Sənə çatan.. - Hekayə | MANERA.AZ

– Xırdan olmaaz? – beşmərtəbəli binanın qabağında dayanmış üst-başı kirli, ocaq iyi qoxuyan kişi mənə müraciət edir.
– Olmalıdır... – tez sağ əlimi cibimə aparıram.
Osa əllərini idman gödəkçəsinin cibində gizlədərək hansısa səksəkəli ümidlə yana boylanır.
– Bura bax, bəlkə gedək pivə içək, hə? – birbaşa təklifə keçirəm.
Qoca adam qaşlarını qaldırıb, inamsız baxışlarla məni süzür:
– Nə danışırsan?.. Məni ələ salırsan?.. – O, qəzəbsiz, inciksiz desə də, sanki bir az özündə deyil.
– Yox, əsla! Mən ciddi deyirəm! Sadəcə olaraq içməyə həvəsim var... Sən istəmirsənmi?
– Niyə ki, əlbəttə, içərəm. Lap elə burda, – qoca inamsızlıqla yerə baxır.
– Tindəki pivəxanaya gedək. Məndə pul var, qonaq edirəm, – bir büküm sarı beşliyi cibimdən çıxardıram. – Həə, gedək!
– Neynək, alicənab insan, sənin təklifindən imtina etmək günahdır.
Biz yaxınlıqdakı pivəxanaya daxil olub, hərəmizə bir dolu bokal götürərək boş stolların birinin arxasına keçirik. Qoca hələ də bic-bic gülümsəyib, düz gözlərimin içinə baxır.
– Hə-ə, içək! – O, həvəslə irişib, bokalı qaldırır.
– İçirik, – mən “Winston” qutusunu çıxarıb stolun üstünə qoyuram. – Meylin varsa, çəkinmə...
– Mənim öz çəkdiyim var, alın yazım, taleyim olsa da, tərgitməyə can atıram, – qoca pırtlaşıq tüklü başını bulayıb, əli ilə saqqalındakı, bığındakı köpüyü silir. “Piramida”dan bir papiros çıxarıb bürmələyir.
– Mənə bax, – deyirəm, – heç nədən səni içməyə çağırdığımı özünə dərd eləmə ha. Bəzən adamın ürəyindən keçir ki, təsadüfi birilə qarşılaşasan, onunla normal ünsiyyətdə olasan. Bütün tanışlar iş-gücdədir, həm də onlarla söz-söhbətin çürüyü çıxıb, soyulub sanki, danışmağa bir şey qalmayıb. Get-gedə bir-birindən soruşmağa azar-bezar da tükənib. Özlərinin də arvadları, uşaqları, məişəti, karyerası... Anladın da...
– Bə nədi, birinci kərə deyil ki. Sənin iş-gücün varmı? Buralara təsadüfən çıxırsan?..
– Şükür Allaha, işləyirəm. İndi məzuniyyətdəyəm. Bizdə əksəriyyət yayda çıxır, mənsə payızda götürürəm.
– Neyçün belə?
– Ofis işindən dincəlmək üçün. Harasa babat istirahətə getməyə, doğrusu imkanım olmur. Belədə hərdən bir neçə günlüyə dağa qalxıram, ova gedirəm, ilboyu aldığım kitabları oxuyuram. Evdə bekar qalanda boğuluram.
– Sən də qəribə adamsan, – qoca cəsarətlənir. – Nəyin mümkün ola biləcəyini düşünürsənsə, həyat sənə ancaq onu verə bilər. Dincəlməyi sevmirsən... Mən uşaqlıqda məşhur pioner düşərgəsi “Artek”də olmuşam. Ayı dağı, yaxınlıqdan axan eyniadlı çay indiyəcən yuxuma girir, üstündən qırx ildən çox vaxt keçir.
– Yox əşşi! Nə danışırsan, elə bildim yaşın yetmişi haxlayıb...
– Yaxşı görüm sən də... Yaxınlarda qoşa beşi yola saldım. Deyəsən yaxşı qalmamışam, – güləndə saralmış çürük dişləri görünür, üzünün qırışlarını kirli əllərilə ovuşdurur.
– Həyat sığal çəkib yəni?
– Bə nədi! Lazım gəlsə, sənə də sığal çəkəcək, andıra qalmış belədi.
– Bura bax, bilirsən nəyə diqqət etmişəm. Mənim müxtəlif tanışlarım ki var, çoxunun vəziyyəti yaxşıdı. Vaysınmaq, qeybət qırmaq günahdır axı!
