manera.az
manera.az

Dəvədən niyə dəllək olmaz? - POLEMİKA | MANERA.AZ

Dəvədən niyə dəllək olmaz?  - POLEMİKA | MANERA.AZ

Manera.Az saytında bir-birindən maraqlı yazıları, müəllif münasibətlərini oxuduqca yaradıcı heyətin təqdimat öncəsi verdiyi bəyanatlarının heç də əbəs olmadığına inanırıq. Cəmiyyətdə gedən proseslərə orijinal yanaşma tərzi çox aktual və faydalı olduğu üçün bu mövzuda gedən yazıları oxucular çox həvəslə oxuyurlar.

Manera.az-da Nicat Həşimzadənin müəllifliyi ilə dərc olunmuş "Ölümlük həbslər" yazısına rəy bildirməyi qərara aldım. Baxmayaraq ki, çox qısa olan bu məqalə hər bir cümləsi, hər bir ifadəsinə şərhlər verməklə münasibət tələb edir, amma qısa şərhlərlə ötüşmək olar.

Müəllif sevinməməlidir ki, əks-səda doğurmuşdur. Xeyr, yazıya əhəmiyyət verməmək də olardı. Lakin düşündüm ki, həmin tərzdə düşünən çoxluğa cavab vermək zərurəti yaranmışdır. Həm də ki, qələm tutub yaza bilsən, sərbəst şəkildə öz fikirlərini ifadə edə bilən müəllifə qarşı diqqətli olmasaq, o səhvini-düzünü dərk edə bilməyəcəkdir. Ola bilsin ki, yazdığı hər bir sözün oxunduğunu, bu sözün öz sahibi haqqında bilgi verdiyini dərk etsin və nəticədə gözəl bir yazara çevrilə bilsin.

Məqalənin adı əladır. Ömürlük həbsləri ölümlük həbs adlandırır müəllif. Bir də ki, məqalənin sonlarında belə bir fikir doğrudur ki, ən qatı cinayətlər ən sərt qanunlar olan ölkələrdə baş verir. Vəssalam. Qalan fikirlərin hamısı səhv, qərəzli, savadsız münasibətlərdi.

Bəs, onun yazılarını oxuyan gənclər? Deyir, bir dəli quyuya bir daş atdı, yüz ağıllı yığıldı onu çıxara bilmədi. Əlbəttə ki, mənim Nicat haqqında, şəxsiyyəti və savadı haqqında iradım yoxdur. Hələ bir fikirləşirəm ki, bəlkə də o çox maraqlı yazard?r. Bilə-bilə oxucuları polemikaya çəkmək üçün həmin cümlələri yazmışdır. Nə isə, hökmən münasibət bildirmək gərəkdir.

