manera.az
manera.az

Təəssürat - Zaur Ərmuğanın hekayəsi

Təəssürat - Zaur Ərmuğanın hekayəsi
Yay təzəcə girmişdi, yaxşı yadımdadır. Atam məni istirahət etmək üçün kəndə -- əmimgilə gətirmişdi.

Üçüncü gün idi ki, burada qalırdım. Atam demişdi ki, on günə gələcək, bir-iki gün də burada qalıb şəhərə dönəcəyik. Doğrusu, elə sevinirdim ki... Bura qədər əmimgilə gəldiyimi güclə xatırlayıram, onda çox balaca olardım, bəlkə də, dörd-beş yaşda idim. İndi isə yeddinci sinfə keçmişdim. Atam söz vermişdi ki, nə olur-olsun, məni yay tətilində kəndə aparacaq. O vaxtdan nə gecələr gözümə yuxu gəlirdi, nə də gündüzlər bir yerdə qərar tuta bilirdim. Tez-tez kənd barəsində, əmimgil haqqında anama cürbəcür suallar verir, sualların çoxluğundan yazığı lap yorurdum da. Anam səbirlə məni dinləyir, çalışırdı ki, məni özündən narazı salmasın. Hər dəfə son sözü də bu olurdu ki, gedərsən, hamısını da öz gözlərinlə görərsən. Şəhərin səs-küyündən bir az uzaqlaşmaq, sakit və gözəl bir guşəyə çəkilib dincəlmək adama, doğrudan da, ləzzət eləyir. Odur ki, səbirsizliklə kəndə gedəcəyimiz günü gözləyirdim...

...Atamın maşını ilə gəldik. Yol boyu həsrətində olduğum kənd yollarını yel kimi ötürdüm. Yol qırağındakı iri gövdəli nəhəng meşə ağacları başımızın üstünü yaşıl çətir kimi örtmüşdü. Şosse yolundan aşağılarda geniş düzəngahlar boyunca uzanıb gedən əkin sahələri, tarlada işləyən çöl adamları, biçənək qoxusu məni özünə cəzb edirdi. Kəndin içərilərindən o baş-bu başa keçən torpaq yollar, ağac budaqlarından hazırlanmış çəpərlər, küçələrdə qurulmuş təndirlər, təndirlərin yan-yörəsindəki odunluqlar, arx boyu bir-biri ilə baş-başa verib cərgələnən yaşıl söyüdlər, həyətlərin taxta qapılırı, kənd evləri, kənd adamları mənə çox doğma, çox əziz görünürdü. Axı bu yerlər tez-tez mənim yuxularıma girirdi... Atam cəmi bircə gün qaldı kənddə. Şəhərə qayıtdı. Əmim bizi mehribanlıqla, hörmət-izzətlə qarşıladı. Əmidostum ürək yanğısı ilə bizə qulluq göstərirdi. Əmimuşaqları ilə elə ilk gündən dostluğa başladım. Bu yerlərin təbiəti də göz oxşayırdı: yaşıllıqlar çox idi, yaxşı təmiz havası, barlı bağları vardı. Bağçaya açılan geniş həyət, çiy kərpicdən tikilmiş kürsülü birmərtəbəli ev olduqca gözəl görünürdü. Gecələr eyvanda yatırdıq...

...Əmim kəndəki təsərrüfatların birində traktorçu işləyirdi. Bir dəfə məni traktora mindirib çölə də aparmışdı. Özü də pin yığmağa. Düzü, bu vaxta kimi pinin nə demək olduğunu bilmirdim; nə gözlərimlə görmüşdüm, nə də adını eşitmişdim. Əmimoğlanları Nicat da, Samir də deyirdi ki, bura taxıl sahəsi olub, indi arpa biçilib yığılmış, yerdə ancaq küləş qalmışdı. Samir əlindəki uzun saplı yavanın dişlərini yerə bərkidib mənə küləşdən danışırdı. Mən başa düşdüm ki, biçimdən sonra taxılbiçən maşınlardan yerdə qalan və üst-üstə yığılmış sapsarı, uzun-uzun, cod sünbül budaqlarının sahənin ayrı-ayrı hissələrinə topalanmış qalaqları elə küləşdir. Nicat zarafatla mənə deyirdi:

-- Əşşi, səninki diskotekadır, nə biləsən ki, küləş nədir?!
Samir araya söz qatırdı:
-- Elə demə, neyləsin daha, şəhər uşağıdır.
Gülürdük. Deyirdim:
-- Şəhərə gələrsiniz, sizə...
Sözümü ağzımda qoyurdular:
-- Bizə göstərərsən ki, şəhər uşağı necə olur, nələr eləyir.

