manera.az
manera.az

Koronavirusla mübarizə edən azərbaycanlı və isveç cütlük - HEKAYƏ

Koronavirusla mübarizə edən azərbaycanlı və isveç cütlük - HEKAYƏ

MANERA.AZ Şəhla Aslanın "Koronavirus" hekayəsini təqdim edir:

Nənəm məni oyatmağa cəhd edirdi, a bala, oyan, günortadır. Mən isə onsuz da oyanmışdım, amma yerimdən qalxa bilmirdim. Elə bil məni boğurdular. Bəlkə, yorğan ağırdı deyə, üstdən basırdı.

– Nənə, boğuluram! Yorğanı götür üstümdən.

Qəribədir, bu sözləri ürəyimdən keçirsəm də, deyə bilmədim, zarıldayıb qaldım. Nənəm sanki ürəyimdən keçənləri eşitdi: “Boğularsan da. Şeytan kimi üzüüstə yatırsan. Günahdır, bala! Özü də daha yatmaq vaxtı deyil, dur ayağa!”

Arvad əl çəkməyəcəkdi... Birdən dəhşət məni bürüdü. Nənəm ölmüşdü axı?! Mənimlə necə danışırdı?..

Yenə də ürəyimdən keçirtdiyim sualı nənəm əlüstü göydə tutdu və indi də professor Borna çevrilərək Sokrat kimi barmağını göyə qaldırdı: “Əgər ölü səninlə danışırsa, burada iki hal ola bilər; ya ölü dirilmişdir, ya da sən özün ölmüsən”.

Elə diksindim ki, zarıltımı özüm də eşitdim. Ayıldım. Tibb bacısı qorxub “Bismillah!” dedi. Səsindən tanıdım onu. Hamısı yaxşı olsa da, ona rəğbətim böyük idi. Həmişə qulağıma tərəf əyilib: “Qorxma, sağalacaqsan. Dözümlu ol. Kim bu xəstəlikdən qorxmursa, sağalır” – kimi sözlər pıçıldayırdı.

Özümü toparlayıb birtəhər soruşdum:

– Morfin?

– Yox. Atropindir.

Morfini dünən vurmuşdum.

– Deyirəm axı, onu vuranda rəhmətlik nənəm yuxuma girir.

– Bəs nədir? Mənim dərmanlarım nəinki xəstəni, onun rəhmətə getmiş qohumlarını da dirildir.

Gülməyə halım olmasa da, qızın zarafatı ruhumu dincəltdi. Huşa gedib, yenə ayılırdım. Necə vaxtdı gecə ilə gündüzü də qarışdırırdım...

... Atasının ailəsi ilə birlikdə İsveçə niyə getdiyini heç özü də yaxşı bilmirdi. Özündən kiçik bacı-qardaşı və ata-anası ilə birgə İsveçdə on beş il idi ki, mühacir kimi yaşayırdı. Bəlkə də, bir çoxları kimi, atası da şirin “Avropa cənnəti” xəyalı ilə səadəti vətəndən uzaqlarda gördüyü üçün bu addımı atmışdı. İndi normal yaşasalar da, kişi qaradinməz olmuşdu. Atdığı addımdan peşman olduğu hiss olunurdu, amma üstünə diri ilan salsan da, səhv etdiyini boynuna almazdı. Son dövrlər doğmaları ilə telefon danışıqlarından sonra bir az da özünə qapanırdı. Azərbaycanda isə getdikcə vəziyyət yaxşılaşırdı. Atası boynuna almasa da, vətənin bu günlərini görə bilməməsi üçün özünü qınayırdı. İndi ən böyük ümidi ona – böyük oğlu Rüstəmə idi. Rüstəm Tibb kollecində oxuyaraq virusoloq ixtisasına yiyələmmişdi. Ciddi iş tapa bilmədiyi üçün qaldıqları evə yaxın yerdə cüzi əmək haqqı verən bir klinikada xidməti işçi kimi çalışırdı. Bir yerdə oxuduğu Raqhild adlı qız isə bir il idi ki, ölkənin, bəlkə də, dünyanın ən məşhur Virusologiya İnstitutunda elmi işçi idi. Raqhild daim Rüstəmlə telefonda danışırdı. Hətta ondan xoşlandığını da bildirmişdi. Rüstəm hələ kollecdə oxuduqları vaxt qızın diqqətini hiss etsə də, özünü bu yadelli qızla bir yerdə təsəvvür elə bilmirdi. Anası demişkən, babasından keçmiş xasiyyəti var idi; evlənəndə ya türk, ya da heç olmasa müsəlman bir qızla ailə qurmalı idi.

