manera.az
manera.az

Solğun pərdələr və parlaq qalstuklar - Hekayə

Solğun pərdələr və parlaq qalstuklar - Hekayə
Baba öləndən bəri nənə tamamilə tək qalıb. O, bütün qocalar kimi çox tez oyanır, yuyunur, seyrəlmiş gümüşü saçlarını darayır və özünü yemək yeməyə məcbur edir. İştahını itirib; əmin deyil ki, bu, babanın ölümü ilə bağlıdır, yoxsa sadəcə olaraq qocalığın təbii təzahürüdür.

Əslinə qalsa, baba üçün yas filan saxlamır; sadəcə yalnız qalıb. Onsuz da, onlar birlikdə heç vaxt xoşbəxt, səs-küysüz, dava-dalaşsız yaşamayıblar. Amma indi tərəddüdsüz tənhalığını baba ilə aramsız etdiyi davalara dəyişərdi. Gününü televizor qarşısında vaxt öldürməklə keçirir; xəbərlərə, həftəsonu şoularına, seriallara baxır. Televizorun qarşısına keçdikdən bir neçə dəqiqə sonra göz qapaqları ağırlaşır, zamanın təhrif etdiyi xatirələri və şüuraltısından yuxularına axan fraqmentlər bir-birinin içində həll olub qarışır və rahat kreslosunda mürgüyə dalır.

Gənclər üçün tənhalıq zəruri bir zehni təcrübədir, onların tənhalığı ümidsizliklə lənətlənməyib, bu yalnızlıq nə qədər dözülməz görünsə də, gələcəyin qətiyyətli vədlərinin himayəsindədir. Ancaq qocaların tənhalığı tamam başqa şey ifadə edir; onların yalnızlığı yarıqaranlıqda yığılmamış yatağın kənarında gözləri yol çəkərək ürkək-ürkək oturmaqdır, onların yalnızlığı ölümün göz vuraraq yumşaltmağa çalışdığı xoşagəlməz zarafatdır.

Nənə televizordan bezəndə keçib pəncərənin qarşısında oturur. Məhəllədə qaçışan uşaqları, xlorsatanın təşvişli hərəkətlərini, tut ağacının altında kart oynayan məktəbliləri seyr edir. Bir müddət sonra yol çəkən gözlərini dikdiyi mənzərələr yavaş-yavaş bulanıqlaşır və demək olar ki, günlərinin əsas hissəsini təşkil edən məşğuliyyətinə – keçmişdən təsadüfi anlar yaşamağa başlayır. Yavaş-yavaş top dalınca qaçan uşaqların qışqır-bağırı, xlorsatanın nidaları xatirindəki fraqmentlərin canlılığına yenilir və ətrafdakı səslər eşidilməz olur.

İndi onun ağlı narkoloji dispanserdə yatan “bəxtsiz” oğlu haqda düşüncələrlə məşğuldur.

“Puah! Bəxtsiz niyə oluram, bəxtin-zadın bura heç dəxli yoxdu, prosta siz fərli-başlı ata-analıq bacarmadız” – Emilin bağırtıları hələ də qulaqlarında cingildəyir; İsti yay günüdür, nənə nahar hazırlayır, yanaqları qazandan qalxan buxardan pörtülüb. Emil qızmış buğa kimi yerində durmur, fısıldaya-fısıldaya mətbəxdə iri addımlarla var-gəl edir, qışıqıra-qışqıra danışır. Baba evə təzəcə gəlib, ayaq üstdə güclə durur. İçkinin taqətdən saldığı ayaqlarını yataq otağına sürüyür. Yaxasını boşaldıb qalstukunu açır. Babanın onlarla belə parlaq, rəngli qalstukları var. Zəngin bir kolleksiya – heç bir rəng əskik deyil.

Xlorsatanın pəncərənin altında daha da gurlaşan səsi nənəni xatirələrindən qoparıb. O, gözlərini yumur, fikrini cəmləyir, xatırlamağa çalışır. Beləcə sanki etibarsız yaddaşını sınaqdan keçirir.

“Emil, iki saatdır orda neynirsən?”– həmin gün səsinin necə titrədiyini, dəhşətdən az qala ürəyi dayanacağını hələ də xatırlayır; tualetin qapısını zorla açıb. “Emil, ay Emil! Evim yıxıldı, ay Allah!” Emil gözləri yarıqapalı divarın dibinə sərələnib, başı çiyninə düşüb, əyilmiş dodaqlarının arasında nəsə mızıladanır. Nənə hönkürür, ah-vay edib kömək çağırır. Emil yarımhuşsuz vəziyyətdə sayıqlayır.