Yenə bir-birimizlə zarafatlaşaraq sahəni dolaşırdıq. Uzaq çöllüklərdən yol götürüb gələn xəfif yel üzümə su kimi səpilirdi. Əmim kənardan bizi çağırdı. O, yava ilə küləşi qaldırıb yana atır, altdakı yumşaq, oğuq kəpəkləri bir yerə komalayırdı. Üzünü mənə tutub dedi:
-- Xaralı, siyəzini gətir, tez ol.
Mən cəld traktorun yedəyinə qalxdım. Orada taxta parçaları, dəmir məftil qırıqları, kisələr, bez örtüklər vardı.
Çaşıb qaldım. Əmim məni başa düşdü. Qışqırdı:

-- Taxtaları arala, altındakı kisələri gətir.
Elə də etdim. Kisələri pinlə doldurub traktora yüklədik. Əmim deyirdi ki, ehtiyatlı davranmaq lazımdır. Küləşin altında ilan olur, pin olan yerdə isə əqrəb gəzir.
-- Bildin, pin nədir? -- Bilirsən, bunu qoyun nə təhər yeyir? Gözünə təpir!

Yığışıb getməyə hazırlaşırdıq ki, motoskletlə söyüdlü yolun kənarında dayanan başı həsir papaqlı birisi kanalı aşıb bizə sarı gəldi. Əmim onu
tanıyırdı. Kişi əmimlə görüşdükdən sonra yaxına gəlib bizimlə də əl-ələ tutdu. Kənara çəkilib beş-üç dəqiqə söhbət etdilər. O, əmimə pul verdi.

Əmim pulu cibinə qoyub traktorun kabinəsindən götürdüyü bağlamanı ona uzatdı. Kişi bağlamanı açmadan bizimlə xudahafizləşib geriyə döndü. Biz də yola düzəldik. Traktora minəndə əmim mənim kabinədə gedəcəyimi bildirdi. Nicatla Samir isə yük yerinə dırmandılar. Yol boyu əmim mənə cürbəcür suallar verirdi. Onun qəribə hərəkətləri, qəfil sualları, özünə məxsus gülüşü ilk andan diqqətimi çəkmişdi.

-- Məktəbdə yaxşı oxuyursan, deyəsən? Afərin! Oxu, oxu! Amma oxumasan da, olar. Əsas odur ki, gərək işdən baş çıxarasan. Yox, oxusan, yaxşıdır. Atan kimi institutda dərs deyərsən tələbələrə. Oxu, ol alim. Vallah, düz deyirəm. Rəhmətlik atam məni oxutmadı. Bilirsən, niyə?

Haradan biləydim? Dedim:
-- Niyə?
Tez cavab verdi:
-- Oxumaq istəmirdim axı. Oxumaq mənim nəyimə gərəkdir?! Sənə bir sual verim. Cavavını bilsən ha, sənə zaval yoxdur, olacaqsan bərk gedən oğlan. De görüm, Böyük Fransa Burjua inqilabı nə vaxt olub?

Əmimin qəfil sualı məni lap çaşdırdı. "Əmim hara, burjua inqilabı hara?" -- düşündüm. Axı necə biləydim? Belə mövzular yuxarı siniflərdə keçirilir, mən isə altıncı sinfi bitirmişdim. Amma inanmırdım ki, əmim bu sualın cavabını dəqiq bilə. Çünki elə özü deyirdi ki, dərs oxuyan olmayıb. Ona görə də hər hansı təxmini rəqəmi söyləyə bilərdim, gedib tarix kitabını vərəqləyən deyildi ki. Özümü sındırmamaq üçün dedim:

-- 1764-cü ildə.
-- Əhsən! -- Əmim dodaqlarını uzadıb üzümdən öpdü. Bunu sezdirməsəm də, içimi gizli bir gülüşmə bürüdü.
-- Onda bir dənə də təzə sual: mismar nədir, qadax nədir?
Ha fikirləşdim, mismarı izah etsəm də, qadaxdan baş çıxara bilmədim. Əmim dedi:
-- Sən şəhər uşağısan, belə şeyləri bilməzsən. Qadax da elə mismardır, ikisi də eyni şeydir, başa düşdün?

Əmimin dediklərini başımla təsdiq etmək istəyəndə onunla alın-alına dəydik. Traktor bizi dərəli-dürəli torpaq yolda hey atıb-tutur, isti canımızı əzirdi. Sonra yenə alnım əmimin alnına keçdi. Alnımdan bir ağrı qopdu, bayaq yulğun kollarının kölgəsində yediyim o bir tikə pendir-çörək burnumdan gəldi. Əmim bunu hiss etdi:
-- Çəkişməsən, bərkiməzsən!
Sonra yenə başladı:
-- Bura bax, yaxşı yadıma düşdü, sən bilmirsən, siyəzi nədir? Kisədir də, kisə! Ala, bəs deyirlər, şəhər uşaqları zirək, gözüaçıq olur, yatmısan ki sən. Qoçaq ol, qoçaq! Qızbibi olma, yoxsa arvad çıxıb oturar boynunda. Kişi ol! Eşitdin?

Əmim danışırdı:
-- Kişi dedim, yadıma düşdü. Bayaq o gələn başıpapaqlını gördün? Neçə ildir, bir yerdə işləyirik. Yaxşı oğlandır, can-ciyərdir də. Uzunboğaz çəkmə lazım idi ona, demişdim ki, məndə var, heç ayağıma geyinməmişəm. Odur ki, bura gələndə bağlamanı gətirdim onun üçün. Amma sənə bir söz deyim, heç kəsə demə: "səsi sabah çıxacaq."
O saat hiss etdim ki, əmimim burada bir fırıldağı var.
Kəndə çatdıq. Çox yorulmuşduq. Həyətdə bizi əmidostu qarşıladı:
-- Bıy-bıy! Yazıq uşaqlar gün altda möüzə dönüblər. Gedin qulabana.

Əmim tez dilləndi:
-- Qardaşoğlu, birdən elə bilərsən, əmidostun quleybanıdan danışır ha! Qorxma, qulaban deyir, yəni, gedin evin böyür tərəfinə, yelçəkən yerə, sərinə.
Hamımız gülüşdük.
-- Elə demə, ay Zakir. Uşaqdır, xətrinə dəyər. -- Əmidostumun səsini eşitdim.

Ana dilindən keçdiyimiz dialekt və şivələrdən danışırdı əmim. Ədəbi dil məsələsi öz yerində, axı məhdud çərçivədə işlənən, məhəlli səciyyə daşıyan, kənd və rayon ərazilərində işlənən bəzi sözlər, ifadələr də var ki, ümumişlək xarakter daşımır, hamı tərəfindən başa düşülmür. Təbii ki, mənim ata yurduma xas olan bir çox sözlər də var ki, bunlar yalnız bu ərazilərdə yaşayan yerli əhalinin leksikonunda rast gəlinir. Bunları yaxşı bilirdim, amma onu bilmirdim ki, bizim də bu kənddə camatın dilində, ağzında dolaşan maraqlı sözlər, bu vaxta kimi heç yerdə eşitmədiyim belə gözəl ifadələr var. Onu da sonralar öyrəndim ki, əmimin dediyi o inqilab 1789-1794-cü illərdə baş verib. İş bunda deyildi.

Axşama az qalırdı. Birdən küçə qapısının arxasından ağır sürətlə gələn motoskletin qulaqbatıran səsini eşitdik. Əmimi bərk gülmək tutdu. Mən də əmimi anladım. Çöldə bizə rast gələn başı həsir papaqlı ola bilərdi bu. Əmim mənə göz vurdu. Ayağa qalxıb arxasınca getdim. Zənnim düz çıxmışdı. Çöldən gələn bayaqkı kişi yarı ciddi, yarı məzəli görkəmdə əmimə yaxınlaşdı. Gözlərini əmimin gözlərinə zəndlə dikib səs-səmisiz bağlamadakı uzunboğaz çəkmələri əli ilə çıxarıb yerə atdı. Çəkmələrin ikisi də solaxay idi. Bunu əmim bilə-bilə bu cür etmişdi. Kişi incik adamlar kimi dodağı altında nə isə deyirdi:

-- Gör haraları dolaşıb gəlmişəm bura?!
-- Vallah, sənin xətrini çox istəyirəm, özün bilirsən. Sən Allah, incimə. Gör nə vaxtdır, qapımı döymürsən. Yaxşı eləyib gəlmisən. Qonağım ol, keç içəriyə.
O gün əmim axşama kimi çöldən gələn o adamla yeyib-içdi, deyib-güldü.
Çölə pinə getdiyimiz gün də belə qaldı yadımda.

Əmimin qəfil qəribəlikləri çox idi. Hərdən mənə yaxınlaşanda ya qulağıma çırtma vurar, ya da qucaqlayıb böyür-başımı qıdıqlayardı. Bir dəfə isə meynə talvarının altında meyvə yeyidiyimiz zaman əmimim ağlına yenə yeni bir fikir gəldi: kişi başımı daz vurdurmaq istəyirdi. Oğlanları Nicatın, Samirin başını çoxdan ülgücə vermişdi. Dedi:

-- Neyləyirsən bu qədər tükü? Balışa yığacaqsan, bəlkə? Dur, başını qaydaya salım.
Heyva ağacının altına keçdik. Kətildə əyləşdim. Köynəyimi çıxarıb ağ örtüklə büründüm. Əmim başqırxan maşınla saçımı qırxmağa başladı. Maşın köhnə olduğundan tez-tez saçımı çəkir, məni incidirdi. Canımı dişimə sıxmışdım. Nə edim, başqa çarəm yox idi.

-- Atan gələndə səni tanımayacaq. -- Əmim dedi. -- Yay gələn kimi həmişə saçını qırxdır. Sağlamlıqdır, həm də qoy təzə tük gəlsin başına. Neyləyirən bu sarı pişiyin tüklərini? Qoy tük sıx gəlsin, getdikcə də qaralsın.
Nicat da, Samir də qulluğumda idilər: mənim üçün kənarda ocaq daşı qurub su qızdırırdılar.
Maşının kütlüyündən başımı qırxa bilməyən əmim Samiri Elmir əmi dediyi qonşusuna göndərdi:
-- Elmir əmi təzə başqırxan maşın alıb, get onlara, de ki, atam göndərib, başqırxanı versin, gətir.
Gözlərimə işıq gəldi. Az sonra Samir əli ətəyindən uzun dodağını büzdü:
-- Elmir əmi deyir, uşaqlar oynadanda itiriblər.
Əmim o andaca dilləndi:
-- Simic oğlu simic! Paxılın biri! Ağciyər!
Sonra qaşını çatıb mənə dedi:

-- Dur ayağa, ala. Al bu başqırxanı, apar düz Elmir əmigilə, de ki, başqırxan maşınınızı biz tapdıq, uşaqlar oynadıb yorulanda bizim həyətə atıblarmış, maşını ver, götürsün, tez qayıt, gəl evə. -- Əli ilə göstərdi ki, bizim evdən bir ev o yanda olurlar, göy boyaqla rənglənmiş qapıları var,
iydə ağacı əkilib qapı ağzında.
Elə həmin əyin-başla şütüdüm Elmir əmigilə, tez də geri qayıtdım. Yenə kətildə oturdum. Əmim bir əlini başımın üstündə daraq eləyib o biri əlindəki qayçı ilə saçımı qırxıb qurtardı. Sonra başımı sabunladı. Ülgücü əlinə alanda bircə kəlmə dedi:
-- Tərpənmə!
Nəfəs alsam da, tərpənmədim. Əmim o gün başımı keçəl elədi.
Günlər bir-bir gəlib getdi. O yay əmimgildə keçirdiyim günlər bir göz qırpımında ötüb keçdi. Sonra atam maşınla gəldi, yenə bir gün qaldı. Sonra səhər tezdən şəhərə yola düşdük.

...Sonra böyüdüm. Ali təhsil aldım. Şəhərdə işlədim. Ailə həyatı qurdum. Övladlarım dünyaya gəldilər. Bu illər ərzində kəndə çox gəlib getdik. Əmiuşaqları da evləndilər, oğul-uşaq sahibi oldular. Bir-birimizi tez-tez yada saldıq. Axır vaxtlar xəstə olurdu əmim. Şəhərə gətirmişdik. Müalicəsini alıb geri dönmüşdü. Kənddə də gözləri üstündə saxlayırdılar kişini. Bu gün isə kəndən aldığım xəbər çox üzdü məni; əmim dünyasını dəyişmişdi. Atamın bircə qardaşı idi o. Telefonla əmioğlum Samirlə danışdığım vaxt gözlərimin qabağından əmimlə bağlı xatirələr an-an keçməyə başladı. Duzlu-məzəli söhbətləri, mehriban rəftarı, isti münasibəti bütün səmimiyyəti ilə bərabər, özünə məxsus olan qəribəlikləri yalnız ona xas idi. İndi Samirlə, sonra da Nicatla telefon söhbəti zamanı nədənsə atamla ilk dəfə əmimgilə getdiym, tətil zamanı kənddə keçirdiyim o yay günlərini xatırladım. O vaxtdan nə qədər illər ötmüşdü, nə qədər təəssüratlar iz buraxmışdı yaddaşımda, amma yenə o ilk təəssürat bütün olub keçənlərin içərisindən boy göstərib mənə baxır, mənə özünü xatırladırdı.

Yenə traktorla o uzaq çöllüklərə getdim, söyüdlü arxlardan su içdim, gün altında küləş dolu sahələri balaca uşaq addımları ilə dolaşdım, üzümə biçənəkli düzlərin üzərindən əsən küləklər yelpik çəkdi, burnuma yovşan qoxusu doldu. Əmimin suallarını, gülüşünü, qəribə hərəkətlərini, söhbətlərini yada saldım. Mən uşaqlaşdım, əmim isə cavanlaşdı... Sonra bir şeyi düşündüm: "Yenə atamın maşını ilə kəndə gedəcəkdim, amma bu dəfə yasa, həm də atam yanımda olmayacaqdı, yenə o qapıdan o gözəl həyətə girəcəkdim, amma daha əmimi görməyəcəkdim. Sonra əmimi atamın məzarı yanında dəfn edəcəkdik..."Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
1234567
891011121314
15161718192021
22232425262728
293031