manera.az
manera.az

“Tarqovı”nın səs-küyünə musiqi qatan cütlük... - Reportaj

“Tarqovı”nın səs-küyünə musiqi qatan cütlük... - Reportaj
Küçə musiqisi bir sənətçinin öz istedadını, talantını və performansını göstərmək üçün kütləyə hesablanan çıxışın ən sadə üsuludur.

Milliliyi, professionallığı özündə ehtiva edən küçə musiqisi və sənətçisi ölkəyə turist axınını da gücləndirə bilər. Dünyanın bir çox ölkələrində belədir. Belə ölkələrdə yerli əhalinin küçə musiqiçilərinə göstərdiyi münasibət, əsl musiqiçiyə, əsl sənətə və sənətkara göstərilən münasibət və verilən dəyərdir. Hətta belə bir yanaşma da var ki, əgər ifaçı sənətdən xəbərsiz şəkildə alətdən istifadə, mahnı ifa edirsə, insanlar onun qabını boş qoyur. Əhalinin, məhz bu obyektiv yanaşması, mövqeyi professional küçə musiqiçilərinin formalaşmasında mühüm rol oynayır.

Haqqında danışdığımız musiqinin yaranma və yayılması da olduqca maraqlıdır. Gəlin qısa şəkildə küçə musiqisinin tarixinə nəzər salaq.

Küçədən məşhurluğa gedən yol

Küçə musiqisinin ilk nümayəndələri Hindistandan dünyaya yayılan qaraçılar olublar. Bunu qaraçıların həyatından bəhs edən filmlərdə də görmək mümkündür.

XIX əsrdən başlayaraq isə Amerikada küçə musiqiçiliyi bir sənət kimi formalaşmağa başlayır və dəb halını alır. Böyük əksəriyyəti orqan musiqi alətində ifa edən bu musiqiçilər, məşğul olduqları sənətlə birgə həmin aləti də tanıdıb sevdirməyi bacardılar. Təsadüfi deyil ki, Amerikanın küçələrinə ayaq açan musiqi, dünyaya Vudi Qatri və Joan Baezi kimi sənətkarlar da qazandırdı. Bundan sonra daha da ciddi yanaşılan, gənc musiqiçilərin özlərini tanıtmaq, ifalarını sevdirmək və tədricən peşəkarlaşması üçün “tramplin” rolunu oynayan küçə musiqisi ilə sonralar bir sıra mükafatlar qazanmış, milyonlarla fanat ordusuna sahib Edit Piaf, Bob Dlan, Carlos Santana, Joni Mitchell də məşğul olublar. Onlar zəngin dünya musiqi sənətinə, belə demək mümkünsə, küçədən gəliblər.

Azərbaycanda da küçə musiqisi ifaçıları var. Publika.az Bakının küçə musiqiçilərinin fəaliyyətini araşdırıb.

Daha öncə onları "Tarqovı" deyilən yerdə görmüşdüm. İfalarını o qədər bəyəndim ki, bu iki gənci tapmaq və müsahibə almaq fikrinə düşdüm. Tapdım da, ideyam haqda məlumat verdikdə, məmnuniyyətlə suallarımı cavablandırdılar. Sofiya və Rüzgar musiqi ilə məşğul olurlar. Həmsöhbətlərimin - Sofiyanın 28 , Rüzgarın isə 25 yaşı var.

Onlar Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin təşəbbüsü ilə keçirilən “Küçə sənətçisi” adlı layihənin iştirakçılarıdır.Dövlət qurumlarının dəstəkçi olduğu layihənin ilkin mərhələsində küçə sənətçiləri arasında seçim turu təşkil olunmuş və 2019-cu ilin 1 sentyabrından etibarən küçə sənətçiləri öz çıxışlarına başlamışdırlar. Seçimdən keçənlər fəaliyyət göstərmək üçün heç bir rüsum ödəmir və qazandıqları bütün vəsaitlər özlərinə qalır.

Layihə, Bakı küçələrində, aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara, karikatura çəkənlərə, məşhur qəhrəmanı yamsılayanlara, mimlərə, canlı heykəl, idman və sirk sənəti ilə məşğul olan ustalara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirmək üçün lazımi şəraitin yaradılmasını özündə əks etdirir. Şərtlərə əsasən kastinqdən keçən istedadlı şəxslərlə müqavilə bağlanır və icazə vəsiqəsi verilir. Bununla da sənətçilər 3 ay ərzində müəyyən edilmiş ərazilərdə bacarıqlarını nümayiş etdirə bilirlər.

Hazırda Bakının mərkəzində: Nizami, Nigar Rəfibəyli, Məhəmməd Əmin Rəsulzadə, İslam Səfərli küçələrində, Fəvvarələr meydanında, Xaqani parkında 19 nəfər küçə sənətçisi öz bacarıqlarını nümayış edir. Layihədə yerli vətəndaşlarla yanaşı xarici ölkələrin nümayəndələri də iştirak edir. Onların sırasında: 1 trio, 2 duet, 9 nəfər musiqici- vokalist, 2 rəssam, 1 aktyor fəaliyyət göstərir.
“Tarqovı”nın səs-küyünə musiqi qatan cütlük... - Reportaj
Gitaraçı ingilis dili müəllimi...