“Ən qatı müsəlman da Quran ayələrini dərk etmir”. Bəli, bu belədir. Savadlı bir alim sənə elmi məruzə oxusa, sən onu dərk edərsən? Dərk etmirsənsə, ya həmin elmdə nöqsan vardır, ya da səndə! Quran Allah kəlamıdır, insan isə naqis məxluqdur. Məxluq xaliqin sözünü axıradək dərk eləyə bilməz. Amma insan savadlana-savadlana bu mənalara yaxınlaşır. Sonadək dərk edə bilməsə də, yeni-yeni mənalar tapır. Ayələrin bu cür nazil olması da bir nemətdir - nə qədər bacarırsan oxu, öyrən. Qaldı ki ayələrin bir-birini inkar etməsi barədə dediklərinə, əstəğfürullah de, Quran yeganə kitabdır ki, orada ziddiyyət yoxdur. İslam barədə bilgilərini artırsan, görərsən ki, bəzi hallarda cinayətkar insan öldürülməlidir. Axı deyirsən ki, ömürlük həbs qeyri-humanistdir. İnsanı Allah yaratmışdırsa, onu yalnız Allahın öldürməsi mümkündür, insan bu işə qoşulmamalıdır. Bəs, cinayətkar və qatillər sərbəst gəzsinlər? Cəmiyyətin rifah halını yaxşılaşdırmaqla gələcəkdə baş verə biləcək cinayətləri azaltmaq olar, amma bu nəticədir. Səbəb nəticəni doğurur, bunu qarışdırmaqla düz yazmırsan. Cinayət isə cəzalanmalıdır! Qaldı ki qatı cinayətlərin sərt qanunlar ölkələrində baş verməsinə, yenə də səbəb - nəticəni qarışdırıb özünü çaşdırırsan. Ən qatı cinayətlərin baş verdiyi ölkələrdə ən sərt qanunlar qəbul edilir. Sadəcə, dərindən təhlil etmək lazımdır. Həm də yazdıqlarının həqiqiliyə şübhə yaradırsan. Yazırsan ki, dinin əleyhinəyəm - amma insanların Allah tərəfindən yaradıldığını və onun yalnız Allah tərəfindən öldürülə biləcəyini məqbul hesab edirsən. Yazırsan ki, milliyyətçi deyiləm, amma bədəvi ərəblərin qız uşaqlarını anadan olanda öldürdükləri halda, türk babalarımızın bunu bayram hesab etdiklərini fəxrlə bildirirsən. “Niyə bizim babalar belə ola-ola aldandılar? Niyə biz ərəb dilində dua oxumalıyıq?” soruşursan. Babalarımızın İslamı rahatca qəbul etməsi ilə biz digər millətlər arasında ən üzüağ, alnıaçıq millət kimi öyünür, Dədə Qorquda rəhmət oxuyuruq. Qaldı ərəbcə dua oxumağa, mən deyirəm ki, duanı hansı dildə istəyirsən oxu. Amma ayələri ərəbcə oxumalısan, axı, özün də boynuna alırsan ki, onun sirrini heç kəs sonadək anlaya bilməz. Kimin hünəri çatar dəqiq tərcüməyə?

“Azan biodalğa olduğu üçün sübh tezdən onu eşitmək hüceyrələri öldürür”. Bu fikir o qədər bəsit və qərəzlidir ki, ümumiyyətlə baş qoşmağa dəyməz. Təkcə onu deyim ki, biodalğa barədə daha geniş məlumat almalısan. Bütün səslər, musiqilər hamısı səs dalğalarıdır və azan insan orqanizminə ən gözəl təsir edən musiqidir. Kimə pis təsir edirsə, müalicəyə ciddi ehtiyacı vardır. Həm də “biodalğa”, “hüceyrə” və s. kimi terminlərlə müasir oxucunu toplamaq mümkün deyildir. Əlbəttə ki, pis avazlardan qorunmaq lazımdır. Amma muğam, saz, azan, dua kimi ruhu ehtizaza gətirən avazları çox dinləmək lazımdır ki, özün yazdığın kimi “hüceyrələri biodalğalar məhv etməsin”.

Nə isə, birdən-birə nə oldusa, yazmaq həvəsim tam söndü. Bəlkə də mövzunu tam əhatə etmək üçün vaxtın və yazının həcminin geniş olmasına duyduğum ehtiyacdan yarandı bu hisslər. Sonda onu demək istəyirəm ki, əgər ömürlük həbslərə qarşı çıxış etmək istəyirsənsə, buyur, gözəl mövzudur, sağlıqla işlə. Onsuz da bu barədə nə yazsan, oxucular iki təbəqəyə bölünüb yarısı təqdir edəcək, yarısı isə tənqid edəcəklər. Bəlkə mövzunun ağırlığı səni o yana - bu yana qaçmağa məcbur edib? Yeddi dərənin suyunu bir yerə yığmaqla nə demək olar? Yaxşı bələd olmadığın mövzularda nə yazsan, heç kəs bəyənməyəcək. Dəyərlərimizə, milli adətlərimizə, dahi şəxsiyyətlərimizə olan indiki hücumlar fonunda sənin yazın elə də yerinə düşmür. Əksinə, sənin kimi yazmaq bacarığı olanlar belə məsələlərə düzgün müdaxilə etməlidir, çox diqqətlə yanaşmalıdır.

Dəvə bərbər dükanında çox yöndəmsiz görünərdi. Çünki incə alətlərlə, ülgüc-güzgü ilə davranmağı bacarmır!..

ELman Cəbrayıl
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI