manera.az
manera.az

Etibar Əbilov: - Vətənpərvər / Hekayə

📅 09.04.2022 18:19

Etibar Əbilov: - Vətənpərvər / Hekayə
(Şuşa şəhəri azad edilməmişdən 9 gün əvvəl yazılmış hekayə)

O bizə tarixdən dərs deyirdi.Bütün məktəb uşaqları ona “Patriot müəllim” deyirdilər.Kiçik şəhərimizdə onu hamı bu adla tanıyırdı.Əsl adı Binəli idi.Aşağı siniflərdə oxuyanda “patriot” sözünün mənasını bilməzdik.Yuxarı siniflərdə bildik bu sözün mənasını: “Vətənpərvər”.Demək,vətənini sevən adamlara Vətənpərvər deyirlər.Amma Binəli müəllimə bu adı iraniya ilə,ələ salmaq mənasında şamil edirdilər.Elə təsəvvür yaranmışdı ki,guya Binəli müəllim ağıldan kəm,ələ salınası adamdır.Amma mahiyyətə varanda görürdün ki,yox,elə deyil.Əslində o,ağır təbiətli,eyni zamanda qapalı,heç kəsə qoşulmayan bir insandı...Di gəl ki,bir çox qəribəlikləri olduğundan,bir qədər başqa çür təsir bağışlayırdı...Bu haqda bir qədər sonra...

Kiçik şəhərimizdə “Köhnə məhəllə” deyilən ərazidə,barak evlərin birində tək yaşayırdı.Əsli Zəngəzurdan idi (biz sonradan biləcəkdik ki,1918-ci ildə,ermənilər tərəfindən öz dədə-baba yurdlarından didərgin düşənlərdəndir).Buralarda bir qohumu da yox idi.Haçansa ailəli olmuşdu.1937-ci ildə,ağir repressiya zamanında həbs olunub Sibirə göndəriləndən sonra,həyat yoldaşı ondan boşanmışdı.Həmin o məşum 37-ci ildə Binəli müəllim,o vaxt rayonumuzda çap olunan “Bolşevik yolu” qəzetində işləyirmiş.Onu,hansısa çap olunmamış yazısına görə (kimsə həmin əiyazmanı gizlincə oxumuş və onu satmışdı) həbs etmişdilər.Stalin öləndən sonra,bəraət alıb yenidən şəhərimizə qayıtmşdı.Həbs olunmamışdan əvvəl APİ-nin tarix fakultəsini bitirmişdi...Nə isə...Əzablı,dəhşətli,məşəqqətli dustaq həyatından sonra Binəli müəllimi,vaxtilə işlədiyi qəzetdə işə götürməmişdilər.Bir neşə ay işsiz qalandan sonra,ucqar kəndlərimizin birində,tarix müəllimi kimi işə düzəlmişdi.1970-çi ildən şəhərimizdəki ən böyük məktəbdə (o vaxt şəhərimizdə 3 məktəb var idi) Tarix fənnindən dərs deyirdi. “Patriot” ləqəbini də o vaxtdan qazanmışdı.

Heç kəslə işi olmasa da,deyəsən başqalarının ona qarşı qəzəbi çox imiş...Əsasən müəllimlərin.Bizim məktəb beynəlmiləl məktəb olduğundan (şəhərimizdə çoxlu sayda rus,erməni ailələri yaşayırdı) təbii ki,məktəbimizdə rus bölməsi də var idi.Rus,erməni müəllimlər məktəbimizdə dərs deyirdilər.

İstər həmin o rus,erməni müəllimlər,istərsə də azərbayçanlı müəllimlərin bəziləri Binəli müəllimə həmişə yuxarıdan aşağı baxırdılar.Onu heç vaxt çiddiyə almırdılar.Demək olar ki,heç bir müəllim onunla yaxınlıq etmirdi.Amma deyəsən bu heç Binəli müəllimin eyninə də deyildi...O,bizə 10-cu sinifdən dərs deməyə başladı.Amma,o vaxta qədər biz onun dərslərindən elə söhbətlər eşitmişdik ki...Belə müəllimin məktəbdə,şagirdlərə tarix fənnini tədris etməsi,doğrudan da,o vaxt üçün-Sovet dövlətinin qılıncının qabağının da,dalının da kəsdiyi bir vaxtda-möcüzə kimi gəlirdi bizə.Binəli müəllimin haqqında əfsanələr gəzirdi.Bu əfsanələrdən biri də bu idi ki,Binəli müəllim guya 1963-cü ildə,o vaxt Sovet dövlətinin başçısı Xruşşova bir məktub yazib və həmin məktubunda Xruşşov kimi adamı quru yuyub,yaş sərib.Yalan idi,düz idi,bunu tək Binəli müəllim bilərdi.Binəli müəllimdə ki,haç kəsə sirr verən deyildi.

