manera.az
manera.az

Şəhid oğlu - Aqil Yaşaroğlunun hekayəsi

📅 04.10.2018 12:19

Şəhid oğlu - Aqil Yaşaroğlunun hekayəsi
Əbülfəz Qarabağ uğrunda gedən döyüşlərə könüllü getmişdi. Ailəsini düşünüb oğlunu yada salsa da, Vətən sevgisini hər şeydən əziz tutmuşdu. 1994-cü il aprel ayında Ağdamın Güllücə kəndi istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib göstərdiyi fədakarlıqlar nəticəsində şəhidlik zirvəsinə ucalmışdı. Öz mərdliyi və cəsarəti ilə həmişə əsgər yoldaşlarının diqqət mərkəzində olurdu. Hamı onun igidliyindən,vətənpərvərliyindən ağızdolusu danışırdı.

Əbülfəzin vəfatından sonra iki yaşlı oğlu Həsən atasız qalmışdı. Anası Mahirə oğlunu əzab-əziyyət içərisində böyütmüşdü. O, on üç yaşı olan zaman artıq həyatı az-çox dərk edəndə öz gələcəyini müəyyən etmişdi. Günbəgün ermənilərə olan nifrəti daha da artırdı və hər an atasının intiqamını almağı düşünürdü. Qarşısına məqsəd qoyduğundan fikrində qəti idi.

Hərbçi olub vətənə xidmət edəcəkdi. Onu bu fikrindən heç kim daşındıra bilmirdi. Həmin il hərbi liseyə qəbul olunmaq üçün sənəd verdi. Sevincli və həyəcanlı idi. Öz arzusuna çatıb hərbidə oxumaq istəyirdi. Çox keçmədi, həm liseyi əla qiymətlərlə bitirdi, həm də Ali Hərbi Məktəbə daxil oldu. Dörd il təhsil alıb kursant həyatına “əlvida” etdi.

Gənc leytenant kimi hərbi xidmətin yeni mərhələsinə qədəm qoydu. Bir müddətdən sonra komandanlığa müraciət edərək ön cəbhədə - postda düşmənlə üz-üzə dayanmağını xahiş etdi. Komandanlıq zabitin müraciətinə müsbət cavab verdi. Onu Ağdama-cəbhə bölgəsinə göndərdilər. Çamadanına öz paltarlarını yığıb, hazır vəziyyətdə təyinat yerinə göndəriləcəyi günü gözlədi. Anası Mahirə ağlamağa başladı. Oğlunun getməsini,ondan uzaqda olmasını, yenə hər an səksəkədə yaşayacağını, nigarançılıq çəkəcəyini, oğlunu gözləyəcək təhlükələri düşünərək yenicə yoluna düşmüş həyatını dəyişmək istəmirdi. Əbülfəzin ölümündən sonra bütün sevgisini bircəciyi Həsənə həsr etmişdi. Gələcəyə dair bütün arzu-istəkləri yalnız Həsənlə bağlı idi. İndi isə...
-Ana, halallıq ver, mən artıq getməliyəm, - deyə Həsən israrla dilləndi.
-Oğlum, mənim səndən başqa kimim var ki? Məni atıb getmə, bala. Öz xidmətini Gəncədə də edə bilərsən. Atanı itirdim, səni gözümün qabağında görmək istəyirəm.
Həsən başını bulayaraq:
-Yox, anacan, mən ön cəbhədə olmaq istəyirəm. Ağlama, nə olar,- deyib anasını qucaqlayıb, əllərindən öpdü. Həsən cavab gözləmədən anası ilə sağollaşıb qapını asta örtdü və evi tərk etdi.

Həsənin qulluq etdiyi hərbi hissədə hər gün güclü atışmalar olurdu.Düşmən cavab atəşi ilə susdurulurdu. Həsən intizamı, bacarığı və tələbkarlığı ilə hərbi hissədə hamının rəğbətini qazanmışdı. O, əsgərlərə lazımınca izahat verir, döyüş hərəkətlərini cəld və çevik yerinə yetirməyi onlara tapşırırdı. Əsgərlər də gənc zabitin göstərişlərini vaxtında və sözsüz yerinə yetirir, vərdişlər qazanırdılar.

