Müğənnilərimizin ifa mədəniyyəti - Ələkbər Qasımov yazır
yaxud təhrif olunan mahnı mətnləri
Danılmaz faktdır ki, Azərbaycanda tarix boyu, hər hansı ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ədəbiyyata və incəsənətə - şeirə, təsviri sənətə, musiqiyə, bir sözlə, sənətkara böyük hörmət, qayğı, ehtiram və diqqət olmuşdur.
Bu ənənə sovet dönəmində də olduğu kimi, müstəqillik illərində daha bariz davam etdirilmiş və etdirilməkdədir. XX əsrin ikinci yarısından üzübəri ədəbiyyat və incəsənətimizin bütün sahələrində baş verən intibah musiqi sənətimizdə, o cümlədən mahnı janrında da özünü parlaq şəkildə biruzə verirdi. Gözəl sözlərə bəstələnmiş gözəl musiqilə yaranan mahnılarımız ifaçılar tərəfindən çox nadir hallarda təhrifə uğrayırdı. Belə bir hal şair və bəstəkarla işləmiş və o mahnını ilk dəfə ifa edən müğənnilərdə ümumiyyətlə baş vermirdi. O zaman belə halların qarşısını efirdən əvvəl həmin mahnını dinləyib rəy verən bədii şura da alırdı. Mahnılarda istər sözlərin, istərsə də musiqinin təhrifinə ara-sıra, yalnız konsert salonlarında təsadüf etmək olardı.
Ölkəmizdə senzuranın ləğvindən sonra belə bir bədii şuranın da fəaliyyəti dayandırıldı. Efirə, xüsusilə də yeni yaranan tele-radio kanallarına bayağı sözlü, bayağı musiqili mahnılar ayaq açmağa başladılar. Bir ara isə ötən əsrin peşəkar bəstəkar mahnılarının yerini sözləri və musiqiləri özlərinə məxsus “şair-bəstəkar” mahnıları mənimsədi. Efirlərdə yeni “müğənnilər”in yağışı və yarışı başladı. Müxtəlif yollarla populyarlaşan belə “müğənnilər” xalqın, ələlxüsus da gənclərin və yeniyetmələrin musiqi zövqünə çox çətin və gec sağala biləcək zərbələr vurdular.
Belə mahnılara aludə olan sürücülərin ucbatından şəhərdaxili və şəhərlərarası marşrut avtobuslarında sərnişinlərin əksəriyyəti mənzil başına əsəbi çatmaq məcburiyyətində qalır, bəzilərisə hətta təngə gəlib növbəti dayanacaqda avtobusu tərk edirlər. Bu barədə bir neçə kanalda tənqidi süjetlər verilsə də, nəzarətsizlik səbəbindən belə hallar davam etməkdədir.
Bu gün bəstəkar mahnılarına, xüsusən retro mahnılar adlandırılan 1950-1980-ci illərdə bəstələnmiş, sözün əsl mənasında əsərlərə tez-tez müraciət olunur. Belə bir ənənənin başlanması və yavaş-yavaş vüsət alması yaxşı haldır. Lakin həmin mahnıların səsyazma studiyalarında yenidən yazılışı zamanı musiqinin düzgün ifası ilə bərabər (xarici musiqi notları əlavə etməməklə), onun sözlərinə də dəqiq riayət olunması vacibdir. Bu yazılış zamanı xüsusən gənc müğənnilər nə vaxtsa bu mahnını təhriflə oxumuş hər hansı bir ifaçını dinləyir və ya əlinə keçən bir kitabdan (əsasən “Mahnılar” adlı kitablardan) sözləri götürüb çapda səhvən getmiş bir kəlmənin fərqinə varmadan ondan bəhrələnirlər. Bu mənada səsyazma studiyalarında belə mahnıların yazılışı zamanı sözlərin dəqiq ifa olunmasına müğənnilə bərabər səs rejissorları da müstəsna məsuliyyət daşıyırlar. Qeyri-peşəkar rejissorlar tərəfindən yazılan mahnıların ifası zamanı əksər hallarda sözlərin, bəzi hallarda melodiyanın da təhrifinə yol verilir və təəssüf ki, bunun qarşısını almağa təşəbbüs də olunmur.
Sözləri təhrif olunmuş mahnıların ifası haqqında yüzlərlə misal göstərməklə daha geniş danışmaq mümkündür. Bu ayrıca bir əhatəli məqalənin mövzusudur. Lakin bu yazıda Qarabağ mövzulu mahnılardan bir neçə nümunə ilə kifayətlənməli oldum.
Yeni səsləndirmələrdə müğənnilər “Qarabağ – ana yurdum” mahnısının ifası zamanı oxuyurlar:
“Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli,
Ruhunu burdan alır Natəvanın qəzəli.”
Bu misraların əslində - şair mətnində bir xatırlatma var, yəni bunlar nə vaxtsa olub. Bu gün, hal-hazırda qəzəl yazan hansı Natəvandan söhbət gedir? İndi o çəmənlərdə gəzən Vaqifin hansı şux gözəlidir elə? Ona görə də “gəzir”, “alır” ifadələri müəllifin yazdığı kimi – “gəzib”, “alıb” oxunmalıdır.