...10-cu sinifə keçdik.Bütün sinif uşaqlarımızın Binəli müəllimin dərsini necə səbirsizliklə gözlədiklərini indi də yaxşı xatırlayıram.Əvvəla onu bilirdik ki,Binəli müəllim bəzi başqa müəllimlər kimi əzazil deyil.Uşaqları incitməklə də arası heç yoxdur.Heç kəsə də,lap dərs oxumayan tənbəl uşaqlara da,2 verib sinifdə saxlamır.Dərsdə səs salan,şuluqluq edən uşaqlara da aqressivlik etmir.Amma,qəribəsi bu idi ki,Binəli müəllimə nə qədər “patriot müəllim” deyib lağ hədəfinə çevirmək istəsələr də,bu istəkləri heç vaxt baş tutmurdu.Binəli müəllim bir sirri-xüda idi.Onu şagirdlər arasında istəyən də,istəməyən də var idi.Amma heç bir şagird Binəli müəllimə nifrət etmirdi.Nə gizlədək,şagird olanda nifrət etdiyimiz müəllimlərimiz olub.Kim idi bu müəllimlər?- bəyənmədikləri Binəli müəllimə yuxarıdan aşağı baxan,əzazil,qiymət kəsən,lovğa müəllimlər.

...Binəli müəllimin ilk dərsindən danışırdım.Sinifə gəldi.Qara,köhnəlmiş,fəqət həmişə təmiz,ütülü və səliqəli kostyumunun (bütün il boyu bu kostyumu geyinirdi) döş cibindən dairəvi eynəyini çıxarıb gözünə taxdı,diqqətlə uşaqlara baxıb:
-Bu gündən Sizin tarix müəlliminiz mən olaçağam-dedi.
Sinifimizdə hamıdan dələduz olan Mütəllim bilərəkdən Binəli müəllimə ikibaşlı sual verdi:
-Müəllim,adınızı bilmək olar?
Binəli müəllim tam ciddi halda:
-Adım Binəlidir-dedi

Və ilk dərsi danışmaga başladı.Hiss elədik ki,tez-tez mövzudan kənara çıxır.Əsasən bu vaxta qədər eşitmədiyimiz tarixi hadisələrdən danışırdı.Yenə dərslikdəki mövzuya qayıdırdı.Bir müddət dərslikdəki mövzunu izah edib,yenidən söhbəti dəyişirdi.Həmin gün o bizə,əsasən Türk xalqlarının tarixindən danışdı.Türk xalqlarının qəhrəmanlığından,,onların şanlı keçmiş tarixindən.Özü də elə maraqla danışırdı ki,hamımız diqqətə qulaq kəsilib ona qulaq asırdıq.Dərsin bitməsinə 10 dəqiqə qalmış yenidən dərslikdəki mövzunun üzərinə qayıtdı.Dərsin sonuna bir neçə dəqiqə qalmış:

-Kimin sualı var?-deyə soruşdu.
Mütəllim,dilini yenə də dinc saxlamadı:
-Müəllim,Sizə bir sual vermək olar?
-Buyur.
-Müəllim, “Patriot” sözünün mənası nədir?
Yerdən bir-neçə uşağın pıqqıltısı eşidildi.Yəqin belə hadisə Binəli müəllim üçün ilk hadisə deyildi.Tam təmkinlə:
-“Patriot” əslində rus sözüdür.Azərbaycan dilində “Vətənpərvər” deməkdir- bir qədər susub- bu söz böyük sözdür- dedi.
Və zəng vuruldu...

:-:-:-:-:-:-:-:-:-:-:-:

Binəli müəllimin dərsləri doğrudan da başqa bir aləm idi.O bizə SSRİ tarixini öyrətməli idi.Amma onun danışdıqlarının əksər hissəsinin SSRİ tarixi ilə demək olar ki,heç bir əlaqəsi yox idi...Yaxud,dərslikdə elə çümlələr var idi ki,Binəli müəllim bizə həmin çümlələrin tam əksini deyirdi.Məsələn: Azərbayçan,yaxud Litva,Estoniya,Özbəkistan...könüllü surətdə SSRİ-yə birləşdi əvəzinə,bolşeviklər Azərbayçanı,yaxud Litva,Estoniya,Özbəkistanı... zorla,silah güçünə işğal etdilər deyirdi...Məlumdur ki,o vaxtkı “SSRİ tarixi” dərsliyində ən çox adı hallanan şəxs Lenin olub.Amma Binəli müəllim onun adını təsadüfü hallarda çəkərdi.Özü də onun haqqında kitabda yazılan heç bir tərifli sözü işlətməzdi.Hiss olunurdu ki,Leninə nifrət edir.Və bu nifrət hissini,hiss olunmadan uşaqlara da aşılamaq istəyirdi.Özü də bütün bunları elə ustalıqla edirdi ki...Stalin haqqında həmişə qəzəblə danışırdı...Biz erməni-azərbaycan davası haqqında ilk dəfə ondan eşitdik.Ermənilərin Bakıda,Azərbaycanın müxtəlif bölgələrində,azərbaycanlıların başıma gətirdikləri vəhşiliklır haqqında inanmadığımız,inana bilmədiyimiz əhvalatları elə yana-yana danışırdı ki...Binəli müəllimin bizim məktəbdə işlədiyi cəmi beş il idi.Amma bu beş ildə bir neçə valideyn ondan məktəbimizin direktoruna şikayətlər etmişdi.Dərs hissə müdirimiz,direktorumuz dəfələrlə dərsimizdə,onun dərsini dinləmişdilər.Amma bu vaxt Binəli müəllim bir kəlmə də olsun,dərslikdə yazılanlardan kənara çıxmırdi.Amma bu zaman onu da hiss edirdik ki,Binəli müəllim nə danışırsa tam ürəksiz,könülsüz danışır...

