Şüşə qırığı - İsveç yazıçıdan 3 qısa hekayə
Melker İnqe Qaray - 1966-cı ildə Çilinin Tokopilya şəhərində anadan olub. 1970-ci ildə ailəsi ilə İsveçə köçüb. 2008-ci ildə çap olunan "Kilsə gözətçisinin gizli qeydləri" romanı ilə tanınıb. Roman və novellaları dünyanın bir çox dillərinə tərcümə edilib.
Xaç
Xaç əzəmətli kilsə qülləsini bəzəyib kəndin başı üstündə ucalır və orada yaşayanlar haqqında hər şeyi bilir. Məsələn, quyunun yanındakı kişi haqqında. O, axşam evə kefli gələrək arvadını huşunu itirənəcən döyüb. Belə səhnə kifayət qədər tez-tez təkrarlanırdı. Uşaqlar bunu görüb ağlaşırdılar... Ancaq arvad növbəti gün, adətən, ərini bağışlayır və çalışırdı ki, uşaqlar bir gün əvvəl gördükləri dəhşəti unutsunlar. Bazar günü isə belə gözəl dünya yaratdığına görə Tanrıya dua eləyirdilər.
Bəli, xaç öz kəndini və orada yaşayanları tanıyırdı. Əlbəttə, onların arasında ləyaqətli insanların olduğuna da şübhə eləmirdi. Ola bilsin, xaç məhz bu müdrikliyinin sayəsində kənd sakinlərinin bütün günahlarını bağışlaya bilirdi. Ancaq xaç bir şeyi bağışlaya bilmirdi. Pastor onu heç kim görməyəndə ağlagəlməz iyrəncliklər eləyirdi.
Gecə düşdü və xaç qara səmanın fonunda ucaldı. O, pastorun bir möcüzə haqqında danışdığını xatırladı. Pastor demişdi ki, hər möcüzə Tanrının mükəmməl dünya yaratdığının göstəricisidir. Elə bir dünya ki, orada şərə yer yoxdur. Xaç pastorun sözləri barədə xeyli düşündü. Onun haqlı, eyni zamanda haqsız olduğunu da bilirdi. Çünki dünya sitəmli möcüzələrlə dolu olsa da, ideal dünyada möcüzə ola bilməzdi. Axı pastor hər dəfə uşağı sığallayanda əsl möcüzə baş verirdi.
Çoşqa
Oskar dayanıb uzaqdan ona baxan qıza əvvəlcə fikir vermədi. Qız ciddi təsir bağışlayırdı. İstədi qızı bir az əyləndirsin, hoppanıb-düşsün. Bu gün özü şən ovqatda idi. Ancaq qızın əhvalı dəyişmədi. Qızdan niyə kefsiz olduğunu soruşdu.
– Mən fikirləşirəm, – qız dedi.
Və xeyli susdu.
Ancaq sonra Oskardan soruşdu:
– Bax, sən çoşqasan, nə üçün yaşadığını heç bilirsən?
Əvvəllər Oskardan bunu heç kim soruşmamışdı, ancaq nə cavab verəcəyini bilirdi: həyatı sevdiyim üçün yaşayır...
– Bilirəm, həyatı sevdiyim üçün yaşayıram, – o, şən halda cavab verib, sevincək hoppandı.
Ancaq qız bilirdi ki, elə deyil, o, heç də həyatı sevdiyinə görə yaşamır. Qərara aldı ki, ona düzünü desin. Çünki valideynləri ona həmişə həqiqəti deməyi öyrətmişdi.
Oskar hələ də qızın yanında hoppanıb-düşürdü. Qız qəfil anladı ki, çoşqa həyatı, doğrudan da, sevir. Özlüyündə bunun çox yaxşı olduğunu fikirləşdi. Ancaq sonra yenə xatırladı ki, ata-anası ona həqiqətin tərəfində olmağın vacibliyini dönə-dönə söyləyib.
– Mənə qulaq as... – qız dedi.
Oskar yastı burnunu qaldırıb həyəcanla baxan xırda donuz gözlərini ona zillədi.
– İndi sənə bəzi şeylər deyəcəyəm. Sən ona görə yaşayırsan ki, atam belə istəyir. Ancaq günlərin bir günü fikrini dəyişəcək. Daha sənin yaşamağını istəməyəcək.
Balaca Oskar qorxu ilə ona baxdı.
Qız isə sözünə davam etdi:
– Burada nə qədər istəyirsən hoppanıb-düşə bilərsən. Ancaq atam gec-tez sənin boğazını kəsəcək.
Qızın sözlərindən sonra Oskarın rəngi qaçdı. O, şoka düşmüşdü. Qız isə özündən razı qalmışdı, axı həqiqəti demişdi, ən vacibi də məhz bu idi.
Sabahısı gün Oskar yoxa çıxdı. Onu hər yerdə axtarsalar da, gördüm deyən olmadı. Sanki yer yarılıb, içinə girmişdi. Bir həftə sonra isə hamı onu unutdu.
Yarım il sonra qız meşədə azdı. O, ağacların arasında dayanıb hansı tərəfə gedəcəyini bilmirdi. Birdən onu kiminsə çağırdığını eşitdi.
Səhəri gün qızı bataqlığın yaxınlığında tapdılar. Meyiti yarıya qədər yeyilmişdi.
Şüşə qırığı
Meşədəki ağacların heç biri kiçik kolu vecinə almırdı. Gündüz ağaclar günəşin qabağını kəsir və ona yuxarıdan aşağı rişxəndlə baxaraq öz təkəbbürlü kölgələrini üstünə salırdılar. Şər qarışanda isə onun haqqında qeybət eləyirdilər. Hə, həmişə belə olub, həmişə də belə olacaq. Kolun isə onları görməyə gözü yoxdu.
Bir dəfə iki sevgilinin meşəyə gəzməyə gəldiklərini gördü. Onun yaxınlığında yerdə oturub səbətdən yemək çıxararaq yeməyə başladılar. Kiçik kol maraqla onlara baxıb başa düşdü ki, bu adamlar xoşbəxtdirlər və bir-birini sevirlər.
Səhər günəş meşənin başı üzərində işıq saçdı. Hündür ağaclar gün işığının qarşısını kəsməyə çalışsalar da, bir neçə işıq şüası ona da toxundu. Kol gün işığının istisini hiss etmək üçün boynunu dikəldəndə nəsə diqqətini çəkdi. Sevgililərin dünən oturduğu mamırın üstündə şüşə qırığı gördü – o, gün işığında parıldayıb rəngdən-rəngə düşürdü. Kol şüşəyə baxdı və qaranlıq çökəndə şüşə qırığının dünyaya baxışının dəyişdiyini düşündü.
Bir neçə gündən sonra günəş yenə parlaq işıq saçır, şüşə qırığı heç vaxt olmadığı kimi parıldayırdı. Kiçik kol bunu görüb acı-acı gülümsədi.
Düşündüyü kimi də oldu. Şüşə qırığının yanındakı bəzi quru yarpaqlar tüstüləməyə başladı. Bir azdan od tutub alışdılar. Alov sürətlə yayıldı. Kiçik kol alovun ona da sıçrayacağını başa düşdü. Hə, o öləcək. Ancaq tək yox. Ona əzab verənlər də ölməyə məhkumdurlar və bu fikir onu sevindirirdi.
Ətrafdakı böyük ağaclar alışdı, onların ümidsiz çığırtıları eşidildi. Ancaq kol, əlbəttə, gülürdü. O, xoşbəxtlikdən gülürdü, çünki alov sanki bütün kədərini yandırırdı. /anadil.az/
Saday Budaqlının tərcüməsində