Sofiya deyir ki, musiqiyə olan maraq onda uşaq yaşlarından formalaşıb və bunda atasının böyük rolu olub. Atası gitara ifaçısıdır. Sofiyanın gitara ifa etməsi də bundan qaynaqlanır. Heç bir musiqi təhsili olmasa da, musiqi artıq onun həyat tərzinə çevrilib. O, həm də öz mahnılarını yazır. İxtisası isə ingilis dili müəllimliyidir.

Və muğam ifaçısı

Digər qəhrəmanım Rüzgarın isə küçə musiqisi ilə tanışlığı daha əvvələ dayanır. Muğam ifaçılığı üzrə təhsil alıb. İstanbulda 5 il küçə sənəti ilə məşğul olub. Deyir ki, İstanbulda bu sahəyə yanaşma bizdən xeyli fərqlənir:

“Bizdə müəyyən qədər fikir, yanaşma fərqlilikləri var. Bu sənətə, sırf istedadınla gəlirsən, ən gözəl dinləyici kütləsi də məhz küçədə olur. Çünki səsini hər kəsə duyura bilirsən. Bizim “Youtube” kanalımız var və ifalarımızı mütəmadi paylaşırıq”.

Dilənçiyə verilən sədəqə ilə eynilik

Bu gün dünyanın, demək olar , bütün ölkələrində küçə musiqiçiləri fəaliyyət göstərirlər. Müşahidələrim əsasında deyə bilərəm ki, bizdə insanların əksəriyyəti küçə musiqisinə sənət kimi yox, kobud şəkildə ifadə etsək dilənçilik kimi yanaşır. Küçə musiqiçilərini gördükdə, yazıqları gəlirmiş kimi baxırlar. Bəyəndi-bəyənmədi, alət qablarına pul atırlar. Bu bizim milli mental dəyərlərimizdən , zəif insana kömək etmək duyğusunun yaratdığı zərurətdən irəli gəlir. Estetik zövqü oxşamayan musiqiyə, adətən pul verilməz. Dilənçiyə verilən sədəqə ilə musiqisini bəyənmədiyin sənətçinin alət qabına atılan pul, demək olar ki, eynidir.

Oğurluq etmirik ki, sadəcə...

Müsahibim Sofiya da mənimlə həmfikir olduğunu söylədi: “Bizə mərhəmət hissi ilə baxırlar, deyirlər ki, bunlar kasıbdırlar , dilənçidirlər. Hətta sosial şəbəkələrdə “yəqin yazıq qızın krediti var, ona görə küçədə mahnı oxumağa məcburdur” (gülür) tipli şərhlər də olur. İnsanlar anlayışı göstərmir bu mövzuda. Mən sual vermək istəyirəm: kim gördüyü işin müqabilində pul almır ki? Əgər biz sənət nümayiş etdiririksə, niyə də qarşılığını almaq istəməyək? Oğurluq etmirik ki, sadəcə oxuyuruq. Bəyənmirsənsə, pul atmaq məcburiyyətində deyilsən” .
“Tarqovı”nın səs-küyünə musiqi qatan cütlük... - Reportaj
Turistləri də nəzərə alırlar

Əslində bu sualı verməyi düşünmürdüm. Yəqin ki, jurnalist tərəfim məni üstələdi. Nə qədər qazandıqlarını soruşduğum zaman, zarafata salıb ötəri cavablar versələr də, hiss etdim ki, narazı deyillər. Sofiya, həmçinin etiraf etdi ki, qərəzli yanaşma olduğu kimi, onlara xoş münasibət göstərənlər də çoxdur. Sofiya mahnı ifa edərkən yaşlı bir qadının yaxınlaşıb onu öpməsi də bu dəyərin göstəricisi idi. Müsahibimin sözlərinə görə, belə hallar, demək olar ki, hər gün baş verir. O, Bakıya gələn turistlərin münasibətindən də danışdı: “Bir neçə - rus, türk, ingilis və s. dillərdə mahnılar ifa edirəm. İstəyirəm ki, turistlər özlərini evlərindəki kim hiss etsinlər, Bakıda ögeylik duymasınlar”.

Böyük səhnə arzusu

Onlar xüsusi qrafiklə və növbə ilə ifa edirlər. “ Birimiz ifa edərkən digərimiz kənardan müşahidə edirik, səhvlərimizi müzakirə edirik. Bu da, inkişafımıza xeyli kömək olur” – Sofiya deyir. Gələcəklə bağlı planları isə məni çox sevindirdi. Onlar böyük səhnələrdə oxumaq, ifa etmək istəyirlər. Hətta məqsədlərinə doğru ilk addımı da atıblar. Birgə ifa etdikləri mahnını yaxın zamanda musiqisevərlərə təqdim edəcəklər.

Ayşən Rəhim
publika.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728