manera.az
manera.az

"Bizdə duza gedən adamlar çoxdu"- Cavanşir Yusifli | MANERA.AZ

"Bizdə duza gedən adamlar çoxdu"-  Cavanşir Yusifli | MANERA.AZ
Manera.az-ın növbəti müsahibi tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusiflidir.


Cavanşir müəllim, Azərbaycanın tanınmış tənqidçilərindən olaraq sizcə “yaxşı əsər” necə olmalıdır?

- “Yaxşı əsər” üçün bir anlam düşünmək, meyarlar müəyyənləşdirmək mümkündürmü? Yaxşı əsər hər şeydən qabaq sənin suallarına cavab verən və xüsusən sənin üçün suallar yaradan bir əsərdir. Çünki hər bir yeni sualla dünya haqqında bildikərinin hüdudları bir az daha genişlənir və o genişlənən ərazini sən istər-istəməz öyrənməli olursan, hər halda buna cəhdlər edirsən. Yaxşı əsər bu mənada qənimət kimi bir şeydi. Bunda bir dəyər var, elə bir dəyər ki, illər boyu sabit qalır, əksilmir, sənə həyatı elə onun özünə qarşı durmaqla öyrədir. Ancaq həyatı bu şəkildə öyrənmək lazımdırmı? Bax, mən bunu bilmirəm. Rolan Bart deyirdi və mən də bunu dəfələrlə xatırlatmışam: bədii mətn sonsuzluğa açılan sonsuzluqdu. Onun bir gərəkli sözü də var: əsərlə gerçəklik, yəni bizim həyat dediyimiz nəsnə vasitəli sual altına alınır. Demək bədii əsər, üstəlik, siz deyən kimi, yaxşı əsər gerçəkliyi, həyatı bu şəkildə mənalandıran, onu “təhdid edən”, silkələyən və bizi bu stixiyaya dalmağa məcbur eləyən bir şeydi.
Yaxşı əsər belə də demək olar, qarşısına qoyduğu mətləbin bədii həllini ən bariz formada verə bilən əsərdir. Ancaq mənim buna da şübhəm var.

Niyə?

- Çünki U.Folknerin “best splended” ifadəsi var - ən mükəmməl məğlubiyyət…

- Ümumiyyətlə, “Yaxşı əsər”in bir mexanizmi varmı?

“Yaxşı əsərin” içində biz tam olaraq anlamadığımız bir mexanizm var, onun bətnindəki “faydalılıq əmsalı” olsun ki, sənin həyatına birbaşa deyil, dolayısı ilə təsir etsin. Müəyyən bir dövrdə insanların ağlını başından alan şeir, poeziya nümunələri yaradıla bilər, ancaq illər ötdükcə bu əsərlər yaddan çıxar və siz deyən məsələ də burda bitmiş olar. Bədii mətndə, bir daha təkrar edirəm, qəribə bir sehr və təsir mexanimi var, o, sən bilmədən sənin həyatına daxil ola və onu olsun ki, alt-üst edə bilər, paradoksal dəyişikliklər yarada bilər, dünyaya, gerçəkliyə, lap elə ədəbiyyata münasibətini kökündən dəyişə bilər. Yaxşı əsər zamana ən dayanıqlı müqavimət göstərən bir strukturdur. Daniyel Defonun məşhur romanı yarandığı zaman adi bir faktdan meydana gəlmişdi, o dövrün indi adi məişət hadisəsi səviyyəsində bir münasibətdən. Ancaq bunun içində olsun ki, müəllifin də ağlına gəlməyən elə düzüm, elə düzən olur ki, əsrlər keçdikcə köhnəlmir. Hər bir zamanla yenilənir, bir sözlə dəyərini sabit saxlayır. Yaxud “Don Kixotu” götürək. Olsun ki, mündəricə etibarilə çoxdan köhnəlib, ancaq burda gerçəkliyə, mühitə, ən əsası alt qatdan ədəbiyyatın özünə münasibət elə bir rakursda gerçəkləşib ki, yenə də hər yeni dövrlə önə çıxır. İnsanalar bu böyük əsərlərin içindəki dəyərdən bir pay götürübmü, məsələ şübhəsiz ki, bu deyil. Ancaq Dostoyevski yazırdı ki, məşhər günündə insanlıq imtahana çəkildiyi anda biz şəksiz-şübhəsiz “Don Kixotu” nişan verə bilərik. Bədii əsər yeni, mahiyyət səciyyəli suallar yaradır, gerçəkliyə qarşı durur və əsas məsələ bu gücün tükənməməsidir. Şəhriyar deyəndə ki, “məndən aşağı kimsə yox, ondan da yuxarı”, - bu təkcə bədii obrazın kosmik ölçülərinin nümayiş etdirilməsi deyildir, daha çox insanın həyatında iztirabın çox böyük önəm daşımasını bəlləyən bir faktordur. Bütün dünya bir anın içində boşalıb, hər yer xarabazara çevrilib, sənin ömrün mənası kimi gözlədiyin kəs gəlməyib və bu boyda cəhənnəmdə tanrıyla, qədərinlə təkbətək qalamaq artıq mənalar arasındakı çox təhlükli oyuna aparıb çıxarır. Burda bir məqamı vurğulamaq yerinə düşərdi. Bəzən biz, məsələn Nəbatinin bir qəzəlindən sonsuz dərəcədə təsirlənirik, yaxud Füzulinin deyimindən, Nizaminin hikmət dolu ifadələrindən…

