manera.az
manera.az

Folklorda söyləyici psixologiyası - İlkin Elsevər yazır

📅 04.09.2020 16:51

Folklorda söyləyici psixologiyası - İlkin Elsevər yazır
və yaxud folklor mətnlərinin toplanmasına dair bəzi məsələlər

(Folklor nümunələrini toplayan zaman müşahidə olunan bir neçə psixoloji məqamlar)

Hər bir xalqın etnopsixoloji xüsusiyyətləri onun folklorunda öz əksini tapır. Folklor xalqın pasaportu, etnik yaddaşı, kimliyi, keçmişi, bu günü və gələcəyə doğru uzanan işığıdır, yoludur. Folklorda xalqın adət-ənənəsi, inamları, alqışı-qarğışı, sevinci, qəmi, laylası, bayatısı, dastanı, nağılı, ağısı və s. yaşayır.

Folkloru toplamaq işi günü-gündən çətinləşir. Bu da onunla bağlıdır ki, on il, iyirmi il, əlli il öncə yaşamış folklor söyləyiciləri həyatda yoxdurlar. Folklor söyləyicilərinin sayı günbəgün azalır. Bilmək lazımdır ki, dünyasını dəyişən hər bir yaxşı folklor söyləyicisi yaddaşında zəngin xəzinə aparır. Onların çoxu başqalarının yaddaşında olmadığına görə, itirilmiş sayılır. Bu gün toplayıcılarının üzləşdiyi ən çətin məsələ yaxşı söyləyici tapmaqdır.

Hər kəs folklor söyləyicisi ola bilmədiyi halda, hər kəsdə folklor toplayıcısı ola bilməz. Folklorda yatan bu xəzinəni araşdırıb, tədqiq edib çap etdirmək folklorşünasların üzərinə düşür və onların ən müqəddəs vəzifələrindən biridir.

Azərbaycan folklorunun toplanılmasının tarixi o qədər də qədim deyil. Folklorşünaslarımız XIX sonu XX əsrin əvvələrindən etibarən folklor örnəkləri toplamağa başlamışlar. Bu məsələ ilə bağlı mərhum folklorşünas Azad Nəbiyev yazır: "Milli ağız ədəbiyyatının yaranması, janrlaşma tarixi nə qədər qədimlərə gedib çıxsa da, onu öyrənən elmin meydana gəlməsi əsasən iyirminci əsrin əvvəllərinə təsadüf edir. Əslində Azərbaycan folklorşünaslığı gecikmiş folklorşünaslıq idi. Avropada almanlar, ingilislər, fransızlar, finlər və b. öz şifahi ədəbiyyatlarını-əsatir və nağıllarını, mərasim və əmək nəğmələrini geniş şəkildə toplayıb öyrəndikləri halda bizim ağız ədəbiyyatımız hələ yazıya alınıb toplanmamışdı.”

Daha sonra akademik Muxtar Kazımoğlu Azərbaycan folklor mətnlərinin toplanıması məsələsinə toxunaraq "Azərbaycan folklorşünaslığı: tarix və müasirlik" adlı məqaləsində yazır ki, "Azərbaycan folklorşünaslığının dünəni çox da uzaq keçmişlərə gedib çıxmır, çünki folklorşünaslıq həm dünyada, həm də bizdə qismən cavan elm sahələrindən biridir. Avropada XVIII əsrin sonu, XIX əsrin əvvəllərindən formalaşmağa başlayan folklorşünaslığın bizdəki yaranma tarixi XIX əsrin sonları, XX əsrin əvvəllərinə təsadüf edir".

Azərbaycan folklorunun ilkin toplayıcılarından: Yusif Vəzir Çəmənzəminlini, Hümmət Əlizadəni, Firudin bəy Köçərlini, Hənəfi Zeynallını, Vəli Xuluflunu və daha sonralar Məhəmmədhüseyn Təhmasibi, Vaqif Vəliyevi və b. örnək göstərə bilərik. Adlarını qeyd etdiyimiz alimlər əsərlərində folklor toplamağın üstünlüklərindən, qaydalarından çox genş bir şəkildə izah vermişlər. Məsələn, Yusif Vəzir Çəmənzəminli "Nağıllarımızı necə toplamalı" adlı məqaləsində qeyd edir ki, "Xalq ədəbiyyatını toplayarkən kitab təsirinə düşülərsə, böyük xəta zühur edə bilər. Səhv etməmək üçün xalq ədəbiyyatını savadsız mühitdən əxz etməlidir". Daha sonra Y.V.Çəmənzəminli "Folklor yolunda" adlı məqaləsində folklor toplayıcıları haqqında deyir: "Folklor toplayanlar isə, işə təsadüfi olaraq yanaşmışlar, hazırlıqları olmamış və məsələnin elmi cəhətinə heç də əhəmiyyət verməmişlər".

