"Ürəyim sənlə danışır” - Əbülfət Mədətoğlu
"Ürəyim sənlə danışır" kitabı ilə "tanış oldum". Müəllifi şair-publisist, əməkdar jurnalist Əbülfət Mədətoğludur. Ə.Mədətoğlu 1959-cu il yanvarın 1-də Xocavənd rayonunun Tuğ kəndində anadan olub. Şeir və povestləri Azərbaycanda və bir neçə xarici ölkədə çap olunub. Bir çox şeir kitabının və sənədli povestin müəllifi, “Ədalət” qəzetində baş redaktorun birinci müavinidir.
Kitabı bir neçə saata bitirdim. Bunun bir səbəbi dilin axıcılığı olsa da, digər səbəbi şairin qələmindən daşan üslubu idi. İstər mövzu seçimi, istərsə dilin aydınlığı oxucunu davam etməyə sövq edir. Misralarda həsrətin, nakam hislərin sədaları duyulur:
***
Bu qədər həsrət çəkib,
Bu qədər göynəyirəm.
Özümə sitəmləri
Mən özüm eyləyirəm.
***
(Mən səni düşünəndə)
Mən səni düşünəndə
Məndən uzaq olursan.
Dönürsən qar, çovğuna,
Şaxta, sazaq olursan -
Bilmirəm niyə?
***
(Həsrətdən varis olmaz)
Cırıb at, son məktubu,
Heç nə sona qalmasın.
Həsrətdən varis olmaz -
Heç nə ona qalmasın!
***
Alınmadı ah... nəsə
Sevəcəm bəhanəsiz!..
Deyəcəyəm lap kəsə -
Dözmürəm daha sənsiz...
Səhifələri vərəqlədikcə, istifadə olunan bədii təsvir və ifadə vasitələri estetika baxımından "öz sözünü deyir". İncə seçilmiş məcazlar oxucunun ruhunu oxşayır.
***
Döyüş qaydalarını
Kim bilir səndən yaxşı!
Hələ də vuruşuruq -
Dumandan, çəndən yaxşı...
***
İçimdə bir dünya var
Gülüm, içəridəsən...
Burda qəmi mən çəkim -
Gülüm, içəridə sən!
Duyğuların sözü də,
Alovlanan közü də,
O dünyanın özü də,
Elə içəri də, sən!
Tutdum bir yolun ucun,
Məcnunluq oldu suçum...
Qəmi sındırmaq üçün,
Gərək iç əridəsən...
Bəndlərin son misralarında cinas qafiyədən məharətlə istifadə olunduğunu müşahidə edirik.
Şeirlərdə "Məcnun" adı ilə tez-tez rastlaşırıq. Əlbəttə, bu təsadüfi deyil. Bunu həm həsrət motivli şeirlərdən, həm də, şairin qələmə aldığı bu misralardan anlayırıq:
***
Ürək dolu bir sevgi -
Çələngi var əlimdə.
Özümə güvənirəm -
Bu sevgi aləmində!
Ustadım Füzulidi
Məcnunsa idealım!
Bu sərhədlər içində -
Azad gəzir xəyalım!
***
Sərtdi bəxtin üzü də,
Dərəsi də, düzü də...
Heç Məcnunun özü də
Sayılmaz məndən yaxşı!
***
(Sənə gəldiyim yol)
Gecəmi gündüz edib,
Gündüzümü qaraltdım.
Mən öz üstümə gedib,
Bu Məcnunu yaratdım.
***
Qalmışam ortalıqda -
Yer qovur, göy götürmür...
Məcnunların taleyi -
Heç bir yerdə gətirmir...
Publisistin təbiətə tərənnümü ( kitabın üz qabığının səmaya boya kimi səpilmiş buludlar olması təsadüfi ola bilməzdi) məşuqun keyfiyyətləri ilə qovuşub, ahəng yaradıb:
***
Bir narın yağış yağır,
Sözlərinə bənzəyir.
Göylər yağışdan sonra
Gözlərinə bənzəyir.
Bir həzin meh duyuram
Pıçıltını andırır.
Üzümdə şeh duyuram -
Yanağımı yandırır...
***
Günün, ayın içində,
Gələn payın içində
O qız könlüm üçün də
Qibləgahdı, Vətəndi!
Şübhəsiz, diqqətimi ən çox çəkən yazılar isə "mən səni düşünəndə", "mən şeir yazanda", "xatirəyə dönənim" şeirləri oldu. Sanki, həsrət qoxulu bu şeirlər oxucuya nəyisə pıçıldayır, anlatmağa çalışır:
***
Mən səni düşünəndə
Kirpiklərim nəm olur.
Sənə göz yaşı düşür,
Mənim payım qəm olur -
Bilmirəm niyə?
Mən səni düşünəndə
Dilin susur, bağlanır.
Mənimsə dilim sanki,
Qıfıl altda saxlanır -
Bilmirəm niyə?
***
Mən şeir yazanda
yadımda və yanımda
səndən başqa kimsə olmur...
mən şeir yazanda
yəni bax onda
əslinə baxanda
yadımda və yanımda
səndən başqa kimsənin olmadığı
təəccüb doğurmur.
Mən şeir yazanda
yadımda və yanımda
səndən başqa
kimsənin olmadığı
misralardan oxunur.
Mən şeir yazanda
yadımda və yanımda
olan sən
sevdiyim gündən
ruhumda və qanımda
ola-ola
anbaan
hər bir halda
təkrar
ürəyimə yazılırsan!
***
Nələr keçdi içimdən,
Özüm bildim, sevindim.
Ağlayan ürəyimin
Gözün sildim, sevindim.
Gözümün aynasında
Tumarlanan dünənim.
Sevindirdin sən məni,
Xatirəyə dönənim...
Müəllifin doğmalarına həsr etdiyi səmimi şeirlər də oxucuda təbəssüm yaradır.
"Qızım Nilufərə" , "Yaşadın" (Şirxan Adıgözəlova), "Ürəyimdəki adama-kardioloq Rafiq Yusifliyə" , "O səs" (Cabir Abdullayevə), "Qızım Sənubərə tələbə adı münasibətilə" şeirləri bu qəbildəndir. Hər birindən xoş təlatümlər, hislər duyulur.
Son olaraq, şairin misraları və heç vaxt qəmə, kədərə əyilməməsi arzusu ilə bitirirəm:
***
GƏLİR
Dünya bir can köynəyidi,
Dar gəlir mənə, dar gəlir.
Kədərə, qəmə əyilmək
Ar gəlir mənə, ar gəlir.
Əridib gözün yağını,
Suvardım sevgi bağını.
Düşündüm vüsal çağını
Bar gəlir mənə, bar gəlir.
Bu nə seçim, bu nə qismət -
Görənlər aparır həsəd.
Məcnunu öldürən həsrət,
Yar gəlir mənə, yar gəlir.
Nəzakət Bağırova
BSU jurnalistika fakültəsinin IV kurs tələbəsi