manera.az
manera.az

Oxucunun öldürə bilmədiyi Kornelius | MANERA.AZ

Oxucunun öldürə bilmədiyi Kornelius  | MANERA.AZ
manera.az
QAR ALTINDAN ÇIXANLAR

Əgər Dağ-lar nəhayətsiz yolçuluğa ürcah olmuş Dərvişlər səfidirsə, Dərə-lər onların ətəklərindən asılmış sirr kəşkülləridir. Bu kəşküllərin ağzı həmişə açıqdı, sirrin qar kimi üst-üstə yığılıb qalaqlanmasına Tanrı özü də izn verməyir. Bir qədər də təşbehlərin içi ilə addımlasaq, görərik ki, Dərə-lər Dağ-ların üzüdür. Bir-birinə bitişik İkiüzlü dünyalardan və insanlardan fərqli olaraq (Odinin medalından savayı bu dünyada hər şeyin iki üzü vardır. Borxes. “Kral qatili odunçu”) Dağ-ların üzü ona görə onun ətəyindədir ki, sirr açılmasın. Olmuşların və olarların üzümüzdə öz izlərini qoyduğunu nəzərə alsaq, Dağ-lara həsəd aparmaya bilmirik... Çünki Dağların sirlərini məharətlə gizlədə bildiyi Dərə Üzü vardır.

K.Abdulla qəhrəmanları yazıçı təhkiyəsinə “məhəl qoymadan” ya yollarını Dərədən salır, ya da dərəətrafı yollardan keçirlər. Ən azından, Sirr Mehi onlara dəyməlidir. Kornelius da belədir. Səyyaha çevrilməmişdən çox-çox əvvəl, yəni əsl Kornelius olarkən yaddaşının mərkəzini zəbt etmiş dəhşətli hadisə sonralar dünyanın mərkəzinin məhz əzab olması fikrini assosiasiya edir. Yazıçı birmənalı olaraq irreal düşüncə formulunu ortaya qoyur: Dünyanın mərkəzi yoxdur! İstəyirsən minlərlə kitab oxu, yüzlərlə traktat yaz, yenə heç nə dəyişilməyəcək. Mərkəz yalnız yaddaşının mərkəzini işğal etmiş və partlayış effekti yaradan hər hansı bir hadisə ola bilər. Belə partlayışlar zamanı əmələ gələn yarığı, çökəkliyi heç nə ilə doldurmaq olmur, hətta çox şeyə məlhəm olan zamanın da buna gücü çatmır.

Yerin mərkəzinin Alma-materimizin düz önündə olması təsadüfdürmü? Bu, həm qürurverici, həm də əzabverici bir faktdır. Kim istəməz Yerin mərkəzinin onun yaşadığı şəhərdə olmasını?! Çox qürurvericidir! Lakin ən böyük iztirab və əzabın məhz bu Alma-ana meydanında çəkilməsi məlum mifin arxetipik simvollarının yaddaşda proyeksiya olunmasıdır. Bu dəfə ağrılı uşaq xatirələri şəklində...

Kornelius xatırlayır: Şəhər müdafiçilərinin cəsədləri arasında atasının nəşi də vardır. Düşmənin ürəyi soyumayıb, ölülərdən “intiqam almaq üçün” dirilər cəsədlərin ətrafında dövrə vuraraq gəzdirilir. Öldürülənlərin qohum-əqrabası məhz bu cür üzə çıxacaq. Burla Xatunu tanımaq üçün düşmənin cızdığı məkrli plan düşür yada. Belə çıxır ki, dünyadakı cəza növləri də cüzi dəyişiklərlə bir-birinə bənzəyir. Yaşadığı o gecə Epos qəhrəmanı Uruzun yaddaşından necə silinə bilər?! Kornelius da eyni halı yaşayır. Kiçik zaman fərqləri ilə. Ona görə “kiçik” deyirəm ki, Eposla 1784-cü il arasında ötən zaman tarixilik baxımından uzun görünə bilər, amma qələmə aldığım bu mətndə yaddaşım haman ayrıntıları elə sürətlə aradan götürür ki, mat qalıram, elə bil Korneliusun vaqiəsini deyil, Uruzun vaqiəsini danışıram. Bax, K.Abdulla bu hekayəsində Yaddaşın zamansızlığından sanki səmada – boşluqda danışır. (Yoxdu boşluq!) Boşluq isə anladığımız boşluq deyildir. Sirli bir şeydir. Hekayə də bu boşluğa həsr olunub – mənalı, sirli Absurda!
Övladlarının cəsədlərini tanıyıb sifətlərində qəm-qüssə əlamətləti görünən ata-analar yerindəcə öldürülür. “Kornelius sonralar sübut etdi ki, sonuncu belə müsibət Romada İmperator Kommodun vaxtında olmuşdu” Yox! Sonuncu müsibət deyil bu! Təhkiyəçi bütün cidd-cəhdləri ilə mətni “qatıb qarışdırır” Bu, onun yazı manerasıdır. K.Abdulla mətnləri çoxəlli mifik bir “Şər Obrazı” kimi oxucu ilə daima savaşdadır. O, oxucunu özü dardıb salır mətnə. Başlanır Mətnlə interpretasiya: “Hacı Mir Həsən ağa Səyyah deyirdi ki, sizin ölkənin kiçik adı hələ də axıra qədər tələffüz olunmayıb, sizin əhali bu sözün yarısını, bəlkə də yarısından çoxunu ürəklərində saxlayıblar”

