manera.az
manera.az

...Hərə Ölümündən dirilir bir az – Şeirlər | MANERA.AZ

...Hərə Ölümündən dirilir bir az – Şeirlər | MANERA.AZ
MANERA.AZ şair Səfər Rzasoylunun şeirlərini təqdim edir:

SƏBİR

Mənim ürəyimə nə olub axı,
Keçibdi, köçübdü kürək tərəfə?
Arxadan qəfildən sözlər saplanır,
sözlər... kürəyimə – ürək tərəfə.

Tənhalıq hasarı hörülür yenə –
Göydən nə gün enir sınaq yerinə?!
Uçmaq istəyirəm, ancaq çiynimə
Bir cüt qol taxılıb qanad yerinə.

Getmək istəyirəm, zorla sürüyüb
Bu qəfəs dünyadan ayaqlarımı.
…Amma yox, Kimsə var işıqla yuyur,
Payızla sarıyır yaralarımı.

GECƏYARI YAĞAN QAR

Qar yağır yana-yana, ürəkdən…
Göylər qar qucağıyla qucaqlayır,
Bəyaz yorğanıyla örtür
Uşaq kimi yorğun düşən,
Üşüyən torpağı.

Qar yağır –
On altı yaşın eşq pəncərəsindəki
Qadını kimi,
qaranlığı soyunur gecə…

Qar yağır qırx il öncə
Hər dalana, hər tinə,
Kəndimizin yollarına, evimizin damına
və anamın gözlərində əriyir.
Qar yağır
Anamın “evimiz damacaq!” qorxusuna…

Qar yağır – ərik ağacı
Yazda açacağı çiçəklərini görür
bahara hamilə yuxusunda…

Qar yağır neçə il sonraya,
Mənsiz qalan dünyaya.
O qar dənizində
Sonsuzluğa uğramış dənizçi kimi,
Diksinir başdaşım
Tanımır,
tanımır yaxını, uzağı…

Qar yağır ürəkdən, yana-yana
Öz başına dolana-dolana…
Sabah uşaqlar sevinəcək
Qar baharına, qar qonağına…

Qar yağır… bu qar dənizində
Çöllər adam dizindən,
Çöllər ağac dizindən…

BAŞDAŞINDAKI ŞƏKLİN ADI: YOXLUQ

(Əziz dostum Əhməd Oğuzun unudulmaz xatirəsinə)

I

Baxırsan…
gülsən də, nisgilin dərin
Baxışın dünyadan üzün çevirib.
İsa nəfəsidir şəkildə sirrin –
şəklin ölümünə dirilik verib.

Mən ağac yanına, adam yanına
indi Yoxluğunla birgə gedirəm.
Kim var ki, kimsəsiz küçədi dünya,
daha Yoxluğunla dostluq edirəm.

Yağış altında da, toyda, yasda da,
sənin yoxluğuna yer tapıram mən.
Hələ çox körpədir, Yoxluğun, onu
yanımda anatək aparıram mən…
Bura Ay yeridir, Günəş yeridir,
Kiməm ki? Qonağam, yoxam bir azdan.
Nə yağış, nə külək, nə bir hənirti…
Yoxluğundu keçən ta aramızdan.

…Başım əsim-əsim səslərlə dolu,
Yoxsa damarımdan küləklər axır?!
Min ilin ən gözəl rəsmidir Şəklin –
sirrindən Bu dünya, O dünya baxır!!

II

Ah-ah səni səsləyirəm,
Başıma küllər tökmüsən.
Tüstü-tüstü duam yetməz –
Göyün qapısın tikmisən.

Getməyin varı yox edir,
Durub-durub nə ölmüsən?!
İpək-ipək günlərimi
Şüşə-şüşə sən bölmüsən.

Gecəm tabut, günüm kəfən –
Gedib mənə nə almısan?!
Bu dünyanı ac qurd kimi
niyə arxamca salmısan?!

III

Ağaclar bayquş yarpaqlayır,
matəm küləyini oxuyur
yarpaq-yarpaq qarğalar…
Soyunsam bədənimi əynimdən,
ah, görən, çəkilərmi ağrılar?