Folklorşünas alimin hər iki məqaləsindən gətirdiyimiz sitatdan aydın olur ki, Y.V.Çəmənzəminli folklor toplamağın qaydalarına xüsusi önəm vermiş
və bu qaydaları hər bir folklor toplayıcısının bilməsini vacib vurğulamışdır.

Hər bir folklorşünas ilk işini toplama materiallarından başlamalıdır. Folkloru toplamaq mürəkkəb və çətin bir prosesdir. Folkloru toplamaq səs yazmaqla bitmir, əksinə folklorun toplanmasına qədər bir çox proseslər var ki, onları hər bir toplayıcı bilməlidir. Folklor toplayıcısı: şifahi xalq ədəbiyyatının janrlarını, növlərini, tarixi, dilçiliyi, kulturologiyanı və ən əsası isə psixologiyanı bilməlidir. Toplayıcı və söyləyici psixologiyası ilə bağlı irəlidə geniş bilgi verəcəyik.

Toplayıcı nəzərdə tutduğu bölgənin folklorunu toplamazdan öncə həmin bölgənin ümumi mənzərəsinə bir nəzər yetirməlidir. Yəni bölgənin coğrafiyasına, iqtisadi inkişafına, əhalinin məşğuliyyətinə, danışıq üslubuna-şivəsinə və s. tanış olmalıdır. Məsələn, toplayıcı Qazax, Tovuz, Gədəbəy bölgəsində folklor örnəkləri toplayırsa, saz-söz mədəniyyətini, saz havalarını, aşıqların deyişmələrini və s. mükəmməl bir şəkildə bilməlidir ki, bölgənin folkloru yaxşı toplanılsın. Və yaxud Azərbaycanın Cənub bölgəsinin, yəni Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının folklorunu toplayan toplayıcının dini mətnlər haqqında dərin təsəvvürü olmalıdır ki, topladığı mətnlər rəngarəng olsun.

Toplayıcı sualdan sual yaratmalıdır. İnformatoru hər hansı bir mövzu haqqında ümumi danışdıranda yaxşı material toplamaq olmur. Toplayıcı mövzunu hissələrə ayırıb ardıcılıqla sual verib cavab almalıdır. Məsələn, toplayıcı söyləyicidən Məhərrəmlik ayı haqqında ümumi danışmağı istədikdə o, qısa bir formada hadisələri nəqil edəcək. Ancaq toplayıcı Məhərrəmlik ayının 10 günündə hansı hadisələr baş verib, neçənci gün imamlar şəhid olub, aşurada nə baş verib, qətl günü nə deməkdir və s. bu səpkidə sualları söyləyiciyə ünvanlandırsa o, geniş bir şəkildə məlumat verəcək.

Toplayıcı sahəyə çıxmazdan əvvəl özünün qeydlərini mütləq şəkildə götürməlidir. Toplayıcı folklorun janrlarını, növlərini mükəmməl bilməlidir ki, o, söyləyicinin söylədiyi mətnin hansı növə və janra aid olduğunu o dəqiqə ayrıd eləsin. Toplayıcı folklorunu topladığı bölgənin özünəməxsus xüsusi adət-ənənəsinə də mütləq şəkildə nəzər yetirməlidir. Məsələn, Cənub bölgələrində sünbüldən zənbil düzəldirlər. Həmin şəxslər zənbili düzəldərkən istər-istəməz dodaqaltı zümzümələr edirlər. O zümzümələr dildən-dilə dolaşaraq məzəli, duzlu ifadələrə çevrilir. Bu mətnlər də toplanılsa çox orjinal iş ortalığa çıxar.

Toplayıcı söyləyiciyə mətn söyləməkdə köməklik göstərməlidir. Bəzən elə olur ki, geniş bilgisi olan söyləyici bir anlığa donub qalır. Elə bu zaman toplayıcı söyləyicinin hafizəsini təzələmək məqsədi ilə məzəli, duzlu ifadələr işlətməlidir ki, söyləyici özünü rahat hiss edib mətni söyləsin.

Toplayıcı söyləyici ilə elmi dildə danışmamalı, özünü aqressiv, kobud, eqayist aparmamalıdır. Bütün bunların nəticəsində söyləyici mətnləri söyləməkdən çəkinə və hətta imtina edə bilər.

