İki ömür yaşa bir sevgi üçün.. - Şeirlər

MANERA.AZ şair, ədəbiyyatşünas alim Zəki Bayram Yurdçunun şeirlərini təqdim edir:
Vətəndir
Hər kəsin öz qəlbi, öz duyğusu var,
Həyat düşüncəsi, söz duyğusu var.
Hər duyan ürəyin yüz qayğısı var,
Mənimsə tək dərdi-sərim vətəndir.
Sənin, mənim varsa bizdə, bizim yox,
Bu yerdə hiyləyə, məkrə dözüm yox.
Dostlardan gizli bir sirrim, sözüm yox,
Bircə açılmayan sirrim vətəndir.
Bir yol tanıyırıq – o da haqq yolu,
Tarixim qan dolu, xəyanət dolu.
Vətəndə Babəkin kəsilən qolu,
Qürbətdə soyulan dərim vətəndir.
Mənim öz taleyim, öz alın yazım...
İlk eşqim, gözümdə qalan murazım...
İkiyə bölünüb, bölən Arazım,
Arazla qovuşan Kürüm vətəndir.
Bəzən çox tələsir, bəzən gec gəlir,–
Bütün dərdlərimə bu dərd güc gəlir.
Ürəyim sıxılır, başım gicəlir,
Fəqət ən ağrıyan yerim vətəndir.
Könlümü
Bilmirəm neyləyim, hara aparım?
Dosta bağışlayım, yara aparım?..
Sürgünə yollayım, dara aparım
hər gün haldan-hala düşən könlümü?
Dərd var təkbaşına çalxamaq olmur,
Dərd var ki, oxşayıb ağlamaq olmur...
Yaralı quş kimi saxlamaq olmur
sinəmdə qovrulub bişən könlümü.
Mən ona bənzəyən ozan görmədim,
Alın yazısını pozan görmədim.
Bircə nizamlayıb düzən görmədim
yüz yerdən çatlayan şüşə könlümü.
Dərddən qoşun çəkib karvan elədim,
Qəlbi o karvana sarvan elədim.
Bir dəli sevdaya qurban elədim
bulaqtək çağlayıb daşan könlümü.
Özündə qırovlar, qarlar əridər,
Yaşamaq adına ömür çürüdər.
Kiritsə, anamız torpaq kiridər
bu ağlar könlümü, bu şən könlümü.
Ölüm məşqi
Gəl, bir az ölümü məşq edək...
çaşıb,
Mən ölüm qəfildən, sən bir az ağla.
Qəlbinə axsa da odlu göz yaşın,
Bir az da özünə ehtiyat saxla.
Ölümü məşq edək səssiz-səmirsiz,
Nə vaxtdır həyatı məşq etmirikmi?
Yaşamaq adına iki ömrü biz
Ayrıca şam kimi əritmirikmi?
Öncə mən ölməli...bu acı xəbər
Başında çaxmasın ildırım kimi.
Ayağın altında yarılmasın yer,
Qarşında durmasın sıldırım kimi.
Qoy, ölüm...Ölümlə doğmalaşım bir,
Bu acı həyata üsyan eyləyim.
Sən yaşa, sən yaşat...qorxunc gecələr
Mən sənə təzə-tər şeir söyləyim.
...Son dəfə yaşayaq ölümü bu gün,
Mən ölüm...Sən bir az ağla, əzab çək.
İki ömür yaşa bir sevgi üçün,
Yolunu gözləyim mən də sevərək.
Varmış
Sənin gözlərinin dərinliyində
Boğulmaq da varmış, batmaq da varmış.
Vüsal çeşməsinin şirinliyindən
Bayılmaq da varmış, yatmaq da varmış.
Mən qaildim bu sevginin yasına;
Ürək məni ya sındıra, ya sına...
Bir gözdən, könüldən eşq dəryasına
Atılmaq da varmış, atmaq da varmış.
Ömrümüz bənzərdi sozalan şama,
Karvanım gedirdi üzü axşama.
Əlçatmaz arzuya, əlçatmaz kama
Bir gün yetişmək də, çatmaq da varmış.
Son verib əzəli vərdişlərinə,
Bələnib xatirə yağışlarına,
Ürəyə calanan göz yaşlarına
Bir az sevinc nuru qatmaq da varmış.
Biryolluq ovudub könül ahını,
Savaba döndərib hər günahını,
Bu eşq bazarında can mətahını
Dəyər-dəyməzinə satmaq da varmış.
...Gəl
Deyirsən ki, nə gətirim gələndə,
Sındırdığım ürəyini götür, gəl!
Sən ən gözəl hədiyyəsən mənimçün,
Saçlarının qoxusunu gətir, gəl!
Fərqi yoxdur, boran olsun, qar olsun,
Yerli-yersiz məhkəmələr qurulsun;
Qoy gözlərim gözlərində durulsun,
Əllərini əllərimə yetir, gəl!
Olacaqlar olacaqmış axırda...
Göydən yağış-xatirələr yağır da;
Biz gəzərkən çiçək açan cığırda
Ayrılığın tikanları bitir, gəl!
Nə duyğulu, nə nisgilli payızdır, -
Gündüz günəş, gecələrsə ayazdır.
Tənha durna toranlıqda yol azdı,
Durnalar da qərib-qərib ötür, gəl!
