Başımda haqq sevdası var - Allahverdi Təhləlinin şeirləri

MANERA.AZ Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təhləlinin şeirlərini təqdim edir:
Mənim məmləkətim budumu, bəylər
Mənim məmləkətim budumu, bəylər?
Bə niyə qaşları çatıqdı belə?
Bə niyə yanağı batıqdı belə?
Bə niyə üyüşüb üz gətirməmiş,
Qaymağı alınan qatıqdı belə?
Mənim məmləkətim budumu, bəylər?
Axı qumrudusa niyə ötməyir,
Niyə oxumayır qudusa, axı?
Niyə durulmayır sudusa, axı?
Mənim məmləkətim budusa, axı…
Mənim məmləkətim budumu, bəylər?
Gözümün tumruca yaşıdı ki, bu,
Qaralır bir kibrit başıdı ki, bu.
Qapıb tolazlayır kim hara gəldi…
Bəylər, tolamazqı daşıdı ki, bu.
Bir əldən kiçilir yanan şam kimi,
Bir əldən kiçilir, balacalanır…
Dev-dev qalaları qalacalanır.
Mənim məmləkətim budumu, bəylər?
Yoxsa gözlərimmi alacalanır?
***
Demək ki, yazıya pozu yoxuymuş,
Demək ki, taledən qaçılan deyil.
Dünyanın ən mağmın adamı mənəm,
Dost, mənim heç falım açılan deyil.
Yedirdim qaragül quzumu qurda.
Dünyanın ən mağmın adamı mənəm,
Xam düşüb, quzumu "xələt" elədim.
(Min günah işləyir ömründə hərə),
Mən də tək bircə yol qələt elədim.
Yedirdim qaragül quzumu qurda.
Ömrümdə bircə yol qələt elədim,
Xam düşüb, quzumu "xələt" elədim,-
Yükləndim şeytanın qəzasını mən.
Mələyə-mələyə qalmışam indi,
Çəkirəm suçumun cəzasını mən.
Mələyə-mələyə qalmışam indi,
Meylimi dərdimə salmışam indi.
Deməyin bu da bir oyun olmasın.
Yedirdim qaragül quzumu qurda...
Dedim ki, böyüyüb qoyun olmasın.
***
Əllərin əlimdə qalır hələ də,
Hələ də əlimdə ləl tuturam mən.
Kimnən rastlaşıram, görüşürəmsə ;
Sənin əllərinlə əl tuturam mən.
Getdiyin yolları, - üç tel ayırıb
Qızımın saçına hörürəm hər gün.
Ta mənim bir işim qalmaz yarımçıq,
İşimi dörd əllə görürəm hər gün.
Yenə pələsəngəm sözün əlində,
Kim isə qeybdən deyir.. yazıram.
Bu gecə yarısı sənin özünə,
Sənin əllərinlə şeir yazıram.
Əllərin əlimdə qalır hələ də...
Bəlkə də sınayır dərd əllə səni.
Hərə sevdasını bir əllə tutdu,
Qoruya bilmədim dörd əllə səni.
Qoşma
Yan baxıb könlümü girov götürdü,
Elə bil bir qırğı bir ov götürdü.
Birdən axirəti alov götürdü,
Yandırdı görunda atamı gözlər.
Dağ necə dumanı yal üstə tutur,
Gül necə arını bal üstə tutur.
Elə bil oğurluq mal üstə tutur,
Qəfil yaxalayır adamı gözlər.
Təkləli, sözünü xələt eləməz,
Özünü yel kimi bələd eləməz.
Əzrayıl da elə qələt eləməz,
Necə ki can alır badamı gözlər.
***
Dəmlə balabanı, balabançı dost,
Enmə tavar sazın ətəyinə sən.
Bələ törəmizi, törəməmizi
Bələ balabanın pətəyinə sən.
Dəmlə balabanı, balabançı dost,
Huylanıb alınma sözümdən mənim.
Diringi aşığı malalamaqnan,
Salırsan sazı da gözümdən mənim.
Mən bilən, bu yastı balabanınkı
Üzü göy yaylaqdan aran yerinə,
Elə gilə-gilə gümüldəməkdi.
Elə gilə-gilə gömül deməkdi,
Dərviş könüllərin viran yerinə.
Dəmlə balabanı, balabançı dost,
Dəmli balabandı, dəmlikdi bu yurd.
Yurdumun dərdinin dəm tutanı ol,
Uğruna qurd çıxan əmlikdi bu yurd.
Dəmlə balabanı, balabançı dost,
Ta yanıl yedəkdə huy tutdurmağı.
Bir hovur səsini al balabanın,
Halal havasını çal balabanın...
Öyrətmə millətə züy tutdurmağı.
Dəmlə balabanı, balabançı dost,
Züy qara zurnanın zümzüməsidi,
Yastı balabanın şırnağı deyil.
Məni bağışlasın qara zurna da,
Məni bağışlasın, min züy bir dəmin
Kəsilib atılan dırnağı deyil!
Dəmlə balabanı, balabançı dost,
Dəmli balabandı, dəmlikdi bu yurd.