Bunlar təkcə insanı tutulan anda riqqətə gətirən kosmik ölçülü obrazlardırmı?

-Məncə, yox. Məsələ, zənnimcə, həm də odur ki, bu insanın içini tərpədən obrazların (… image) işlənməsindən məqsəd gerçəklikdən tanıdığın mənalarla oppozisiya yaratmaqdır. Ədəbi mətn gerçəkliyi tərs bucaq altında kəsir, onun istənilən halını təhdid edir, elə bir ortam, elə bir şərait yaradır ki, illər boyu donuq gördüyün şey gözün önündə ani olsa belə hərəkətə gəlir. Nizamiyə gələk. Qəribə və laübalı nizamişünaslar meydana gəlib bizdə. Onu etiraf edək ki, çox mükəmməl şəkildə tərifləyirlər, onun hikmətinin nə qədər cahanşümül olmasını vurğulamayan yoxdu. Amma bu hikmətləri sapa düzüb bizə təqdim edənlərin böyük əksəriyyəti digər yazılarında çox böyük cürətlə əxlaqsızlıq edirlər və Nizami və onun qızıldan qiymətli kəlamları da baxıb gülür… Və şübhəsiz ki, bu artıq başqa bir söhbətin mövzusudu.

Bəs ədəbiyyat yeniliyi sevirmi?

- Bu suala cavab versən ki, sevir, deməli mühafizəkarlığı inkar edir. Uzun illər, əsrlər boyu ədəbiyyat, xüsusən orta əsrlər poeziyası kanonik mətnlərdən ibarət olub. Sən ədəbiyyat üçün hansı qəlibi hazırlasan, düzüb-qoşsan o, həmin yeri özünün evinə çevirəcək və bir gün ayrılıq dəmi hökmən yetişəcək. Deyək ki, dünya ədəbiyyatında bir klassisizm cərəyanı olub, yaxud üslubu. Onun “üç vəhdət” prinsipi olub. Hər şey bunun əsasında ölçülürdü və qurulurdu. Sonra şübhəsiz ki, köhnəldi. Ancaq sonradan Folknerin mətninə də yol açdı başqa bucaq altında və yeni bir şey kimi.

Hər bir imza və əsərlə ədəbi düşüncə özü-özünü təmizləyir və tənzimləyir, yeni hava, yeni görüş və düşüncə bucağı gətirir. Baxın, bizim müasir ədəbiyyatda keçən əsrin altmışıncı illərindən üzü bəri nə qədər orijinal imza və nəfəs var. Əli Kərimdən kimlərə qədər. Hər bir pillədə, yəni ədəbiyyatımıza hər dəfə yeni nəfəs təşrif gətirəndə elə bir ovqat yaranır ki, sanki hər şey təzədən, sıfırdan başlayır. Amma axı özün də bilirsən ki, bu belə deyil, niyə gözümüz yaranacaq təzə, türfə şeyləri, daha doğrusu dünyanın içində onun özündən böyük olan fərqi deyil, məhz bu sıfırı tutur?

