manera.az
manera.az

Şimal-qərb bölgəsindən toplanmış folklor örnəklərində əhalinin məşğuliyyəti

📅 02.11.2021 08:22

Şimal-qərb bölgəsindən toplanmış folklor örnəklərində əhalinin məşğuliyyəti

Abdullayeva Təranə Yaşar qızı
AMEA-nın Şəki Regional Elmi Mərkəzi

Son dövrlərdə Azərbaycan folklorunun əsasən regional xüsusiyyətlərinin araşdırılmasına maraq güclənmişdir. Bu cür tədqiqatlarda yerli əhalinin və ərazinin tarixi-coğrafi, etnoqrafik xüsusiyyətləri, ənənəvi məşğuliyyəti, milli mental təsəvvürləri, həyat tərzinin açılması və s. diqqətdə saxlanılır.

Bu baxımdan Şəki-Zaqatala bölgəsinin (Buraya Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz rayonları daxildir.) zəngin folklorunun araşdırılması da xüsusi əhəmiyyətə malikdir. Uzun illər bölgədən toplanan folklor örnəkləri müxtəlif yönlərdən tədqiqata cəlb edilmişdir.

Lakin əhalinin məşğuliyyəti və onun folklorda təzahürü kimi bir sıra məsələlərə geniş mənada toxunulmamış, tədqiqatlardan uzaq qalmışdır. Olduqca geniş mövzu olduğuna görə bu məqalədə toxunduğumuz məsələlər ümumi xarakter daşıyacaq.

Bölgə Azərbaycanın şimal-qərbində yerləşir və dağlıq bölgədir, sıx meşə zolağı müxtəlif heyvan və bitki örtükləri ilə zəngindir. Burada əhalinin əsas məşğuliyyəti qədim dövrlərdən ovçuluq, yığıcılıqla yanaşı əkinçilik, maldarlıq, əsasən də sənətkarlıq olmuşdur. Həmçinin Dağıstanla sıx ticarət əlaqələri də saxlanmışdır ki, bütün bunlar və həmin sahələrlə bağlı əmək alətləri, onların adları və s. bir çox folklor nümunələrində öz əksini tapır.

Üstü taxta, altı daş
Altı ayaq, iki baş. (Vəl)
Və ya
Üzümü dər səbətə
Nə qorxu var, nə xəstə
Elə yar sevmişəm ki,
Səs salıb məmləkətə.


Bölgədə əsasən sənətkarlıq, onun ayrı-ayrı növləri inkişaf etmiş, digər bölgələrdə izləri qalmayan bir çox sənət sahələri hətta günümüzdə də burada yaşadılmaqdadır. Ümumiyyətlə mövzuya keçməzdən əvvəl zəhmətkeş əhalinin sənətə, peşəyə verdiyi dəyəri göstərən aşağıdakı nümunəyə nəzər salaq.

Güllərim həşəm olsun,
Gün vursun, həşəm olsun,
Var-dövlətim olunca,
Sənətim, peşəm olsun.


Nümunədən də göründüyü kimi bölgədə insanların əməyə, sənətə xüsusi hörməti, ehtiramı olmuşdur. Bunların bir çoxu nəsildən-nəsilə ötürülmüşdür. Hətta bölgənin mərkəzi sayılan Şəkidə bu günə kimi ailələrin sənət-peşəsilə bağlı nəsil adları, məhəllə adları da yaşamaqdadır. Məsələn, Duluslar (Şəkidə həm nəsil, həm məhəllə adı olmuşdur), Dəmirçilər, Sərkərlər (nəsil adlarıı) [4, s.56] və s. istənilən sayda sadalamaq mümkündür.
Sənətinin peşəkarı olmaq, aldıqları məhsulun keyfiyyəti də insanlar üçün hər zaman vacib olmuşdur. Buna görə də əsl peşəkar insanlara yüksək qiymət verilmiş, onların məhsulları təriflənmiş, məhsulu peşəkardan almaq tövsiyə olunmuşdur. Aşağıdakı nümunədə dediklərimiz aydın duya bilərik.

Dəhrəçidən dəhrə al
Bəhrə verip, bəhrə al.
Hər dulusa inanma
Nehrəçidən nehrə al.


Sənətkarlıq qədim dövrdə əsasən müxtəlif məişət əşyalarının hazırlanması məqsədi daşımışdır. Əhalinin duluzçuluq, misgərlik, sandıqçılıq kimi sahələrlə məşğul olması “Dulusçunun şəyirdi”, “Qalayçı ilə çoban” söyləmə və rəvayətlərdə əksini tapır.

