manera.az
manera.az

Piyada - Rey Bredberinin hekayəsi

Piyada - Rey Bredberinin hekayəsi
Dumanlı noyabr axşamı, saat səkkizdə əllərini cibinə qoyub şəhərin büründüyü səssizliyə addım atmaq, nahamar səkiyə ayaq basmaq, çatlardan görünən otları əzməməyə çalışaraq sükunəti yarıb keçmək. Cənab Leonard Mid bunu eləməyi çox sevirdi.

O, iki yolun kəsişməsində dayanıb ay işığında dörd istiqamətdə uzanan səkilərə baxır, hansı tərəfə gedəcəyinə qərar verməyə çalışırdı. Əslində bunun fərqi yox idi. O, miladdan sonra 2053-cü ildə, böyük dünyada tənha qalmışdı. Daha doğrusu, tənha kimi bir şey idi.

Son qərar verildi, yol seçildi və o, addımlamağa başladı. Şaxtalı havanın təsirindən nəfəsi siqaret tüstüsü kimi qarşısında topalanırdı.

Bəzən saatlarla, millərlə gəzir və evə ancaq gecə yarısında qayıdırdı. Yol boyu pəncərələrindən işıq gəlməyən kotteclər, evlər düzülmüşdü. Bu qəbiristanlığda gəzməyə bərabər idi. Ancaq bəzən pəncərələrdə işıldaböcəklər qədər zəif parıltılar sayrışırdı. Gecə düşməsinə baxmayaraq pərdələri bağlanmamış pəncərələrin aralığından görünən divarlarda boz kölgələr sürüşür, yaxud sərdabəyə bənzər evlərin hələ də açıq olan pəncərələrindən fısıltılar, pıçıltılar eşidilirdi. Bu zaman cənab Leonard Mid ayaq saxlayır, qulaqlarını şəkləyir, dinləyir, ətrafa göz gəzdirir və gəzintisinə davam edirdi.

Onun asta addımlarının səsi eşidilməzdi. Uzun müddətdi ki, tədbirli davranaraq gecə gəzintilərinə idman ayaqqabıları geyinməyə başlamışdı. Çünki, sərt dabanlı ayaqqabıların taqqıltısı eşidiləndə qəzəbli it hürüşmələri gəzinti boyu onu izləyir, evlərin işıqları bir-bir yanır və pəncərədən boylananlar erkən noyabr axşamında gəzintiyə çıxmış tənha qaraltını görüb qorxurdular.

Bu axşam qərb istiqamətində, gizlənmiş dənizə doğru gəzirdi. Kəskin şaxtalı hava burnunu çimdikləyir və ciyərlərini Yeni il şamı kimi yandırırdı; hər dəfə nəfəs aldıqca bu şamın ocaqları yanır-sönür, budaqları görünməz qarla örtülürdü. Ayaqqabılarının altında qalıb əzilən payız yarpaqlarının xışıltısına qulaq asmaq və soyuq havanı dişlərinin arasından keçirib aramla fışqırıq çalmaq xoş idi. Arada dayanır, yerdən yarpaq götürüb – hərəkətdə olduğu üçün – fasilələrlə düşən lampa işığına tutur, onun strukturuna, naxışlarına baxır, paslı qoxusunu içinə çəkirdi.

- Ey ordakılar, salam! – o, yanından keçdiyi hər evə bu sözləri pıçıldayırdı. – Bu gecə Kanal 6-da, Kanal 7-də, Kanal 9-da nələr var? Kovboylar hara tələsir? Birləşmiş Ştatların kavaleriyası yenə hansı təpənin ardından köməyə çatacaq?

Küçə səssiz, uzun və boş idi. Yalnız onun kölgəsi tarlaların üstü ilə uçan şahin kölgəsi kimi süzülürdü.

Əgər gözlərini yumub bir qədər şaxtalı havada dayansaydı, özünü, qarlı, küləksiz Arizona səhrasının ortasında hiss edərdi. Orada min millərlə uzanan ərazidə yaşayış məskəninə rastlamazsan. Səni ancaq quru çay yataqları və boş küçələr müşaiyət edər.

