manera.az
manera.az

Qəbirqazan - Maksim Qorkinin hekayəsi

Qəbirqazan - Maksim Qorkinin hekayəsi
Mən qəbiristanın gözətçisi Bodryakinə, onun çoxdan arzu etdiyi qarmonu bağışlayanda, bu qarışıq saçlı, taygöz, qəbirqazan sağ əlini ürəyinin üstünə bərk-bərk sıxdı, böyük bir sevinclə, mehriban baxışlı, bəzən də dəhşətli baxan tay gözünü yumaraq dedi:

– Eh-h...

Həyəcandan nəfəsi təngişdi, keçəl başını yırğaladı və bir nəfəsə dedi:

– Leksey Maksimiç, siz öləndə, görərsiniz, sizə necə qulluq eləyəcəyəm!

O hətta qəbir qazımağa gedəndə də qarmonu özü ilə aparırdı; yorulanda məhəbbətlə və yavaşdan “Polka” havasını çalmağa başlayırdı. Bodryagin bu havanı bəzən fransız “prononsilə” – “Tren-blan”, bəzən “Dryan-bran” adlandırırdı. Bu, Bodryakinin çala bildiyi yeganə musiqi əsəri idi.

Bir gün belə oldu ki, keşiş bir az kənarda cənazə duasını oxuyanda Bodryagin qarmonu çalmağa başladı. Keşiş duanı oxuyub qurtarandan sonra Bodryagini yanına çağırıb söyməyə başladı:

– Ölənləri təhqir edirsən, heyvan!

Bodryagin şikayətlənərək mənə dedi:

– Əlbəttə, mən yaxşı iş görmədim; bəs axı o haradan bilir ki, ölü bundan inciyər?

O inanırdı ki, cəhənnəm yoxdur; yaxşı adamların ruhu, bədən öləndən sonra, “ən təmiz” cənnətə uçur, günahkar adamların ruhu isə, bədən çürüyənə qədər qəbirdə yaşayır.

– Bundan sonra torpaq ruhu havaya buraxır, külək onu cansız toza döndərib dağıdır.

Mənim çox istədiyim Nikolayeva adlı altı yaşlı qızı qəbirə qoyub basdırdılar, hamı qəbiristandan keçəndən sonra Kostya Bodryagin qəbirin üstünü bel ilə vura-vura mənə təsəlli verməyə başladı:

– Dostum, sən dərd çəkmə! Bəlkə o dünyada başqa cür sözlər, bizim sözlərdən daha yaxşı, daha fərəhli sözlər deyirlər. Ya bəlkə də heç bir söz demirlər, elə ancaq vilovonçel çalırlar.

Musiqini o çox məzəli bir məftunluqla, təhlükəli vurğunluqla sevirdi: uzaqdan hərbi orkestrin, şarmankanın, ya da royalın səsini eşidəndə o saat boynunu səs gələn tərəfə uzadaraq bütün diqqətini toplayırdı, əllərini dalına qoyur, gözü ilə qulaq asırmış kimi, qara gözlərini geniş açaraq yerindəcə donub qalırdı. Bəzən o, küçədə bu cür donub qalırdı; musiqinin səsindən valeh olaraq arabaçıların çığırtısını eşitmirdi, təhlükəni görmürdü; atlar iki dəfə onu vurub yıxmışdı, faytonçular dəfələrlə onu qamçılamışdı.

O bunun səbəbini belə izah edirdi:

– Musiqi səsini eşidəndə elə bil çayın dibinə batıram!

Bodryagin özündən on beş yaş böyük – onun yaşı qırxı keçmişdi, – Sorokina adlı əyyaş bir qəbiristan dilənçisi ilə “yaxınlıq” edirdi.

Bodryagindən soruşdum ki:

– O arvad sənin nəyinə lazımdır?

– Bəs ona kim təsəlli verər? Məndən başqa heç kim Axı mən ən çarəsiz adamlara təsəlli verməyi xoşlayıram. Mənim öz dərdim yoxdur, odur ki, başqasının dərdinə kömək edirəm.

Biz qovaq ağacının altında dayanmışdıq; qəfildən şiddətli iyun yağışı yağmağa başladı. Kostya daz kəlləsinə tökülən yağışın altında ləzzətlə büzüşərək deyirdi:

– Mənim sözüm göz yaşını qurudanda xoşuma gəlir...

Görünür Bodraginin mədəsində xərçəng xəstəliyi var idi, onun ağzından iylənmiş meyit qoxusu gəlirdi, tez-tez qusurdu, yemək yeyə bilmirdi; amma cəld işləyirdi, qəbiristanda gümrah gəzirdi. O başqa bir gözətçi ilə “duraçki” oynadığı yerdə ölmüşdü.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031