“Keçmişdə kəndə bi qaleyçi gəlir. Ho, mis qabları qaleyliyip gümüşə çörürdü. Həblə möcüzəni görməyən bir çoban qaleyçiyə didi:
-Sən ki, həblə ustasan, qab-qacağı gümüşə çörürsən, məəm də təknəmi gümüşə çöör.
Qalayçı təknənin gümüşə çöyrülməsinin nəynən kurtarmasını çobana başa salsa da, çoban iki ayağını bi başmağa diyirki, “olmaz, xaxın qab-qacağını gümüşə çöörürsən, məəm təknəmi yox!? Səə nə pisdiyim keçip?!” Qaleyçi didiyinnən dömmür. Çoban qaleyçiynən əlbəyaxa olur, qonum- qonşu yığılıp çobanı başa salsa da ho didiyinnən dömmür.Ələc qalıp qaleyçi təhnəni körüyün ocağının üsdünə qoyup çobana diyir:
-Çaparax köpüyü bas!
Çoban neçə dönə körüyü basannan sora təhnənin ortası yanıp deşilir. Çoban elədiyi işdən peşman olur”.


Gördüyümüz kimi, bölgədən toplanan bu nümunədə də iki məşğuliyyət sahəsinin adı çəkilir. Əhvalat da elə bu iki peşə sahibinin arasında baş verir.
Yuxarıda adını çəkdiyimiz bir digər nümunə - “Dulusçunun şəyirdi” rəvayəti də maraqlıdır. Belə ki, burada sənətin aliliyi, özünəməxsus qanunları, ona barmaqarası baxmamaq, bir sənəti öyrənərkən daha dərindən öyrənməyin vacibliyi, sənətinin, peşənin kamil bilicisi olmaq kimi məsəslələrə toxunulmuşdur.

"Qədim zamanlarda bir dulusçu usta var idi. Ustalarda ta qədim zamannardan adətdi, yanında şəyird saxlayıb öz peşə və vərdişlərini gənclərə öyrədiblər ki, hoların davamçıları olsun.
Dulusçu da öz yanında şəyird saxlayırdı. Usta yanında şəyird duran üç il tamam olandan sonra onu lazımi hacətlə təmin edip halallıq verər, yola salardı. Belə şəyirdlərin qazandığı da halal olardı.Usta yanında dayanmadan özbaşına sənət öyrənənlərə məhəl poymazlarmış.Ona “bic ustalar”deyərdilər.
Bir gün ustanın şəyirdini şeytan başdan çıxarıb deyir ki, dah sən bu dulusçu ustanın yanında dayanma. Dulusçuluq sənətini ustadan yaxşı bilirsən.
Şəyird usta yoğurar, onu dəzgahda qab halına salar, qurudar, bişirər, kürədən çıxaranda usda çıxarardı. Bu dəfə şəyird ustaya deyir:
- Daha mən dulusçuluq sənətini səndən də çox bilirəm. Məni azad elə, gedim öz kasıkərliyimin dalıynan.
Usta çox deyir, şəyird az eşidir, usta məcbur olur şəyirdə bir dəst həcət verib yola salır. Halallıq vermir.
Günlər keçir, şəyird özünə emalatxana tikir. Ulus qabı hazırlayıb bişirir. Bişmiş saxsı qabları kürədən çıxaran kimi saxsı qablar çaqqıltı ilə sınır. O dəfələrlə dulus qabı bişirsə də hamısı sınır, zay olur, işi belə bəd gətirən şəyird əlimyandıda ustanın yanına gəlir:
- Usta, sənə bir vacib işim düşüb. Bilmirəm bu nə sirrdi? İş həmin iş, kürə həmin kürə. Ancaq qabları kürədən çıxardıqda qırılıb tərkiviran olur. Əl mənim, ətək sənin.Əyəyini kəs, əlimi yox.
Usta deyir:
- Hələ kamil usta deyilsən. Üç il yanımda şəyird durmasan bu dulusçuluq işinin sirrini bilməzsən. Şəyird təzədən üç il də ustanın yanında işləyəndən sonra usta şəyirdi çağırıb bişmiş dulus qablarını çıxarır. Qabın birini çıxarıb usta yanına qoyur, qab sınır. Şəyirdi deyir:
- Elə məndə də elə olur.
- Sonra usta ikinci qabı kürədən çıxarır, üfürüb kənara qoyur. Qab sınmır. Sapbasağ qalır. Usta üzünü şəyirdə tutub deyir:
- İndi görürsən ustalığın sirrini?"


Nümunədə diqqət çəkən məqamlardan biri də dil məsələsidir. Nümunələrdə işlənən bir sıra məqamlar onlarıN toplandığı məkanların spesifik xüsusiyyətlərini özündə daşıyır. Bu isə onun bölgəyəməxsusluğunu bir daha sübut edir. Bu nümunədə də işlənən dil xüsusiyyətləri – yəni dialekt xüsusiyyətlərinin qorunması nümunənin orjinallığını və bölgəyəməxsusluğunu göstərir.

Bölgə üçün spesifik sayılan və əhalinin geniş şəkildə hələ ən qədim dövrlərdən məşğul olduğu sahələrdən biri də ipəkçilikdir. İpəkçilik, baramaçılıq o qədər geniş məşğuliyyət sahəsi olmuşdur ki, burada əhalinin həyat tərzinə, hətta inanclarına da öz təsirini göstərmişdir. Bu isə önəmli dərəcədə folklorda özünü göstərir.