Həmin ərəfələrdə hiss olunmadan,kimlər tərəfindənsə Binəli müəllimə bir ayama da qoşdular.Bu ayama o qədər ağır ayama idi ki...Tez bir zamanda bütün şagirdlər,şəhərimiz bu ayamadan xəbərdar oldu...İndi ona “Dəli müəllim” deyirdilər.Özü də bu işin arxasında dayanan kimdisə,çox amansız,qəddar və bic bir adam idi.Məsələn,səhər məktəbə gələrdik,sinifə girərdik...lövhədə nə görsək yaxşıdır? Ağ tabaşirlə şəkilmiş anormal bir adam şəkli.Altından da iri hərflərlə yazılıb: “Dəii müəllim”...Altına “Dəli müəllim” yazılmlş belə eybəcər şəkillər iki mərtəbəli məktəbimizin çöl divarlarına da,hətta ayaq yoluna da çəkilirdi.Bu hadisələr əlbəttə onu inçidirdı,agrıdırdı...Amma o da inad idi.Yəni o başqa cür ola bilmirdi.Bu boyda Sovet dövləti ilə elə bil acıga düşmüşdü.Hər dərsdə bacardıqca Sovet dövlətini ifşa etməyə çalışırdı...Və bu hal təbii ki,uzun müddət davam edə bilməzdi...Bir gün dedilər ki,Binəli müəllim xəstələnib.Guya dəli olub.Amma gerçək mənada biz onda bir dəlilik,filan görməmişdik.Sadəcə başqa çür fikirləşirdi.Bu düşünçə də,yaşadığımız dövlətə yad idi.Binəli müəllim sonrakı günlərdə də məktəbə gəlmədi.Sonra eşitdik ki,onu zorla,hansısa bir xəstəxanaya (uşadlar dəlixana deyirdilər) aparıblar.

Onun yerinə indi bizə Raya adlı bir müəllimə dərs deyirdi.Milliyyətcə erməni olan Raya bizim qonşuluqda yaşayırdı.Əri azərbaycanlı olsa da,evində iki oğlu ilə erməni dilində danışırdı (80-ci illərin axırlarında,Qarabağ hadisələri təzə başlayanda,evlərini satıb,ailəliklə Leninqrada köçdülər). Uşadlar Raya müəlliməni sevə bilmədilər.Əslində Raya müəllimə özünü uşadlara sevdirə bilmədi,əslində heç buna cəhd də eləmirdi.Dərsini bilməyənə 2 qiymət verirdi-bu öz yerində,üstəlik biz yaşda uşaqları təhqir də edirdı.Amma təbii ki,bu vəziyyət çox davam edə bilməzdi.

Bir dəfə dərs vaxtı az qaia bütün sinfi təhqir elədi:
-Qudurmusunuz-dedi-Sizi qudurdub bu həddə çatdıran sizin o dəli patriotunuzdu,o başdan xarab dəli müəlliminizdir...
Və bu vavt sinifimizin ən ötkəm şagirdlərindən biri olan Mahir,Binəli müəllimin müdafiəsinə qalxdı:
-Müəllim,agzını təmiz saxla-dedi.
-Kəs səsini.O patriot dəlinin pis günə qoyduqlarından biri də sənsən.
Ona da Mahir deyərdilər:
-Müəllim...Sən heç Binəli müəllimin çölə atılan dırnağına dəyməzsən.Həm müəllim kimi,həm də insan kimi...
Bu söhbətdən sonra Mahirin başına nə oyun gətirmədilər.Az qala milisə şikayət edəcəkdilər.Atasının yalvar yaxarından sonra yazıq canını töhmətlə güclə qurtara bildi.
Biz hər gün Binəli müəllimlə maraqlanırdıq.Yəni doğrudan dəli olub? O axı tam normal bir adam idi.İnsan bir gündə necə dəli ola bilərdi...

