manera.az
manera.az

Uzaqlarda tək-tənha - Lorkanın şeirləri

Uzaqlarda tək-tənha - Lorkanın şeirləri
Manera.az ispan ədəbiyyatının böyük şairi Federiko Qarsia Lorkanın şeirlərini təqdim edir:

GİTARA

Başlanır
gitaranın
yanıq-yanıq naləsi.
Çiliklənir, tökülür
səhərin piyaləsi.

Nalə çəkir gitara!
Ondan sükut ummayın,
nahaqdan üz vurmayın –
çətin, çətin qurtara!

Nalə çəkir gitara!

Ağlayır arx boyunca
sellər ağlaşan kimi,
qarlı çöllər boyunca
yellər ağlaşan kimi...
Allahı sevərsiniz –
yalvarmayın o sussun!

Qürub o cür ağlayır
dan şəfəqindən ötrü,
O sayaq ağlayır ox –
hədəfdən ki yan ötdü!

Gün altda qovrulan qum
eləcə zülüm-zülüm,
eləcə için-için
ağlayır bir çiçəyin
sərin kölgəsi üçün!

İlan çalmış quşcuğaz
o cür
dünyadan köçür –
köçür sinəsi dağlı...

Ah, gitara, gitara –
beş amansız xəncərin
biçarə qurbanlığı!

KƏND

Çılpaq dağın ətəyində
balaca kilsə.
Qaranlıqda gözə dəymir
bir özgə kimsə.

Göz yaşıtək duru sular
çatıb qaşını,
Qoca zeytun ağacları
əyib başını.

Dar küçədə arxalıqlı
beş-üç adam var.
Bir də qüllənin başında
tanış yelqovan –

Bütün günü hey fırlanır
ara vermədən,
Gecə-gündüz, gündüz-gecə –
sonsuza qədər.

Sən ey mənim qəmli yurdum,
ah, Əndəlüsüm,
Göz yaşında itib-batmış
kəndim, ulusum...

DƏNİZ SUYU HAQQINDA BALLADA

Dodaqları göy dəniz,
dişləri köpük dəniz
baxır, baxır bayaqdan,
gülümsəyir uzaqdan...

– Sinəsi göz deşən qız,
nədir gözündəki bu həsrət sənin?

– Dəniz suyudur, ağa,
satdığım köpüklü dəniz suyudur.

– Qanı qarışıq oğlan,
nədir şırıldayan damarlarında?

– Qan deyil, sudur, ağa,
dənizin suyunu daşıyıram mən.

– Üzündən seltək axan
duzlu göz yaşları hardandı, ana?

– Dəniz suyudur, ağa,
şor suyu gözümdən axıdıram mən.

– Aç mənə öz sirrini,
ürəyim, bu acı hardandı səndə?

– Yaman acıymış, ağa,
lap zəhər kimiymiş dənizin suyu...

...Dodaqları göy dəniz,
dişləri köpük dəniz
baxır, baxır bayaqdan,
gülümsəyir uzaqdan...

ATLININ NƏĞMƏSİ

Kordoba
uzaqlarda tək-tənha.

Ay başımın üstdə,
köhlənim qara,
heybəm zeytunla dolu;
amma Kordobaya gedib çatmaram,
yaxşı tanısam da bu uzun yolu.

Gecə Ay qırmızı,
köhlənim qara,
geniş düzənlikdən keçdim yel kimi.
Qüllədən gözünü dikib yollara
əcəl Kordobada gözləyir məni.

Bu yollar nə qədər uzunmuş, Allah!
Atım çapıb gedir qorxu bilmədən.
Amma Kordobanı görməzdən qabaq
Qorxuram ölümlə qarşılaşım mən!

Kordoba
uzaqlarda tək-tənha.

Tərcümə: Mahir N.QarayevБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031