Kamal Abdulla da öz mətnlərində sözün yarısını, bəlkə də yarısından çoxunu demir, ürəyində saxlayır, dedikləri də aysberqdən betərdir - görünən tərəfinin də görünməyən qatları vardır. Bu hekayə də istisna deyildir. Təhkiyəni iki xəyali “parça”ya ayırmaq olar. (Hərçənd ki, onun mətnlərini parçalara bölmək olmur!) Birinci “parça”(Və ikinci də birincinin içindən çıxır!) qoca professor Korneliusun dünyanın mərkəzini dəqiq tapması və bunun ətrafında gedən elmi və siyasi gəlişmələrdir. Və bunları hekayənin nəql olunduğu tarixlə - 1784-cü illə elə ustalıqla əlaqələndirir ki, şübhə yeri qalmır. Bu tarix qəribə hadisələrlə müşayiət olunur. Özünüz də tarixin yaddaşına bir 1784-cü il səyahəti eləsəniz, bunun həqiqət olduğuna inanarsınız. Qoy birini deyim: “Onun qarşısında əyləşmiş gənc Böyük Britaniya Krallığının ikinci şəxsi, Baş nazir Lord Viliyam Pit idi. Cəmi 24 yaşındaydı. Tarixdə bu yaşda Baş nazir olmuş şəxsə nə 1784-cü ilə qədər, nə də ondan sonrakı illərdə rast gəlinməyəcəkdi. Kembric Universitetini təzəcə qurtarmış ser Pit akademik tələffüzü və auditoriyada dərs deyən professorlarsayağı təmkiniylə Birləşmiş Krallığın xarici siyasətinin hansı istiqamətdə aparılacağının konturlarını izah edirdi”
Bunlar öz yerində, amma hekayənin birinci Cümləsini yaddan çıxarmamaq şərtilə: “1784-cü ilin üstünə-başına lopa-lopa axşam qarı yağmaqda idi” Əziz dostlar, qar 1784-cü ilin üzərinə yağır. İl qar altda qalıb yox olacaq! Bir azdan haman qar damı keçib qoca professor Korneliusun otağına, onun ruhu və adının üstünə yağacaq…Və o da qar altda qalacaq! Məlum olacaq ki, zaman da insan adları kimi yalançı bir şəkildi, illüziyadı… Məhz bu ölüm anında professorun yadına düşür ki, onun əsl adı Kornelius deyil, Hacı Mir Həsən ağa Səyyahdır. İl də heç 1784 deyilmiş.

Qar gizlətmir, həm də açıb göstərir. Kornelius adlı bir ustad onu özünə şəyird götürür. Ölərkən Səyyaha deyir ki, bu gündən mən sən oluram, sən də Yerin mərkəzini tapandan sonra həm də mən-ə dönüşərsən. Otaqdan isə Səyyah çıxıb dövrə vura-vura gedir. İndiki zamanda olan, yəni təhkiyədə olan Kornelius – Səyyah çıxıb gedir. Keçmiş zamanda olan və bir vaxtlar Səyyaha öz bilgini və adını vermiş ustad Korneilus isə son anlarını yaşayır...

