manera.az
manera.az

"Balalara hədiyyə": dünənin, bu günün və gələcəyin kitabı

"Balalara hədiyyə": dünənin, bu günün və gələcəyin kitabı

Uşaq ədəbiyyatının inkişafında və milli mənəvi dəyərlərimizin təbliğində Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabının rolu


Tarixin işıqlı səhifələrinə baxarkən XX yüzilliyin əvvəllərinə qədər Azərbaycanda uşaqlar üçün dərsliklərin barmaqla sayılacaq qədər az olduğunu görürük. Dərsliklər olmayanda uşaqlara daha çox Quran ayələrini, daha sonra isə şairlərin yaradıcılığından bəzi əsərləri oxudurdular. Burada belə bir sual yaranır ki, az yaşlı uşaqlar dil və üslub baxımından çətin olan Quran ayələrini və yaxud "Leyli və Məcnun"u, "Bustan" əsərlərini necə oxuyub başa düşürdülər? Təbii ki, burada əsas məsələ uşaqlara dərin bilik vermək yox, oxu və yazı vərdişlərinin aşılanması idi.

Müəyyən bir vaxtdan sonra ziyalılarımız uşaq ədəbiyyatı mövzusunda son dərəcə vacib olan işlər görməyə başladılar. Seyid Əzim Şirvani, Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Abbas Səhhət, Firidun bəy Köçərli və b. ədiblərin adlarını çəkə bilərik.

Adlarını çəkdiyimiz ədiblər sırasında Firidun bəy Köçərlinin xüsusi xidmətləri olmuşdur. F.Köçərli pedaqoq idi. O, Qori Müəllimlər Seminariyasında dərs deyirdi. .

F.Köçərli digər ziyalılardan fərqli olaraq uşaqlara mövzuları necə və hansı formada tədris etməyi çox gözəl bilirdi. O, uşaqlara çətin və mürəkkəb cümlələrlə yox, sadə xalq dilində nümunələr çəkməklə fikrini izah edirdi. Dərs zamanı daha çox xalq yaradıcılığı örnəklərindən istifadə edirdi və uşaqlar da onları asan qavrayırdılar. Xalq yaradıcılığı nümunələri içərisindən də uşaqların yaşlarına, psixologiyasına uyğun olanları seçirdi.

Firidun bəy Köçərlinin 1912-ci ildə çap olunan "Balalara hədiyyə" kitabı Azərbaycan folklorşünaslıq elmində ilk folklor antologiyasıdır.

"Balalara hədiyyə" kitabında atalar sözü və məsəllər, laylalar, yanıltmaclar, tapmacalar, təmsillər və s. toplanıb. F.Köçərli uşaqların mənəvi zənginliyə, geniş dünyagörüşə yiyələnmələrində folklor nümunələrinin önəmini yaxşı bilirdi və ona görə tədris zamanı onlara daha geniş yer ayırmağa çalışırdı. Yusif Səfərov doğru olaraq qeyd edir ki, "F.Köçərli balacaların ilk təlim və tərbiyəsinə uşaq folkloru nümunələrini oxumaları ilə başlamağı lazım bilirdi". Bəli, ən böyük pedaqoq elə xalqın özüdür, xalqın yaratdığı folklor nümunələri o böyük pedaqoqluqdan, mürdüklükdən xəbər verir.

Uşaqlara ilkin vaxtlarda yaxşını pisdən, ağı qaradan, dostu düşməndən seçməyi öyrətmək lazımdır. Bunun üçün xalq yaradıcılığında saysız-hesabsız örnəklər var. Məsələn, "Qarı düşmən dost olmaz, əski pambıq bez olmaz", "Dost dar gündə tanınar" və s. Bu kimi nümunələr xalq yaradıcılığında çoxluq təşkil edir.
"Balalara hədiyyə": dünənin, bu günün və gələcəyin kitabı
F.Köçərlinin tərtib etdiyi "Balalara hədiyyə" kitabındakı nümunələrin dili sadə və anlaşılandır. Uşaqlar o mətnləri oxuyan zaman heç bir çətinliyə rast gəlmirlər. Oxuduqlarını yaxşı başa düşürlər. Bunu qeyd etmək lazımdır ki, F.Köçərlinin "Balalara hədiyyə" kitabı əvvəllər uşaqlara oxudulan çətin və mürəkkəb mətnlərdən daha çox fayda verirdi. Çünki folklor nümunələri uşaqların zehinlərinin güclənməsində, əqli təfəkkürlərinin formalaşmasında, dünyagörüşlərinin genişlənməsində xüsusi rol oynayır. Uşaqların cəld, çevik fikirləşməsinə köməklik edir. Elə buna görə də F.Köçərli "Balalara hədiyyə" kitabında tapmacalara da xüsusi yer ayırır. Məsələn:

1) "Atdan uca, itdən alçaq"
2) "Bizdə bir kişi var, xor-xor yatışı var".


Birinci tapmacanın cavabı yəhər, ikincininki isə pişikdir. Bu cür tapmacaları uşaqlara ünvanlayanda istər istəməz onlar fikirləşərək, məişətdə qarşılaşdıqları hadisələri və gördükləri əşyaları xatırlayıb, onların arasından tapmacanın cavabını tapmağa çalışırlar.

