manera.az
manera.az

Şuşanın azadlıq gecəsi - Aqşin Evrənin şeiri

📅 08.11.2022 15:21

Şuşanın azadlıq gecəsi - Aqşin Evrənin şeiri
(Şəhidlərə əbədi hörmət və sevgi ilə)

O ağır gecəydi, ağır gecəydi,
Göyün dörd yanından od əllənirdi.
Bir ulduz axanda arzu tuturdun,
Göydə arzular da güllələnirdi.

Havada nəsə bir doğmalıq vardı:
Həyat oyanmışdı Şuşanın üstə.
O gecə başqaydı, dünya donmuşdu,
Allah dayanmışdı Şuşanın üstə.

Yol çətin, sıldırım, zülmət, sazaqdı
Dedilər, alınmaz bu qala şəhər.
Bir baxsan, deyərsən, ən sərt qucaqdı
Qəfəsə salınmaz bu qala şəhər.

Döyüş başlayan an dayandı zaman
Əsgərin gül qoxan ümidlərində.
Qoşuldu döyüşə elə bu anda
Doxsan ikinci il şəhidləri də.

Əsgərlər gəlirdi gözlərində qan!
Əyilməz, bükülməz dizlərində qan!
Bir ayaq vücuddan qopub qalırdı,
İrəli gedirdi bir ayaqları.
Qalxırdı əsgərlər qan axa-axa
Şuşanın sıldırım qayalıqların.

Səmada mərmilər yüz min qarğaydı,
Düşmən hücumları dalğa-dalğaydı...

Komandir rabitə əlaqəsində
dedi: “Kömək lazım, indi dardayıq”.
Qəfildən kim isə tutub qolundan
dedi: “Möhkəm olun, biz də burdayıq”.

Komandir geriyə çevrilib gördü
Albert Aqarunov durub yanında.
Canından qəfil bir üşütmə keçdi,
Gücü-cəsarəti daşdı qanından.

Baxdı məğrur-məğrur köməyə gələn
doxsan ikinci il şəhidlərinə.
Bir anda bayrağı alıb əlinə
“İrəli!” bağırdı igidlərinə.

Əsgərlər başıdik girdi şəhərə
Hər biri ucaboy, minarə kimi.
Bu döyüş meydanı qan dəniziydi,
Şuşa bu dənizdə batmayan gəmi.

Şəhər azad oldu, qayıtdı vətən.
Amma o igidlər gəlmədilər ki.
Tarixə yazıldı müqəddəs cümlə:
“Şəhidlər sağdırlar, ölmədilər ki”.

Aqşin Evrən


Baxış sayı - 1 098 | Yüklənmə tarixi: 08.11.2022 15:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031