QURTULUŞUN YOLLARI - SƏHVLƏR

“Səhv, yanlış… Dərindən baxanda bu nədir? Başqa paralel dünyaya getməyin yeganə yolu”

”Paralel dünya” anlayışı K.Abdulla nəsrində metaforadır. Onu gerçək anlamda qəbul etmək səhvə aparır. (Təhkiyəçi özü də Oxucunun səhv etməyini istəyir!) Biz bu məfhumu “o dünya” və ya “xəyali dünya” ilə də əvəz edə bilərik.(Axı bütün dünyalar Bir Alma-nın üzləridir!) Kamal Abdulla ruhu daima qiyam edir: “Axı həyat təkcə bu dünyadan ibarət deyil” İstəyirsiniz inannın, istəyirsiniz inanmayın, Əgər Kamal Abdulla bir Düya Yazarı kimi “parallel” adlandırdığı o dünyalara inanmasaydı, bir kəlmə də yazmazdı. Nə etməliydi? “O dünya” yazmalıydı? Axı modern təfəkkür Dillə faktlaşır və bir Dil Hadisəsi kimi qəbul olunur və o da mütəmadi olaraq Dilin sonsuz ərazilərində “şuluqluq” salır. “Paralel dünya” anlamının digər metafizik qatı “paralel ideyalar”ı simvolizə edir. Yazıçının hər bir mətni sanki ideyalar vulkanıdır, ətrafa tozqarışıq elə ideyalar dağıdır ki, bəzən gözlə seçmək çətin olur...

Biz səhv edərkən həm də o biri dünyalara düşmə variantları götür-qoy etmiş oluruq. Səhv edərkən seçirsən! Səhv etməsək, elə burdaca çürüyüb gedəcəyik. Bu dünyadan qurtulmağımızın yeganə yolu səhv etməkdir. Və qoca professor da öz həyatında (Əgər bu həyat özünündürsə!) yetərincə səhv edib. Oxucu da Təhkiyəçinin dediklərini düz başa düşmürsə, (Və “düz” yoxdu! Sevinməyə dəyər!!!) səhvə yol vermiş olur və onlar yığılaraq onun balansına yüklənir, bu da onun “paralel dünyayalar”a getmə şanslarını birə-beş artırır. Və mötərizəsiz yenə də sevinməyə dəyər!

Ziddiyətə fikir verin, qoca professor nə zamansa elə başa düşür ki, ölümün mənasını deyil, həyatın mənasını anlamağa çalışır. Elədikləri, yazdığı qalın kitablar isə onu ölüm sirrinə vaqif olmağa yaxınlaşdırır. Absurd bi çaba... Bunu isə ona müdrikcəsinə söyləyən Səyyah olur: "Sən, böyük ustad, həqiqət axtarışındasan, bu isə həm də həyatın mənasını axtarmağın deməkdir." Qoca professor bu cür dəhşətli fikirlər məngənəsində sıxılır. Huşunda başqa-başqa şeylər olsa da, elədikləri onu tamam başqa sahillərə aparıb çıxarır. Təəssüf ki, onun vaxtına da az qalıb. Gün bitənə qədərdir!

Hər hansı bir dilin qrammatikası elə-belə əmələ gələn deyil. Dilin qrammatikası doğru üzərində qurumalıdır. O doğrunun ki, zamanın sınağından çıxıb. Zaman-zaman buraxdığımız səhvlər də öz qrammatikasını yaradır. Və bu qrammatika öz daxili energetik gücünə və əhatə dairəsinə görə gerçək qrammatikadan daha geniş və möhtəşəmdir. Əgər doğrunun qrammatikasını yalnız linqvistiklər yaradırsa, səhvlərimizin qrammtikasını isə hamımız əl-ələ verib yaradırıq. Bu işdə hər bir Tanrı bəndəsinin əməyi vardır. O cümlədən, Dilin də bu yöndə rolu misilsizdir. Ona görə də səhv etməkdən qorxmamalıyıq. Səhvlər ən azından təkandır – səni bir aləmdən başqa aləmə (Sözügedən hekayədə “paralel dünya”ya) atır.

Baxaq görək təhlil etdiyimiz hekayədə Dil müəllifin tərəfindədir, yoxsa oxucunun?! Yüz faiz müəllifin! Müəllif Dillə silahlanıb (Dil oxucuya qarşı silahdır!) Oxucuya sarı irəliləyir. Əgər oxucu “Süleymanlar ədəbiyyatının” könhə yaraq-yasaqları ilə Müəllifin qarşısına çıxarsa, xoş onun halına! Çünki “paralel dünya”ya getmə şansları artacaq və “məğlibiyyətini” ikicə sözlə ifadə edəcək: “Boş şeydir!” Və öz içindəki boşluğu doldurmaq isə heç onun ağlına da gəlməyəcək! Razılaşın ki, boşluğun tam dolması elə Oxucunun da ölümü deməkdir!