Gənc leytenant şəxsi heyətin təlim-tərbiyəsində müasir metod və üsullardan istifadə edirdi. Elə bu cəsarəti və bacarığına görə də onu taqım komandiri təyin etdilər. Həsən iki il doğma torpaqların müdafiəsi uğrunda döyüşdü və bu müddət ərzində güllə yaraları alsa da, yenidən öz mübarizəsini davam etdirib, son nəfəsinə qədər döyüş bölgəsindən ayrılmadı. O, itirilmiş torpaqları azad edəcəkləri günə inanıb, ümidini heç vaxt üzmədi.

Həsən bir gün döyüş hazırlığında əsgərlərə müraciət edib dedi:
-Biz hər an Vətənin müdafiəsinə qalxmağa hazırıq. İşğal olunmuş torpaqları azad etmək hər birimizin şərəfli borcudur. Hər bir Azərbaycan əsgərində vətən sevgisi var və bu, daim alovlanmalıdır. Vətənimi sevdiyim üçün sizlərlə çiyin-çiyinə döyüşdəyəm. Damarlarımda azərbaycanlı qanı axır. Ermənilərə nifrətim hələ səkkiz yaşım olanda başlayıb. Erməni dığaları doxsanıncı illərdə bizim torpaqlarımızı işğal ediblər. Nə qədər körpələr, azyaşlı uşaqlar, qadınlar vəhşicəsinə öldürülüb. Hamımızda Vətənə xidmət, düşmənə nifrət, anaya sevgi olmalıdır. Buna görə də biz bütün tapşırıqlara yüksək səviyyədə hazırlaşmalıyıq. Ön cəbhədə xidmət etməyin özəl çətinlikləri olsa da, hər şeyə tab gətirməliyik.
Gənc leytenant cümləsini bitirib susdu. Onun ürəyi dolu və yaralı idi. Leytenantı diqqətlə dinləyən əsgərlərdən biri dilləndi:

-Yoldaş leytenant, müraciət etməyə icazə verərsinizmi?
-Əlbəttə, olar, əsgər Zəkaryayev. Buyur, səni dinləyirəm.
-Siz dediniz ki, səkkiz yaşından ermənilərə nifrət etmişsiniz. Bilirəm ki, şərəfsizlərə, quldurlara nifrət etməmək mümkün deyil. Lakin nəyə görə səkkiz yaşından sonra?
Gənc leytenant bir qədər duruxdu. O, ötmüş xatirələrə, qayğı dolu atasız böyüdüyü illərə qayıtdı. Köks ötürüb dedi:
-Mən atamı itirəndə cəmi iki yaşım vardı. Səkkiz yaşımda olarkən anam mənə atamın torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olduğunu dedi. O vaxt hər şeyi yerli-yataqlı anlamasam da, zaman keçdikcə hər şeyi başa düşdüm. Həmin gündən düşmənə qarşı nifrətim sonsuzdur. Onlar mənim kimi minlərlə uşağı ata-anasız qoyublar. Mən heç vaxt şəhid oğlu olduğumu dilə gətirməmişəm. Buna görə də bu haqda çox danışmaq istəmirəm. Ön cəbhədə xidmət etmək, vətəni düşməndən qorumaq çox məsuliyyətli və şərəfli bir vəzifədir. Bəli, hər bir kəs dünyaya göz açdığı ilk andan onu həyata gətirən anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atırsa Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Əzizlərim, günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir, insan daha qırılmaz tellərlə elinə, obasına bağlanır. Vətəni sevərək onun hər qarış torpağının qədrini bilmək, doğma yurd üçün canından keçməyi bacarmaq hər birimizin müqəddəs borcudur.

-Düz buyurursunuz, yoldaş leytenant. Torpaq əgər uğrunda ölən varsa, vətəndir, -deyərək əsgər Zəkəryayev cavab verdi.
Zəkəryayev Həsənin ən çox sevdiyi əsgərlərdən biri idi. O, həmişə deyib-gülən, danışan, bütün əmrləri yerinə yetirən, səliqəli, şeirli-sözlü gənc idi. Şamaxı dağlarından, bulaqlarından gətirdiyi saflıq elə gözlərindən, baxışlarından da hiss olunurdu. Gecə-gündüz əmrə müntəzir dayanırdı. Komandiri ona bir iş buyuranda sevincinin həddi-hüdudu olmurdu. Motoatıcılığın sirlərini də öyrənmişdi. Hətta döyüşlər təzə başlayanda erməninin atdığı güllələr Həsən Almasova dəysə də, qoruyucu jiletə ilişib, bədəninə keçməmişdi. Yalnız güllələrdən biri başındakı dəmir papağı yarıb,saçlarını ütüb keçmişdi. Həmin gün Tanrının ona şəhidlik yazmadığı gün idi. Güllə də ona yaxın düşmədi.

