Adi çörək qırıntıları - Aqil Yaşaroğlu

MANERA.AZ gənc yazar Aqil Yaşaroğlunun "Məktəb illəri" kitabından "Adi çörək qırıntıları" hekayəsini təqdim edir:
Təhsil alın ki, cahilləri idarə edəsiz, təhsil almasanız, əksi olacaq, cahillərin əlinə baxmalı olacaqsınız.
Cəlil Məmmədquluzadə
Cavad beşinci sinifdə oxuyurdu. Çalışqan, diribaş və dürüst oğlan idi. O, müəllimlərin tapşırıqlarını həvəs və məsuliyyətlə yerinə yetirirdi. Məktəblilər arasında keçirilən riyaziyyat olimpiadalarında dəfələrlə birinci yerə çıxmışdı. Cavad eyni zamanda şahmat məktəbinə də gedir, bütün yarışlara qatılırdı. Gələcəkdə şahmat sahəsində daha böyük uğurlar qazanmağı özünə hədəf seçmişdi.
Cavadın valideynləri işlədiyi üçün səhərdən axşamacan evdə olmur, onun təlim-tərbiyəsi ilə daha çox babası Ələkbər kişi məşğul olurdu. Ələkbər kişi əvvəllər universitetdə “Dünya ədəbiyyatı” fənnini tədris etmişdi. O, ədəbiyyata, sözə, onun gücünə və əhatəsinə çox yüksək dəyər verirdi. Nəvəsinə də gələcəkdə hərtərəfli insan olması üçün mütaliə etməyi məsləhət görürdü. O, Cavada mütəmadi olaraq Azərbaycan və dünya ədəbiyyatının tanınmış yazıçıları, onların həyatı, əsərləri haqqında məlumat verirdi. Cavadın dərslərini yaxşı oxuması, ədəbiyyata həvəsi, qazandığı uğurları babanı çox sevindirirdi. Beləcə qayğısız və xoşbəxt günlər bir-birini əvəzləyirdi.
Cavad üçün babası ilə ikilikdə keçirtdiyi vaxt çox maraqlı, həm də faydalı idi. Onlar dünya və həyat barəsində çoxlu söhbətlər edirdilər.
Bu əhvalat sentyabr ayının axırları, sərin payız günlərinin birində baş verdi. Cavad babası ilə eyvanda şahmat oynayırdı. Çox maraqlı oyun gedirdi. 
Baba nəvəsinin şahmatdakı gedişləri qarşısında çətin vəziyyətə düşür, amma bu onu sevindirirdi. Gələcəkdə nəvəsinin güclü şahmatçı olacağına bir daha əmin olurdu. Birdən qonşudan ağlaşma səsləri eşidildi. Ələkbər kişi məsələnin nə yerdə olduğunu o dəqiqə anladı: kimsə rəhmətə gedib. Qonşuluqda Tərgül adlı yaşlı bir qadın yaşayırdı. Uzun müddət idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdi. Zənni onu aldatmamışdı, ölən Tərgül arvad idi.
Ağlaşma səsi Cavadı da tədirgin etmişdi. Onlar oyunu yarımçıq saxlayıb, içəri keçdilər. Ələkbər kişi Cavadın üzündəki qorxu və təşvişi görüb nəvəsini sakitləşdirmək, həyatın bərk-boşundan bilgiləndirmək üçün onun anlayacağı dildə sözə başladı:
–Bilirsənmi, oğul, həyat sənin gördüyündən daha çətin və mürəkkəbdir. Sevinci olduğu kimi kədəri də çoxdur. Ölüm həyatın sonluğudur. Ölüm sevdiyimiz insanları bizdən alır. Tərgül nənə uzun zaman idi xəstəliklə mübarizə aparırdı. Müalicəsi yaxşı aparılırdı. Ancaq xeyri olmadı, həyatla vidalaşdı. Başqa dünyaya köçdü. Bu dünyada isə şirin xatirələri, etdiyi əməllərin mənəvi nəticələri qaldı. Bala, hamımız həyatla vidalaşacağıq.