Maraqlıdır...

- Bart da elə buna görə yazının sıfır dərəcəsindən bəhs edirdi. Normalda bu bədii mətnlər bir-birinin içindən keçib, əvvəl yaranan mənanın dalınca elə bir sürəkli dönüş yaratmalıydılar ki, gerçəklik - ədəbiyyatın “dünya evi” adlandırdığı bu “tikli” daha mükəmməl görünsün, daha qənirsiz təsir bağışlasın. Ədəbiyyyat, ədəbi mətnin qurulması bizim xoşladığımız simmetriyanı sevmir və daha çox assimetiriyayla işləyir. Bu, kosmosun xaosa çevrildiyi bir yerdir. Ona görə də “ədəbiyyat yeniliyi sevirmi” sualı yerinə düşmür, burda hər şey dağılmağa və yenidən qurulmağa məhkumdu, burada işləyən qanun inkarla təsdiqin vəhdətidir. Bu prinsipin gözlənilmədiyi mətnlər əl dəyməmiş suvaq kimi tökülür. Amma “yenilik” var… Mərhum akademik Azad Mirzəcanzadə deyirdi ki, yamsılama qarşısıalınmaz stixiya doğurur və bu yamsılama nə qədər orijianl olsa da, yaxud görünsə də, montajdan başqa bir şey olmur, yəni, əgər Borxes filan mövzuda 20 bədii mətn yaradıbsa, orijinal təqlidçi bunun 200 ədədini çox rahat şəkildə tirajlayır...

Bu artıq əsl yenilikdir axı...

- Sovet dövründə “yenilikçi poeziya” ifadəsi işlənirdi. Rəsul Rza və ya Əli Kərimə münasibətdə. Ancaq illər ötdü, bu şairlərdən qalan mətnlər həmin o yenilikçilik düşüncəsi ilə deyil, məhz zamana göstərdiyi müqavimətlə yadda qaldı və bu zaman çox qəribə hadisə baş verdi: yaxşı əsər (sizin dediyiniz-!) zamana və ənənəyə münasibətdə şaxələndi, - o mənada ki, o bu təsadüfdə həm özündən əvvəlki, həm də sonrakı mətnlərlə virtual əlaqə tapdı. Bax, bu zaman qəflət gecələrdə işıqlar yandı və üzünü Allaha tutub, qələmi köksünün altından varağa sarı çevirən qərib şairlərin də hücrəsində bir şam yandı. Bədii mətnlə dünya, gerçəklik arasındakı mistik-ruhani bağlantı bu qədərdir və biz bunu duyduqda elə yeniliyi də unutmuş oluruq. Çünki dünya köhnə dünyadı, ancaq və ancaq sevgiləri təzədi…Bu sevgi, bu eşq hər insan türündə yenidən yaşanır, onu gah dünyaya bağlayır, gah da cəhənnəmin dibinə tullayır, dünyanın ən ali və ən böyük mənası onun içindədi, bunun harası təzədi, köhnədi, lap cındırından cin hürkür…

Bir vaxt saytlar Cavanşir Yusiflinin ölümü ilə bağlı xəbərlər yayılmışdı. Sizcə bunun səbəkarı kim idi və buna münasibətiniz necə oldu?

- Bunun səbəbkarı yəqin ki, özüməm. O zaman doğrudan da ölməliymişəm, ancaq belə olmadısa, görünür, hər şey Allahın iradəsindən asıldır. İnsan övladı çox qəliz fəndlər düşünüb tapa bilər, kiməsə ziyan yetirmək mənasında, amma tanrı deyir ki, bu pisliklərin də bəzən yolun döngəsindən burulub gəlib sahibini, onu uyduranın ünvanını tapmaq ehtimalı var. Ancaq mən hər şeydə xeyir axtaran adam olmağa çalışmışam, ona görə də bunu olacaq bir şey kimi qəbul etdim, sonra elə şeylər oldu, ruhuma elə bir yazı yazmaq həniri doldu ki, doğrudan ölmədiyimə şükür etdim və hesab elədim ki, məni o şeylər xilas elədi. O fəndləri uyduranlar kimdi ki?

Ən çox kimlərin əsərlərindən bəhrələnirsiz?