Ətrafında hərəkət edən Nazim Zəkəryayev onun bu halını görüb Həsəni qucaqladı, gözləri dolmuş halda:
- Komandir, nə yaxşı ki, sizə heç nə olmayıb,-deyib köks ötürdü.
Nazim Zəkəryayevin tərxis olmağına 20 gün qalmışdı. İntizamlı əsgərlərdən biri olan Vahabzadə Mikayıl əlini qaldırıb, komandirinə sual vermək istədi. Bu gənc leytenantın nəzərindən qaçmadı. Komandir:
Buyur, əsgər,səni dinləyirəm,- dedi.
Mikayıl dalğın baxışlarla sözə başladı:
-Bizim hər birimizin ürəyində işğal olunmuş doğma Qarabağımızın azad edilməsi arzusu vardır. Azərbaycanın özünə qalsa, bir gecənin içərisində işğal altında olan torpaqlarımızı geri qaytarar. Biz haqlı olduğumuzu bütün dünyaya sübut etdik. Heç vaxt işğalçı mövqedə dayanmamışıq. Buna görə də biz torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışırıq. Əgər buna nail olmasaq, hərb yolu ilə torpaqlarımızı canımızla, qanımızla azad etməyə hazırıq”.

-Əsgər Vahabzadə, düz deyirsən. Onu da unutmamalıyıq ki, insan şüurlu surətdə, özünü idarə etməyi bacarmalıdır ki, silahla da düzgün şəkildə rəftar edə bilsin.
Mikayıl sevinclə:
-Mən Vətənin saysız-hesabsız əsgərlərindən biriyəm, torpaqlarımızı azad görmək istəyirəm.
Həsən üzünü tərxis olunmağa hazırlaşan əsgərlərə tutub:

-Xidmətdən qayıdandan sonra həyatda mətin addımlarla vətəndaşlıq borcunuzu yerinə yetirin. Mən sizlərə uğurlar arzulayıram,-deyərək əsgərlərin hər birinə ayrıca diqqət yetirdi. İyirmi üç yaşlı komandir heç kəsi nəzərdən qaçırmadı. Ona yaxın olan əsgərlərdən biri də Vahabzadə Mikayıl idi. O, yaxşı ailə tərbiyəsi, gözəl davranışı, çətinliklərə mətinliklə dözməyi, əsl hərbçi məziyyətlərinə malik olmağı ilə seçilən bir gənc idi. Manqa komandiri olsa da, bütün çətinliklərin öhdəsindən gəlirdi. Nizamlı-intizamlı, şərəfli zabit kimi sirr saxlamaq keyfiyyətinə malik idi. Mikayıl cəbhə xəttində yaranan çətinliklərdən qorxmurdu. O, aza tabe olub, çoxa şükür edirdi. Ətrafındakı əsgərlərin də hörmətini qazanmışdı. Aldığı ali təhsil də hədər getməmişdi. Çox zarafatcıl idi. Gözəl səsi vardı. Yanaqlarındakı dağ havasının saflığı, yaşıl ormanların gözəlliyi diqqəti çəkirdi. Hərdən kefinin kök vaxtında səsini qaldırıb əsgərlərin əhvalını yaxşılaşdırardı. Tez-tez də hörmətini saxladığı komandirinin yanına gəlib: “Cənab komandir, əmr edin irəli gedək!”- deyirdi. O, hər zaman döyüşə atılmaq arzusu ilə yaşayırdı. Oturuşu, duruşu, tərbiyəsi gözəl idi.

