manera.az
manera.az

Oğuz rayonu bayatılarının mövzu və janr xüsusiyyətləri

Oğuz rayonu bayatılarının mövzu və janr xüsusiyyətləri
Günel Musayeva
AMEA Şəki Regional Elmi Mərkəz


Azərbaycan şifahi xalq ədəbiyyatı dünyanın ən zəngin və qədim xalq ədəbiyyatlarındandır. Şifahi xalq ədəbiyyatı xalq yaradıcılığının məhsulu olduğu üçün dili təmiz və sadədir. Şifahi xalq yaradıcılığı - folklor nümunələrini nəzərdən keçirdikdə onun kollektiv yaradıclıq məhsulu olduğunu, sadəliyini, zəhmətkeş, əməksevər insanların əməyinin məhsulu olduğunu görürük.

Xalqın maariflənməsində böyük əmək sərf edən ziyalılarımız da öz fikirlərini ifadə etmək üçün dönə-dönə xalq yaradıcılığına geniş müraciət etmişlər. Azərbaycanın bir sıra ədəbiyyatşünasları bu sahəyə maraq göstərmiş, folklor nümunələrinin toplanması və nəşri üçün böyük səy göstərmişlər.

Hələ vaxtı ilə məşhur ədib, dramaturq, dövlət xadimi Nəriman Nərimanov publisistik məqalələrində xalq ədəbiyyatı məsələlərinə toxunaraq yazırdı ki, “Elin inşası, elin güzgüsüdür. Bir elin, qövmün ruhunu, fikrini, bütün əqidəsini onun inşasından bilmək olar”.

Şifahi xalq ədəbiyyatı nümunələri laylalar, tapmacalar, oxşamalar, nəğmələr, nağıllar və dastanların hər birində insani keyfiyyətləri, humanist hissləri sezmək mümkündür.

Xalq ədəbiyyatının ən geniş yayılmış və qədim janrlarından biri bayatılardır. Bu şeirlər heca vəznilə söylənmiş dörd misradan ibarətdir və qafiyələnmə baxımından rübai kimidir. Yəni 1, 2 və 4cü misralar həmqafiyə olub, 3-cü misra sərbəst buraxılır.

Bayatıların tarixi qədimlərə söykənsə də, onlarda bu günümüzlə səsləşən, müasir dövrdə aktuallığını qoruyub saxlayan mövzular öz əskini tapmışdır. İctimai münasibətlərdsəki gərginlik, siniflər arası münasibətlər, xanların, mülkədarların qara camaat üzərindəki hökmranlıq, zülmü, saray əyanlarının özbaşınalığı bayatılarda xalq tərəfindən tənqid olunur.

Əziziyəm, xan eylər,
Xan divanın xan eylər.
Bir başa iki yumruq,
Onu ancaq xan eylər.


Bayatılarda insanların məhəbbət, dünya və insan, vətən həsrəti, zəmanədən şikayət və s. haqqında fəlsəfi fikirləri yığcam şəkildə tərənnüm olunur.

Azərbaycan bayatıları xalqın yaşayışı, məişəti, dünyagörüşü ilə sıx bağlıdır və bu səbəbdən də, yarandığı ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası barədə zəngin informasiya daşıyıcısı hesab oluna bilər.

Azərbaycanımızın qədim və tarixi bölgələrindən olan Oğuz yurdu folkloru çox zəngin və mürəkkəbdir. Oğuz rayonu folklor örnəklərində bayatı janrı xüsusi çəkiyə malikdir. Adı çəkilən ərazidən toplanmış bayatılar janr, dil, mövzu və məzmun baxımından müxtəlifdir. Bu 4 misralı şeirlərdə doğma yurduna məhəbbət, vətən həsrəti, eşq, vəfa, zəmanədən, taleyindən, dövrün mülkədarlarından şikayət və s. insani hisslər təbliğ edilir.

Zülfün kəməndiyəm mən,
Şəkəri, qəndiyəm mən,
Qərib elə düşmüşəm,
Qürbət vətəniyəm mən.

Bu misralarda vətənindən ayrı düşmüş birinin vətən həsrəti, nigarançılığı, yad ellərdə qəribliyi tərənnüm olunur.

Bayatılarda xalq çox vaxt çəkdiyi məhrumiyyətlərdən acınacaqlı həyatından, dərdli taleyindən gileylənmişdir. Məsələn:

Mən aşiqəm şam bağlar,
Şam ağacı şam bağlar,
Arı girsə qarnıma,
Dərd əlindən şam bağlar.


Azərbaycan bayatıları yaradıcısı olan xalqa məxsus ən bəşəri, ülvi duyğuları özündə toplamışdır. Bu nümunələrdə insana məxsus gözəl keyfiyyətlər, onun mənəvi qüdrəti, həyatı, eşqi, dərin ruhi əzabları, kədəri canlı, az sözlə, böyük və dolğun fəlsəfi məna ilə ifadə olunmuşdur.

Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri ona ölməzlik verən əsil xəlqilikdir, yüksək bəşəri hiss və fikirlərdir. Onun ən yaxşı nümunələrində həyat sevgisi, insana, əməyə, sevgiyə, gözəlliyə məhəbbət, habelə haqq və ədalət öz ifadəsini tapmışdır.