Onu da bilirdik ki,Binəli müəllim qayda-qanunu bilən adamdır.Hətta zarafatla deyirdik ki,o,konstitusiyanı əzbər bilir.Ona çismən qalib gəlmək olardi,amma ona mənən qalib gəlmək hər kəsin hünəri deyildi.Müəllimizin özünü müdafiə edəcəyinə tam arxayın idik...Gözlədiyimiz kimi də oldu.Bir ayın tamamında müəllimimiz qayıdıb gəldi.Həkimlər heç nəyi əsaslandıra bilməmişdilər.Binəli müəllim tibbi komissiya tələb etmişdi.Və komissiya gəlmişdi də.Yoxlamışdılar.Onda heç bir psixi pozğunluq aşkar etməmişdilər.Və onu rahat buraxmılar...Sonra Binəli müəllim məhkəməyə müracıət etdi.Bir aylıq (xəstəxanada yatdığı müddət) əmək haqqını da məhkəmə yolu ilə aldı.

Onun “xəstəlikdən” sonra məktəbə gəldiyi ilk gün heç vaxt yadımdan çıxmaz.Yox,elə bir xüsusi,yadda qalan qarşılanma,filan olmadı.Heç bir müəllim ona salam vermədi,heç bir şagird onun üstünə qaçmadı.Yadımda qalan bilirsiniz nə oldu? Biz məktəbin həyətində dayanmışdıq.Dərsin başlanmasına hələ 15 dəqiqə qalırdı.Mənim yaxınlıgımda bir neçə müəllim dayanmışdı.Rus bölməsində ədəbiyyatdan dərs deyən,dolu bədənli,iri-yumru burunlu,qarmızı sifət,milliyyətcə erməni olan Qriqori müəllim iri-donqar gözləri ilə Biməli müəllimi izləyə-izləyə öz-özünə danışırmış kimi:

-Deyəsən Sovet hökumətinin axırı çatıb-dedi.Həm də bu sözü elə təəssüflə,elə ürək ağrısı ilə dedi ki...Sonra da Binəli müəllimin ünvanına sonsuz bir nifrətlə- Belə patriotları bir-bir güllələmək lazımdır-dedi.
-Milləti yaman günə qoyan belə dəli patriotlardı də...-Bunu deyən isə idman müəllimimiz Xosrov müəllim idi.
Zəng vuruldu.İlk dərs yenə də Binəli müəllimin dərsi idi.Sınıxmışdı.Zəifləmişdi.Maraqlı idi,başına gələn bu müsibətlərdən sonra o,özünü necə aparacaqdı görəsən?Yenə də həmişə oldugu kimi millətimizin aliliyindən danışacaqdı,yoxsa dərsliyimizdəki mövzudan.Hamı sakitcə oturub gözləyirdi...

-Uşaqlar-Binəli müəllim aramla sözə başladı-Bu gün mən sizə bu kitabda yazılanlardan (10-cu sinif tarix dərsliyini yuxarı qaldırdı) danışmayacagam (və tarix dərsliyini stolun üstünə atdı). Çünki bu kitabda yazılanlar hamısı yalan,hamısı saxtadır...Mən bu gün Sizə müstəqillikdən,köləlikdən və...-gülümsədi-patriotluqdan,yəni vətəndaşlıqdan danışacağam...Bu gün biz köləyik,müstəmləkəyik.Sovet imperiyasının köləsiyik,onların müstəmləkəsiyik.Çalışıb,nəyin bahasına olursa olsun,lap həyatımızın bahasına da olsa,müstəqilliyimizi bərpa etməliyik.Müstəqilliyimizi əldə etmək üçün isə-yenə gülümsədi-patriot,yəni Vətənpərvər olmaq lazımdır.

Bu kişi qurd ürəyi yemişdi nədi?Artıq biz açıq-aydın hiss edirdik ki,daha bu vəziyyət uzun müddət davam etməyəcək.Hökmən ona nəsə edəcəkdilər.Bu hər gün daha artıq hiss olunurdu.Həmin ərəfədə Bakıdan,Təhsil Nazirliyindən,rayona yoxlama gəldi.Elə gəldikləri gün də bizim məktəbdə oldular.Tək Binəli müəllimin dərslərində iştirak etdilər.Bizim dərsimizdə də oldular.Bu dəfə də müəllimimiz dərslikdəki mövzudan kənara çıxmadı.Dərsi,necə lazımdı,elə,yüksək səviyyədə keçdi.İnsafən,uşaqlar da dərsə yaxşı hazırlaşmışdılar.Buna baxmayaraq,direktorumuzun dediyindən belə çıxdı ki,gələn yoxlamalar (2 nəfər idilər) dərsdən narazı gediblər.Nədən narazı qalmışdılar?..təbii ki,direktor bu sualın cavabını doğru-dürüst izah edə bilmədi.

