Niyazi Mehdi: "Əxlaqın şiti çıxanda əxlaqsız ədəbiyyat dəbə minir"- MÜSAHİBƏ | MANERA.AZ
MANERA.AZ filosof Niyazi Mehdi ilə müsahibəni təqdim edir:
- Dövrümüzün filosofu kimi tanınan Niyazi Mehdi özünü bizə necə təqdim edə bilər, və ya O özü üçün kimdir?
- Sorunuz səmimiyyət tələb edir. Ancaq insanın hətta Allah qarşısında da tam səmimi olmağa gücü (kişiliyi?!) çatmır. Yəni, insan hətta Allah qarşısında da özünü hər künc-bucağı işıqda oluban görünən otaq kimi bilmir. O elə davranır ki, sanki Tanrıdan gizlinlərini saxlaya bilər. Bir vaxtlar (bir vaxtlar deyəndə, 18-ci yüzildə) Jan Jak Russo «Tövbə yazıb» Fransanı şoka salmışdı…bəlkə tövbə şəklində cavab versəm, səmimi alınar? Yox, buna da gücüm çatmaz.
Mən kiməm? Tanışlarımın, tələbələrimin xeylisinin düşündükləri qədər yaxşı, suçsuz adam olmasam da, hər halda pis adam deyiləm. Özümdə xoşuma gələn həmişə olmasa da tez-tez insaf səsini eşitməyimdir. Bir də o xoşuma gəlir ki, ürəyimdə paxıllıq qurdu, ya ilanı baş qalıdranda onu tanıyıram. Adam var ki, öz paxıllığını haqqın hiddəti kimi bilir. Mən elə deyiləm.
İndiyənəcən 1100-ə yaxın məqalə yazmışam. Xeyli kitablarım var. Yazılarımın 80-90 faizində ideya yenilikləri olub. Olmayanda dünya düşüncəsinin ünlü ideyalarının yeni çalarda, yeni ifadəlilikdə deyilməsi olub. Uğurluyammı? Uğurlarım çox olub, ancaq, Allah məni nankorluqda qınamasın, ürək rahatlığı ilə deyəmmərəm ki, uğurlu adamam. Allahla münasibətim çox dolaşıq olub. Əslində Allahla yox, Onun haqqında məndə, başqalarında olan təsəvvürlərlə mürəkkəb olub, indi də mürəkkəbdir. Görünür mənim bu durumumu sufi deyimi ilə anlatmaq olar: ən yüksək iman küfrlə çiyin-çiyinə gedir. Təsəvvürdə şathiyyə deyilən bir janr var. Şair dini ekstazda elə kəlmələr deyirdi ki, çox asanca küfr kimi damğalamaq olurdı. Ancaq sonrakı yozumda müdrik iman kimi açılırdı… …Burada bitirməsəm, hələ çox zəvzəyəcəm. (gülür)
- Niyazi müəllim, məlumdur ki, yetişən hər bir gəncliyin kökündə bir təməl daşı var. Hansı ki, bəzən onu heç nə ilə yerindən
tərpətmək mümkün olmur. Bəs bu gün yetişən gənclərin mənəvi hazırlığında ədəbiyyatın rolu nə dərəcədə təsirlidir?
- Mən sizin sorunuzun birinci kəsimini anlamadım? Postmodernist fəlsəfə dünyanı təməl daşları əsasında düşünməyi yanlış sayır və indi bu yanaşma mənə ağıllı görünür.
Xeyli gəncin axmaq şeir yazmasından görürsən ki, ədəbiyyat şeir variantında onları korlayıb. Şeir, axı, təkcə söz ritmi (dingiltisi?!) deyil, həm də necə görmək, necə düşünmək, necə duymaqdır. Gənclərin axmaq şeirləri deyəndə bunların hamısını deyirəm. O biri yandan, hamı həyəcan təbili çalır ki, onlar kitab oxumurlar. Deməli, onlara bu yöndən də ədəbiyyatın etgisi zəifdir. Kitab oxumurlar, əvəzində filmlərə, seriallara baxırlar…
Bir paradoks da var. Sovet azərisi indikinə baxanda çox oxuyurdu, ancaq deyə bilməzsən ki, o əxlaq baxımından indikindən yuxarı idi. Təxminən elə həmənki adamlarıq. Ancaq davada ərənlərimiz yenə olur. Yenə vətənsevərlər var, yenə yaxşılıq etməyi özlələrinə borc bilən xeyli adam var. Ona görə də deyəmmərəm ki, biz əxlaq tənəzzülünün lap dibindəyik. Eşq olsun bizi bu dibdə olmağa qoymayan gənclərə, qocalara, yazarlara, şairlərə, alimlərə, müəllimlərə.
- Ədəbiyyat olmasaydı, onu başqa nə əvəz edə bilərdi?
