sovurdum ilini, ayın, günün də,
Xəcalət çəkirəm ömrün önündə.
Tut - tır əsdirirəm yayın günündə.
Bir nəsnə yoxdur ki, atam üstümə.
Səslərəm haraya Allahı, gəlməz,
Gəlməz məzlumların pənahı, gəlməz...
Gəlsə naşı gələr, vallahi gəlməz
Bir əməli saleh adam üstümə.
Köçürəm, dağlara köçüm köçməmiş,
Kənarda qalmışam seçim keçməmiş.
Heç kimə baxmazsan,üçüm keçməmiş
Özün tək gələrsən,qadam,üstümə.
Sazaq at oynadır "yaş" tərəfimdə,
Əlövsət, zədə var "daş" tərəfimdə.
...Bir ağac əkərsiz baş tərəfində,
Kölgəsini salsın badam üstümə.
Tural Adışirinin təqdimatında..