Amma kimi tez, kimi gec. Bizim həyatın bütün qanunları ilə razılaşmaqdan başqa çarəmiz yoxdur .
–Ay baba, bəs Tərgül nənəni övladları onu bir daha görə bilməyəcəklər?
–Bala, həyata hərəmiz bir dəfə gəlirik. Tərgül nənəni onun övladları öz xatirələrində yaşadacaqlar. Övladları, nəvələri elə onun yaşamağıdır. Bu dünyada hər şey özündən bir iz qoyur, insan da öz yaratdıqları ilə. Buna görə də hamı çalışmalıdır ki, həyatı düzgün yaşasın, yaxşı iz qoysun.
Tərgül nənə hələ cavan ikən onun əri rəhmətə getmişdi. Ona ikinci dəfə evlilik təklif edənlər çox olmuşdu. Amma o bu təklifləri qəbul etməmiş, namusla, qeyrətlə övladlarını böyütmüşdü. Fədakar ana, qayğıkeş nənə olmuşdu. Qonşu kimi də əvəzi yox idi. Hamının xeyrinə, şərinə yarıyardı. Darda olana kömək edərdi, yolunu azana düz yol göstərərdi.
Bir sözlə, yaxşı insan idi. Elə insanın əsas vəzifəsi bu dünyada yaxşı insan olmaqdır. Oxu¬yub alim olmaq olar, yaxşı insan olmaq alim olmaqdan daha çətindir. Tərgül nənə yaxşı insan idi. Ona görə həmişə hörmətlə yad ediləcək. İnsan dünyasını dəyişəndə kimisinə rəhmət, kimisinə lənət oxuyurlar. Tərgül nənə arxasınca rəhmət oxunacaq qadındır. Allah ona rəhmət eləsin!
Cavad bu sözlərdə bəzi fikirləri ilk dəfə idi eşidirdi, amma böyüklüyünü anlayırdı.
Ertəsi gün Ələkbər baba hüzr məclisinə tək getmədi, nəvəsini də özü ilə apardı. Baba və nəvə həyətə düşdülər. Binanın qarşısında matəm çadırı qurulmuşdu. Məhəllə sakinləri, qohum-qonşu başsağlığına gəlirdi.
Baba və nəvə yas mağarına girdilər. Ələkbər baba mərhumun yaxınlarına başsağlığı verdikdən sonra Cavadla bir kənarda əyləşdi. Cavad yas çadırını diqqətlə müşahidə edirdi. Məclisdə kimi söhbət edir, kimi telefona baxır, kimi də mollanın moizəsini dinləyirdi. Molla arada danışanlara irad tutsa da, kənar səslər kəsilmirdi. Əslində Cavad ilk dəfə idi ki, yas məclisində olurdu. Və onu da anlayırdı ki, babası onu tək qoymaq istəmədiyi üçün özü ilə bu məclisə gətirib. Bir qədər keçdikdən sonra Cavadın yanında iki saqqallı oğlan əyləşdi və söhbətə başladılar. Onların cənnət və cəhənnəm haqqındakı “vahiməli” söhbətləri Cavadı təşvişə saldı.
Ələkbər babanın diqqəti nəvəsində idi. Onun üzündə narahatlıq hiss etdikdə tez ayağa qalxdı və onlar hüzr məclisini tərk etdilər.
Evə çatanadək Cavad saqqallı oğlanlardan eşitdiyi sözlər barədə babasına xeyli sual verdi:
–Ay baba, cənnət və cəhənnəm nədir? Ora necə yerdir? Deyəsən, cənnət çox yaxşı yerdir. Mən nə etməliyəm ki, cənnətə düşüm? O oğlanlar tövbə barədə də danışdılar. Tövbə nədir? Axı mən heç nə anlamıram.