Artıq may ayı gəlmişdi.Bir neçə gündən sonra məktəbi bitirəcəkdik.Hətta dərsliklərimizi də yığmışdılar.Belə günlərin birində,mən,aramızda olan səmimiyyətə güvənib (mən onun xətrini çox istətirdim və o bunu bilirdi) Binəli müəllimin Xruşşova yazdığı məktubla bağlı sual verdim:

-Müəllim,Xruşova məktub yazmağınız düzdü?
-Düzdü-dedi.
-Nə yazmışdınız? Bilmək olar?
-Niyə olmur- Binəli müəllim canlanan kimi oldu- Onun siyasətini tənqid eləmişdim.O,Stalinin şəxsiyyətə pərəstişini tənqid edirdi,amma bu amil əslində gözdən pərdə asmaq idi.Sovet hökumətinin siyasəti mahiyyətcə zərrə qədər də dəyişməmişdi.Xruşov özünü demokratiyanın tərəfdarı kimi göstərməyə çalışsa da,əslində ölkədə demokratik prinsiplərin inkişafı üçün heç bir ciddi imkan yaradılmirdi.Əksinə...Azad,demokratik fikirli adamların təqib olunmasından yazmışdım ona...Bir də dil məsələsindən yazmışdım.Təsəvvür elə,rayon mərkəzində hansısa bir tədbir keçirilir.İçəridə əyləşənlərin 90 faizindən çoxu azərbaycanlılardır,onların da 80 faizindən çoxu rus dilində bilmir.Məruzəni də Azərbaycanlı edir.Amma rus dilində.Bu iclasın nə əhəmiyyəti?.. “Azərbaycan tarixi” dərsliyindəki böyük qüsurlardan yazmışdım.Soruşmuşdum ki,tariximizi niyə saxtalaşdırırlar?..Belə-belə məsələlərdən yazmışdım ona...

Susdu...Nəsə elə bil həmin günləri xatırlayırdı.
-Bəs bunun üstündə Sizi incitmədilər?
-Başıma olmazın müsibətlər gətirdilər.Məni həbs etmək istəyirdilər.Ya da dəli adı ilə dəlixanaya göndərmək istəyirdilər.Həmin ərəfədə Allahdan olan kimi Xruşovu devirdilər.Yerinə Brejnev gəldi.Ondan sonra məni nisbətən rahat buraxdılar.Rahat buraxdılar deyəndə ki,elə belə əl çəkmədilər.Nə qədər idarələrə çağırdılar,nə qədər izahatlar verməli oldum...Bütün ölkə demək olar ki,Xruşovun əleyhinə idi o vaxt...Vəziyyəti qiymətləndirə bildim.Sorğu-suallarda,izahatlarımda özümə birtəhər bəraət qazandıra bildim.

Sinif yoldaşım Rasim zarafat elədi:
-Müəllim,belə çıxır ki,Brejnevin ayağı Sizə düşüb.
-Tula itdən murdar.
Təsəvvür edin.Bu söhbəti elədiyimiz vaxt Brejnev hakimiyyətdə idi...Amma qorxmaz müəllimimiz onu ən təhqiramiz sözlərlə aşağılayırdı.Binəli müəllimi başqalarından fərqləndirən də onun bu cəsarəti idi.

Həmin bu söhbətdən 5,ya 6 gün keçirdi...Binəli müəllim yenə də dərsə gəlmədi.Dedilər yenə xəstələnib.Qızdırması var.Əvvəl inanmadıq.Dedik yəqin yenə də onun başında nəsə var.Sinif oğlanlarımız sözü bir yerə qoyub,ona dəyməyə getdik.Pul yığıb bir qutu şokalad,peçenye,mer-meyvə almışdıq.Onun yaşadıgı küçədə ən səliqəli həyət onun həyəti idi.Balaca həyətdəki cürbəcür gül-çiçək həyətə ayrıca gözəllik verirdi.Evində isə ilk dəfə olurduq.İki kiçik otaqdan ibarət səliqəli,təmiz,fəqət kasıb bir ev.Müəllimimiz otaqdakı yeganə çarpayıya uzanmışdı.Öskürürdü.Soyuqlamışdı.Bir xeyli oturduq.Divardan,sadə çərçivəyə salınmış,hərbi mundir geymiş bir nəfərin şəkili asılmışdı.Qara qələmlə çəkilmiş bu şəklin naşı bir rəssam tərəfindən çəkildiyi aşkar bilinirdi.Heç birimiz o şəkildəki adamı tanımadıq.Özü izahat verdi:
-Atatürkün şəklidir-dedi.Sonra Atatürk haqqında danışdı.Atatürkün nə qədər böyük adam olduğunu o vaxt bildik.