Raqhildin atası Virusologiya İnstitutunun rəhbəri idi. Onun qızı ilə evlənib sonra da institutunda işləmək Rüstəmin ürəyini açmırdı. Bir dəfə Raqhild Rüstəmə onun savadlı virusoloq olduğunu atasına bildirdiyini və professorun onunla görüşmək istədiyini deyəndə düşündü: “Kaş işə qəbul edəydi!..”
Sonradan səbəblə nəticə öz yerini dəyişdi... Anası demişkən, babası kimi tərs xasiyyətli Rüstəm artıq bir il idi Virusologiya İnstitutundakı laboratoriyada işləyir və hər gün Raqhildlə görüşüb söhbətləşsə də, dəqiq qərara gələ bilmirdi. Qız hər cəhətdən xoşuna gəlirdi, intəhası bu zəhrimar millət və din məsələsində işlər düyünə düşürdü. Raqhildin bir azərbaycanlı qadın kimi ona ömrünün sonuna qədər vəfalı həyat yoldaşı olacağına əminliyi yox idi.

Raqhild də duyğuları barədə atasına danışmışdı. Artıq professor Born Rüstəmə öz övladı kimi münasibət göstərirdi. Hətta bir dəfə gəzinti zamanı onun heç vaxt eşitmədiyi şeyləri danışdı. Dedi ki, bizim əcdadlarımız qədimdə Azərbaycan ərazisindən buraya gəmilərlə üzüb gəlmiş türklər olub. Bunu dünyaca məşhur alim və səyyah Norveç coğrafiyaşünası Tur Heyerdal sübut etmişdir. Sonra da əlini Rüstəmin çiyninə qoyaraq demişdi: “Biz elə bir millətdən olan adamlarıq. Skandinav xalqları ilə türklərin bağlılığını artıq bütün elm aləmi təsdiq etmişdir!” ...

Qamışdan düzəldilmiş kiçik qayıqda okeanla Şimala tərəf üzürdülər. Gəminin burnuna yapışdırılmış bayraqda tanış olmayan bir yazı var idi. Yəqin, gəminin adı idi. Rüstəm diqqətlə baxdı və qəribə də olsa, “RA” sözünü oxuya bildi. Gəmidə oturan adamlar hamısı üzüqoylu uzanmışdı. Susuzluqdan hamının dodaqları şoran bağlayıb cadar-cadar olmuşdu. Su isə yox idi. Yuxarıdan da günəş yandırırdı. Rüstəm inildəyib “Su, su” – desə də, heç kim kömək etmirdi. Bəlkə də, onun dilini başa düşmürdülər. Bəs professor Born deyirdi ki, bunlar onun türk babalarıdır? Rüstəm diqqətlə baxıb öz babasını da onların aralarında gördü. Nə qədər çağırsa da, ona tərəf baxmadı. “Aha!.. Başa düşdüm! Axı babam ölüb!” Nənəm babamdan qoçaq imiş. O ölsə də, çağıranda gəlir. Lap Sokrat kimi danışsa da, özünü çatdırır adama. Babam isə qoşulub min ilin ölənlərinə, hey Şimala tərəf üzünü tutur. Babaa!!!”

İnstitutda aparılan işlərin mərkəzində olanlar içərisində Rüstəm və Raqhild də var idi. Əlbəttə, bu məsələdə professor Bornun da xidməti var idi.
Son vaxtlar Rüstəm Raqhildə qarşı bir doğmalıq hiss edirdi, onu özününkü hesab edirdi. Türklərin ulu əcdadları Skandinaviyaya lap çoxdan gəlsələr də, 5-10 min il tarix üçün nədir ki? Amma gərgin iş, maraqlı təcrübələrdən baş aça bilmirdi ki, qızı çağırıb bu “siçan-pişik oyunu”na son qoysun, münasibətlərinə bir aydınlıq gətirsin, birlikdə qərara gəlsinlər. Xüsusilə də Antraktida buzlaqlarından gətirilmiş buz parçasının analizi dünyanı lərzəyə gətirmişdi.