- Bu, uzun bir söhbətdi. Yəni, həm də qəliz. Oxuduğum ən yaxşı əsərlər mənə təsir edir, olur ki, günlərlə düşünürəm. Ancaq bu, hardasa ilkin oxudur. Mən hər hansı əsər haqqında yazmaq istədikdə bu bir mərasimə dönür. Onu dəfələrlə oxuyuram. Yazı yalnız o zaman yaranır ki, mən bu sevdiyim bədii mətnə qarşı bir ideya irəli sürə bilim. Sevdiyin, xoşladığın şeyə qarşı bu şəkildə getmək insana çox ölçüsüz bir estetik zövq verir. Mən artıq özümü belə öyrəşdirmişəm, hər hansı bir mövzu ilə maraqlandıqda zahirən onunla heç bir əlaqəsi və daxili bağlantısı olmayan şeyləri oxuyuram. Bu yazılacaq mövzudan qaçmaq ümidi ilə. Bir-birinə ən zidd şeyləri bir məcraya gətirmək arzusu ilə. Belə bir yazı vardı “məcrasından çıxan çaylar”. Bu ifadədə mənim əsərdən bəhrlənməyə və xüsusən də “yaxşı, mükəmməl əsər” anlamına münasibətim ifadə olunub. Burada söhbət bir orijinal şair obrzından gedirdi. Qarın, çovğunun altında bir səngərdə durub ovunu gözləyən bir adam. İllərlə, aylarla gözləyir, eynəyinə düşən qar.. qırov bağlayır, ürəyi simləmək dərəcəsinə gəlir, yorulur, taqətdən düşür, əlindəsə qoşalülə tüfəng… Gözlədiyi şey də gəlir və o, çevrilib özünə atır.

Hansısa əsərin “best seller” olma meyarı nə ilə ölçülür?

- Bunu mən doğrudan bilmirəm. Bu sualı kitab maklerinə və ya bu işlə məşğul olan kommersanta versəniz, o daha dəqiq cavab verə bilər. Çünki ədəbiyyat çayda axının əksinə üzən bir gəmidir.

Ancaq ötən illərin təcrübəsindən bir neçə faktı vurğulamaq olar. Əlibala Hacızadfə faktoru. İnsanların onun əsərlərinə qarşısıalınmaz marağı və bu sevilən əsərlərin bədii keyfiyyətləri bizdə “best seller” kateqoriyasını müəyyənləşdirən bir şeydir. Onu vaxt var idi qeyri-ciddi yazıçı olmaqda suçlayırdılar, amma bu suçlayanların əsərlərini, cild-cild romanlarını oxucular oxumurdular. Çünki oxucuya stilizasiya (özü də köhnə dəbli-!) yox, insan qəlbinin dərinliklərini göstərən mətnlər lazımdır. Sonradan bizim nəsrdə müəyyın mənada onun yolunu tutan yazıçılar da oldu, yəni bu faktorun qeyri-ciddi olmadığını anladılar. Amma geniş xalq kütləsinin oxuduğu, sevdiyi, gözünə təpdiyi yazıçıya “xalq yazıçısı” fəxri adı verilmədi. Ancaq buna deyəsən heç ehtiyac da yoxdu.

Kitabları satılmayan bəzi yazıçılarımız var ki, “mən satılması üçün yazmıram, oxucu yaxşı əsərləri oxuya bilmir” şablon ifadələrlə özlərinə bir növ bəraət qazandırır. Sizcə bunlar bəhanədir, yoxsa həqiqətən bu fikirlər düzdür?