Gecə yarısı idi. Ermənilər atəşkəsi növbəti dəfə pozmuşdular. Bir saat ərzində gedən atışmada düşmən postlarımıza aramsız atəş açdı. Cavab atəşi ilə düşmən tərəf susduruldu. Hətta iki erməni qulduru da məhv edildi. Səhəri gün Həsən və onun komandası hərbi hissə komandiri tərəfdən təşəkkürnamə ilə mükafatlandırıldı və hər bir əsgərə beşgünlük məzuniyyət verildi. Gənc leytenant məzuniyyətə çıxmağa hazırlaşırdı. Bir aydan çox idi ki, anası ilə məktublaşmırdı. Ermənilərin hər gün atəşkəsi pozması nəticəsində, o, hərbi hissəni tərk edə bilmirdi. Həmin gün ermənilər sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozmuşdular. Həsən məzuniyyətə çıxmaq planını unutdu. O öz komandası ilə düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endirdi. Bir qədər sakitlik yarandı. Gecə saat 3-ə 15 dəqiqə qalırdı. Düşmən qəfildən postlarmızı atəşə tutmağa başladı.

Azərbaycan əsgərləri komandirin əmri ilə döyüş xəttində öz yerlərini tutaraq hərəkətə keçdilər. Həsən dərhal döyüş komandasını verib, özünü düşmənin daha çox gülləyə məruz qoyduğu mövqeyə verdi. Nədənsə, bu dəfə düşmən susmaq bilmirdi. Həsən illərlə daxilən nifrət bəslədiyi düşməndən qisas almağın zamanını anlamışdı. Hər bir əsgərin üzündəki kin-küdurət hiss olunurdu. Bölükdəkilərin üzlərində qorxudan, ağrıdan bir nişanə yox idi. Bir az keçəndən sonra gənc leytenantın ən çox sevdiyi əsgərlərindən olan Mikayıl Vahabzadə düşmən mərmisindən şəhid oldu. Həsən özündə cəsarət tapıb, erməni ilə ən yaxın üzbəüz mövqeyə keçdi. Atıcı və manqa komandiri Mikayıl Vahabzadə həlak olanda Nazim Zəkəryayev həyəcan keçirdi. Əli-ayağı boşalıb, Mikayılın cəsədinin yanında heysiz dayandığı halda düşmən güllələrindən biri də ona tuş gəldi. O da həlak oldu. Son nəfəsinə kimi hər iki əsgər kişi kimi vuruşdu. Həsən hiss etdi ki, onun yanındakı əsgərlərin heç birinin gözündə qorxu yoxdur. Onlar bu Vətən torpağı uğrunda döyüşlərə atılaraq qələbə qazanmaq əzmindədirlər. Həsənə bəlli idi ki, Vətən torpağı uğrunda döyüşlər qansız-qadasız, itkisiz olmur. Həsən dayanmadan nankor düşmənin atəş nöqtələrinə zərbələr endirdi. İki saatdan çox idi ki, atışma dayanmaq bilmirdi. Düşmən Həsənin olduğu postu güllə atəşinə tutmağa başladı. Atılan güllərdən biri gənc leytenatın həyatına son qoydu.

Ətrafda vuruşanlardan biri yaxına gəlib Həsəni tanıdı. Ani bir sarsıntı vücudunu titrətdi. Böyük arzularla yaşayan dostunun vaxtsız ölümü ona qəm dağı çəkdirdi. O, dostunun nəşi üstünə sərilib hönkürtü vurdu.

Erməni rabitə kanallarından alınan məlumata görə, gecə baş verən döyüşdə on iki erməni əsgəri gəbərdilmişdi.
Xəbər gənc leytenantın ailəsinə çatanda anasının ürəyi getdi. Ananın kədəri yerə-göyə sığmadı. Əvvəlcə həyat yoldaşının, indi də oğlunun itkisi ona böyük bir zərbə oldu. Oğlunu itirən ananın əzabını heç nə ilə ovundurmaq, kədərini azaltmaq mümkün deyildi. Tənha ana indi oğluna qovuşmaq istəyirdi.
Ağır döyüşün səhəri bütün televiziya kanallarında “Bir ailədən iki şəhid” başlığı ilə acı bir xəbər yayıldı.

Aqil YAŞAROĞLU


Baxış sayı - 1 784 | Yüklənmə tarixi: 04.10.2018 12:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031