Oğuz rayonu ərazisindən toplanmış bayatılarda mərdlik, dostluq, qeyrət və ar, məğrurluq kimi insani keyfiyyətlər öz əksinin tapmışdır:

Əvəlikdən çay olmaz.
Kövşəndən lay olmaz,
Atalar deyiblər ki,
Mərd namərdə tay olmaz.


Qadınların yaşayışı, məişəti və hüquqsuzluğu, mənəvi iztirabları istər yazılı, istər şifahi xalq ədəbiyyatı üçün daim ön planda olan mövzulardan olub. Eləcə də qadın və qızlarımızın acınacaqlı taleyi, ağır məişət çətinlikləri, xüsusilə hüquqsuzluqdan şikayəti, acizliyi bayatılarımızda da öz əksini tapmışdır.

Əzizim qara baxdım,
Mən dağlarda qara baxdım,
Heyf, sənin kor taleyin,
Ax, mənim də qara baxdım.

Bu misralarda qəm dəryasına qərq olmuş bir qadının öz taleyindən gileylənməsi, bəxtinin gətirməməsi, ah və fəğanları ifadə olunmuşdur.
Mehdi Hüseyin yazırdı: "Bayatıların ən qüvvətli nümunələrini sevgi lirikası adlandırmaq daha doğru olar. Burada həmişə incə insan hissləri dərin və səmimi bədii obrazlar vasitəsilə verilir".

Məhəbbət qədimdən əsərlərimizin əsas mövzularından olub. Şifahi xalq ədəbiyyatının digər janrlarında olduğu kimi, Oğuz rayonu bayatılarında da eşq, sevgi, vəfa, sədaqət, naz-qəmzə, ayrılıq-hicran, üzüntü, nisgil kimi cəhətlər ifadə olunur. Ancaq ki, burada bayatıların mövzusunu iki istiqamətdə qruplaşdırmaq olar. Onların bir qismində dediyimiz kimi, sevgi, sədaqət, nakam məhəbbət, həsrət, digər istiqamətdə isə ananın övlada istəyindən, məhəbbətindən bəhs edən bayatılar. Məsələn:

Çörək səndə, duz səndə,
Ağ örpəyim əsəndə,
Balam yadıma düşür
Xaçmazlı qız görəndə.


Əzizim lala dağı,
Bürüyüb lala dağı.
Hər yaralar sağalsa,
Sağalmaz bala dağı.


Bu misralarda ananın övladına sonsuz məhəbbəti, həsrəti və balasını itirmiş ananın fəğanı, ürək yanğısı hiss olunur.

Regionun bayatılarında insanların gözəl, mənəvi keyfiyyətləri, saf eşq, məhəbbət, insanı yaşamağa, sevməyə, mübarizəyə ruhlandıran bayatılara da rast gəlmək mümkündür.

Qara at nalı neylər,
Qara şam xalı neylər.
Vəfalı yarı olan
Dövləti, malı neylər?

Bu misralarda aşığın sevgisi, sevgilisini bütün dünya mal-dövlətindən üstün tutduğu, insan məhəbbəti qiymətli bir sərvət kimi tərənnüm olunur.
Oğuz rayonu bayatıları sırasında nakam məhəbbət, həsrət motivlərinin də əks olunduğu bayatılara rast gəlmək mümkündür.

Bülbüllər geyinib qara,
Bağrım olub təzə yara.
Sən gülə həsrət, mən yara,
Gəl dolanaq bağı, bülbül.

Şifahi xalq ədəbiyyatı nümunələri sırasında insanların əmək fəaliyyəti ilə bağlı holavalar, sayaçı sözləri, əmək nəğmələri də xüsusi yer tutur. “İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Sağlam bədən, sağlam ruh” və s. kimi hikmətli atalar sözləri bu qəbildəndir. Yazılı ədəbiyyatımızda da dahi sənətkarlarımız əmək adamlarını dərin məhəbbətlə təsvir və tərənnüm etmiş, əməyə yüksək qiymət vermişlər.

Eləcə də Oğuz rayonundan toplanmış nümunələrdə kəndlini əməksevərliyə səsləyən, əmək fəaliyyətindəki çətinliyi, ağırlığı azaltmaq məqsədilə xalq tərəfindən söylənilən bayatılar vardır:

Qarabağda bağ salmaz,
Qara salxım ağ olmaz.
İşləməyən adamın
Canı-başı sağ olmaz.


Bayatılar qədər xalq arasında geniş yayılan ikinci bir janr bəlkə də yoxdur. Xalqın poetik fikrinin, yaradıclıq dünyasının ümumiləşməsində bayatılar daha geniş səciyyə daşıyır.

Nəticə olaraq qeyd etmək istərdik ki, Oğuz rayonu bayatılarının mövzu və janr xüsusiyyətləri bu yazıda əhatə olunmayacaq qədər genişdir və bu səbəbdən də gələcək tədqiqatlarımızda eyni mövzunun davam etdirilməsi tərəfimizdən planlaşdırılır.

Araşdırma Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzin “Folklorşünaslıq və El sənətləri” şöbəsinin sabiq əməkdaşı Mətanət Yaqub qızı Abdullayevin toplama materialları əsasında işlənmişdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930