Qarabağ mövzusunda daha bir məsələyə diqqət etmək vacibdir. Məlum münaqişənin vüsət aldığı günlərdən indiyədək elə mahnılar vardır ki, onlar efirdən birdəfəlik yığışdırılıb. Lakin özündə incə nüansları ehtiva edən mahnılar diqqətsizlik ucbatından gənc müğənnilər tərəfindən yenidən yazılıb səsləndirilməkdədir. Məsələn, “Şən Azərbaycan” mahnısı. Mahnının ikinci bəndinə diqqət edək:
“El qızları düzüm-düzüm Kür qırağında,
Min gül açıb Gəncəmizin hər budağında.
Dost elləri Qarabağın dağ vüqarlıdır,
Gen çölləri bu torpağın xoş baharlıdır.”
“Dost elləri Qarabağın...” Burada nə anlaşılır? Əgər bizim Qarabağımızdırsa, deməli bu ellər dost yox, doğma ellərdir. “Dost ellər” isə Qarabağa 200 il əvvəl köçürülüb yerləşdirilmiş ellərdir. Burada məskunlaşandan nankorluğa başlayan və son 30 ilə yaxın bir müddətdə “Yersiz gəldi, yerli, qac!” şüarı ilə bizə düşmən kəsilən “dostların” dağ vüqarlı olmasını tərənnüm etməyə müğənnilərimizi vadar edən nədir? Bu mahnını yazdırarkən heç olmasa, həmin bəndi ixtisar edib oxumamaq olmazdımı? Bəs oxunmasına səbəb nədir? Diqqətsizlik, biganəlik, sözlərin fərqinə varmamaq!
Belə münasibətin digər bir fəsadı da mahnılarda mətnlərin – şeirlərin sözlərinə, qafiyələrinə fikir vermədən onları ifa etməkdir. Yeri gəlmişkən, Qarabağ mövzusunda daha bir mahnımızı xatirlayaq. Həmişə “Sarı bülbül” adı ilə “xalq mahnısı” kimi təqdim olunan bu mahnının əslində adı sadəcə “Bülbül”dür. Mahnının yaranma tarixçəsi son illərdə müxtəlif versiyalarla dəfələrlə teleradio kanallarından səsləndirilib, mətbuatda yazılıb. Ən real versiya isə budur ki, sonuncu Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa məcburən İran hökmdarı Fətəli şaha verildiyindən Tehrana gəlin köçür. Şah zövcəsinin Vətən həsrətini ovutmaq məqsədilə dünyanın məşhur güllərini saray bağçasında əkdirir. Bir gün Ağabəyim bağçada əyləşib bu gülləri seyr edərkən burada cəh-cəhlə uçuşan bülbüllərdən birinin hovuz kənarına qonub səssizcə ordakı balıqlara baxması şairənin bədahətən yeni misralarının yaranmasına səbəb olur:
Qürbət bağı al-əlvandır,
Yox üstündə xarıbülbül.
Qəm-qüssəli bir dövrandır
Səsin gəlsin barı, bülbül.
Bülbül, sənin işin qandı,
Aşiqlər oduna yandı.
Nədən hər yerin əlvandı
Köksün altı sarı, bülbül?
Oxu, nəğmən dilə gəlsin,
Xoş avazın elə gəlsin.
Yarım gülə-gülə gəlsin
Mən çalanda tarı, bülbül.
Ağabəyim ağa Tehranın saray bağçasını “Vətən bağı” deyə tərənnüm edə bilməzdi. Əgər bu şeir həqiqətən Vətəndə – Qarabağda yaransaydı, o zaman “Yox üstündə xarı bülbül” deyə bilməzdi. Belə bir məlumat da mövcuddur ki, o, Tehranda tar çalmağı öyrəndiyindən bu mahnının melodiyası da elə şairənin özünə məxsus olmuşdur. Beləliklə, bu mahnı qısa bir zamanda, XIX əsrin ortalarından Arazın bu tayında da məşhurlaşmışdır.
Sovet hakimiyyətinin ilk illərində hər bir milli dəyərlərimizə müdaxilə olunduğu kimi, xalq mahnılarımıza, o cümlədən Ağabəyim ağanın bu şeirinə də bolşevik ideologiyası zəminində düzəlişlər edilərək “Qürbət bağı” – “Vətən bağı” ilə əvəzləndirilməklə, sovet dövrünün əsl yaşamalı bir zaman olduğu əsas götürülüb “qəm-qüssəli” deyil, “ömür sürməli dövrandır” oxunması tələb edilmişdir.
Milli musiqi alətimiz “tara qarşı hücum” kampaniyası başlayanda isə bu mahnıda da “tar” kəlməsinin işlədilməməsi üçün sonuncu misra “Mən çalanda sazı, bülbül” olaraq dəyişdirilmişdir.
Bu gün, müstəqil Azərbaycanımızın xanəndə və müğənniləri bu mahnıya real yanaşaraq onun ifasına:
Vətən bağı al-əlvandır,
Var üstündə xarıbülbül...
misraları ilə başlamalı və bəndlərdəki “xarı., barı və sarı” qafiyələrinin tamamlanması naminə nəhayət ki, “sazı” da “tarı” ifadəsilə əvəz etməlidirlər.
ƏLƏKBƏR QASIMOV
AMEA Naxçıvan Bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun elmi katibi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.