- Ədəbiyyatsız yaşayan milyonlarla adam sanki deyir: ədəbiyyat olmayanda onu əvəz edən tapılar. Ancaq siz o yöndən yox, başqa yöndən yanaşın. Ədəbiyyatın nəticəsidir ki, bizim zay telekanallarımızdı bəzən əla reklam cümləsinin ixtirasını görürsən. Adamların bir-biri ilə danışmaq problemi var. Bir də görürsən gənc qız gənc oğlanla hekayənin süjetini, qəhrəmanlarını ləzzətlə söhbət edir. Ədəbiyyat onlara, beləcə, şərait yaradır ki, bir yerdə olduqları iki-üç saatı ləzzətli duyğu və düşüncə içərisində keçirsinlər. Ona görə sevgililərə bir texniki məsləhətim. Söhbət proleminiz varsa, bir-birinzə özünüzü ağıllı göstərmək gərəyiniz varsa, ədəbiyyatdan ağıllı söhbətlər üçün görüşə gəlin. Ancaq sevgi görüşünü «Dəyirmi Masaya»da çevirməyin. Bir-birinizin əlindən tutmağı unutmayın.
- Bəs ədəbiyyat nə zaman gənclər üçün mənfi örnəyə çevrilə bilir?
- Mənim bir formulam var, dünyada əxlaqın şiti çıxanda əxlaqsız ədəbiyyat dəbə minir, əxlaqsızlığın şiti çıxanda əxlaqlı ədəbiyyat önə keçir. Şəriət dünyasında qadınlara yönəlik əxlaqi «olmazlar» aşırılaşanda nə oldu? Klassik poeziyada «əğyara könül verən», naz-qəmzəli afətlər mərkəzə keçdi. Cəfər Cabbarlının “Sevil”ində əxlaqa qarşı qiyam var. Buradan çıxan sonuc. Ədəbiyyatın əxlaqi missiyasını şişirtməyək. Heç adamların da əxlaqi moizələrə gərəklərini şişirtməyə ehtiyac yoxdur. Hətta çox mənəvi adamların belə, əxlaqın boyunduruğundan bezdikləri olur və belə hallarda abırsız zarafatlar dada çatır. Bir tərəfi Səlyandan olan Rəhman Bədəlov mənə deyirdi, səlyanlılarla bağlı gəzən söz-söhbətin kökü ondadır ki, səlyanlı zarafatlarında özünü xəsisliyə və s. qoyub lağ-lağı etmək var. Mən 70-ci illərdə neçə dəfə ağdamlı gənclərin zarafatının birinin xəsisliyi, arsızlığı üstündə qurulmasını görmüşəm.
Bütünlükdə isə mən ədəbiyyatın nə gəncləri tərbiyə etməsinə, nə tərbiyəsini pozmasına inanmıram. Sadəcə, tərbiyələr pozulmağa başlayanda tərbiyəsiz ədəbiyyat buna öz barmağını qoya bilər.
- Gənclərimiz mənəvi tərbiyyəni əsasən harda və ya necə ala bilər?
- Dərindən əxlaqlı adam olmaq Allah möcüzəsidir. Bunu az adam bacarar. Belə adam olmaq üçün genetik əsaslar olmalıdır, necə ki fəlsəfədə, sənətdə istedad genetik təməldən başlayır. Ona görə Kant deyirdi ki, istedadı öyrənmək olmaz. Bizdə deyim də var, axı. Gərək qabında olsun! Ancaq ağızı söyüşlü olmamağı, adama gülümsəyərək salam verməyi, öfkələnəndə tərbiyəli danışmağı, etiketləri, maneraları öyrənmək olar. Bunları öyrənməyə gənc nəsli həvəsləndirən sevdikləri müğənnilər, bədii personajlar, elitanın adamları ola bilər. Ancelina Colini yamsılayıb yetim uşaqları saxlayan o qədər qadın var ki. Onlarda Ancelinanın ürəyi yoxdur, ancaq yenə də, nə yaxşıdır ki, yamsılatdırma təsiri var. Gənclər atalarını, əmilərini yamsılayaraq davranış modellərini götürürlər. Ancaq təkrar edirəm bütün bunlar əxlaqın etiket tərəfidir. Dərin əxlaq başqa məsələdir.
- Bu günə kimi saysız-hesabsız gəncə dərs demisiz, gələcəyə ümid nə dərəcədədir?
- Deyəmmərəm ki, bu günkü Azərbaycan gəncliyi məni heyran edir. Ancaq məni bədbin etməyən iki nəsnə var. Birincisi, bilirəm ki, əski nəsillə yeni nəsl arasındakı bəyənməzlik universaldır. Hətta mənim kimi modernist adam, bütün ömrü boyu belə gəncliyin olmasına qulluq edən yazıları yazan adam da yeni nəslə heyran ola bilmir. Deməli, narazılığım o demək deyil ki, doğrudan da gənclər biabıçılıqdır. Bədbin olmağa qoymayan ikinci nəsnə odur ki, dünyada yaramazlığı, alçaqlığı, ikiüzlülüyü, dini və siyasi fanatizmi körükləyən rejimlərin sayı artmır da azalır. Avropa humanizmi və dəyərləri batmayacaq da artacaq.