Yüz min, bəlkə də, milyonlarla yaşı olan buz parçasında 33 yeni virus növü aşkar etmişdilər ki, heç biri elmə məlum deyildi. Müasir insanlarda bu viruslara qarşı immunitet olmadığından bircəciyi sınaq şüşəsindən ətrafa çıxa bilsə, yaxın zamanlarda bəşəriyyətin varlığına son qoyula bilərdi. Professor Born məxfi şəkildə onları bir-bir çağırıb tapşırmışdı ki, hegemon dövlətlər bu xəbəri eşitsələr, hansı vasitə ilə olursa-olsun, bu viruslardan əldə etməyə çalışacaqlar. Son dərəcə ehtiyatlı olmaq lazımdır. Supergüclərin qarşısında durmağa nəinki Virusologiya İnstitutu, heç ölkəmiz də dayana bilməz. Sadəcə, bizim vəzifəmiz çox ehtiyatlı olmaq, son dərəcə məxfi şəkildə təcrübələr aparmaq, heç yerdə bu barədə bir kəlmə də danışmamaqdır. Dünya bu işdən xəbər tutana qədər biz onlardan hər birinin antivirusunu tapmalıyıq. Supergüclərin qorxusundan əlavə, daha böyük təhlükə qlobal istiləşmədir. Antraktidada əbədi donma zonalarında buzlar əriyir, çat verib aysberq şəklində okeanlarda üzür. Təsəvvür edin ki, biz antivirusu kəşf edənə qədər aysberqlərin biri üzüb şirin su hövzələrindən birinə çatsa, dünya məhv olacaq. Nə qədər ki, duzlu okean sula - rındadır, hələ qorxusu yoxdur.

Birdən-birə koronavirus xəbəri çıxdı və institut yeni iş rejminə keçdi. İndi bütün diqqət bu yeni virusun antivirusunu tapmağa yönəlmişdi. Born bir neçə gün laboratoriyadan çölə çıxmadı. Bir səhər Rüstəm işə gələndə dəhlizdə Bornu gördü. Üzü gülürdü. “Get Raqhildi də çağır, gəlin bura”. Rüstəmgil kabinetə girəndə professor durub onları qucaqladı: “Koronavirusun materiya qabığı yağ tərkibli imiş. İndi, sadəcə olaraq, həmin yağı həll edən və beləliklə də, onu məhv edən maddəni tapmalıyıq. Bütün laboratoriyalara nümunələr paylayın. Mən yorulmuşam. Bir neçə gün dincləcəyəm. Güman edirəm ki, yaxın zamanlarda bu maddəni tapa biləcəksiniz. Çalışın, geri qalmayın!”.

Rüstəm dəqiq bilirdi ki, 2-3 günə nəticə olmasa, Born özü qayıdıb oturacaq təcrübə stolunda. Ona görə də gecə-gündüz axtarışlar edir, nəticələri Raqhildlə müzakirə edirdi. Bu məsələdə uğur qazanmaq onun ən böyük arzusu idi. Sanki məsələ daşa dirənmişdi. Belə ki, tətbiq olunan bütün maddələr virusun mutasiyasına səbəb olurdu; virus şəklini dəyişərək antivirusu öz yeminə çevirirdi. Bunu eşidən professor Born bircə kəlmə “mutasiya qabiliyyətli antivirusları sınayın” demiş və telefonu bağlamışdı. Onu da qınamaq olmazdı. Bir-iki gün dincəlməli idi. ...

Babası bir ağac götürüb həyətlərinə girmək istəyən korona virusunu vururdu, vurduqca da ətrafa qığılcımlar yayılırdı. Qığılcımın biri də onun üstünə düşdü. Rüstəm yanmağa başladı. “Yandım!” – deyə qışqırdı. Ayılıb hiss elədi ki, tibb bacısı iynə vurur. Yenə gözləri yumuldu...
Bədbəxtliklər bir-birini izləyirdi. Təcrübə apardığı yerdə anası zəng etdi ki, evə gəlsin.

– Nə olub?

– Oğul, başın sağ olsun, baban rəhmətə gedib. Azərbaycandan zəng eləyib dedilər. Atan tək-tənha oturub ağlayır, heç kəsi də yanına buraxmır.

– Daha evə niyə gəlim ki?.. Getdikcə vəziyyət sərtləşir. Yəqin, bir-iki günə burada da karantin olacaq. Nə qədər imkan var, sənədləri düzəldim, mən gedim barı. Yəqin, atam razılaşar da. Siz sonra gedərsiz.