F.Köçərlinin "Balalara hədiyyə" kitabında yer alan mətnlərin hər birinin qayəsi uşaqlarda yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına xidmət edir. Uşaqlara ilk dövrlərdə hadisələri necə təqdim etsək, onların yaddaşında o formada da qalacaq. Uşaqlar körpə ağac budağına bənzəyir.

Onlar da gənc, bərkiməmiş ağaclar kimi hansı istiqamətə yönəltsən o istiqamətdə də böyüyəcək. Gənc ağacın düz böyüməsi üçün ona dirəklər bərkidirlər. Uşaqların da düzgün istiqamətdə inkişaf etməsi üçün onlara mənəvi, əxlaqi dəyərlərin düzgün, vaxtında aşılanması lazımdır.

F.Köçərlinin "Balalara hədiyyə" kitabında hadisələrin əksəriyyəti heyvanlar üzərində verilir. Həmin heyvan surətlətinə it, pişik, tülkü, qarğa və s. aiddir. F.Köçərli heyvanlar vasitəsilə uşaqlara lazımi məsələləri izah edir. Məsələn, tənbəlliklə, ərincəkliklə bağlı kitabda bu tipli mətnlər verilir:

"Qış olanda it deyir:
-Yaz olsaydı, özümə bir çul toxuyardım.
Elə ki, yaz gəlir, it tənbəlləşib deyir:
-Eh, kim əyirib, kim toxuyacaq?!"

Bu cür mətnlərin əsas məqsədi daha çox uşaqlara heyvan obrazları vasitəsilə ərincəkliyin nə qədər pis bir vərdiş olduğunu aşılamaqdır. Onu da qeyd etmək lazımdır ki, F.Köçərlinin "Balalara hədiyyə" kitabında heyvanlar aləmi, heyvanların xüsusiyyətləri haqqında da bilgilər verilir. Məsələn, "Qurd", "Dəvə və tikan", "Tülkü və üzüm", "Tülkünün hekayəti" və s. mətnləri qeyd edə bilərik.

Uşaqlara körpə vaxtlarında analar, nənələr laylalar söyləyir. Laylalar uşaqların dünyagörüşünə, psixologiyalarına müsbət təsir bağışlayır. Analar övladlarına yatan zaman layla söyləyirlər ki, uşaqlar həm rahat yatsınlar, həm də ananın məlahətli səsi onların beynində xoş aura yaratsın.

Bu da uşaqların rahat yatmasına şərait yaradır.

"Laylay dedim adına
Haqq yetişsin dadına,
Hər layla eşidən də,
Balam düşər yadıma.


Nümunə gətirdiyimiz laylanın son iki misrası ikili məna daşıyır. Yəni son iki misranın mətnaltı mənası budur ki, layla deyən ananın övladı yadına düşdüyü kimi, övladın da anasının ona qarşı çəkdiyi əzab və əziyyətlər, qayğıkeşliyi yadına düşər. Layla ananın övlada qarşı sonsuz məhəbbətini gələcəyə transformasiya edən bir vasitədir.

F.Köçərlinin "Balalara hədiyyə" kitabında yanıltmaclar da var. Bizə məlumdur ki, yanıltmaclar deyilməsi çətin olan ifadələrdir. Uşaqların bu yanıltmacları söyləmələri onların həm əqli təfəkkürlərini formalaşdırır, həm də dil problemlərinin aradan qaldırılmasına köməklik göstərir. Məsələn, "ay qılquyruq qırqovul, gəl bu kola gir qılquyruq qırqovul".

Burada kitabın tərtibindəki yüksək ustalığı da ayrıca dəyərləndirmək lazımdır. F.B.Köçərli kitabı tərtib edərkən folklor örnəklərini necə gəldi düzməmiş, bir nağıl, dalınca bir bayatı, sonra bir tapmaca, ardınca bir atalar sözü və məsəl vermişdir ki, bu da uşaqları yormur, onlar janrlar tez-tez dəyişdiyinə görə, mətnləri daha maraqla oxuyurlar. Mətnlərin bu qaydada düzülüşü kitabın tərtibinə xüsusi gözəllik verir və onun oxunaqlığını artırır.
F.Köçərlinin "Balalara hədiyyə" kitabında mətnlər söyləyicinin danışıq üslubunda yox, ədəbi dildə verilmişdir. Təbii ki, mətnlərin ədəbi dildə verilməsi uşaqlar üçün vacibdir. Bəzən ləhcədə verilən mətnləri uşaqlar başa düşə bilmirlər.

Nəticə olaraq onu qeyd edə bilərik ki, Firidun bəy Köçərlinin "Balalara hədiyyə" kitabı dünənimiz, bu günümüz və gələcəyimiz üçün dəyərli, gərəkli bir dərslikdir. Bu kitab mütləq şəkildə uşaqların masaüstü kitabı olmalıdır.

İlkin ELSEVƏR,
folklor tədqiqatçısı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031