Mənsurə Qaçayqızının "Söz"ü - Təranə Musayeva yazır
Onu "Bənövşə" şeirilə sevmişdim. Yalnız adını bildiyim bu müəllifin bu şeirlə iç dünyasını, xarakterini, hisslərini, düşüncələrini oxumuşdum. Elə oxumuşdum ki, üzünü belə görmədiyim Mənsurə Qaçayqızını özümə doğma hesab edirdim.
Günlərin bir günü qarşılaşdıq və mən xarakterimə zidd olsa da ona yaxınlaşıb mənimlə çay içməsini təklif etdim.
Mən danışırdım, o gülümsəyərək dinləyirdi. Arada verdiyim suallara qısaca cavablar verir, yenə susurdu. Doğru. Mən onu tanıyırdım, o məni tanımırdı ki. Mən onun iç dünyasına bircə şeirilə səyahət etmiş, ona bələd olmuşdum.
Mən bir az türklər demiş, eski kafalıyam, yəni hələ də yazdığı gözəl misraların müəllifinin misraları kimi saf, təmiz, gözəl xasiyyətli olmasına inananlardanam - bunun əksini dəfələrlə görsəm belə hələ də o inancıma sadiqəm.
Əslində bu inancımın kölgələnməməsi üçün çox yazarlardan, şairlərdən də uzaq durmağı seçdim. Mənsurə isə bambaşqaydı və dəyişilməzdi. Təbii ki bunu sonrakı illərdə dostluğumuz irəliləyən illərdə daha bariz şəkildə gördüm.
Mənsurə - "güzgüdür" , - deyəcəkdim, yox, güzgünün arxası dumanlıdı. Mənsurə şüşədi! Bu tərəfdən baxanda o biri tərəfi görünən təmiz şüşə. Sözü də şüşədi, xarakteri də, hərəkətləri də, hətta sərtliyi də şüşə kimidi. Mənsurə duman deyil, Mənsurə bulud deyil - Mənsurə yağış damlasıdı. Təbii, təmiz, saf!
Və Mənsurə xarakterini yaradıcılığına hopdurub. İstər şeirləri, istər hekayələri plansız, proqramsız, əndrabadilikdən uzaq, fərqli görünmək istəyindən uzaq. Mənsurə içindən gələn kimi yazır - şeirin, hekayənin çərçivələrinə pərçim olmadan - eynən özünün həyatda olduğu kimi. Mənsurə söz onu boğanda yazır - plan doldurmaq kimi yazmır, kitab sayı çox olsun deyə yazmır! Ürəyindən, beynindən gələn sözlərin, misraların nazını çəkmədən yazır.
Təki boğazına qədər düzülmüş sözləri vərəqlərə boşaltsın, misralara düzsün. Bəzən o sözlərin, fikirlərin, hisslərin dünyaya gəlməsinə etirazı onları unutmaqla olur. Mənsurə sözün, misranın, qafiyənin, mövzunun ardınca qaçmır, əksinə, onlar Mənsurəni bilgisayar arxasında oturmağa məcbur edirlər. Ancaq bunlarla bərabər Mənsurə yazdıqlarını sevir. Sərt analar kimi – sevgisini hiss etdirmədən sevir.
Mənsurənin şeirlərinin əksəriyyəti sərbəst vəzndə yazılan şeirlərdi. Bu şeirlərdə həzinlik, duyğu yükü yetərincədir. Mənsurənin şeirləri oxucu ilə söhbət edir. Oxucu bu şeirlərin qarşısında rəsmi qaydada dayanmağa məcbur qalmır; əksinə sərbəst olur, çünki şeir hisslərin meydanıdı. Hisslər isə heç bir ciddiyyəti sevmir və qadağalara tabe deyil.
