Teatrların pandemiya dövrü
![]()
və ya həsrətin pik nöqtəsi
Azərbaycan teatrı öz pandemiya dövrünü yaşamaqda davam edir... Teatrlar bağlıdır, aktyorlar formasını yavaş yavaş itirmək təhlükəsi ilə üz üzədir, əsl teatrsevər tamaşaçı isə təsəllisini onlayn tamaşaları izləməklə tapır...
Bütün bunlara baxmayaraq, bu həsrət hay- küysüz, səssiz-səmirsiz davam edir... Və hərdən, aktyorlar, həsrət notları ilə statuslar yazırlar vəssalam. Çünki, hamıya səbəb məlumdur.
Digər tərəfdən qonşu teatrlara nəzər salsaq, sosial məsafə qorunmaqla, tamaşalar nümayiş olunur, hətta qastrol qrafiklərini belə açıqlayırlar... Məşqlər, tamaşalar öz axarında davam edir...
Demək ki, yediyimiz yemək, aldığımız hava, içdiyimiz su qədər bizə mənəvi toxluq da lazımdır... Əgər söhbət, müasir, formalaşmış insandan gedirsə...
Baxın, bir tamaşa izləməklə biz, həm ədəbiyyata təmas edirik, həm musiqiyə, həm rəqsə, həm rəssamlığa və s.. Demək ki, bütün sənətləri özündə birləşdirən teatrın missiyası əvəzolunmazdır.
Bayaq qeyd etdim ki, teatr həsrəti, səssiz-küysüz davam edir... Amma digər tərəfdən şou biznes, gecə-gündüz toy həsrətinin təbilini çalır... Baxın, tədbir yox, konsert yox, məhz "toy"! Sual olunur niyə toyun olmaması, toy etmək istəyən ailələrdən çox şou əhlini narahat edir?
Axı, ciddi musiqiçi niyə toy arzulasın ki? Zeynəb Xanlarova, Rəşid Behbudov, Elmira Rəhimli və s. korifeylər məgər toylamı zirvəni fəth etdilər?
Demək ki, ciddi musiqi yox, məhz aldıqları və alışdıqları toy tutmaqla yığdıqları, böyük pullar tükənəndə başqa çarələri qalmır. Hətta, bəziləri, qonşu ölkələrdə restoranlarda etdiyi çıxışları belə, konsert adı ilə bizə sırımağa calışır. Əsl musiqiçilər isə sadəcə susur və öz aləmində musiqisinə sadiq qalır... Maddi sıxıntısı olsa belə...
Necə ki, teatrlarda çalışan minlərlə insan, daxilən əzab çəksə də dözür.. Nədən, çünki, onlar bilirlər ki, teatr ciddi sənətdir və onu heç nə əvəz edə bilməz... Bəlkə də böyük pullara deyil, sənətə olan böyük sevgiyə sarılaraq, həsrətin bitəcəyinə inanırlar...
Mən, 40 ildən çox teatrda çalışan insanlar tanıyıram ki, çox sadə həyat tərzləri var... Amma, hər səhnəyə çıxışları bayramdır... Bu insanlar yüzlərlədir... Ruhuna tənzim edən, əsl sənət fədailəri... Onların çoxu, hec tanınmağa da can atmır. Çünki teatr, onlar üçün hər şeyi əvəz edir...
Baxın, ziyalı insan üçün tamaşaya baxmaq, mədəni ritual olmaqla yanaşı, həm də bir məktəbdir. Bizim dövrdə, məktəblərdə, kütləvi şəkildə teatra yeniyetmələri cəlb etməklə onlarda ədəbiyyata, dramaturgiyaya, musiqiyə həvəs, sevgi oyadırdılar ki, bu da sonradan onların cəmiyyət üçün yararlı, hərtərəfli formalaşmış insan olmağına dəlalət edirdi... İntiharlar bu gün nədən baş alıb gedir?
Məhz bu dəyərlərin qıtlığından, bayağı musiqinin bolluğundan. Təəssüf ki, hər şey bayağılaşıb... Hətta, sosial şəbəkələri belə, bayağılıq müstəvisindən yaşatmağa çalışanlar da az deyil. Burda da zövqümüzü hərtərəfli korlamağa can atanlar toplusu formalaşmaqda davam edir...
Yenə qayıtmaq istəyirəm, əsas mövzumuza - Teatrın pandemiya dövrünə...
Açıq etiraf edim ki, teatra barmaqarası baxanlar "elə belə olsa yaxşıdı" - deyib həyatına davam edir...
Amma illərini səhnəyə fəda edən, əsl teatrsevərlər isə ümidinə söykənib. Burdan mədəniyyətimizlə, teatrla birbaşa əlaqədar olan insanlara üz tutub demək istəyirəm ki, teatr, cəmiyyətin ən ali güzgüsüdür. O güzgü ki, düzü - düz, əyrini - əyri göstərir. Gəlin, cəmiyyətimiz üçün yararlı olan bu güzgünü, sınmağa qoymayaq!
P.S. Kimsə məni real həyatda qınayıb deyir ki - "Elə bir teatr yada düşür bu məqamda"... Nə deyim... Teatrı sevmək könül işidir cənablar !!!
Təranə Feyzullayeva