OXUCUNUN ÖLDÜRƏ BİLMƏDİYİ KORNELİUS

Təhkiyəçi öz işini görəndən sonra çıxıb gedib. Kornelius, Təhkiyəçi mətnində çoxdan ölüb. Oxucu isə öz mətnində onu öldürə bilmir. Çünki oxucu Təhkiyəçi ilə müqayisədə çox rəhmlidir. Bu, birinci səbəb.

İkinci səbəb Korneliusun gördüyü bihudə işlərlə oxucunun gördüyü içlər arasında sirli əlaqələrdir. Daha dəqiq desək, doğma səhvlrdir. İnsanları birləşdirən təkcə münasibətlərdəki doğruluq, doğmalıq deyil, həm də buraxılan səhvlərin eyniliyi, oxşarlığı və mərhəmliyidir. Sanki insan səhvlərinə də həmfikir tapır. Bu dəqiqə Kornelius haqda düşünərkən həm də özüm haqda, səhvlərim haqda düşünürəm, onun kimi o qədər bihudə işlər görmüşəm ki... Fərqimiz odu ki, onun səhvi yalan-gerçək “ümumbəşəri” məna kəsb edir. Guya Yerin mərkəzini tapandan sonra nə olasıydı ki?!
Kornelius səhvinin kökündə ümumbəşəri bihudəlik durur, mənimkilər isə elə mənimkidir ki, var...

Nəhayət, bir oxucu kimi Korneliusu öldürə bilməməyimin başlıca səbəbi bu adamın öz səhvləri ilə məni düşündürə bilməsidir. Belə çıxır ki, krallar, rahiblər, rahibələr, dini icmaların “əjdahaları”, hətta Papa da təkcə doğruya yox, həm də insan “səhvləri”nə qənim kəsilənlərdir. İnkivizasiya maşınları hər an bu səhvlərin üzərinə yeriyə bilər. Yetər ki, bu səhvi Kornelius kimi bir alim buraxsın! Onun səhvindən “Kornelius meyarı”nı yapırlar. Lakin ortaya hətta yeni “elmi konsepsiya” – alternativ fikir qoyanlar da tapılır: “Milan kilsəsinin "İnadcıl rahiblər" adlı ruhani birliyi tərəfindən gələn təklif, əlbəttə, gülməli idi. Xoruzun sabah tezdən banlayandan sonra hansı tərəfə gedəcəyinin Yerin mərkəzinə nə dəxli ola bilərdı?!” Baxın, insan səhvinə də qısqanclıq edənlər olur.

Yetər ki, bu səhvi Kornelius kimi bir alim buraxsın!

İndi də baxın görün Kornelius özü öz meyarına inanırmı? “Meyar! Meyar!! – Kornelius əllərini hiddətlə silkələyə-silkələyə az qala bağırır. – Meyar yoxdur. Başa düşürsən, dürüst meyar tapılmır!” Bu, Korneliusa çevrilən Səyyahın və ya Təhkiyəçinin bağırtısıdır!
Müəyyənliyin axırına çıxan Təhkiyəçinin!

Burada təkcə Kornelius meyarından deyil, zaman-zaman şüurumuzun sərhədlərini hüdudlayan Dil tabularından söhbət gedir. Biryolluq anlamalıyıq: Yoxdur dürüst meyar! Nə həyatda, nə ədəbiyyatda, nə də incəsənətin başqa-başqa sahələrində. Bütün bunlar məlum meyarların meyarsızlıqlarından hasilə gələn bihudə çabalardır. Bizləri yaşadan da bu bihudəliklərdir...

Qoca professor Korneliusdan qopan Səyyahın “halı”na diqqət edin: “Evdən bir adam çıxıb yağan qar lopalarının arasıyla qəribə bir yerişlə, dövrə vura-vura uzaqlaşır və gözdən itir. Bu, Səyyahdır”

Bu dünyada hər kəs öz işini tamamlamalıdır! Səhv olsa belə! Şəyirdinə dönüşmək gərək olsa belə! Səhvi təsdiqini tapandan sonra Şəyirdindən qopub gözündən yanağına axan bir damla yaşla qoca Kornelius (Axı o həm də universitet möhürünün qoruyucusudur!) son mənzilə yola salınır...

Daha möhürləri qorumağa ehtiyac qalmayacaq! Çünki meyar yoxdu! Amma yaşamağa dəyər! Axı ondan qopub dövrə vura-vura gedən adam Səyyahdır...

MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031