Neçə vaxt idi, Mənsurə hekayələrindən ibarət kitab çap etdirmək istəyirdi, nəhayət gözlədiyimiz "Yad şəhərin yuxusu" yayımlandı və mən doğma Bakıdan yad şəhərə – İstanbula gələndə "Yad şəhərin yuxusu" ilə gəldim.
Kitabdakı hekayələri əlyazması şəklində oxumuş, bəyənmişdim. Kitabdan oxuyanda gördüm ki Mənsurə həyatdakı azad ruhunu şeirləri kimi hekayələrinə də yansıda bilib.
Bir-birini əvəz edən kiçik həcmli hekayələr mövzu baxımından fərqlənsələr də hamısının güclü qələmlə yazılması səhifədən səhifəyə keçməklə daha aydın hiss edilirdi.
Mənsurənin qəhrəmanları sadə insanlar olsalar da mənəviyyatlı obrazlardı. Vətənpərvərlik, Vətənə böyük sevgi, ailə-məişət məsələləri, həlli 30 il müşkülə çevrilmiş Qarabağ dərdimiz, sadə kənd həyatı – Mənsurə bunları hekayələrində ustalıqla əks etdirə bilmişdi.
Qarabağ dərdimizin ümummilli məsələ olduğunu – uşaqdan-böyüyə, ağıllıdan-dəliyə, solçu-sağçıya – hər bir azərbaycanlının birinci dərdi olduğunu, Azərbaycan insanının Vətənə, torpağa təmənnasız sevgisini Mənsurə "Sevgi" hekayəsində təqdim edə bilib.
Ailə içindəki qısqanclıq hissini əks etdirən "İmic" hekayəsinin də maraqlı sonluğu oxucuda heyrət və təbəssüm yaradır.
Mənsurə Qaçayqızının yaradıcılığı ümumən inam, ümid üzərində qurulub. Bu nüans onun xarakteri ilə yaradıcılığı arasındakı yalnız bir təzad təşkil edən məqamdır. Yazıçı həyatda gördüyü simsiyah haqsızlıqlara, olumsuzluqlara rəğmən yaradıcılığını bəmbəyaz rənglərlə süsləyir. Təbii ki bunu bilərəkdən etmir, yuxarıda dediyim kimi ürəyindən gələn kimi yazır və nəticədə meydana gələn mətnlər ümid işığında, ümid gözəlliyində doğulur.
Mənsurənin 2009-cu ildə qələmə aldığı "Müharibə rəngi" əsəri mən deyərdim Qarabağ savaşı ilə bağlı yazılan ən gözəl əsərdi. Bir ara onu ekranlaşdırmaq istəsələr də maddi vəsait olmadığından bir neçə bölümü çəkilmiş əsərin çəkilişini başa çatdırmaq mümkün olmadı.
Bu, Mənsurə Qaçayqızının ədəbi talesizliyi idi ki, bu axara düşüb getsək, “Söz” bizi başqa yerə aparacaq!
Yalnız bunu deyəcəm – Mənsurə Qaçayqızının heç nəyi olmasa da "Söz" – ü var. Həyatda inciyəndə, küsəndə ondan da incidiyi, küsdüyü, günlərlə "üzünə baxmadığı", qələminə tuş gətirmədiyi "Söz" ü. Və o Sözlə Mənsurə keçmişə boylanır – "Nənəmin rəfiqəsi" – ni ziyarət edir, "Cənnətlə cəhənnəmin arasında" gəzişən yuxulara boylanır, "Yol" - da "Torpaq ətri"nə "Ziyarətçi" olur, "Yağış havası" nda üşüyəndə "Qar dənəsi" ni xatırlayır.
Beləcə əlimdəki Mənsurə Qaçayqızının müəllifi olduğu "Yad şəhərin yuxusu" kitabını "Bir gül" lə qapadıram. Ürəyimdən keçən sözlər dodaqlarımda şölələnir – Uğurlar, Mənsurə! Növbəti kitabını gözləyirəm...
Təranə Musayeva
AYB-nın üzvü