– Hə, başına dönüm, ay bala! Hamı bilir vəziyyəti. Elə sən getsən, bəsdir. Ara sakitləşsin, biz də gedərik.

Rüstəm Raqhildlə danışıb vəziyyəti izah etdikdən sonra bilet almağa getdi. Hər şeyi həll edib evə qayıdanda axşam idi. Bir azdan aeroportda olmalı idi. Atası onun getməyinə sevinsə də, sifəti bir az da boğulmuşdu. Olar da, atası ölüb, gedə bilmir dəfnə! Eybi yox, gedim, qayıdım sonra... Anası sözardı dedi ki, oğul, qayıtmağa tələsməzsən hələ. Burada xəstəlik tuğyan edir. Vətəndə hələ sakitlikdir. Həm də yaşın keçir, başına dönüm, qohum-qardaşla məsləhətləş, özünə uyğun qız tap. Ara sakitləşəndə gedib toyunu da edərik. Rüstəmin səbri çatmadı dalına qulaq assın:

– Ay ana, mən nə hayda, sən nə hayda?!

Az qalmışdı ki, institut təcrübələri, onları gözləyən fəlakəti açıb töksün ortaya. Yenə də səbir etdi. Ata-anasını, bacı-qardaşını qucaqlayıb öpdü. Çamadanı götürüb qapıdan çıxdı. Anasının dalınca su atmasını da gözləmədi: “Deyəsən, həddimi aşdım, anam incidi, heç dalımca su da atmadı”. “...
Ah... Kaş gözləyərdim. Anam suyu atanda qaçıb vedrəni alardım. Başıma çəkib birnəfəsə içərdim! Bəlkə, onda yanğım sönərdi! Bəlkə, onda nəfəs almağım asanlaşardı.

Yox, yox, deyəsən, atdı suyu arxamca! Üzümə də səpildi!..”

Ayıldı. Tibb bacısı yaş əski ilə üzünü, alnını silirdi. “Darıxma, az qalıb. Bir az da döz. Sən yaxşısan! Çoxusunun vəziyyəti səndən pisdir. Çalış, nəfəs al. İndi həkim ciyərlərindəki suyu çəkəcək, nəfəsin yüngülləşəcək!” Tibb bacısının səsi getdikcə zəifləyir, dəyişir, əvəzində Raqhildin səsi eşidilirdi: – “Nə olub sənə? Niyə bu qədər qapalısan? Məgər haqqım yoxdur öz xoşbəxtliyim uğrunda çalışmağa? Niyə qoymursan sözümü sonadək deyim? Həyat təkcə bu sınaq şüşələrindən ibarət deyil. Tez qayıt gəl! Bu dəfə hər şeyi açıb deyəcəyəm. Səni sevdiyimi, səninlə evlənmək istədiyimi! Hər şeyi... Təki qayıt gəl! Qayıt, qayıt, qayıt... Nəfəs al, nəfəs al, nəfəs al...” ...

Təyyarədə Bakıya uçurdu. Nədənsə stüardessa da gözə dəymirdi. Bərk susamışdı. Hardansa su tapıb içməliydi. Birdən kabinəyə gözü sataşdı. Şturvalın arxasında taclı virusun özü oturmuşdu. Ona baxıb bic-bic gülürdü! Labora tori yada belə virusları cürbəcür məhlullarla çox öldürmüşdü.

İndi ona aman verməyəcəkdi, təyya rəni yerə çırpıb məhv edəcəkdi bu zibil. Kaş Borna qulaq asaydı. Sınaqların qızğın vaxtında birdən-birə hər şeyi buraxıb Azərbaycana getmək?!

“Məgər mərhum babanı orda dəfn etməyə adam yoxdur? Antivirusu sənsiz tapanda təəssüf - lənməyəcəksən ki?!” – demişdi professor Born. Am ma sonradan Rüstəmin qətiyyəti qarşısında yumşalmış, getsə də, tez qayıtmasını tapşırmışdı: “Hələ təcrübələrin nə qədər davam edəcəyi məlum deyil. Başqa kimisə sınaqlara cəlb edə bilmərəm. Qayıt gəl, işimizi davam etdirək. Hələ Antarktidadan gəlmiş 33 qonağımız da gözləyir. Onlar üçün də ziyafət verməli, xoşladıqları yemək lərdən hazır lamalıyıq” – deyə professor Born pıçıldamışdı.

