manera.az
manera.az

Və Sən - son dayanacaq | Şeirlər

Və Sən - son dayanacaq | Şeirlər

MANERA.az Sevinc Yunuslunun şeirlərini təqdim edir:

Və Sən - son dayanacaq

Gecənin bir yarısı
qəfil hönkürtü səsi gələr
divarın o üzündən.
Kimdi ağlayan görən?
" Yəqin , qonşudu" deyərsən...
İsti bir yay günündə
üşüyər əlləri
yad qadının həsrətdən...
Dəniz kənarında kağızdan
gəmi düzəldər bir uşaq
darıxmağından...
Yol boyu tanımadığın adamlar keçər
Axtarmaz gözün o adamı,
təkrarı olmaz...
Gözlərin mənasızlaşar...
Ayaqların pillələri elə aşar -
qəfil qutusundan yerə tökülən
domino daşları kimi...
Heç biri mən deyiləm...
Mən güclüyəm,
darıxmaram,
ağlamaram...
Onsuz da bilirəm, bu görüşdə
ürəyim şam kimi yanacaq...
Odur qatar gəlir...
İçərişəhər...
Sahil...
Və Sən - son dayanacaq!

Sübh yuxulum

Bəs deyil bu qədər tənha qaldığım?!
Çiçək yaraşıqlım, kənd qoxulum, gəl.
Ayrılıq da belə uzun olarmı?!
Gecə çıx, səhər çat, sübh yuxulum, gəl.

Boğazım nə qədər qəhəri udsun?!
Baş alıb qaçdığım viranə yurdsun.
Nə biçim atəşsin, nə biçim odsun,
Bu odda nə qədər de yaxılım, gəl.

Ölmüşəm, nəfəs ver, gorda doğulum,
"Zikkurat" yaradım, "Ur"-da doğulum.
Musadan yol alım, Turda doğulum,
Təqvim başlanğıcım, vaxt axınım, gəl.

Gəl, körpə uşağın şəkər sevgisi!
Gəl, dərviş könlümün səfər sevgisi.
Qəndil işığının səhər sevgisi
Bu qədər sevgini yarıda qoyma.
Gəl artıq yetişir, gəl axırım, gəl.

Demə

Düşür ömür yarpağım,
Solub-saraldı demə.
Lalə bağrımı deşən
Yaraya xaldı demə.

O halımı sormadı,
O yaramı sarmadı,
Ona heç nə qalmadı
"Mənə nə qaldı" demə.

Gedən getdi oydusa,
Gələn ona taydısa.
Ömür elə buydusa
Nə verdi-aldı demə.

Yoxa vardın

Bu sevdanı qanmadın
Yuxuydun, yoxa vardın.
Sən heç zaman yanımda
Yoxuydun yoxa vardın.

Tutammadıq əl-ələ,
Ağlama görək hələ.
Sevdasız ürəklərə
Çox uydun, yoxa vardın.

O göy buluda köçdün,
Gəlib könlümdən keçdin.
Göz yaşlarımı içdin,
Toxuydun, yoxa vardın.

Saman çöpləri

Göyün üzünə baxaram,
Gözümdın əksin çökər buludlara,
Dəli olaram...
Yuxularda görərəm səni
üzün uşaq üzüdü -
Toxunmağa qıymaram...
Ağacdan əli üzülən
Yarpaq həsrətini
Kitablara yığaram...
Çöpdən ev düzəldərəm
İçində sən və mən...
Külək vurar uçurar,
Mən küləyə gülərəm...
O saman çöplərini
Ovcumda gizləyərəm...
Əllərin bilirəm ki, payızdı.
Ömrümün baharında
Mən payızı sevərəm...
Qəfil yağış yağar,
Üzü göyə rəqs edərəm
Çətirsiz...
Əllərimlə buludlarda
Şeir yazmaq istəyərəm
Sənə sözsüz,
Sətirsiz...
Sonra yorularam...
Sevmirəm deyərəm...
Yalan danışaram səmalara.
Bir üzür diləyərəm bütün olanlara...

Mərdliyinin xətrinə

Mən gözləyə bilərəm gəlişini min il də,
Yolumu evinizin yollarından salaram.
Lap olsun e, bircə gün ayda, gündə, bir ildə
Bilsəm ki, gələcəksən, yollarında qalaram.

İstəsən, nöqtə ollam kitabının sətrinə.
Darıxsam, sığınaram əllərinin ətrinə...
Səni təmiz könlünün, mərdliyinin xətrinə
Bu sevginin ömürlük qadasını alaram.

Nəsə öyrəşəmmədim yeddi illik təkliyə...
Ömrümü həsr elədim tənha kəpənəkliyə...
Bu il sənəd vermişəm könüllü həkimliyə,
İzn versən könlünün yarasını sararam.

Çarmıxa çəkilən yaşlar

Əllərim ovcun qədərdi,
Bilirəm, qəlbin yuxadı.
Bilirəm, bitəcək bu da,
Bütün olanlar yuxudu.

Yuxudu bütün sevgilər,
Yuxular sarı qum kimi.
Ürəyimi ovxalayır
Camlar, şüşələr yun kimi.

Bilirəm, yarın qədərəm,
Əlim də çatmır boyuna.
Ərşə yetən həsrətimdən
Göz yaşımla göy yuyunar.

Doğranır ayağım altda
Torpağa bükülən daşlar.
Get də gözümə batmasın
Çarmıxa çəkilən yaşlar.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30