Pullu işləri, köhnə-küləş yox ha, mənzilləri inomarkaları ilə, ancaq daima nəsə məhzunludurlar. Sanki, həyatdan usanıblar, məyusdular, guya heç nə lazımları deyil daha. Hər şey gözlərindən oxunur. Hə-ə, gözlərindən. Şüşə kimidilər... Səni gördüm, kefim açıldı. Durubsan, qəpik-quruş umursan, mövsümə uyğun da geyinməyibsən heç, ancaq canlısan eyy. Onlardan da dirisən. Şən olmasan da, qaraqabaq da deyilsən. Gözlərin gülür.
O, diqqətlə qulaq kəsilib, növbəti papirosu çıxarır:
– Aydındır. Bilirsən niyə belədir? Qoy izah edim... İnsan toxdusa, hər şeyi olanda belə, bunu özünə az bilər. Hərçənd ki bilməməlidir. Mənimsə... demirəm heç nəyim yoxdu, amma lütüş də deyiləm. Mən məhzunluğu özümə rəva görmürəm, istəmirəm də bilim. Özümə qapanmağa başlasam, məyus olsam, axşamacan yanımı hansısa hasarın dibinə basıb ötüb-keçənlərdən nəsə umacam... Bir də, haçan ki, toxsan, səfeh şeylər başını qatacaq. Piyli baş tez dolur, tez də cinlənir. Ancaq bütün bunlar hamısı bizim özümüzdən asılıdır!
Bir qurtuma qalan pivəni uddu.
– Ehh... hər şeyin səbəbi özümüzük. Ən başlıcası, müdriklər necə yazıblar, bizim həyatımız önəmli deyil, əsas onu necə dərk etməyimizdir. Anladın?
– Anladım, anladım, – mən pəncərəyə baxaraq cavab verirəm.
– Axı, başa düş, inomarkalardan da, necə sən deyirdin, evlərdən də, istirahət yerlərindən də, qiymətli əntiq-zinət şeylərindən də aldığın həzz, dan yerinin, yarpaqlardakı şehin şüaları əks etdirməyini gördükdə keçirdiyin ləzzətlə müqayisə edilməzdir. Yaxud, südəmər körpə düz gözlərinin içinə baxır, sadəlövhcəsinə, heç bir səbəbsiz sənə gülümsünür... Əsas olanı gəlib sənə çatanlardı. Onları necə ayırırsan, hansılarını birinci dərəcəli, hansılarını ikinci sayırsan, bu başqa məsələdi.
– Sənin maraqlı fikirlərin var... Bəlkə adama birini də içək?
– İçək, əlbəttə, bütün bunları mən fikirləşməmişəm, özün də qəşəng bilirsən. Düzünü söyləməyə nə var, ancaq yerinə yetirmək...
– Bu ayrı şeydi.
– Elədi, çətindi. Basıb-bağlamağa ustayıq, həm də qlobus boyda bir yerdə, amma işə çatanda... İnsan ruhdan düşməməlidir. Bir dəfə fikirləşdim ki, əgər adam yaranmış vəziyyətdən çıxmasa, ya da çıxmağa cəhd etməsə, nə olar görən?! Ümidsizlik, ruhdan düşmə–tədricən özünü öldürməkdi. Mənəvi intihardı, özünəqəsddi... Nəsə sol fəlsəfi mövzuya keçdik deyəsən.
– Yaxşı elədik, sən əla xırdalayırsan... – mən onu sakitləşdirirəm.
– Baxma ki, guya mən küçədə durub dilənirəm, özüm də imam deyiləm axı, həm sındırılmışam, həm də içki aludəçisiyəm... Fəhmən hiss edirəm, sanki çıxış yolu görünür, amma iş sarıdan hələ çətindir.
– Necə ki?
– Əmək kitabçama ziyanlı şeylər yazıblar. Məhkumluğum var, sir-sifətim içkili təsir bağışlayır–daima qızarıb-şişibdi guya. Ocaq iyi qoxuyuram, bilmirəm necə olacaq.
– Əmək kitabçanı düzəltmək olar.
– Mən fırıldağa əl atmaq istəmirəm, qoy cəhənnəm olsunlar. Burda bir yerdə dayanıram hərdən. Mənim yaxşı musiqi təhsilim var, axı...
– Ay sənin! Rəmiş olarsan, xəbərimiz yox...
– Bilmirəm, ancaq çalanda normal pul atırlar. İstəyirlər çalım, əlbəttə, ödəməlidilər. Ocaq-pir adamsız olmur, necə deyərlər. Alətimdə xırda-para əyər-əskiklik vardı, təmirə vermişəm, o səbəbdən nə olsa, ona qailəm.
