manera.az
manera.az

“Şair olmaq zülümdür”ə ədalətli yanaşma

“Şair olmaq zülümdür”ə ədalətli yanaşma
Şeirsiz toplum yoxdur, Şairlərə isə toplumdan uzaq durmaq – tənha qalmaq xoş gəlir. Yəqin elə şeir də həyatın bu cür təzadlarından yaranır.
Bəlkə də ilk şair – bir axşam bir təpəlikdə göy üzündəki ulduzlara baxan, onların özəlliyini, gözəlliyini duyan, onlarla sözəlləşən (danışan) ilk insandır. Kim bilir... Duymaq, yazmaq və oxumaq dilin orbitində fırlanan bir-birinə bağlı bədii fəaliyyətdir. Bu fəaliyyət o zaman uğurlu olur ki, oxucu yazarı duysun.


İbrahim İlyaslının “Şair olmaq zülümdür” şeirlər kitabını duya-duya, doya-doya oxudum. “Şair olmaq zülümdür”ə söz demək çox asandı, çünki kitab özü buna əsas verir.

İ.İlyaslı dilimizin, ədəbiyyatımızın keşiyində dayanan, milli-mənəvi dəyərlərinə sahib çıxan, əslini unutmayan, barışdan yana, türk olmanın haqlı qürurunu yaşayan şair, ozan, eyni zamanda müasir ədəbiyyatımızın – ümumilikdə mədəniyyətimizin xidmətində dayanan söz adamıdır. Şeirlərinin dili yüz illərin xalq ozanlarının dili kimi sadə, anlaşıqlı, məzmun və mənası elm, təfəkkür sahiblərinin fikrləri qədər dərindir.

İ.İlyaslının şeirləri əbədiyaşardır. Çünki, o kökü keçmişə bağlı bir irfan şairi olduğu qədər də gələcəyə bağlıdır. Hidayətə, elmə, nura, izzətə, şərəfə aid qafiyələr bulduğu yuxularına söykənən adamdır. Günümüzdə ətrafdakı bəzi insanların aqressivlikdən doğan ateistliyi şairdən yan keçib, onun Tanrısıyla arasına kölgə sala bilməyib. Bəlkə də bu daxili inamı, müsbət xüsusiyyətləri - kökdən aldığını tumurcuğa ötürə bilmə qabiliyyəti ona biri-birindən dəyərli şeirlər yazmağa imkan verir.

Adam bəzən həyatı görüb yaşamaqdan yorulanda, onu oxuyub yaşamaq istəyir. (Çünki indiki maddi həyatda mənəvi kasadlıq hökm sürür.) Belə durumlarda gözlər İbrahim İlyaslını – səyyar kitabxananı dinləmək, ya da sakit bir guşə tapıb şeirlərində dincəlmək istəyir. Onun şeirlərini şeirə yad biri dinləyəndə qeyri-adı söz oyunlarından ibarət bir musiqi dinləmiş kimi hiss edir, şeirə doğma olanlarsa təəccüb, bəzən bir az da qısqanclıqla dinləyir. Hər iki oxucu şairin:

Hardasan dünyanın halal Adamı,
Hardasan, varmısan? – Səsimə səs ver.
Məndən o tərəfə sən tükənirsən,
Səndən bu tərəfə mənə nəfəs ver.

Məndən o tərəfə, səndən bu yana,
Nə kökdədi dünya, xəbərin varmı?
Tapşırıb yellərə, büküb al-qana,
Bir ürək yollasam sənə çatarmı?

... Vurnuxub qalmışam dünya içində,
Mənə bir yol salğa özünə doğru.
Qurtulum bəşərin adiliyindən,
Sürünüm mübarək izinə doğru.


-harayına cavab vermək istəyir. Gedib ona qoşulub bu dəfə də dünyanın şəklini çəkmək istəyir:

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.
Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir
Ruhuma sular hopur.

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.


Şərq ədəbiyyatının sevimli janrıdır faciə. İbrahim Əfəndinin faciəsi Cavid Əfəndinin faciəsinə oxşardı – böyük anlamda SEVGİdən doğur. Sevgidən yaranan faciə isə öldürmür, yaşadır. Çünki orda İlahi qüdrət var, İlahi qüdrətin açarı da şairin əlindədir – o açar SÖZdür.

İ.İlyaslının kitabını satışdan hamı ala bilər, amma məncə o kitabı hər pulu olan yox, təfəkkürü, ruhu və qəlbi olanlar almağa layiqdirlər. Onun yazdıqları haqqa, sevgiyə və insanlığa xidmət edir.

İ.İlyaslının şeirlərində nə Sabirin rişxəndini görərsən, nə Mirzə Cəlilin ironiyasını. Onun şeirlərində sadəcə ruh var – mistika var, lirika var, irfan var - tribunadan yox, sakit bir köşədə, bəzən sakit bir səslə oxumalısan. Onun şeirlərini özü demişkən, “nə qana-qana yazmaq olar, nə yaza-yaza qanmaq. Ona yetmənin bircə yolu var: Yanmaq, Yanmaq, Yanmaq!”
Mən dünyanın gen, zamanın dar vaxtında İ.İlyaslı dünyasının pəncərəsindən boylanıb gördüyümdən, bildiyimdən sadəcə bir ovuc sizlərlə paylaşmaq istədim.

Böyük ozan aşıq Veysəl deyir: “Uzun, incə bir yoldayam, yürüyorum gündüz-gecə.” Ömür deyilən bu incə yolda nə yaxşi ki, İ.Ilyasli kimi dəyərli bir qələm sahibi də haqqa doğru yürüyür.

55-in qutlu olsun, İbrahim Əfəndi!

ADİLƏ NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728