:-:-:-:-:-:-:-:-:-:-:

Dediyim kimi,Binəli müəllimdən intiqam almasaydılar,onu gözügötürməyənlər sakitləşməyəcəkdilər...İmtahana gəlmədi.İmtahanı bizdən Raya müəllimə götürdü və bizə olan acığını,bizdən artiqlaması ilə çıxdı.Direktora şikayət etsək də,nəticəsi az oldu.Cəmi 3 uşağın qiymətində güzəştə getdilər.Vaxtı ilə ona cavab qaytaran Mahirə isə 2 yazdı...

...İmtahandan bir həftə sonra eşitdiyimiz bir xəbərdən elə sarsıldıq ki...Binəli müəllim müayinə üçün həkimə gedibmiş.Həkim ona vərəm diaqnozu qoyub.O,təbii ki,həkimin qərarı ilə razılaşmayıb,bunun bir sifarişli tələ olduğunu başa düşüb və təbii ki,şikayət edib.Yoxlama tələb edib.Gəliblər...Və onlar da həkimin qoyduğu diaqnozu təsdiq ediblər.Binəli müəllimin düşmənləri axır ki,ondan intiqam aldılar.Vərəm diaqnozu qoyulmuş müəllimi şagirdlərin içinə buraxa bilməzdilər.Müəllimlik bizim “Patriot” müəllimimizə yasaq edildi.Onu vərəm xəstəsi kimi təqaüdə göndərdilər.

64 yaşında o,məktəbdən,eyni zamanda da cəmiyyətdən (axı insanlar vərəm olan insansanlardan qorxur,onunla ünsiyyətdən qaçır) təcrid olundu.

:-:-:-:-:-:-:-:-:-:-:-:

Biz bütün imtahanları verib məktəbi bitirdik...Ali təhsil,hərbi xidmət,iş axtarmaq,ailə qurmaq,ailə qaygıları...Binəli müəllimi arada görürdüm.Qocalmışdı.Əlbəttə,onun vərəm diaqnozu yalan idi və insanlar da bu vərəm söhbətini tez unutdular.Ona əvvəllər olduğu kimi “Dəli müəllim” deyən də yox idi...Kiçik şəhərimizdə özünə görə hörmət də qazanmışdı: sözünün,danişıgının yerini bilən,hamiya hörmət edən,ipək təbiətli bir adam...Bircə “patriot” adı üstündə qalmışdı.Çoxları yenə də ona “Patriot müəllim” deyirdi...

...Sonra 80-ci illərin axırları.Sovet dövlətinin çökməsi.İrəvanda,Xankəndində ermənilərin azərbaycanlılara qarşı avantürüst çıxışları.Ermənistandan,Qarabağdan-öz dədə baba yurdlarından qovulan hənvətənlərimiz.Topxana hadisəsi...Günahsız azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi...Ölkəni caynağına almış mitinqlər.Binəli müəllim şəhərimizdəki bütün mitinqlərdə iştirak edirdi.Düzdü,danışmırdı.Amma bütün mitinqlərdə ön cərgədə olurdu.O,həmin vaxtlar özündə-sözündə deyildi.Bıçaq vursaydın qanı çıxmazdı. 20 yanvar hadisələrindən 3 gün sonra eşitdim ki,Binəli müəllim infark keçirib.Evinə gəldim.

-Görürsən rusun xəyanətini?..Erməni məkrini görürsən? Bu alçaqlar tarixən belə olublar...Həmişə bizə xəyanət ediblər...
Yazıq kişi hirsindən,əsəbindən özünə yer tapa bilmirdi.İnfark keçirdiyini sanki unutmuşdu...
Artıq Qarabağ müharibəsi də başlamışdı.Bəzən elə gün olurdu ki,bir gündə şəhərimizə 3 şəhid gəlirdi.Bizimlə oxuyan Mütəllim də şəhid oldu.Rayonlarımız bir-birinin ardıyca işgal olunurdu...Şuşa işgal olunandan 4 ya 5 gün sonra Binəli müəllim gilə getmişdim.Pəncərədən, ag xalatlı həkimləri görəndə ürəyimdə nəsə qırıldı.Nəsə qorxulu bir hadisə baş verdiyini anladım.Həyətdə donub qalmışdım.Qorxum əbəs deyilmiş.Nə üçünsə həyətə düşən tibb bacısı məni görüb:

-Binəli müəllim infark keçirib-dedi-İkinci infarkt.Vəziyyəti agırdır.
Mən bir müddət həyətdə qaldım.Əvvəl içəri keçmək istəyirdim.Sonra fikrimdən daşındım.Evə keçib neyləyəcəkdim ki?..
Küçəyə çıxdım.Hava qaralmışdı.Küçədə heç kəs yox idi.Göyün üzündə bir dənə də olsun ulduz görünmürdü...Əllərimi Allaha qaldırıb Binəli müəllim üçün dua etdim:
-Sən Binəli müəllimə qıyma Allahım...-Sözümün ardını gətirə bilmədim.Qəhər məni bogdu.