– Hamıda olur belə hallar...
– Görürsən ki, ruhdan düşməmişəm. Sənin özündə ümidsizlik olmur bəyəm?
– Belə də, düzü qabaqlar daima olurdu, indi gahda-güzarda. Elə ki, qüssəli oluram, çalışıram onu özümdən kənarlaşdırım. Bügünkütək...
– Allah eləsin!.. Hava qaralır.
– Tələsirsən ki?
– Yox, pivə qurtardı.
– Yenə içirsən, ya bəsdir?
– Əgər içsən, içərəm,– nagüman-nagüman cavab verir.
– İçək, içək, nəsə lap zəifdi. Təsiri yoxdu sanki.
– Su qatırlar yəqin.
– Aha, yəqin qatırlar, həşəratlar. – İki dənə də təkrar edin, – ofisianta qışqırıram. Qonşu stoldakı bulaşıq qabları siniyə yığan oğlanın qəmgin üzü bir anlığa əyilsə də, uzaqlaşır. Belə yerdə işləyənlərin hamısı eynidir, təbəssümləri də elə bil pulladır.
– Bilirsən,– tanışım fikirli halda dillənir: – Mən artıq on ildir ki, öz uşaqlarımı görmürəm.
– Kədərli durumdasan...
– Anaları qoymadı, sonra da böyüdükcə yadlaşdılar. Məni itirib axtarmadılar. Görünür, pis ata olmuşam.
– Baş verənlər elə-belə ötüb keçən hadisə deyil.
– Qabaqlar çətindi, sonra öyrəşdim. Sənin ailən, uşaqların var?
– Hələlik yoxdu. Belə getsə, olacağına da inanmıram.
– Bilirsənmi, mənim atam da, – dodaqlarından çıxan dairəvi tüstünü tavana üfürür, – qəliz adam idi. Mən özüm də uşaq olanda, ağlım kəsib böyüdükcə, fikirləşirdim ki, heç vaxt onuntək olmayacağam. Amma yox! Zaman gəldi, özüm də ata oldum, əvvəl-əvvəl maraqlıydı, şadyanalıq, ora-bura... Sonra hər şey itdi sanki... Geriyə baxanda gördüm ki, yaxşı cəhənnəm, pisdən də qaça bilmədim. Həyatda dəyərli olan hər şey onunla bağlı olan mənfi təcrübəyə qalib gələrək qazanılır. Mənfidən qaçmaq, ondan canını qurtarmaq üçün çalışmaq, onu birdəfəlik rədd etmək, onu daha da gücləndirməyə xidmət edir. Necə ki əzabdan qaçmağa çalışmaq, elə əzab çəkməyin başqa forması olduğu kimi... Geridə buraxdığımız hər şey kül olmuş, demək, atəş özümüz imişik. Nəsə, məndə belə alındı.
Sənsə... ailəyə elə-belə yanaşma. Haçan hər şey yerindədi, hərçənd ki, bu da çox nadir hallarda olur, ailə adama çox şey verir. Bax gör, hamı necə yaşayır.
– Çox əclaf mənzərədi...
– Ancaq sən heç dərdə batma. Öz qəlbinlə, ağlınla, sevincinlə, kədərinlə yaşa. Özünə cavabdeh ol. Vicdanla yaşamağa çalış. Əgər belə yaşaya bilsən, özündə harmoniya saxlaya biləcəksən.
– Bəzən rahatlıqdan pis oluram...
– Yox, bu dinclik deyil, yeknəsəqliqdi. Halbuki, şair də deyir ki, həyatda xoşbəxtlik yoxdu, dinclik və azadlıq var... – o, zorla qımışır.
– Demədin axı, harda yaşayırsan?
– Zirzəmidə. İkinin üçə bir yerdə.
– Darısqal deyil?
– Tək adama–yox. Özüm öz iyimi uduram... Qaranlıqda qalmaq istəyən birinə işıq təhlükəlidir.
– Yaxşı, yaxşı,– qalan pivəni başıma çəkirəm, – gecdir, gedək.
– Mən əmrə müntəzirəm! – o da son damlaları sümürüb sevincək sol əlini
sinəsinə vurub dikəlir: – Çox istəyərdim arada görünəsən. Qonaqlıqçün sağ ol.
Tanışlığa görə məxsusi təşəkkürlər!
– Oldu, dəyməz, – mızıldanıram.
Biz bir-birimizin əlini sıxıb, toranlıqda əks istiqamətlərə üz tuturuq.
Aliq Nağıoğlu