- Deməzsiniz, saat neçədir? – evlərə sual verib qol saatına göz atırdı. – Doqquzun yarısı? Bir yığın seçmə ölüm xəbəri eşitmək vaxtı? Uduşlar? İcmallar? Səhnədə yıxılan təlxəklər?

Bir dəqiqə… Süd rəngli ay işığına boyanmış evdən gülüş səsi eşidildi. Addımlarını ləngitdi, heç nə baş vermədiyini görəndə yoluna davam etdi. Büdrədi.

Səkinin nahamar səthinə ilişmişdi. Bu hissədə asfalt güllərin və otların arasında yoxa çıxıb. On ildir ki, gecə-gündüz, mil-mil gəzir. Ancaq özündən başqa gəzən adamla qarşılaşmamışdı. Bu qədər vaxtda bir nəfər belə görməmişdi.

O, üçtərəfli yolayrıcına çatdı. Şəhərdən keçən iki əsas yol burada kəsişirdi. Sakitlikdir. Günorta maşınlar gurultu ilə şütüyür, yanacaqdoldurma məntəqələri işləyir, avtomobillər cücü dəstələri kimi vızıldaya-vızıldaya bir-birilərini ötməyə çalışır, zəhərli tullantılarını havaya püskürdür, uzağa, uzaqdakı məqsədlərinə doğru tələsirdilər. Ancaq indi bu yollar quraqlıq mövsümlərindəki çaylara bənzəyir. Hər yer çınqıl, hər yer çay yatağı, hər yer ay işığı.

O, dalana döndü və evinin yolunu tutdu. Evə bir məhəllə qalmışdı ki, döngədən qəfil çıxan maşının parlaq işığı onun gözlərini qamaşdırdı. Lampa işığından sehrlənmiş pərvanə kimi çaşıb qaldı və işığa getməyə başladı.

Dəmir səs qışqırdı:
-Orda qal. Yerindən tərpənmə! Tərpənmə!
O dayandı.
-Əllərini qaldır!
-Axı… – Mid cavab vermək istədi.
-Əllər yuxarı! Yoxsa, vurarıq!

Əlbəttə, polisdir. Ancaq bu nadir, inanılmaz hadisədir. Üç milyonluq şəhərdə cəmi bir polis maşını qalmışdı, elə deyil? Hətta bir il əvvəl – 2052-ci ildə – seçki dövründə polis qüvvələri üç maşından birə qədər ixtisar edilmişdi. Cinayətkarlıq azalırdı; polisə ehtiyac yox idi; boş küçələri dolaşan bircə maşın qalmışdı.

-Adın nədir? – dəmir səsli polis maşını soruşdu.
Midin gözünə işıq düşdüyü üçün maşında kimin oturduğunu görə bilmirdi.
-Leonard Mid.
-Yüksək səslə danış!
-Leonard Mid!!!
-İşin-peşən?
-Məncə, məni yazıçı adlandırmaq olar.
-Peşə yoxdur, – elə bil, polis maşını öz-özünə danışırdı.

İşıq şüası onun gövdəsini dəlib keçir, lap muzey eksponatı kimi yerə bərkidirdi.

-Elə də deyə bilərsiniz – Mid razılaşdı. Neçə ildi ki, yazmırdı. Axı, daha jurnallar və kitablar satılmır. “İndi gecələr hər şey sərdabəyə bənzər evlərə həbs olur” – gəzintiyə çıxanda başladığı xəyali oyunu yenidən başladı. Bu sərdabələr televizorun zəif işığı ilə aydınlanır və içəridəki insanlar ölü kimi ekran qarşısında otururlar. Boz və ya rəngarəng işıqlar onların üzlərini oxşayır. Ancaq bu gerçək toxunuş deyil, onu hiss etmək mümkün deyil.