Babaya evə gələn kimi hər şeyi danışır. Ağlamaqdan gözləri qızarıb, sifəti şişib. Tualetdən tapdığı şpris və kafelin üstündəki xırda qan ləkələri günlərlə yuxularına haram qatır, çətinliklə yuxuya getdiyi gecələrdə tez-tez eyni qarabasmanı görür: görür ki, yatdığı yerdə gecənin bir yarısı sinəsinə - düppədüz ürəyinin başına göydən ağır bir daş düşür. Boğulan adamın hava üçün çapaladığı kimi yerində çırpınır. Təngnəfəs yuxudan ayılır, bir müddət yerinin içində oturub səsli, dərin-dərin nəfəs alır. Nəfəsini tənzimləyir, alnının dərin qırışlarına dolmuş soyuq təri silib yenidən uzanır. Səhərə kimi gözünə yuxu getmir. Azan səsi babanın xorultusuna qarışır.

Emillə sakitcə danışmağa çalışsalar da, alınmır, Emil özündən çıxır, hirslənib bağırmağa başlayır, – “Sənalla əl çəkin məndən görək, guya çox vecinizədir də, artistlik eləməyin burda. Yanımcıl olublar mənimçün, puah! Nə tez ayılmısız" – Emil solğun simasını daha da vahiməli edən altı torbalanmış xırda gözlərini qıyıb qəzəb püskürür – “Elə əkib-doğmaqla deyil e. Cana yanmalı vaxtlarda öz keflərində olublar indi ayılıblar ki, bizim oğlumuz var. Oğul qalar indiyə? Getdi oğul, yoxdur daha, çürüyüb getdi.”

Nənə gözlərini açıb. Xlorsatanın səsi artıq eşidilmir, məhəllədəki uşaqlar dağılışıblar. Yaşarmış gözlərini yenə yumur. Xatırlayır.

"Oğlun gözünün qabağında heç olub gedir, sənə elə gəlmir ki, nəsə eləmək lazımdı?!" – nənə ağlamsınır. Baba etinasızca “Zolotoy Kolso”dan bir rumka da süzüb başına çəkir. "Nə istəyirsən? Neyliyə bilərəm? Mən soxmuşam iynəni onun damarına? Mənim üstümə niyə qışqırırsan? Vaxtında nə adam kimi məktəbə getdi, nə də düzəməlli dərs oxudu, harda avara, mərdiməzar, qəhbə-qühbə var getdi qoşuldu onlara” – baba masaya dirsəklənib gicgahlarını ovuşdurur, “Daha onunku keçib, gecdir...”

“Gecdir hə?” – nənə istehzalı tonda onu yamsılayır – “Əlbəttə, gecdir, sən öz uşağının qeydinə qalıb qulluq etməli olduğun vaxtlarda çox məşğul idin axı, başın yaman qarışmışdı rəngli kostyumlarına, parıldayan qalstuklarına, bazlığa, oğraşlığa, alkaş dostlarına, indi də deyirsən ki, gecdir. Gec olar da!”

Baba ona bir neçə saniyə tərs-tərs baxır. Nəsə demək istəsə də hıçqırığı imkan vermir.

***

Binamız nənəgilin yaşadığı bina ilə üzbəüzdür. Dərslərimi bitirib həftəsonları rayona gələndə nənənin günəşin ağartdığı pərdələrini açıq görürəm; taybatay açılmış taxta pəncərəsindən uzaqlara zillənib fikirli-fikirli baxır. Bu mənzərə hər dəfə ürəyimi dözülməz kədərlə doldurur. Onu ziyarətə gedirəm. Məni görəndə çox sevinir. "Universitet necə gedir, hə? Danış görək" – deyə həyəcanlanır, dalbadal suallar verir və cavab gözləmədən, hövsələsiz danışmağa davam edir. "Differensial tənliklərə çatmısız? Bilirsən də nənənin differensial tənliklər haqda nə qədər kitabı var” deyib qürrələnir və köhnə kitab rəfindən kirilcə yazılmış, səhifələri ləkəli bir kitab götürür. O, riyaziyyatçıdır və həmişə mənim də riyaziyyatçı olmağımı istəyib. Rəfdəki kitablara işarə edib fəxrlə gülümsəyir – “Bax, bax, bunların hamısını sənə verəcəm.” Sonra mətbəxə tələsir. Üstü dəsmallı bağlama gətirir. “Bu kətələri dünən hazırlamışam. Al. Birinci gün atanın yanına gedəndə apararsan. Daha ayaqlarım sözümə baxmır yoxsa…” – şişmiş göyümtül damarları pırtlamış ayaqlarına işarə edir.

Hər dəfə məni görəndə təkrar-təkrar nağıl etdiyi gənclik, universitet illərindən, baba ilə necə tanış olduqlarından, atanın uşaqlığından danışır, köhnə albomları gətirib “bu şəkli görmüsən?” deyə soruşduğu, mənim isə dəfələrlə “hə, çoxdan” dediyim şəkilləri ilk dəfəki həyəcanla göstərir. Mən bu hekayələri, bu albomları əzbər bilirəm. Pultu götürüb kanalları dəyişirəm, nənə isə hey danışır, danışır… Gözlərini qıyıb divar saatına nəzər salır və mən bu səssiz xəbərdarlıqdan anlayıram ki, tezliklə onun sevimli türk serialı başlayacaq.