:-:-:-:-:-:-:-:-:-:-:-:-:

Binəli müəllim ikinci infarkdan sonra tamam zəiflədi.Yaş da öz işini görmüşdü.Arıqlamışdı.Hərəkətlərində lənglik vardı.Çox hərəkət edə bilmirdi.Təngnəfəslik onu çox incidirdi.Axşamlar çox vaxt,həyət qapısının agzında,onun üçün kiminsə düzəltdiyi skamyada əyləşirdi.İki dəfə infark keçirmiş,tək tənha yaşayan bir qoca.Bəzən işdən gələndə onunla qarşılaşırdım.Skamyada əyləşib.Əl agacını tutan titrək əllərini çənəsinə söykəyib.Gözləri yol çəkir.Əslində gözləri də nurdan düşmüşdü.Axır vaxtlar məni səsimdən tanıyirdi.Nitqində qüsur yaranmışdı.Bəzi sözlərini başa düşmək olmurdu.

-Salam Binəli müəllim.
-Salam.
-Necəsən Binəli müəllim?
-Ürəyim ağrıyır...Elə bil ürəyimin üstündə çəkmə ilə gəzirlər.
-Keçər Binəli müəllim...
-Keçər deyirsən?
-Əlbəttə keçər.
Uzun müddət susdu...Nəsə öz aləminə qapıimışdı.Sonra öz-özü ilə danışırmış kimi:

-Biz həmişə demişik ki,Şuşa Azərbaycanın qeyrət rəmzidir.İndi qeyrətimiz düşmən tapdağının altındadır.Şuşanın dağlarında,düzlərində indi ermənilər gəzir.Onların çəkmələrinin zərbələri,elə bil Şuşa torpagına yox,ürəyimə dəyir...Ağrısına dözə bilmirəm...
Səsi qırıldı.Səssizcə aglayırdı.2-3 dəqiqə heç birimiz dinmədik.
-Sən hələ burdasan?
-Burdayam,Binəli müəllim
Yenə susdu.Gözləri yol çəkdi.

-Biz Qarabagın azad olunmasını nə vaxt görəcəyik?Biz Xocalının intiqamını nə vaxt alacagıq?-Qırıq-qırıq,zəif səslə danışırdı-Şəhidlərimizin,günahsız insanlarımızın ruhlarını nə zaman təskin edəcəyik? Şuşada bayrağımızın dalğalanmasını nə vaxt görəcəyik?..Nə vaxt?..

-O gün gələcək Binəli müəllim.
- O günü elə görmək istərdim ki...-Səsində o qədər agrı-acı,nisgil vardı ki...Və birdən-birə o yaşda kişi hönkür-hönkür ağlamaga başladı.İlk dəfə idi ki,yaşı 80-ni keçmiş bir insanın hönkürtü ilə ağlamasını görürdüm.Dəmir iradəli,qorxmaz,cəsarətli müəllimimiz indi,bu dəqiqə nə qədər aciz,nə qədər naçar,köməksiz birisinə çevrilmişdi...İndi əslində bütün millət onun vəziyyətində idi...

:-:-:-:-:-:-:-:-:-:-:-:

Onunla axırıncı söhbətim də,başqa söhbətləri kimi heç vaxt yadımdan çıxmaz.Mənimlə görüşmək istəmişdi.Bizimlə oxuyan Elbrusdan xəbər göndərmişdi ki,hökmən ona baş çəkim.
-Yazıq daha tamam əldən düşüb.Bəlkə də ömrünün son günlərini yaşayır.
İstirahət günü idi.Neçə müddət idi ki,ona qonşuları Əlisəfa kişinin böyük gəlini baxırdı.Özü də əsl övlad kimi.

Çarpayısına uzanmışdı.Balacalaşıb yumaga dönmüşdü.Tavana baxan gözləri onsuz da görmürdü.Qulaqları agır eşitdiyindən mənim gəlişimi də eşitmədi.Əlisəfa kişinin gəlini içəridə idi.Məni görüb yavaş səslə:
-Sizi görmək istəyir-dedi-Siz söhbət edənə qədər mən evə dəyib gəlirəm.
Mən bilmirdim o mənimlə nə barədə danışacaq.Amma ürəyimə dammışdi ki,bu bizim son görüşümüz olacaq.Ölümün nə qədər yaxın oldugu açıq-aydın bilinirdi.Əlisəfa kişinin gəlini,mən etiraz etsğm də,mənim üçün bir stəkan çay süzüb otaqdan çıxdı.İkilikdə qaldiq.

