Ayıbları örtməyən pərdələr... - ESSE|MANERA.AZ
MANERA.AZ Şəhla Aslanın "Virtual ailə" essesini təqdim edir:
Babam adi vaxtlarda evin bir küncündə elə fağır-fağır oturur ki, baxanlar onun nəyəsə qadir olduğuna inana bilməzlər. Amma mən bilirəm bu kişinin qabında nələr vardır. Odur ki, danışanda çox ehtiyatlı danışıram. Bunu bilməyənlər babamın toruna yamanca ilişirlər...
Evimizdə ad günü idi. Məclisin qızğın yerində qonaqların biri keçmişlə müasirliyi tutuşduraraq elə hey köhnəliyi lağ edirdi. Belə şeylərin babanı qıcıqlandırdığını bildiyimdən gözüm onun uzandığı çarpayıda idi. Qəfildən o dikəlib yerinin içində oturdu:
- Bala, de görüm pəncərə nə üçündür?
- Evə işıq düşmək üçün, çölə baxmaq üçün.
- Bəs pərdə nə üçündür?
Qonaq sualı başa düşmədiyindən duruxdu.
Babam:
- Sıxılma, de! De ki, işığın qabağını tutmaq üçün. İçəridən çölü, çöldən içərini görməmək üçün.
- Hə, elədir, baba. Nə olsun ki?
- O olsun ki, o tül pərdə, krujevalı pərdələr qoyursunuz. Yəni, işıq düşməli yerdən işıq düşməsin, amma düşür. Görünməli yerdən əşyalar görünməsin, amma görünür...
Ay müasirlər, hara gedirsiniz? Görüşəndə öpüşməli adamınızla yanağınızı toxundurub dodağınızı marçıldadırsınız. Görənlər elə bilir öpüşürsünüz, əslində oyun oynayırsınız. Geyinəndə elə geyinirsiniz ki, görənlər desinlər paltar geyinib. Örtülməli yerlərin örtülməsinə dözə bilmirsiniz sanki. Əə, bəs paltar nə üçündür ki? Məktub kompüterlə, telefon kompüterlə, hər şey kompüterlə… Əə, bəs xəstəyə baş çəkmək, qonaq getmək ona görə ləğv olub da! Bunlar da internetlə mümkün olsaydı…
Belə baxıram ki, bir azdan evlənmək, boşanmaq da onunla olacaq. SMS göndərəcəksiniz
- Məni sevirsən?
– Hə.
- Mən də səni.
- Onda "dannı”larını göndərək ZAQSA.
Bir müddət sonra «Məni sevirsən?»
- «Yox». Onda boşanma ərizələrini dolduraq göndərək «ZAQS»-a.
«Vəssalam. Nə bir-birini gördülər, nə də birgə yaşadılar. Virtual ailədir də. Özünüz də bizim dövrü lağ edirsiniz. Axı niyə Koroğlu yeganə oğlunun adını Kürdoğlu qoydu ki, indi də öz milli mənsubiyyəti mübahisə doğurur?! Rəhmətliyin xasiyyəti indi də yaşayır ata-babalarda. Biri oğluna Ərəb adı qoyur, biri Əfqan, biri Roman, biri Rac, biri Özbək…
Allah eləməmiş, iraq-iraq, bunlardan biri böyüyüb Lütfizadə kimi alim olsa, dava düşəcək ki, millətləri nədir. Biz heç Nizaminin, Müslümin türklüyünü sübut edə bilmirik...
MANERA.AZ