Toplayıcılar bölgənin dil-üslub xüsusiyyətlərinə də nəzər və diqqət yetirməlidir. Toplayıcı hər hansı bir bölgənin sakini ilə onun danışdığı şivədə danışsa, o, daha çox söyləyici ilə yaxşı ünsiyyət yarada bilər. Onların müsahibəsi quru yox, yadda qalan olar. Məsələn, Cəlilabad rayonunun şivəsinə əsasən danışıq üslubunda "ey, əy" şəkilçisi daha çox işlənir. Məsələn, gəley, aparey, gedey və s. Əgər toplayıcı söyləyici ilə Cəlilabad folklorunu toplayan zaman "gəlirəm" əvəzinə "gəliyəm" desə söyləyicinin rəğbətini daha çox qazanacaq və onlar arasında çəkinəcəklik o qədər də olmayacaq, yəni söyləyicidə danışıq tərzini dəyişmək məcburiyyətində qalmayacaq.

Toplayıcının ən vacib və diqqət yetirdiyi məqam söyləyici psixologiyasıdır. Toplayıcı söyləyicinin səsini yazmazdan öncə onunla qısa da olsa, danışmalı və onun psixoloji durumunu qismən də olsa bilməlidir. Adətən kənd yerlərində folklor söyləyiciləri nənələr, babalardır. Bəzən bu nənə və babalar xasiyyətcə çox sərt ola bilirlər. Bu halda folklor toplamaq olduqca çətinləşir. Həmin proses baş verdik də toplayıcı söyləyicinin psixologiyasına uyğun hərəkətlər etməlidir. Daha çox psixoloji durumdan əziyyət çəkən yaşlılar toplayıcılarla aqressiv davrana bilərlər.

Toplayıcı bu aqressivliyə qətiyyən reaksiya verməməli, əksinə söyləyicini bir az da tərifləməklə və başqa yollarla könlünü almağı bacarmalıdır. Yaşlı nəslin nümayəndələri ilə görüşərkən onlara müəyyən kiçik hədiyyələr alanda, yəni şirniyyat və digər ərzaq məhsulları alıb aparanda onların könlünü almaq bir azda olsa asanlaşacaq. Əsas məsələ odur ki, toplayıcı söyləyicinin inamını, rəğbətini qazana bilsin. Əgər toplayıcı söyləyicinin inamını qazana bilməsə, onda toplayıcı çox mətn toplaya bilməyəcək.

Toplayıcı söyləyiciləri qadın və kişi olmaqla iki qismə ayırmalıdır. Bu bölgü adətən psixologiya ilə bağlıdır. Bəzən eyni bir mətni qadın və kişi söyləyəndə mətn daxilində fərqliliklər özünü göstərir. Qadın mətnlərə daha çox emosiya ilə yanaşaraq nəqil edir. Ancaq kişi söyləyiciləri daha çox qəhramanlıq hekayələrini, dastanları, nağılları danışırlar. Kişilər mətnləri daha çox pafosla söyləyirlər. Kişi söyləyiciləri mətnləri ardıcıllıqla söyləyən zaman özlərini çox zaman tərifləyirlər.

Bu bir normal haldır. Ancaq bu xüsusiyyəti qadın söyləyicilərdə görmək demək olar ki, mümükün deyil. Ona görə ki, qadın söyləyiciləri istənilən mühitdə və məkanda özlərini çəkincək aparırlar. Bu da birbaşa qadın psixologiyasının tələbindən irəli gəlir. Mifoloji mətnləri toplayan zaman söyləyici fərqinə baxsaq ən çox qadınların çoxluq təşkil etdiyini görürük. Məsələn, qara magiya, cadu və s. ayinləri qadınlar kişilərə nisbətən daha çox bilirlər.

Toplayıcının diqqətli və ehtiyatlı olması gərəkən məsələlərdən biri də, bəlkə də birincisi söyləyicinin səsinin yazılmasıdır. Toplayıcı informatorun səsini yazmazdan öncə onun hərəkətlərinə, davranışına diqqət yetirməlidir. Bir çox hallarda söyləyicilər səs yazma aparıtını görən kimi mətn söyləməkdən çəkinirlər. Bunun bir çox səbəbləri ola bilər. İlk olaraq yuxarıda qeyid etdiyimiz kimi toplayıcı özünü söyləyiciyə inandırmalı, toplamanın mahiyyətini izah etməlidir. Bir çox söyləyicilər elə hesab edirlər ki, onların söylədiyi mətnləri toplayıcılar aparıb yoxlayıb və hər hansı mətn yalnış olduqda gəlib söyləyiciyə nəsə deyəcəklər.

Bu kimi məsələləri toplayıcılar söyləyicilərə açıq şəkildə izah etməlidir. Folklor toplamanın ən önəmli məsələlərindən olan söyləyicinin səsinin yazılması toplanılan mətnlərin obyektiv və uzun ömürlü olmasına müsbət təsir əxz edir. Bizə məlumdur ki, əvvəllər folklor toplayıcıları mətnləri səsli olaraq yox, əlyazma əsasında qeydə alırmışlar. Məsələn, hər hansı bir aşıq istənilən dastandan bir parça söyləyir. Aşıq mətni söylədikcə toplayıcı ona yazmağa başlayır. Təbii ki, toplayıcı aşıqla ayaqlaşmaqdan ötrü tez-tez yazmağa başlayacaq.