- Fəlsəfi düşüncələrinizdən yararlanmaq istəyən gənclərə töfhəniz?
- Yaxşı oxucu olmaq. Yazını tum kimi çırtlamamaq, ət kimi basıb yeməmək. Düşünə-düşünə çeynəmək. Öz sorularına onlardan cavab tapmaq. Mən belə oxucu olmuşam. Böyük filosofları, böyük alimlərdən götürdüyüm diskurslardan öz düşüncə torumu hörmüşəm.
Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, Aydın Talıbzadə də elə oxucu olublar.
- Gəncliyimiz öz mənəviyyatını necə tərbiyə etməlidir ki, onların dünyaya və milli dəyərlərə baxışı qarışmasın?
- Mən boyda adamın dünyaya baxışı qarışdığı halda onlarınkı niyə qarışmasın?! Bütünlükdə mən mənəviyyat söz-söhbətini çox da sevən adam deyiləm. Gənclik qoy yaxşı pul qazanmağın qayğısında olsun. Yəni hər boş vaxtına gələcəkdə ona pul gətirəcək nələrisə öyrənmək fürsəti kimi baxsın. Qoy bilsin ki, əgər evlənəcəksə, uşaqlarının olmasını planlaşdırırsa, kasıb olmağı özünə ayıb saymalıdır. Dərviş yolunu tutsa, yoxsulluq fəlsəfəsi ilə yaşaya bilər. Evlilikdə isə yox. Əgər qadını onunla həmfikirdisə bu, başqa məsələdir.
Sizin mənəviyyatdan arzuladığınız bir çox nəsnələri qanunlar yerinə yetirə bilər. Ancaq bu qanunlar işləyən və ağıllı olsalar. Başqa şeyləri pul gətirə bilər. Məsələn, varlı toplumda insanların gic-gic nəsnələrə görə yalan deməsi ortadan gedir. Deməli, pul bu sarıdan mənəviyyata öz köməyini edir. Pulun yaramaz şeyləri gətirməsi də var. Ancaq bu, artıq, başqa söhbətdir.
- Gənclərə əlavə nə tövsiyə edə bilərsiz ki, olar üçün bu günün tələblərinə cavab bazası hazırlamaqda kömək olsun?
- Hər boş vaxta təkcə əyləncə, avaraçılıq vaxtı kimi baxmasınlar. Onların çoxuna pul qazanmağa adamı hazırlayan vasitə kimi baxsınlar. Məsələn, yapon və ya çin dilini öyrənməyə sərf etsinlər, çünki bu dilləri yaxşı bilən azdır. Tapsınlar nədə peşə qıtlığı var, onu öyrənsinlər.
- Bu gün sarı ədəbiyyatla məşğul olan bəzi gənc yazarlar var, onlara münasibətdə nə düşünürsüz?
- Bu məşğuliyyətə normal baxıram. Bir şərtlə peşəkar sarı ədəbiyyat olsun. Milli mədəniyyətə və gənclərə belə ədəbiyyat da gərəkdir.
- Ədəbiyyatda milli dəyərlərin qorunması mövzusunda fikirləriniz?
- Mən nələrisə hifz etmək, qorumaq terminlərində mədəniyyəti düşünməyi sevmirəm. Başqa düşüncə kordinatlarına keçməliyik. Ya da milli dəyələri qorumağı yeni-yeni impulslar verən dövriyyədə saxlamaq kimi anlamalıyıq. Özü də yaxşı olar ki, milli dəyərlərə qiyamçı olanlar üçün də azadlıq verilsin.
- Nəhayət, gənclikdə daha çox kimləri oxuyub örmək hesab edirdiz?
- «Ovod» məni ağlatmışdı. Balzakın, Hüqonun, Lev Tolstoyun qəhrmanlarına rəğbətim vardı. Anarın özü mənim üçün intellektuallıq və modernizm örnəyi idi, ona görə bu adama qarşı ədəbsiz danışığı qəbul etmirəm. Ancaq gəncliyimdə mənə ədəbiyyatdan çox humanitar elmlər etgi göstərib.
- Öz övladlarınızın mənəvi hazırlığı zamanı daha çox hansı müəlliflərin oxunmasını məsləhət bilirsiz?
- Siz elə bilirsiniz, mənim vaxtım vardı ki, öz övladlarımın oxuması ilə ciddi məşğul olum? Nə yaxşı ki onların dünyasında mənəvi tərəf güclü yer tutur, tez-tez dünyadan zərbə alsalar da. Mənə elə gəlir ki, ailənin atmosferi uşaqlara öz təsirini göstərir. Bizim evdə bəlkə də ədəbiyyatdan çox bu təsir olub.
Söhbətləşdi: Ramilə Qardaşxanqızı
MANERA.AZ