Yurdumun dərdinin dəm tutanı ol,
Uğruna qurd çıxan əmlikdi bu yurd.
Ayvaz Əlləzğlu - 60
Daha o gördüyüm kənd deyil, Ayvaz,
Tabağa dönübdür teşti o kəndin.
Təkləli Novruzun dilinən desəm
-ay lələ bir dərdi beşdi o kəndin.
Daha o gördüyün kənd deyil,
Ölüb, Əlləzoğlu o lələn daha
Məni tanımırsa Alvan dağları..
Səni tanıyarmı o bələn daha.
Daha o gördüyün kənd deyil, Ayvaz,
Dindimi dilində qədək görünür
Sınırın bu biri üzündə qalıb,
Dili yad yanında gödək görünür...
Bəlkə yaxa yırtaq, bəlkə üz cıraq
Bəlkə dad eləyək-dadamal olduq
Bu biri üzündə qaldıq sınırın..
Yenə yağmalandıq, yada mal olduq...
Bəlkə də bilmirik, tərəkəmənin
Elə dib-dəhnədən uruğu yoxmuş.
İçi biz qarışıq o elin lələ,
Söz deyən bir kişi qırığı yoxmuş.
Ayvaz Əlləzoğlu daha nə deyim,
Bir el var-bir çölün düzündə qalıb,
Bir el var-əlləri dizində qalıb,
Yad bayraq altında təpəl quzudur...
Gözləri dünyanın üzündə qalıb...
«Abdullanın oğluna bir neçə sual»
Deyə bilərsənmi, ay Abbas qağa,
Palıd ağacına, qoz ağacına
Dimdiyi nə deyir ağacdələnin?
Təhlədə, Sarvanda, Kəpənəkçidə -
Ovcunu yağışa tutan uşağın
Nə deyir ovcuna yağan yağışlar?
Ehey… Qulaqları darı dələnim…
Nə deyir harayı durnanın göyə?
Nə deyir harayı zurnanın toya?
Nə deyir torpağa atların nalı?
Günü göy əskiyə bükülüb gedən,
Dolmuş bulud kimi sökülüb gedən -
Qardaş ölümünə, dost itkisinə
Nə deyir, nə deyir göz yaşlarımız?
Bir də qapımızı, pəncərəmizi
Küləyin əliylə kim döyür, Abbas?
Hörümçək toruna ilişib qalan
Kəpənək çırpınıb…nə deyir, Abbas?
Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi?
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya-dünyadan gedişimizlə?
***
Saçlarından üç tel ayir,
Sinən üstə, qız, tağ elə.
Qısqan məni əsən yelə,
Qısqan məni, qıstaq elə.
Tut əlimdən halaya sal,
Daş qapılı qalaya sal.
Baxışınla bəlaya sal,
Ya da qovur cızdaq elə.
Təkləm buludda gün təki...
Sədd çək dişindən çin təki.
Məni ağzın içindəki
Dilin kimi dustaq elə.
***
Anlarsan məni əhli-hal,
Hal olan vaxtı, yavrum.
Kirpik ucunda göz yaşın
Xal olan vaxtı, yavrum.
Göz ki, şırğaya umsunur,
Könüldə sarı sim sınır.
Arı gül üstə sümsünür,
Bal olan vaxtı, yavrum.
Barın budağın əyməmiş,
Qorxuram ki, bir səy Məmiş
Dərər də səni dəyməmiş
Kal olan vaxtı yavrum.
Təkləli, haqdandı yaşın
Könlümün şahı sevdası,
İşimdə haqq sevdası var.
İçimdə Yahi sevdası,
Dışımda haqq sevdası var.
Dilimin hər şikəstəsi,
Ulu Haqqdandı bəstəsi.
Gündüzüm Tanrı xəstəsi,
Duşumda haqq sevdası var.
Təkləli, handa alp yaşım,
Dostun halaldı başım.
Haqqdan bəlalıdı başım,
Başımda haqq sevdası var.
Mən qurda döndüyüm gecə
O bəxt məndə haqdandı ki,
Qonşumun qızı olasan.
Mən qurda döndüyüm gejə,
Sən əmlik quzu olasan.
Yelə dönüb öpəm səni,
Tacı sanar təpəm səni.
Yaram üstə sərəm səni,
Evimin düzü olasan.
Mələksən gəzmə dörünən,
Yıxıqdı könlüm hörünən.
Tanrının mənə görünən,
Bəlkə xan üzü olasan.
***
Dəmirqapı-Dərbənd könül,
Yol vergil yoxlayım səni.
Mina boynuna dolanan
Qol vergil yoxlayım səni.
Sən bir ayın haləsi tək,
Mən bir neyin naləsi tək.
Dol bir mey piyaləsi tək,
Dol, vergil yoxlayım səni.
Güldür güləsini mənə,
Sözün giləsini mənə,
Ver haqq çiləsini mənə,
Bəlkə xoş yoxlayım səni.
Təqdim etdi: Tural Adışirin
MANERA.AZ