Burada istər-istəməz mətndə əksikliklər olacaq. Bəzən elə olur ki, aşıq mətni surətli danışır və toplayıcıda mətnin hamısını yazıya almağa çalışır, amma bu o qədər yaxşı alınmır. Səbəbi budur ki, aşıq mətni tez-tez söylədiyi üçün toplayıcı bəzən mətni çatdıra bilmir. Toplayıcı söyləyiciyə deyə bilməz ki, bir parça mətni de və mən onu yazıya alım, sonra yenə həminki qayda da nəql eləsin. İstənilən söyləyici bu prosesdən yorulacaq.

Hətta belə hallarda söyləyicidə danışmaqdan imtina edə bilər. Ona görə də söyləyicinin səsinin yazılması ən əlverişli yoldur. Söyləyici mətni hansı formada söyləyirsə-söyləsin onun dediyi mətni olduğu kimi səs yazmasında qalacaq. Həmçinin söyləyicinin səsinin yazılması təkcə folklor mətnlərinin obyektiv və uzun ömürlü olmasından əlavə mətnlərin dil və üslub xüsusiyyətlərinin qorunub saxlanılması dilçilik elminə son dərəcə dəqiq materialları bəxş edir. Məsələn, söyləyici mətn söyləyən zaman orada arxaik sözlərdən də istifadə edir. Hər söyləyici mətndə bir-iki qədimi söz işlətsə, xeyli materiallar əldə etmək olar. Folklorşünas alim, yazıçı Y.V.Çəmənzəminli "Dil məslələri" adlı məqaləsində deyir ki, "Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplanılsın, öyrənilsin, əzbərlənsin.

Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin". Çox yaxşı olardı ki, folklor mətnlərini səs yazma aparatından kağıza köçürən zaman folklor toplayıcıları ilə yanaşı, həmçinin dilçilərdə məşğul olsunlar. Hər iki sahənin tədqiqatçıları bu işlə çox ciddi şəkildə məşğul olsalar sonda çox böyük nəticələr əldə etmək olar.

Toplayıcının diqqətli olması gərəkən məqamlardan biri də dini mətnlərin toplanmasıdır. Bölgələrdə dini mətnlər daha çox yayılmışdır. Bəzən ayrı-ayrı dini mətnləri bir mətn adı altında təqdim edirlər. Təbii ki, bu doğru deyil. Dini mətnlər toplanan zaman kitab cümləsinə yol verilməməlidir.

Daha yaxşı olardı ki, dini mətnlər yaşlı mollalardan, sinə dəftər olan şəxslərdən toplanılsın. Bəzən dini mətni söyləyən informator mətn daxilində ərəb-fars sözlərindən də istifadə edir. Cümləni bütöv ərəbcə deyir və daha sonra onu tərcümə edir. Bu cür hallarla söyləyici qarşılaşarsa, həmin mətnləri çox həssaslıqla toplamalıdır. Daha yaxşı olardı ki, toplayıcı söyləyicilərdən sadə xalq dilində mətnləri toplasın. Ərəb və fars dilində söylənilən mətnləri əksər oxucular başa düşmür, yəni o dili bilmirlər. Sahədə olan zaman bölgənin ağıçıları ilə görüşmək lazımdır. Çünki ağıçılar kitabdan yox, ağıları bədahətən söyləyirlər. Ağıları daha çox qadınlar söyləyirlər. Hər bir bölgədə ağıçılar var.

Toplama məsələsində xüsusi diqqət göstərilən məqamlardan biri də söyləyici haqqında məlumatların əldə edilməsidir. Mətni yazıya aldıqdan sonra aşağadakıları bilmək lazımdır:

1. Söyləyicinin adı, soyadı, atasının adı;
2. Söyləyicinin doğulduğu yer, anadan olduğu il, ay, gün;
3. Söyləyicinin təhsili və ailə vəziyyəti;
4. Söyləcinin yaşadığı məkan: gəlmədi yoxsa yerli;
5. Söyləyici mətni kimdən eşidib;
6. Söyləyici mətnləri söyləyən zaman toplayıcının şahidləri;
7. Materialın toplanıldığı tarix: ay, il, gün və saat qeyd olunmalıdır.

Buna folklorun pasportlaşdırılması deyilir. Pasportu olmayan toplama materialı qanuni sayılmır. Ona görə toplanılan hər bir folklor mətninin söyləyici pasaportunun olması çox vacib məsələdir.

İlkin ELSEVƏR
Folklor tədqiqatçısı


Baxış sayı - 1 360 | Yüklənmə tarixi: 04.09.2020 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031