Çox mürəkkəb suallar idi. Baba nəvəsini onun anlaya biləcəyi dildə başa salmağa başladı:
–Övlad, əslində, insanların içində olmaq, onları kənardan müşahidə etmək faydalıdır. Gördüklərini, eşitdiklərini dərk etməyi bacarmaq həyatın ən önəmli məqamlarından biridir. Adicə şahmatda bütün fiqurları nəzarətdə saxlamasan, uduzarsan. Həyat da şahmat taxtasına bənzəyir. İnsan bütün yaşamı boyu həm “ağ”lar, həm “qara”larla, yəni həm yaxşılarla, həm də pislərlə qarşılaşır. Cənnəti və cəhənnəmi axtarmağa dəyməz. Cənnət bu dünyada qarşılaşdığın yaxşılıqlar, cəhənnəm isə pisliklərdir. Tanrıya yaxın olmaq üçün daim yaxşılığın, xeyirxahlığın yanında olmalısan.
Ümumiyyətlə, çalış hamını dinlə, amma heç kimin təsirinə düşmə! Bunun üçün də yalnız yüksək səviyyəli təhsilin olmalıdır. Elə et ki, hər eşitdiyini düşüncə süzgəcindən rahat keçirə biləsən, yəni hər şeyə məntiqlə, ağılla yanaşmağı bacarasan. Din pərdəsi arxasında cürbəcür pis əməllər törədənlər də çoxdur. Tanrı insanın qəlbində, ruhunda olmalıdır! Cənnət də, cəhənnəm də əslində bu dünyadan başlanır. İnsan onları öz əməlləri ilə qazanır. Satqınlıq, yaltaqlıq, ikiüzlülük, acgözlük, haramçılıq kimi pis keyfiyyətlər elə bu dünyanı da cəhənnəmə çevirir, o biri dünyanı da.
Cavad:
–Baba, danışdıqlarını anladım, -dedi, – amma yaltaqlıq nədir, necə olur, onu heç anlamadım.
Ələkbər baba gülümsədi:
–Hə, çox maraqlı sualdır. Bax o vaxt mənim əmim Yusif Daşdəmirov bankda müdir işləyirdi. Məhəllədən keçəndə qonşuların çoxu onu hör¬mətlə, ədəb-ərkanla salamlayır, hal-əhval tuturdular. Bütün günü evindən qonaq-qara əskik olmurdu. Əmim vəzifədə olduğu müddətdə neçə-neçə tanışı meydana çıxdı, uzaq-uzaq qohumlar onu axtarmağa başladılar. Onun qarşısında özlərini aciz kimi göstərib, az qala səcdə edənlər də var idi. Belə insanlar düşünürdülər ki, əmim bankda işləyir və nə vaxtsa ona işləri düşə bilər. Buna görə ona bir az yaltaqlanmaq lazımdır.
Yusif əmim çox savadlı, ağıllı, zəngin mənəviyyatlı, vicdanlı bir insan idi. Ona kiçicik bir hörmət edəndə həmin hörməti iki qat qaytarardı. İşin düşsə, təmənnasız, canla-başla əlindən gələn köməkliyi göstərərdi. Ancaq bir gün iş yerində xoşagəlməz bir hadisə baş verdi. Onu zorla qeyri-qanuni iş görməyə məcbur etdilər. Həyatda dürüst insan olan əmim bununla razılaşmayanda nəticədə onu işdən çıxartdılar. Elə hər şey də bundan sonra başladı.
Əvvəlki tanışlarla olan münasibətlərdə soyuqluq yarandı, hətta bir vaxtlar ona yarınan insanlar geriyə addım atmağa, özlərini görməzliyə vurmağa başladılar. Axı daha ona işləri düşməyəcəkdi. Hə, yəqin, indi nə demək istədiyimi yaxşı başa düşdün. O adamların əməlləri yaltaqlıq idi. Yaltağın əqidəsi, şərəfi, vicdanı olmaz. Onlar öz maraqlarına uyğun gəlməyən heç nəyi, heç kəsi sevməzlər.
