manera.az
manera.az

Səndən yaxşı "pis" yoxdu - Adilə Nəzərin şeirləri

📅 27.11.2018 17:44

Səndən yaxşı "pis" yoxdu - Adilə Nəzərin şeirləri
SƏNİ XATIRLAYIRAM

Dikilir uzaqlara
hər axşam baxışlarım.
Boz dumanlı payızam,
kəsilmir yağışlarım.
Bir mənəm, bir buz otaq,
bir də ki, göz yaşlarım.
Xəyalındı, şəklindi,
duam və alqışlarım…
Yoxdu elə qüvvə ki,
məni səndən ayıra…
Səni xatırlayıram,
səni xatırlayıram…

Həyatın kənarında
unudulmuş yolçuyam,
iki sıfır uduzdum,
naşı bir oyunçuyam.
hər baxanda güzgüyə,
deyirəm niyə varam?
Anam demiş: ay mənim,
alnı ağ, bəxti qaram…
Səni xatırlayıram,
səni xatırlayıram…

Səndən sonra nə qədər
büdrəyib yıxılmışam,
nə qədər qəribsəyib
nə qədər sıxılmışam.
Yüz dəfə vurulmuşam,
min dəfə çıxılmışam.
Gərək yuyum üzümü,
oyadım gerçəkləri.
Yolum uzundu hələ,
a mənim könül yaram.
Səni xatırlayıram,
səni xatırlayıram…

Dərdə çarə olmadı,
nə ayinlər, əzanlar.
Həsrəti aparmadı,
payız donlu xəzanlar.
Məni yazıb qurtarmaz
bir ömür də ozanlar.
Yanıram için-için,
ölürəm aram-aram…
Səni xatırlayıram,
səni xatırlayıram…

Səninkidi bu şeir
çiçək kimi təzə tər.
Əsib hərdən gətirir,
nəfəsini küləklər.
Bilir nə çəkdiyimi,
bilir ayrı düşənlər.
Neçə ki yoxsan yoxam,
neçə ki varsan varam.
Səni xatırlayıram,
səni xatırlayıram...

TÖKÜLÜRDÜ

Nə vaxt ki, qəfildən düşürdük dara,
Könlümüz yas tutub geyirdi qara,
Birgə ağlayırdıq ayrılıqlara,
Yaş da gözümüzdən tən tökülürdü.

Dərdin boyu qalxıb göyü dəlirdi,
Taleyin boz üzü üzə gülürdü,
Həsrətin amansız qışı gəlirdi,
Saçıma qar yağıb, dən tökülürdü.

Səndən danışacaq bəlkə də mənə,
Qulaq kəsilirdim hər bir dinənə..
Dönüb boylanırdım bugün dünənə,
Dünəndən şərafət-şən tökülürdü.

Hicran ilmə-ilmə salırdı naxış,
Sanırdım başlayır daha yır-yığış…
Vaxt-bivaxt axırdı gözümdən yağış,
Üstümdən-başımdan çən tökülürdü.

Elə hey çatırdım yola qaşları,
Özlərdim o şirin yalvarışları…
Könlümdən köçürdü payız quşları,
Başa yarpaq-yarpaq sən tökülürdü.

Qəlbini buraxıb getmişdi hərə,
Baxırdım şəklinə hər gün min kərə,
Baxışın dalırdı xatirələrə,
Gözündən sən boyda mən tökülürdü…

ÇATMIRAM

Qırılır hər dəfə yarıda yolum,
Vüsala səbr ilə dözüb çatmıram.
Könlümün ən yaxın sahilindəsən,
Bəs niyə heç cürə üzüb çatmıram.

Eyni duyğuluyam, eyni hissliyəm,
Sən elə sanma ki, sənə hirsliyəm.
Mən eşqə susadım, qan hərisliyəm,
Hanı şah damarın gəzib tapmıram.

Doqquz arzu vardı, tutdum onun da,
Qalmışıq bir eşqə dustaq donunda.
Bəlkə də işıq var yolun sonunda,
Amma çən- dumandı, azıb çatmıram.

Ürəyim o qədər közlənibdi ki,
Gəlişin o qədər gözlənibdi ki,
Bəxt elə dərində gizlənibdi ki -
Bir qızıl külçətək, qazıb çatmıram.

SƏNDƏN YAXŞI "PİS" YOXDU

Sən mənim gözlərimdə ən uca dağ kimisən,
Elə dağ ki, başında duman yoxdu, sis yoxdu.

Elə hey can atıram, sənin zirvənə doğru,
Məndə sevgidən başqa, ayrı heç bir hiss yoxdu.

Aya bərabər tutur şöləsini ürəyim,
Sən çatdığın ocağın alovunda his yoxdu.

Safdı təbiətdəki qızıl külçəsi kimi,
Sənə olan eşqimin mayasında mis yoxdu.

Bizim sevgi bəzəyir bu anlamsız həyatı,
Yoxsa həyatda belə ülvi, canlı süs yoxdu.

Küsdüm içim qanadı, zəhərə döndü illər,
Allaha and içirəm, bir də səndən "küs" yoxdu.

Nə ad versin Adilə, sənə axı nə desin,
Bircə bunu bilirəm, səndən yaxşı "pis" yoxdu.

BİRCƏ ŞEİRİN EŞQİNƏ

Durub yollara baxıram,
Bircə şeirin eşqinə.
Xatirələrə axıram,
Bircə şeirin eşqinə.

Küsür özümdən əllərim,
Boylanır dünə illərim..
Solur tumurcuq güllərim
Bircə şeirin eşqinə.

Pərişandı yaxa, sinə,
Əsir qəlbin yuxasına...
Yar görünə - baxa, sına,
Bircə şeirin eşqinə.

Adilə NƏZƏR,
filologiya üzrə fəlsəfə doktoru, şair

MANERA.AZ


Baxış sayı - 2 629 | Yüklənmə tarixi: 27.11.2018 17:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031