-Binəli müəllim...
Görməyən gözlərini səs tərəfə çevirdi.
-Məni görmək istəmisiniz.Əslində özüm gələcək idim...Sizdən ötrü...
-Görürsən də halımı?-Sözümü yarıda kəsdi.Səsi elə bil quyunun dibindən gəlirdi.Sinəsindəki aramsız xışiltidan dediklərini güclə eşidirdim-Bu da son.
-Elə deməyin...
-Sözümü kəsmə...Sənə bir vəsiyyət etmək istəyirəm.
Dinmədim.
-Əməl edərsən...Hökmən...Şuşa yuxumdan çıxmır...Şuşada cəmi iki dəfə olmuşam...Neçə illər qabaq...Amma çıxmır yuxumdan...Şuşa nigarandı...Şuşa darıxır...Şuşa əzab çəkir...Şuşa bizi gözləyir...Mən Şuşanın geri alınmasını görmədim...Amma sən görəcəksən...Bax...həmin gün,Şuşa alınan gün...mənim qəbrimin üstünə gələrsən...Eşidirsən məni?

-Eşidirəm Binəli müəllim.
-Qəbrimin üstünə gəlib,məzarıma-Binəli müəllim.Şuşa alındı-deyərsən...Nə qədər qəribə arzu olsa da edərsən bunu.
Sinəsindəki güclənmiş xışıltıdan bir müddət nə dediyini anlaya bilmədim.Yaxşı ki,bi vəziyyət tez ötüşüb keçdi.
-Mən tezliklə bu dünyanı tərk edəcəyəm.Amma Şuşa alınana qədər qəbrimdə rahat olnayacağam.Sümüklərim od tutub yanacaq...

Sonra sayıqlamağa başladı.Yaxşi ki,Əlisəfa kişinin gəlini tez gəldi.Əlisəfa kişi də onunla gəlmişdi.Bayıra çıxdım.O qədər kədərli,qəmgin idim ki...Özümü o qədər aciz hiss edirdim ki...

:-:-:-:-:-:-:-:-:-:-:-:-:

O vaxtdan 27 ildən artıq vaxt keçir.27 ildir ki,Binəli müəllim həyatda yoxdur.Arada yolum qəbristana düşəndə,onun da qəbrini ziyarət edirəm.Qəbrinin üstündə “Fatehə” oxuyuram.Qəbir deyəndə ki, bir baş daşıdır,baş daşının önündə də kiçik bir çuxur.Çərçivə filan da yoxdur.Baş daşı da o biri baş daşılardan fərqlənir.Ag mişar daşı ölçüsündə kiçik,çopur bir baş daşı.Özü belə istəyib.Axırıincı dəfə iki gün bundan əvvəl getmişdim onun qəbri üstünə.Qarabağ uğrundakı Vətən müharibəsində şəhid olmuş bir əsgərimizi dəfn edəndən sonra...27 ildə ilk dəfə olaraq onun məzarı ilə danışdım.Elə bil şagird idim,dərs danışırdım:

-Salam Binəli müəllim.O xoş xəbəri,Şuşanın alınma xəbərini Sizə çatdırmagıma az qalıb Binəli müəllim...Qoy Sizə hər şeyi başdan danışım.Bir-bir.2020-ci ilin 27 sentyabrında qarı düşmənlərimiz,yəni ermənilər,yenə də atəşkəsi pozdular.Tovuza hücum etdilər.Bizim ordu onlara əks-hücumla cavab verdi.Özü də layiqincə cavab verdi. Bu gün müharibənin başlanmasından,yəni sentyabrin 27-dən 35 gün keçir.

Bu 35 gündə 200-dən çox kəndimizi,Fizulini,Cəbrayılı,Zəngilanı,Hadrutu,Qubadlını,Murov yüksəkliklərini,əlavə nə qədər yüksəklikləri,Suqovuşanı,Xudafərin körpüsünü şanlı ordumuz düşmən tapdağından xilas edib.Ordumuz Laçın şəhərinin yaxınlıgına dədər irəliləyib.Şuşa bir nəfəs yaxınlıgındadır.Əsgərlərimiz düşməndən layiqincə intiqam alırlar.Şəhidlərimizin intiqamı alınır,Xocalının intiqamı alınır.Qarabağda qətlə yetirilən günahsız insanlarin intiqamı alınır.Düşmənlərimizin itkisi minlərlədir.Şanli ordumuz erməni mifini yerlə bir edib.Ordumuz düşmənin nəfəsini kəsib.Şuşanın azad olunması an məsələsidir.Hamı,bütün xalq o şad xəbəri gözləyir.Bir az da döz Binəli müəllim.O çad xəbəri eşidən kimi,istər gecə olsun,istər səhər,fərq etməz,sənin məzarının üstünə gələcəyəm...Məzarınızın,ruhunuzun təskinlik tapmasına az,lap az qalıb,mənim VƏTƏNPƏRVƏR müəllimim.
Etibar Əbilov. Neftçala. 01 noyabr 2020.


Baxış sayı - 997 | Yüklənmə tarixi: 09.04.2022 18:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031