manera.az
manera.az

Ağlına gəlməz ki, könlümə düşdün - Tofiq Nurəlinin şeirləri

Ağlına gəlməz ki, könlümə düşdün - Tofiq Nurəlinin şeirləri
Tofiq NURƏLİ - 70

***
Parla, ey axşamın mavi ulduzu.
Parla mavi donlu mehriban pəri.
Mavi arzularla çırpınır ürək
Köksümün altında illərdən bəri.

Axtaraq axşamın bu qərib çağı,
Nələr itirmişik ömrün yazında.
Sən uca göylərdə təksən, tənhasan,
Mən də ki qapının astanasında.

...Nahaq tanış olduq, axşam ulduzu,
Demə narın-narın parlayacaqsan...
Mən sənə xatirə danışacağam,
Sən də sübhə kimi ağlayacaqsan.

Parla, ey axşamın mavi ulduzu.
Parla mavi donlu, mehriban mələk...
Köksümün altında illərdən bəri.
Mavi arzularla çırpınır ürək...
1982


***
Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm, tənhayam.
Ağlına gəlməz ki, könlümə düşdün,
Çox şeylər ağlına gəlməz bu gecə,
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz...

Ağlına gəlməz ki, şəklinə baxdım,
Baxdım və şəklini öpmək istədim,
Ağlına gəlməz ki, körpən qoymadı –
bətnindəki körpən!
Ağlına gəlməz ki, olub keçənlər
məhəbbət olmayıb,
bir oyun olub,
Bəlkə nağıl olub –
söylərsən bir vaxt
oğluna,
qızına,
nə bilim kimə...
İncimə,
sən Allah, məndən incimə
o, şirin nağılın sonu kədərmiş,
eh, sənin taleyin qəza-qədərmiş...
Mənimdə taleyim elədir, vallah!

Ağlına gəlməz ki, qardı Qonaqkənd,
Ağlına gəlməz ki, təkəm...
tək niyə?!
– Mən varam –
dünya var bu boş otaqda...
Ağlına gəlməz ki, gecə yarıdır,
Və şeir yazıram mən sənin haqda...
Ağlına gəlməz ki,
gəlməz ki, gəlməz,
Çox şeylər ağlına gəlməz bu gecə!..


***
Heç kəs gözləriylə görməyib yəqin,
Ölən sevgilərin başdaşlarını.
Ey dostum, əlvida, əlvida daha,
Qoru gözlərini, göz yaşlarını.

Bilmirəm nə qədər sevirsən məni,
Bilmirəm gözündə qarayam, ağam.
Onu bilirəm ki,
təəssüf, ancaq
Mən səni tezliklə unudacağam.

Budur, qatiliyəm sənin eşqinnin,
Düşmən qarşısında mərdlər baş əyməz.
Qoru gözlərini, göz yaşlarını,
Mənim kimisinə ağlamaq dəyməz.

Ürəyim deyir ki, ayrılaq gərək,
Gözləmə, gəlmərəm yazla, yağışla.
Mən sənə heç nəyi vədə vermirəm,
Bağışla, bağışla, məni bağışla.

...Ey dostum, əlvida, əlvida daha,
Qoru gözlərini,göz yaşlarını.
Heç kəs gözləriylə görməyib yəqin,
Ölən sevgilərin baş daşlarını...


***
Ağla, gözlərinə qurban olum mən..,
Çoxdan arzuladım mən bu yağışı...
Dünyanın ən təmiz bulağı gözdür,
Dünyanın ən təmiz suyu - göz yaşı...

Budur, qayıtmışam, səninəm yenə,
O dərdi, kədəri yu ürəyindən.
Yaman darıxmışam yağışlar üçün,
Ağla, gözlərinə qurban olum mən.

Əgər yaş görünsə insan gözündə,
deməli, o anda təmizdir ürək.
Mən də ağlayıram öz taleyimçin,
Göz yaşı təmizlik gətirir demək...

Ağla, gözlərinə qurban olum mən,
Sevdim bu dünyanın yağışlarını.
Ağlayan gözləri çox sevirəm mən,
Bir də ki, sevirəm göz yaşlarını

HEYİF

Daha istəmirəm dönə o günlər,
Ürək odlana da, qəlb isinə də.
Yaxşısı bir yana, nə deyim gülüm,
Heyif, o günlərin ən pisinə də.

Heyif, o günlərə, səni sevmişəm,
Heyif, aldanmışam mən də həyatda,
Heyif, unutmuşam ən düz ağacın,
Əyri kökləri var torpağın altda.

Səadət bilirdim onda hər şeyi,
Dünya – gözlərimdə oyun-oyuncaq.
Heyif, gec duymuşam, gec ayılmışam,
Sevgi də səadət deyilmiş ancaq.

Ürəyi aldatmaq, gözü bağlamaq,
Heç demə, sevgidə bir adət imiş.
Heyif, o günlərə, indi bilmişəm,
Məhəbbət yalançı səadət imiş.

Daha istəmirəm dönə o günlər,
Dönən səadətdən qəlb isinə də.
Yaxşısı bir yana, nə deyim, gülüm,
Heyif, o günlərin ən pisinə də.

GƏLMƏYƏCƏKSƏN

Tələsə-tələsə mən bu şəhərdə,
Səni gəzəcəyəm axaşam, səhər də,
Tənha qalacağam bu küçələrdə,
Gəlməyəcəksən...

Bu sevda – daşlara çırpılan şüşə,
Çiliyi qəlbimdə qalıb həmişə
Salacaq qəlbimi qərib təşvişə,
Gəlməyəcəksən...