- İndi “kitab oxunmur” fikri çox şablon və primitiv səslənir. Çox sayda təqdimatlar olur, insanlar burdan pul verib aldıqları kitabları niyə aldıqlarının fərqindədirlər. Elə kitab var, ondan bəziləri bir neçə nüsxə alır. Dostlarına vermək üçün. Bizdən çox cavan insanlar var, gənc nəsil, siz onların tükü-tükdən seçdiklərinin fərqinəsinizmi? Onlara pis mətni sırımaq mümkün deyildir. Ancaq külli miqdarda elə əsərlər də var ki, oxunmur, sən bitirincə o, səni bitirir və qırağa tullayır. Bizdə oxumaqdan çox, zövq problem var, - yəni nəyi oxumaq mənasında. Seçim etmək mənasında. İnsanlar buna görə də bəzən səhv yolları bir balaca “təmir edib” (öz ağlıyla) ona düz yol statusu geyindirməklə xoşbəxt olurlar. Çox istedadlı imzalar gəlməkdəydi ədəbiyyata, bir neçə ildən sonra onlar durduqları yerdə saymağa başladılar, baxırsan sanki həmin mətnlərdi bunlar yazırlar, anacq içindən heç nə çxımır, informasiya sənə çatınca itib-batır. Sonra bu gənc və perspektivli ədiblər sənə portallardan dərs keçirlər, yəni, master-klass. İnsan başa düşsə ki, ömrü bihudə keçirmək nədir, şübhəsiz ki, ayılıb özünü düzəldər. Ancaq olmur, sən də baxıb heyfslənirsən. Bizdə oyuna və duza gedən adamlar çoxdu, ağıllı olmaq, düşünmək arxa plandadı.

Öz “adalarına” çəkilən “Robinzon” gənc yazarları cəmiyyətə necə adaptasiya etmək olar?

- Məncə bizdə öz adalarına çəkilən “gənc Robinzonlar” yoxdu. Kim varsa üzdədi. Onların adaptasiya olunmaq problem də yoxdu. Bircə problem var: bütün yollar əyri-üyrüdür və hər dəfə bu yolları təmir eləmirlər, yamaq vurmurlar, sadəcə yalançı üz çəkirlər.

Azərbaycanda demək olar ki, 1-2% insan kitab oxuyur. Sizcə, insanlarda kitaba necə maraq yaratmaq olar?

- Yaxşı kitab oxunur. Olsun ki, kitab marketinqliyi aşağı və primitiv səviyyədədir, kitabın təbliği lazımi şəkildə aparılmır. Bunları demək və vurğulamaq lazımdır.
Amma söhbət yazıçıların özlərinin mütaliəsindən gedirsə, burda müəyyən faktları, yəni mahiyyət səciyyəli fikriləri səsləndirmək olar. Yazarlar arasında elələri var ki, sistemli mütaliəyə malik deyillər. Bu inkaredilməz faktdır. Oxuyub təsir altına düşmək istəməyənlər də var. Bu isə ən azı cahillikdir, yumşaq desək. Yəni məsələ yenə də kitabın özündən çox onunla davranmaq problem ilə bağlıdır. Amma oxumaqla da yazıçı olmaq mümkün deyildir. Bizdə bunun da acı təcrübəsi var.

Ədəbiyyatın ən böyük problemini nədə görürsüz?

- Buna əhatəli cavab verməli olsam, gərək gedib rəhmətlik Hegellə görüşüm. Amma o da desə ki, mən də bilmirəm, gərək bizim gənc “istedadölçənlərə” müraciət edim, ya da, məsələn klassik ədəbiyyatın üstünə yağış yağdıran dahilərin yanına gedəm. Məsələ çox qəlizdir.

Yeni kitab üzərində çalışırsız?

- Bəli, yeni kitablar üzərində çalışıram və yaxın zamanlarda bunların biri işıq üzü görə bilər. Bir neçə dəfə demişəm, indi də təkrar edirəm, bu kitab çağdaş poeziya, onun problemləri və digər məsələləri haqqında olacaq. Fransız poeziyasında tərcümələrim var, onları çap elətdirmək istərdim. Tomas Sternz Eliot barədə bir kitab var. Və sair və ilaxır...

Gənc yazarlara məsləhətiniz nədir?

- İndi məsləhət verənlər bildiyiniz kimi, çoxdur, 10, 11 məsəhət verən var. Məsləhətli donsa gen olar. Mən bircə bunu deyə bilərəm ki, özlərini itirməsinlər. Qorusunlar, dünyada elə dəyərlər var ki, sivil cəmiyyətlərdə insanlar onların üstündə canlarını fəda edirlər. Bu canı belə deyək, “beş qəpiyə” satandan ədəb(iyyat) əhli olmaz. Şeiri , yazını diri saxlayan onun içindəki əxlaqdır, tənzimləyici faktor yalnız odur. Yerdə qalan şeylər təfərrüatdır. ...

Söhbətləşdi: Kamal Azəri
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031