Bir müddət onunla birlikdə seriala baxırıq. Təxminən yarım saat sonra nənənin xəfif xorultusu aktyorların səsinə qarışır; ağzı yarıaçıqdır, sinəsi asta ritmlə enib qalxır – kreslosunda rahatdır. Futbola baxmaq üçün kanalı dəyişirəm.
***
Hər gün beş vaxt namaz qılıram. Bir dəfə, namazımı bitirdikdən sonra otaq yoldaşım üzünü mənə tutur – “Səndən bir söz soruşum. Sən Allahdan qorxduğuna görə namaz qılırsan yoxsa…necə deyim…yoxsa ona minnətdar olduğuna görə, hörmət etdiyinə görə?” Ona dərhal cavab vermirəm. Sadəcə gülümsəyirəm. Düzü, bu haqda heç vaxt düşünməmişəm. “Bu nə axmaq sualdır, sənalla” yarı-zarafat yarı-ciddi deyinirəm.

“Atasının xarabasına” qovulan anam bir də bu evə ayaq basmayacağına and içsə də, ata dispanserə yatırıldıqdan sonra evə geri dönüb. Anam məktəbdə xadimə işləyir. “Bezmişəm daha – dərin bir ah çəkib deyir – bütün bunlara sizə görə dözürəm – qüssəli gözlərini mənə və kiçik qardaşıma dikib doluxsunur – siz olmasaydınız onunla bircə saniyə də yaşamazdım, bu həngamələrə bircə saniyə də dözməzdim. Qurban olaram sizə”

Hər həftəsonu rayona gəlirəm. Bazar ertələri səhər lap o başdan rayondan Bakıya yola düşəndə anam sumkalarımı yeməklərlə doldurur. Birinci dərs başlamamış atanın payını çatdırmaq üçün dispanserə tələsirəm. Çox vaxt heç onunla görüşə də bilmirəm.

“Yatıb. Narahat olma, nə lazımdırsa çatdıraram” – tibb bacısı deyir və əlini çantamdan çıxardığım neylon torbalardakı ətri koridora dolmuş ağız sulandıran bankalara uzadır.

Geri qayıdarkən ürəyimdə ata üçün dua oxuyuram və ona Allahdan şəfa diləyirəm. “Uca Allah, atanın sağlamlığını tez bir zamanda ona təzədən bəxş elə, uzun ömür, can sağlığı ver, onu bizim başımızın üstündən əskik etmə”. Eyni duanı bir də nənə üçün təkrarlayıram.

***

Həftəsonudur. Günorta namazını, namazdan sonra bir qayda olaraq etdiyim dualarımı bitirib rayona – evə qayıtmışam. Evdə məşum bir sükut var. Anamın baxışlarını məndən qaçırdığını hiss edirəm. Qardaşım qoluma girib aşağı düşməyimizi təkid edir: “Gəl çölə çıxaq. Sənə bir şey deməliyəm”. Pilləkənləri məndən qabaq düşür, arxaya çevrilib kədərli bir baxış atır: “Gəl, gəl”

Fasadı uçub tökülmüş “xruşovka”nın qarşısında dayanırıq. "Nolub?" – qaşlarımı çatıb soruşuram. Qardaşım ağlaya-ağlaya "Nənə artıq yoxdur…" deyir. Mən oradaca duruxub qalıram. Ağlamaq istəyirəm amma ağlaya bilmirəm. Gözlərimi onun üzbəüz binadakı solmuş pərdələri tam çəkilmiş pəncərəsinə dikirəm. "Nə vaxt?" – soruşuram. Qardaşım burnunu çəkərək: “İki gün əvvəl” – deyir, sonra sanki üzrxahlıqla əlavə edir: “İmtahanların var idi deyə fikrini yayındırmaq istəmədik”

“İki gün əvvəl...” öz-özümə təkrar edirəm. Sonra günorta, evə gəlməmişdən əvvəl namazdakı son dualarım yadıma düşür. Həmişə olduğu kimi qüdrətli Allahdan nənəmizə can sağlığı, uzun ömür dilədiyimi xatırlayıram. Vəziyyətin absurdluğu dodaqlarımda axmaq bir təbəssüm yaradır. “Mən nənəyə Allahdan cansağlığı, uzun ömür diləyəndə heç o bu dünyada deyilmiş” – mızıldanıram. "Nə?" – Qardaşım çaşqın halda soruşur. Başımı yelləyirəm:

“Heç nə”.

Göy üzünə baxıram. Hava tutqundur. Gözlərimin yavaş-yavaş yaşla dolduğunu hiss edirəm.

Əli ZƏRBƏLİБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728