Bura ümidsiz limanmış, Əhməd,
nahaqdan, nahaqdan bir yarı səs,
bir yarı pıçıltı gözləyirəm
O dünyadan…

Kimsə od vurub Zamana –
qaçır tövşüyə-tövşüyə,
təntiyə-təntiyə,
son mənzilə çatmış tabut kimi
az qala Zaman dayana.

Ayrılıq allahsız dinmiş, din…
Ayaq saxlayın –
kimsə şəklini (bəlkə şəklimizi?) çəksin
O dünyadan mənimlə
çiyin-çiyinə, kürək-kürəyə dayanmış
ƏHMƏDİN!!!

ŞƏHİD

Onsuz da yaralı doğulur adam,
Elə öz içinə tökülür qanı.
Bu bədən sarğıymış – örtür, bağlayır
Səninlə doğulan yaşıd yaranı...

İndi simurq quşu – güllələr qonar,
Qonar ya köksünə, ya kürəyinə.
Torpaq inildəyər – qəbirlər doğar,
İşıq qəbirləri igidlərinə!

İndi bir şəhidlik oyanar bu yurd –
İndi bir şəhidlik isinər Vətən!
Ağrıkəsən imiş şəhid canları –
Daha ağrıların kəsilər, Vətən!

...Hərə Ölümündən dirilir bir az –
Yəni axan qanın yerdə qalmayır.
Hərə Ölümündən götürür bir az –
Sənə ölümündən heç nə qalmayır!

QISQANCLIQ

İşığı qaralır o pəncərənin…
Pərdəsi qıvrılır o pəncərənin…
Şüşəsi qırılır o pəncərənin –
Hər gecə içində sınıq qəlbimin.

Şüşəsi qırılır – pəncərəsindən,
Bir dünya qaranlıq düşür küçəyə.
Qarışır gecəyə, daşır gecəyə
Qarı iblis kimi, iblis qarıtək –
Gəzdiyim yerləri arxamca gəzir…

Beyindən qəlbimə axan ağrılar
Pıçıltı-pıçıltı dolur ürəyə:
“Kiminsə əlləri ölür telində…”
“Kiminsə dodağı əlini gəzir…”
O zülmət qaranlıq bir ipdi sanki –
Boyuma ölçülüb ölümü gəzir.

Şüşəsi qırılır o pəncərənin –
Daha nə düşünüm, daha nə deyim?!
Özün köməyim ol, Tanrım, bu nədir?
Şüşə içindəymiş mənim ürəyim.

SƏNSİZLİK

getmisən, dönmüşəm sənin külünə...
yoxsan, qəribədir, vaxt dayanmayıb…
sənin ölümüntək dünyada heç nə
məni o dünyaya inandırmayıb.

sən axı ölmüsən, yadımdan çıxır…
necə çağırsam da, dönməzsən daha.
bütün gedənlərtək sən də vəfasız –
o dünya varmı, de?
dinməzsən daha.

qapını döyərsən, bir kimsə açmaz.
axı barmaqların səs eləməyir.
ən doğma adamı çağırsan, baxmaz –
səsin çağırmağa bəs eləməyir…

bəlkə, yarı yoldan qaçıb gəlmisən…
bəlkə, axtarırsan yenə özünü.
sən axı ölmüsən, yadından çıxır
bir də kim qaytarar sənə özünü…

kim bilir, bəlkə də, ölən Sən ilə
dirilən o Sənin arasındasan.
çatıb o dünyaya diriləcəksən –
hələ ki bu yolun yarısındasan.

sənsizlik... yaşamaq tənbəllik imiş,
ruhun tənbəlliyi bu can içində.
sənsizlik – yaralı bir quş diliymiş –
kiriməz... inləyər bu can içində.