Ümidim yollarda göz olacaqdır,
İllərdə üstündə iz olacaqdır,
Subay dostlarım da azalacaqdır,
Gəlməyəcəksən...

Bilirəm, bir yolluq getmisən daha,
Demə bu ağrıya dözməyəcəyəm...
Özüm bilə-bilə gözləyəcəyəm,
Gəlməyəcəksən....

NİŞAN ÜZÜYÜ

Gözlə ən uğursuz təsadüfü də,
Sənə yalvarıram, gözlə, görməyim...
Rastlaşsaq, dağılsın bu yer kürəsi.
Nişan üzüyünü gizlə görməyim.

Rəqibin qələbə bayrağıdır o,
Mənliyim, vüqarım basılıb orda.
Üzükdə sıxılan barmağın deyil,
Mənim səadətim asılıb orda.

Ey ürək – ey dünya, mən niyə yandım?!
Bir üzük səni də bölə bilərmiş...
Bölündün, özümə baxıb inandım,
İnsan diri-diri ölə bilərmiş.

Qızlara baxıram, subay qızlara,
Hərənin başında bir qan yaşayır.
Kimin barmağında üzük görürəm,
Deyirəm hardasa hicran yaşayır.

Gözlə ən uğursuz təsadüfü də,
Sənə yalvarıram, gözlə, görməyim.
Ratlaşsaq, dağılsın bu yer kürəsi,
Nişan üzüyünü gizlə, görməyim!
1979

AY QARA TELLI

Yüyürdüm-yüyürdüm, təntidim bir az,
Yollar uzağıydı, ləngidim bir az.
Küləklər sinəmi döyür səhərdən,
Mən qaçıb gəlmişəm uzaq şəhərdən,
Bu mənəm gəlmişəm, ay qara telli.

Mən burdan ayrılıb gedəndən bəri,
Yaman uzun olub yollar-yoxuşlar,
Yaman tez-tez yağır qarlar-yağışlar.
Mən qara-yağışa batıb gəlmişəm,
Dərsi-institutu atıb gəlmişəm,
Bu mənəm gəlmişəm, ay qara telli.

Bağla pəncərəni, qapını bağla,
Dönükəm, burdan da dönüm gedim mən.
Bir də alışmaqçın sönüb gedim mən,
İtim o şəhərin gurhagurunda,
Yanmaqçün kiminsə eşqi yolunda,
Bu mənəm gedirəm, ay qara telli.

Dünyaya təzədən doğulmuşam mən,
Bir zaman ölmüşdüm, ay qara telli.
Gəlin paltarında səni son kərə
Görməyə gəlmişdim, ay qara telli.
Ölməyə gəlmişdim, ay qara telli.
Görməmiş gedirəm, ay qara telli,
Ölməmiş gedirəm, ay qara telli.
Bu mənəm gedirəm, ay qara telli.
1977

DESİN

Bir də qayıtmasın o günlər ta ki,
Qəlbimdə sevdalar çağlaya yenə.
Gözümdə o qədər alçalmısan ki,
Daha nifrətim də hayıfdı sənə.

İndi siz tərəfə düşsə güzarım,
Düşünmə mən səni anıb gəlmişəm,
Ötən günlərimə düşüb yollarım,
İtən günlərimə yanıb gəlmişəm.

Rastlaşsaq ləngimə, dayanma, tez keç,
Nə bir qıyğacı bax, nə də ki dillən.
Sən məni bir daha xatırlama heç,
Odam, xatirəni yandıra billəm.

Sənli xatirələr ölsün deyirəm,
Hərdən bir ox kimi bağrımı dəlir.
O qədər yormuşam bu yolları ki, -
İndi yollara da yazığım gəlir.

Daha istəmirəm dillənim ürək,
Bir də bu odlara alış-yan desin
Sevilən kim idi, sevən kim idi,
Qoy bizi həyatda tanıyan desin.

ANAMA MƏKTUB

Mən bir az soyuğam deyir dost-tanış,
Soyuqluq həmişə mənə bir yükdür.
Sən niyə susursan, mənə nankor de,
Günahım böyükdür, yaman böyükdür...

Yaxşı işi vardı, hörməti vardı,
Bilmirsən nə deyib fağır uşağa.
Ağıl-kamalını alıb başından
Aparıb getdilər səndən uzağa.

Coxdandır səninlə görüşməmişəm,
Gün-gündən çoxalır, artır günahlar...
Yanına gələndə döyərsən məni
Məndə şillə yeri, oxlov yeri var.

Bilirəm, çox tez-tez xəstələnirsən,
Az kömək eləyir bu dava-dərman.
...Şeytan yuvasıymış başdan-ayağa
Bu dünya, bu dünya-köhnə dəyirman...
1983

KƏNDDƏN AYRILANDA

Vəfasız bilməsin dostlarım məni,
Mən nankor deyiləm, ey od, ey ocaq...
Bu doğma yerlərdə qəribsədim mən –
Kədərlə, qüssəylə yetişdi o çağ.

Bir ağız oxumaq istədim pəsdən,
İstədi könlümdə bir nəğmə dinə...
Bağların küncündə acı tüstülü
Xəzan tonqalları alışdı yenə.

...Qaldı qoca atam, xəstəhal anam,
Qarşıdan ilahi yazısı gəlir.
Mən çıxıb gedirəm, ötürmür heç kim-
Dalımca qonşunun tazısı gəlir.
1985

“Yağışdan sonra” kitabından
(Bakı, Yazıçı nəş. 1989)


Tural Adışirinin təqdimatında






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI