Biri vardı.. - Aydan Xəndanının şeirləri |MANERA.AZ

MANERA.AZ Dosent, filologiya elmləri namizədi Aydan Xəndanının şeirlərini təqdim edir:
Biri vardı
Biri vardı dost deyildi dayaqdı
Ömrümə min sevinc qatanım idi
Biri vardı gülüşü dərd qovardı
Uzaq belə olsa, yaxınım idi.
Hardadır, görəsən, hara yox olub?
Həyatın anlamsız qaçaqaçında
Bəlkə azıb yolun, bir başqa olub
Doğmalara bənzər yad arasında?
İllər dəyişdirir yəqin hər kəsi
Keçmişin dəyərin çoxları bilmir
Nəyəsə aldanıb, özgələşirik
Bircə xatirələr qalır, silinmir.
Yalanlar gerçəklər
Qalaq- qalaq məktub kimə lazımdır?
Əgər sətirlərdə həqiqət yoxsa?
Alov dolu vədlər kimi isidər?
Əgər o sözlərin hamısı boşsa?
Gözəl hekayələr, nağıltək anlar
Xəyallar gücüylə bəzədilirsə,
Sonsuz etiraflar boş səsə bənzər
Gerçəkdə yalanla üzləşiriksə.
Dinlə o kəsi ki, səssiz- səmirsiz
Qəlbini sevinclə doldura bilir.
Qəliz və mənasız görünsək belə,
Bizi bir baxışdan anlaya bilir.
Saxta dosta
Məni vəsf eyləmə gözəl sözlərlə
Şənimə badələr qaldırma belə
Bilirəm ürəyin doludur, yenə
Boşaltma gəl onu, tələsmə hələ.
Demə ki, darıxır, solursan mənsiz,
Əvəzolunmazam, yerim görsənir.
Bilirəm qəlbindən keçəni şəksiz
Dilin aldadandır, yalan söyləyir.
And içmə, kəlmələr tükətmə yenə,
Gözlərimə baxıb ümid axtarma.
Taqətim qalmayıb dözməyə sənə
Məni gülüşünlə yoldan çıxartma
Bu dünyanın
Vüsal nədir tapan bilir susuz səhrada dəryanı,
Həsrət nədir çəkən bilir rəsmini bitmiş sevdanın,
Acı nədir dadan bilir şirin sandığı xülyanı,
Rəngləri solan deyildir, al əlvandır
bu dünyanın.
O dəryanın sularında özünə həmdəm ararsan,
O çəkdiyin rəsmə baxıb niyələrini sorarsan,
Dadını bəyənməsən də, acılara qatlanarsan,
Əbəbi sürən deyildir hər çiləsi bu dünyanın.
Səbir daim həmdəm olar həyatdan bezdiyin anda,
Ümid yola işıq salar qaranlıqlar qorxudanda,
Niyyət sözə sadiq qalar doğuşdan təmiz olanda,
Qoynuna atıl, çəkinmə, sənin olan bu dünyanın.
Bakıma
Vəsf etmiş çoxları gecələrini
Mənsə sübh çağına yaman vurğunam
Sükutun qəlbimə hüzur gətirir
Dənizin səthitək sakit, durğunam.
Gözəlsən səhərlər, safsan, kövrəksən
Günəşin nəfəsi simanı oxşar
Nazlanır, gülümsər, cilvələnirsən
Könlümə bu anlar xoş ovqat dolar.
Doğma küçələrin ən əziz sirdaş
Qala divarların sirləri saxlar
Ən uzaq səfərdən yorğun dönəndə
Sadiq dost - şəhərim qoynunu açar.
Sevgimi etiraf edirəm sənə
Ən əziz xatirəm səninlə bağlı
Çox dəyişsən belə, keçmişin izin
Gözlərim axtarıb hələ də tapır.
Atama
Səni düşünürəm bu gün mən yenə
Xəyalım bir anlıq keçmişə dalır,
Səsin ən doğma bir musiqi kimi
Məni o günlərə alır, aparır.
Səni düşünürəm bu gün mən yenə
O əziz cizgilər birdən canlanır
Dəniz kimi dərin, nurlu baxışın
Mənim dərdlərimi yuyub aparır.
Səni düşünürəm bu gün mən yenə
Mənimlə bir yerdə deyib - gülürsən,
İçimdə gəzişən sonsuz şübhəni
Qovub varlığınla ümid verirsən.
Səni düşünürəm bu gün mən yenə
Uşaqlıq dövrümə qonaq oluram,
Damla-damla yığıb sənli günləri
Bu sənsiz ömrümü ovundururam.