...bir canım min tikə, min para olub,
bu əlim-ayağım, dilim-dodağım
hərəsi bir cürə ölümlə ölüb –
bir adam da duymur, bir kimsə görmür.
mənim ölümümə axı nə olub? –
məscid üz çevirir, kilsə götürmür.

getmisən, dönmüşəm sənin külünə…
yoxsan, qəribədir, vaxt dayanmayıb.
sənin ölümüntək dünyada heç nə
məni o dünyaya inandırmayıb.

PAYIZ… SƏN… PAYIZ…

Ağaclar yandırır yarpaqlarını –
Baharın vəfasız məktublarıtək.
Çinarlar oxunmur –
varaqlarını
İtirmiş min ilin kitablarıtək…
Əsir, o şəhərdən küləklər əsir…

Payızlar üstünə dağılır saçın,
Küləklər içindən sən çağırırsan.
Mən hansı ağacın yanına qaçım,
Hər ağac altında sən ağlayırsan…

Əsir o şəhərdən küləklər əsir….
Yağışı, yarpağı, buludlarıyla,
Öz ögey, öz doğma adamlarıyla.
Tanrım, bəlkə, onun addımlarıyla
Əsir, o şəhərdən Küçələr əsir,
Pəncərəm gözümə inanmasa da…

Bəlkə də, bu külək Səs yağışıdı,
Geyinir bu şəhər Səs yağışında.
Geyinir əyninə
O uzaq şəhərin küçələrini,
Tini, döngəsini, gecələrini,
Evi, pəncərəsi, işıqlarını,
Küləyi, buludu, yağışlarını –
Sənin şəhərinə dönür bu şəhər,
Əsir, o şəhərdən Gecələr əsir…

Əsir bu şəhərə durna səsləri,
Tökülən yarpağı öz teli bilir.
Ağaclar utanır çılpaqlığından –
Düşən axşamları təsəlli bilir…

Əsir o şəhərdən küçələr, məni
Bəlkə, Tanrıdan çox sən saxlayırsan.
Mən hansı ağacın yanına qaçım?
Hər ağac altında sən ağlayırsan...

Əsir, o şəhərdən küçələr əsir…
Əsir, o şəhərdən gecələr əsir…
Əsir, o şəhərdən Kölgələr əsir…

YAĞIŞ, SƏN... YAĞIŞ

Yağışsa hey yağır, yağır doymadan,
Çırpır dörd bir yana səs əllərini.
Üfüqdən, qürubdan, torpaqdan, otdan
Silir Tanrının da əl izlərini.

Yerləri, göyləri alıb əlinə,
Haçana, haraya yağır bu yağış?
Azıb zamanını, bu gün yerinə
Dünənə – geriyə yağır bu yağış.

...Bu yağış altında nəfəs dərmədən
Qaçmaq istəyirəm ta, son sirrəcən.
Bu yağış içində islanıram mən
Birinci – sonuncu xatirəyəcən.

Geriyə, geriyə yağır bu yağış;
Bütün görüşləri, ayrılıqları,
Bütün küfrləri, bütün dinləri,
Bütün xanımların sirr baxışını,
Yerişi, gülüşü, yalvarışını
Silir, unutdurur, pozur bu yağış.

Bir sənə, bir sənə yaxın düşəmmir,
Tək sənə, tək sənə toxuna bilmir.
Sənin barmaqların, sənin əllərin
Tək sənin tellərin qupquru qalır.

Tək sənin tellərin qalır qupquru –
Qurutmaq istəyir əsib yolumu.
Bu dünya qarşımda tərs kimi durub,
Sən keçən tərəfə kəsib yolumu.

Yağışsa hey yağır, yağır doymadan,
Hürküdür dünyanın dənizlərini.
Üfüqdən, qürubdan, torpaqdan, otdan
Silir Tanrının da əl izlərini.

SUFİ

Görüşək harda, haçan,
Sirrin hansı vaxtında?
Gözləyirəm, durmuşam
Mən qürubun altında.

Mən üfüq tərəfində –
Həsrətin o başında.
Yolu azsan, yerimi
Soruş qumru quşundan.

Əlimiz görüşməsin,
Toxunmasın bu eşqə.
Uça-uça qaçıb gəl
Mən gəlməyən görüşə.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031