–Anladım, baba. Şəxsi xeyri üçün hörmət və yalançı məhəbbət yaltaqlıq deməkdir. Bildim. Hə, baba, bizim sinifdə də belə hallar var. Bəzi uşaqların ataları imkanlı olduğu üçün əksər sinif yoldaşlarımız onlarla dostluq etməyə can atır, həmişə onların böyründə gəzir, onlar nə desə, təsdiqləyirlər. Deməli, yaltaqlıq budur. Nə pis xüsusiyyət imiş!
–Oğlum, yaltaqlıq, ədalətsizlik, yalançılıq, ikiüzlülük, böhtan, tamahkarlıq kimi saydığım cəhətlər bir adamda toplaşarsa, yəqin, ona insan demək olmaz! Sənə məsləhətim budur ki, uşaqlıq illərini səmərəli keçirəsən. Məktəbdə dərslərini yaxşı oxumağın öz yerində, bu sənin şəxsən özünə lazımdır. Amma sən bütün canlıları sevsən, qayğıkeş, səxavətli, mərd olsan, Tanrı sənə bu verdiklərini daha yüksək qiymətləndirər.
Baba ilə nəvənin söhbəti qeyri-adi, çox maraqlı, həm də çox faydalı məsləhətlərlə dolu idi.
–Baba, sən cənnəti qazanmısanmı?
–Bu, tamam çətin sual oldu, balaca.
Ələkbər baba yenə gülümsədi, amma dərindən köks ötürdü.
–Özümün əlimdən gələni etmişəm, – dedi, – yəqin ki, bu çox azdır. Əgər mənim övladlarım da, nəvələrim də yaxşılıqlar etsələr, xeyirxah olsalar,
nemətlərini paylaşmağı bacarsalar, inşaallah, cənnətə düşərəm.
Cavad babası ilə bu söhbətin adını “Həyat dərsi” qoydu.
Artıq axşam düşmüşdü. Cavadın valideynləri işdən qayıtmışdılar. Onlar süfrə arxasında əyləşib şam yeməyini yedilər. Baba nəvəsinin süfrədəki qırıntılara həssaslıqla yanaşdığını sezdi.
Sabah məktəb günü idi. Cavad yorulmuş, həm də yatmaq vaxtı çatmışdı. Babası və valideynləri ilə sağollaşıb öz otağına keçdi. Əlində kağıza bükülü çörək qırıntıları var idi. Cavad xörək yeyərkən bunları ehmalca toplamış, məktəbin həyətindəki quşlar üçün ayır-mışdı. Havalar soyumuşdu və quşlar yemək tapmaqda çox çətinlik çəkəcəkdilər.
“Tanrının bizə verdiklərinin dəyərini bilməliyik, onları paylaşmağı bacarmalıyıq. İsrafçılıq etmək yaramaz. Əsl insan təkcə özünü düşünməməlidir.”
Babasının sözləri Cavadın qulaqlarında təkrar-təkrar səslənirdi.
Cavad bu kağız bükülüsünün üstünə nəsə yazdı, sonra gedib yatağına uzandı.
Bir saatdan sonra Ələkbər baba da yatmaq üçün ayağa qalxdı. Öz yataq otağına keçməzdən əvvəl həmişəki kimi nəvəsinin otağına gözucu baxdı. Cavad yenə yorğanı təpikləmiş, üstünü açmışdı. Ələkbər baba gedib onun üstünü örtdü. Geri qayıdarkən Cavadın yazı masasının üstündə kağız bükülüsünü gördü.
Bükülünün üzərində “Babamın adından quşlar üçün” sözləri yazılmışdı. Ələkbər baba bu gördüyünə kövrəldi, həm də belə nəvəsi olduğu üçün qürurlandı. Deməli, onun əməyi hədər getməmişdi.
Yəqin ki, nəvəsi gələcək həyatında büdrəməyəcək, xeyirxahlıq onun yollarına işıq tutacaqdı. Artıq nəvəsi də cənnəti qazanmaqda idi.