İpək aldım bez oldu,
Şəkər aldım, duz oldu.
Bir kərə hamama girdim,
Baltakəsməz buz oldu.


Bölgədə ipəkçilik həm qədim tarixə malik, həm geniş inkişaf edən sahələrdəndir. Bu gün də bəzi ərazilərdə yaşadılan ipəkçiliyin qədimdən bu ərazilərdə mövcud olduğunu həm bir sıra arxeoloji qazıntılarda tapılan ipək parça qırıqları, həm də toplanan ən qədim folklor nümunələrində ipəklə, ipək qurdu ilə bağlı müxtəlif faktlar sübut edir.

Yuxarıda da qeyd etdiyimiz kimi bu sahə xalqın inanclarında da yaşadılır. Hətta, bölgədə yaşayan milli azlıqların folklor nümunələrində də ipəkçiliklə bağlı müxtəlif nümunələr yer alır. Məsələn, Qəbələ rayonu ərazisində yaşayan Udilərdən toplanan örnəklərdə belə bir maraqlı nümunəyə rast gəldik.

Barama ( ipəkqurdu) ilə bağlı nümunələr Barama yığılarkən onun üstündən keçmək, tullanmaq olmazdı

Üstündə qızıl və gümüş olan adamların kümxanaya daxil olmasına yol verilməzdi.

Və ya başqa bir nümunəni nəzərdən keçirək.

“Balakən rayonun Xatex kəndində maraqlı bir adət vardı.“İpəkqurdu “üçdən duranda” (üç yaşına çatanda) onların bir hissəsini götürüb cürbəcür şirniyyat və meyvə ilə bərabər nişanlı qızın evinə yollayırdılar. Həmin ipəkqurdlarını nişanlı qız yalnız özü üçün yemləyib böyüdürdü. Hasilə gətirdiyi barama satışından alınan pulu yalnız nişanlı qızın özünə verirdilər. O da özünə gerək olan şeyləri alırdı”.

Qeyd etdiyimiz nümunələrədən başqa ipəkçilik, barama qurdu iləbağlı həddən artıq nümunələr vardır.

Bölgədə əhalini məşğul olduğu sahələrdən biri də, müxtəlif bitkilərdən (gül, ömədərən, nanə və s.) həm xalq təbabəti, həm də gündəlik istifadə üçün araqların hazırlanması idi. Onun hazırlanmasında istifadə edilən xüsusi qazan mey qazanı adlanır ki, folklor nümunələrində onun adına rast gəlinir.

Mey qazanım yaşlandı,
Böyrü başı daşlandı,
Gözəlin yaraşığı,
Kiprikdəndir, qaşdandır.

Misdən hazırlanan mey qazanı, eləcə də digər məişət əşyaları ilə bağlı çoxlu sayda folklor nümunələri, bölgədə misgərliyin, qalayçılığın da bir sənət, peşə növü kimi mövcudluğundan xəbər verir.

Regionda geniş yayılan və bu gün də yaşadılan sənət növlərindən biri sandıqçılıqdır. Sandıq taxtadan hazırlanan və üzəri dəmirlə bəzədilən, içərisinə müxtəlif şeylər, üzərinə yorğan-döşək yığılan əşyadır. Bəzək əşyaları, müxtəlif xırda əşyalar yığmaq üçün isə daha kiçik formaları hazırlanır ki, bu da mücrü adlanırdı. Ümumiyyətlə adları çəkilən əşyalar daha çox gəlin kökən qızlara verilərdi və geniş istifadə olunardı. Bu gün də bölgənin müəyyən yerlərində bu ənənə yaşayır. Və qədim folklor nümunələrində onlarla bağlı nümunələr yaşayır.

İnci sandıx açıldı
İnci-mərcan saçıldı,
Qardaş toyun mübarək
Toyluq parça açıldı.


Bunlarla yanaşı dəyirmançı, çörəkçi, xalçaçılıq, dəlləklik, çərçilik, papaqçılıq, dəllallıq və s. qədim peşə-sənət sahələri ilə bağlı çoxsaylı həm lirik, həm epik folklor nümunələrinə rast gəlinir. “Papaqçının əhvalatı”, “Çərçinin xırda-xırda andı yığışıb eşşəyinə qənim olur” kimi örnəklər dediklərimizi bir daha sübut edir.

Bunların bəziləri öz xüsusiyyətlərinə görə bölgəyə məxsusluq xarakteri daşıdığı halda, bəziləri ümumi xarakterlidir və bir çox bölgələrin folklorunda təsadüf olunur. Hətta bəzi hallarda biz eyni nümunələrin fərqli variantlarına da rast gəlirik ki, bu da nümunələrin bölgənin etnoqrafik həyat tərzinə uyğunlaşdırılması ilə bağlıdır.


Baxış sayı - 726 | Yüklənmə tarixi: 02.11.2021 08:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031