Sən gəlməsən, bu dağlara çən gələr,
Qəlb evinə qəm üstündən qəm gələr,
Sənsizlikdən qövr eyləyən nəğmələr
Ürəyimə axır sətir-sətir, gəl!
Bu nə istək, nə həvəsdir, a zalım?
Sənsiz dünya boş qəfəsdir, a zalım;
Bəlkə də bu, son nəfəsdir, a zalım,
Dur, özünü son nəfəsdə yetir, gəl!
Şeir yazanda
Heç kimə qəribə gəlməsin gərək,
Əgər sinəsində vurursa ürək.
Bir anda dağılıb qum dənəsi tək,
Birdən irilirəm şeir yazanda.
Xəyalım dolaşır dağı, çəməni.
Əllərim darayır dumanı, çəni.
Kimsə silkələyir kökümdən məni,
Tut tək dərilirəm şeir yazanda.
Sıyrılıb çıxıram hər cür qəbadan,
Qorxub çəkinmirəm tifdən, vəbadan.
Yarızor, yarıxoş doğma obadan,
Eldən sürülürəm şeir yazanda.
Qanıma qarışıb yüz Araz axır,
Kimsə ürəyimi nar kimi sıxır.
Sözlərim sinəmdən ox kimi çıxır,
Yay tək gərilirəm şeir yazanda.
Payızda qovzanıb səhər yelindən,
Nəsə umsunuram durna telindən...
Dəli dalğaların qaçıb əlindən
Günə sərilirəm şeir yazanda.
Yazda göz oxşayır hər gül, hər çiçək,
Sevincdən quş kimi atlanır ürək.
Keçən əsrdəki dəliqanlı tək
Sevib-sevilirəm şeir yazanda.
Dişlərim sıxılır canıma birdən,
Baş alıb qaçıram dözüm, səbirdən.
Elə bil yatmışdım dar bir qəbirdə, –
Durub çevrilirəm şeir yazanda.
Bəzən uçurumdan yıxılan kimi,
Bəzən də qəfəsə sıxılan kimi,
Qabıq dəyişdirən bir ilan kimi
Çönüb qıvrılıram şeir yazanda.
Gahdan açılıram dolu mücrü tək,
Gah dəli oluram sərxoş gürcü tək.
Bir topdan dağılan qala bürcü tək,
Sözlə hörülürəm şeir yazanda.
Yüzillər ardından durub gəlirəm,
Başımı daşlara vurub gəlirəm.
Gedib o dünyanı görüb gəlirəm,
Ölüb-dirilirəm şeir yazanda.
Nə qədər
Nə qədər boğaza yığılmaq olar?!
Nə qədər ürəkdən sıxılmaq olar?!
Hər addım başında şüşə qab kimi
Sınıb öz içinə dağılmaq olar?!
Nə qədər səsini boğub içində,
Qılınctək qınında boğulmaq olar?!
Nə qədər dinməyib susa bilərsən?!
Hirsini, hikkəni basa bilərsən?!
Özgələr yedikcə haqqı-sayını,
Özündən inciyib-küsə bilərsən?!
İçində qurduğun dar ağacından
Nə qədər özünü asa bilərsən?!
Nə qədər şimşəktək çaxmaq olarmış?!
Özünü yandırıb-yaxmaq olarmış?!
Sənə daş atanı görməzdən gəlib,
Bulanıb, durulub axmaq olarmış?!
Nə qədər Vətənin edam günündə
Durub yadlar kimi baxmaq olarmış?!
Nə qədər ürəkdən oyulmaq olar?!
Nə qədər dərisi soyulmaq olar?!
Vətəni, vicdanı yala satana
Nifrətdən, qəzəbdən bayılmaq olar?!
Nə qədər balandan artıq sevdiyin
Vətəndə qərib, yad sayılmaq olar?!
Nə qədər...nə qədər...nə qədər, Tanrım? –
Olduq məmləkətdən dərbədər, Tanrım.
Bitib-tükənməzmi, haqdan gəlirsə? –
Bitirdi bizləri bu kədər, Tanrım!
Odlara qalansın, sularda axsın
Bu tale, bu qismət, bu qədər, Tanrım!
***
Yenə gəldi bir payız,
Yenə qocaldıq az-çox.
Bilməm deyim, deməyim;
Bu ürək yenə yalqız,–
Səndən də bir xəbər yox.
Boşaldı bağ-bağatlar,
Zaman uçur, – sanki ox.
Dünya qəfəs kimidir...
Bülbülün bağrı çatlar, –
Səndən də ki, xəbər yox.
Nələr deyir bu yağış;
Tut ucundan göyə çıx.
Hər tərəfdə sənsizlik...
Qəlbə məlhəm bir baxış,–
Səndənsə bir xəbər yox.
Göydə qara buludlar,
Yerin gözü, könlü tox.
Ruhum yalquzaq kimi...
Çox keçməz ki, yağar qar,–
Səndən də bir xəbər yox.
Durnalar ötdü küsgün;
Ərdəbildən, Ərbildən
Yenə xəbər-ətər yox...
Ax, ürəkdə bu nisgil, –
Səndən də ki, xəbər yox.
Ha çağırım, ha çalım;
O əzəlki təpər yox.
Heç bilmədim xoşbəxtsən,
Yoxsa...başı bəlalım?..
Ömür keçdi, a zalım,
Səndən də bir xəbər yox.
Tural Adışirinin təqdimatında