-Peşə yoxdur, – dəmir səs təkrarladı – Sən burda neynirsən?
-Gəzirəm – dedi Leonard Mid.
-Gəzmək!
-Elə-belə gəzmək – dedi sakitcə. Üzü buzlamışdı.
-Gəzmək, elə-belə gəzmək, gəzmək?
-Bəli, cənab.
-Harda? Nə üçün?
-Hava almaq, baxmaq üçün.
-Ünvan?!
-Cənubi Seynt Ceyms küçəsi on bir.
-Evinizdə hava var, sizin kondisioneriniz var, cənab Mid?
-Var.
-Bəs evinizdə baxmaq üçün ekran var?
-Yox.
-Yox? – sakitlik çökdü, arada çat səsləri eşidilirdi və bu daha çox qınaq kimi səslənirdi. – Evlisiniz, cənab Mid?
-Yox.
-Evli deyil. – dedi işıq şüasının arxasından gələn polis səsi. Ay lap yuxarıda idi. Ulduzların və qaraqabaq, sakit evlərin üstündə parıldayırdı.

-Heç bir qadın məni qəbul etmədi, – dedi Leonard Mid təbəssümlə.
-Söz verilməyəndə danışma!
Leonard Mid soyuq gecədə hələ də gözləyirdi.
-Sadəcə gəzirdiniz, Cənab Mid?
-Bəli.
-Ancaq məqsədinizi izah etmədiniz.
-İzah etdim; hava almaq, baxmaq və sadəcə gəzmək üçün.
-Bunu tez-tez edirsiniz?
-İllərdir, hər gecə.
Küçənin ortasında dayanan polis maşınının radiosu guruldayırdı.
-Yaxşı, cənab Mid – dedi.
-Elə bu? – soruşdu Mid nəzakətlə.
-Bəli, – dedi səs – Bura, – bir şey fısıldadı, o birisi şaqqıldadı, maşının arxa qapısı açıldı – İçəri keçin.
-Bir dəqiqə, mən heç nə etməmişəm!

-İçəri!
-Etiraz edirəm!
-Cənab Mid!!!
O, sərxoş adamlar kimi yeriməyə başladı. Maşının pəncərəsinə yaxınlaşanda içəri baxdı. Təxmin etdiyi kimi nə yan oturacaqda, nə də sükan arxasında adam yox idi.
-İçəri keç.

Əlini qapıya qoyub arxa oturacağa baxdı, bu balaca qəfəsə, balaca, qaranlıq həbsxana hücrəsinə oxşayırdı. Döyülmüş polad qoxusu gəlirdi. Kəskin antiseptik qoxusu gəlirdi. Hədsiz təmizlik, ağırlıq və metal qoxusu gəlirdi. Burada yumşaq heç nə yox idi.

-Evli olsaydınız, arvadınız alibinizi təsdiqləyərdi, – dedi dəmir səs – ancaq…
-Məni hara aparırsınız?
Elə bil, maşın çəkindi, vızıltı və yenə şaqqıltı səsi eşidildi, elə bil, içəridəki məlumat mexanizmi bir kartda dəlik açıb oxutmaq üçün elektrik gözlərin qarşısına gətirdi.

-Reqressiv meylləri araşdıran Psixiatriya mərkəzinə.
O, qəfəsə girdi. Qapı sakitcə bağlandı. Polis maşını boş küçələrlə irəliləyir və ancaq öz yolunu işıqlandırırdı. Bir dəqiqə sonra o ev göründü. O ev başqalarına bənzəmirdi. Ancaq bu küçədə, ancaq bu evin bütün işıqları yanırdı, dördkünc pəncərələr gecənin soyuq alaqaranlığında alovlanırdı.

-Bax, mənim evim, – dedi Leonard Mid.
Ancaq ona heç kim cavab vermədi. Maşın küçələrdən, qurumuş çayların çınqıllı yataqlarından, keçib boş körpüləri, boş səkiləri arxada qoyub uzaqlara gedirdi.
Şaxtalı noyabr axşamında başqa heç yerdə nə bir səs, nə bir hərəkət var idi.

Tərcümə etdi: İlahə ƏkbərБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI