Ayrılıq adında xəstəliyim var - Şeirlər
Bəhram Bilal oğlu Rəsulov 1989-cu ildə Neftçala rayon Aşağı surra kəndində anadan olub. "Haqqa gedən yol"şeirlər kitabının müəllifidir.
Şəklinə baxdım
Rəsmini çəkərək kətan parçaya,
Yaddaşıma keçmiş xatirə düşdü.
Sənin üzündə ki, saf gülüşlərin,
Fırçadan süzülüb şeirə düşdü.
Baxdıqca doymadım, şəklinə baxdım,
Ehh, nə gözəl sənli günlərim olub.
Kaş ki,bolmayaydı fırçam, kətanım,
Çəkməzdim sevgilim, gözlərim dolub.
Gözlərimdən axan yaşım olmusan,
Yuxuma gələrək, məni anmısan.
Nə işdi bu belə, daha bilmirəm,
Bəlkə itirdiyin adam sanmısan.
Çox illər keçsə də, həmin zamandan,
Sevgin iz qoyubdur, ləkəsi getmir.
Ayrılıq adında xəstəliyim var,
Dərmanlar atmışam,dərdimə yetmir!
Fani dünya
Güllər var, ətrindən heç doymaq olmur,
Olsa da tikanı, həmin güllərin.
Gözəllik axtaran,bağçaya gedən,
Batacaq tikana, sənin əllərin.
Sevin yaşadıqca, həm də sevilin,
Unudan olmasın, atan olmasın.
Məhəbbət bəsləyin, hörmət göstərin,
Adamlar qəlbinə kədər dolmasın.
Öndədir, ən gözəl şirin anların,
Aldanma yolların, dərə-təpədir.
İnsanlar dünyaya gələndən bəri,
Adamlar dünyada sanki ləpədir.
Pak deyil, fanidir, inanmayın heç,
Şirini - acıya satan dünyadır.
Haqsızlıq eliyən naxələf üçün,
Ədalət adamın atan dünyadır.
Sevən ürək
Qəlbimdə ömürlük məskən salmısan,
Çalış ki qal orda, getmə heç yana.
Günəş olub, ömrə şəfəq saçmısan,
Qoru saflığını, yazım dastana.
Bu daxildə olan gizli məhəbbət,
Sevən ürəklərdə gül açar solmaz.
Dodağlar quruyar, danışmaz dillər,
Bəzən xəyalına gəlməzsə olmaz.
Sevən könüllərin sevgi ocağı,
Alışır od tutur, tam başqa olur.
Eşqdən alovlanıb sevən bir ürək,
Yalnız o sevgidən qidalar alır.
Sən elə bir yerdə yurd salmısan ki,
Darıxmaq nədir heç bilməyəcəksən.
Hər zaman daxildən sığınıb mənə,
Yaddaşından de ki, silməyəcəksən.