Baba, atam divin qurban payıdı?...
Xanım Aydın
Bu il də qurban bayramı yaza düşmüşdü. Torpağı qarışqa başı kimi deşib cücərtilər boy qaldırır, günəş məhəbbəttək qollarını onlara açırdı. Təbiət-torpaq, külək, su, hava, hətta insanlar da yuxudan ayılıb təzəcə qıncanırdı. Külək ağacları sinəsinə vurub ağırlığını özünə qaytarırdı. Divara vurulmuş kağız təqvimdən dünənki səhifəni cırıb atandan sonra, bu günə yağlı qırmızı hərflərlə Qurban bayramı qeyd olunmuşdu. İbrahim kişigilin ailəsində bu bayram dini ritualdan çox, ailə ritualına dönmüşdü. Bu il də həmişəki minvalla il boyu bəslədiyi yaxşı yağlı burma buynuzlu qoçlardan birini Allah yolunda qurban kəsirdi. Özü də həmişə rəhmətlik atası kimi buna İsmayıl qurbanlığı deyirdi. Hər il olduğu kimi bu bahar da bayramda oğlu, qızı, nəvə, nəticəsi toplanmışdı başına, böyük təzəcə çiçəkləmiş heyva ağacının altına. İbrahim kişi əvvəlcə nəvələrinə qurbanın tarixindən, dəyərindən danışdı. Hamı bu nitqi əvvəldən axıra nöqtə-vergülünə qədər söz-söz əzbər bilsə də, hörmət və böyüyə, dinə, Allaha sevgi əlaməti olaraq gözlərini yağış navalçaya döyən kimi döyəcləyə-döyəcləyə lal-dinməz qulaq asırdı. Əhvalat bitən kimi İbrahim kişi ayağa qalxıb iti qəhvəyi taxta dəstəyi olan bıçağı bülöyə o ki var sürtdü. Sonra gözlərini yumub səssiz-səssiz dua oxudu. Dua oxuması dodaqlarının həzin tərpənişindən hiss olunurdu. Bissimillah deyib qurban mərasimini dədə-baba qaydasıyla yerinə yetirdi. Nəvələri əllərini bir birinə şappıldadıb sevinirdilər. Qarışqalar ağacın budaqlarında sıravi əsgər kimi ard-arda düzələk "parad" edirdi. Baba torpağa axan qana barmağını batırıb uşaqların alnına çəkirdi. Bundan həvəslənən alnı qırmızı xallılar hind mahnılarından alayarımçıq sözləri bir-birinə calayıb şənlik edirdilər. Bu bayram daha çox bütün ailənin məməyeyəndən pəpəyeyənə bir yerə toplaşdığına görə əsl bayram idi. Bəlkə də dini tərəfindən çox mənəvi dəyəri, qiyməti, xüsusi əzizliyi vardı. Ağ şanı talvarında yarpaqlar təzəcə dolmalıq olmuşdu. Altında süfrə aça-aça sabaha qoçun yağlı yerindən yaxşı tənək dolması bişirməyi düşünürdü xanımlar... Hələliksə cızbızın yavaş-yavaş cızzz bızzzı eşidilir, iyi gəlməyə başlamışdı. Bu özü da bir ritual idi. Mütləq qoç kəsilib uşaqların alnına bayram nişanı vurulandan sonra iç-ciyərindən ətindən ocaq üstdə böyük mis tavada cızbız bişərdi. Nəvələrdən nisbətən böyükləri işə gücə əl verir, balacalarsa haray-həşir salıb həyətin o biri başında – əkin biçin olmayan yerində çalıb oxuyur, əl havada oynayırdılar. Bu bayramın gedişatı Aztv-nin hər il eyni ssenariylə düzənlədiyi bayram tədbirləri kimi davam edirdi. Elə bil heç kim illər öncə yazılmış və baba – İbrahim kişinin möhürlə təsdiqlədiyi tədbir planından bir barmaq oyan buyana keçmirdi. Düzü İbrahim kişi də bu Dədəqorqudvari ağsaqqallığından xeyli məmnun olurdu. Həm də ki axı bunun nəyi pisdi? Bütün ailəsi böyüklü-kiçikli sanalı qoz kimi düzülmüşdü bu bayram ocağının başına Artıq gün gönortanı keçmişdi. Nisbətən sərinləmişdi də. Buna baxmayaraq, həyətdə o başdan bu başa süfrə salınmlşdı. Hamı bir-birini səsləyirdi yığışıb çörək yeməyə. Elə yığışdılar da. Bissmillah deyib barmaqlarının ucuyla çörəkdən bir tikə qoparan kişi nəvələrindən birinin yerini boş qaldığını görüb süfrədən dik qalxdı. Kişinin barıt kimi atılıb ayağa qalxmağından, əyləşdiyi stul tarappıltıyla geri yıxıldı:
– Aydan hanı? Hanı Aydanım? Məclisə elə bil bir dəqiqəlik sükut elan etdilər. Çəngəl bıçaq da farağat durub, səsi susqunluğa çəkildi.
– Hanı Aydan?
İbrahim kişinin səsi gözlərindən daha çox axtarışa getdi nəvəsini...
"Aydan orda, Aydan burda" deyib ev-eşiyi, həyət-bacanı ələk-vələk elədilər... Bircə tövlə qalmışdı. Ümidsiz də olsa, əsasından bərk yapışıb üz aldı ora. Balaca buruqsaçlı qız nəvəsini elə arxa tövlədə ağayan tapdı.
– Ay Aydan, ay mənim ayım, ay mənim danım, ay ulduzum niyə burdasan? Niyə gizlənmisən? Az qala bağrım yarılacaqdı, balam... – Kür-Araz kimi qollarını açıb Aydanı qucaqladı. Başını sinəsinə yapışdırdı. Köynəyinin yaxasından çıxan bəyaz tükləri Aydanın sirsifətini qıdıqladı. Həmişə bundan gülüb şıltaqlansa da, indi babasının qucağında sərçə kimi gözlərini döyüb, çırpınırdı ürəyi...
– Baba aaay baba... Qoyunu kəsdin. Öldü. Biz də onu yeyirik. Sən buna qurban deyirsən, ay baba. O biri qoyunlar da qoyun kimi baxır heç nə başa düşmürlər. Dünən yeddi idilər, bu gün altı qalıblar. Bəlkə onlar da elə bilir ki, qoyun yoldaşını Allah aparıb. Bəlkə, onlar da öz dünyalarında ağlayırlar, ağı deyirlər...
Aydanın burnu payıza dönəndə qızarmağa başlayan böyürtkənə dönmüşdü. Hıçqıra-hıçqıra, dayanmadan, nəfəs dərmədən elə döşüyürdü suallarını.
– Amma qoyunu öldürüb yediyimizi onlar bilməsələr də, biz bilirik axı. Baba, ay baba, bəlkə, biz də başa düşmürük. Bəlkə, mənim atam da divin qurban payıdı? Onu öldürüb yeyib. Bəlkə, Allah dediyimiz sənin nağılındakı təpəgözdü? Bəlkə, atamı da təpəgöz yeyib? Baba, ay baba, Basat təpəgözü necə öldürmüşdü? O nağılı bir də danışarsan mənə? Hə baba, danışarsan? Danışarsan?
– Aydan cıqqılı əlinin üst tərəfiylə gözünün yaşını silib, o biri əliylə heyva çubuğunu barmaqları arasında möhkəm sıxdı...