İndi isə bu məlunla təkbətək qalmışdı. Deyəsən, fikri təyyarəni onunla birgə yandırmaq, özü isə təkər kimi diyirlənib onun vətəninə getmək idi. Birdən-birə təyyarə guruldadı. Və... sağsalamat yerə endi. Bütün aeroport polislərlə dolu idi. Sənədləri diqqətlə yoxladılar.

Məlum oldu ki, Bakıda da karantin elan olunub. Hamını bir otağa toplayıb söylədilər ki, rayonlara giriş-çıxış bağlanıb. Ölkəyə gələn hər bir xarici vətəndaş mütləq 14 gün karantində qalmalıdır. Bir azdan onları xüsusi karantin yerlərinə aparacaqdılar. Telefonla Bakıdakı əmisigilə zəng etdi. Vəziyyəti biləndə əmisi çox təəssüfləndi: – Gərək mənə deyərdin gəlməmişdən qabaq. Onsuz da rayona buraxmırlar. Biz də dünən dəfndə olduq. Burda çox ciddi tədbirlər görülür. Koronavirusa yoluxanlar var. Əsasən də İrandan və Rusiyadan gələnlər arasında. Narahat olma. Get karantində ol, qurtarandan sonra gələrsən bizə. Görək sonra necə olacaq vəziyyət!” Artıq başqa çarə yox idi.

İnsafən, yaxşı şəraitdə qalırdılar. Tez-tez temperaturlarını ölçür, analiz nümunələri göt rürdülər. Axşam Prezident televizorda danışdı. Çox qayğılı görünürdü. Rüstəmə əvvəlcə elə gəldi ki, Prezident ölkədə karantin rejimi müəyyən etməkdə tələsmişdi. Sonra düşündü ki, bunun yalnız xeyri ola bilər: “Qoy artıq vəsait xərclənsin, iqtisadiyyat zərbə alsın, təki insan itkisi az olsun. Qoy professor Bornun komandası onsuz tapsın antivirusu, təki hər şey insanların xeyinə olsun”.

Günlər bir-birini sürətlə əvəz edirdi. Axşamlar ata-anasıyla, Raqhildlə danışırdı. Orda da xəstələrin sayı artırdı. Hamısı karantin qurtaran kimi qayıtmasını istəyirdi.

Nəhayət, karantin qurtardı. Taksi ilə əmisigilə getdi. Onun gəlişini eşidən bütün yaxınları orda idi. Evin gəlini əlində dezinfeksiya məhlulu və dəsmal irəli yeridi. Əvvəlcə birtəhər gəlsə də, camaatın belə hərəkətini ürəyində alqışladı. Əllərini, üzünü, paltarlarını yaxşıca dezinfeksiya elədi. Sonra isə gedib əmisini qucaqladı, hamı hönkürdü. Bibisi camaatdan ayrılıb boynuna sarıldı. Atasının yas məclisində ürəyini boşalda bilməmişdi. Bir-iki ağı deyib hamını ağlatdı... Yanğısını söndürsəydi, dərhal kəndə gedərdi. Orda isti peçin böyründə rahatca yatardı. Çox - dandır yata bilmir. Nənəsi qoyur ki yatmağa. Onun böyrünü dümsükləyib “Dur, dur!” deyirdi. Arvadın quru, sümüyü çıxmış barmaqları böyrünü deşirdi. Axırda arxasına bir şapalaq ilişdirdi. Yandırıb dökdü; “A bala, üzüqoylu niyə yatmısan? Dur, dur! Sənin tay-tuşun meşədən gəlir. Sən hələ peçin böyründə yatırsan. Yanmır böyrün, bala? Dur ayağa!”

...Koronavirusa Qarşı Mübarizə Qərargahının nömrəsini öyrənib zəng etdi. Rəhbərləri ilə görüşmək istədiyini, İsveçdən gəldiyini və vacib məlumat verəcəyini dedi. Bir azdan zəng gəldi. Ünvanı istədilər. Dedi və 30 dəqiqə sonra maşınla iki nəfər gəlib onu apardı. Sözü uzatmadan İsveçdə professor Bornun rəhbərliyi altında antivirus təcrübələri apardığını və burda onun üçün şərait yaradılarsa, işləmək istədiyini dedi. Məmurun danışığından heç xoşu gəlmədi. Elə bil məsələnin ciddiliyini anlamırdı. Axırda Rüstəmə dedi ki, get evə, karantin qaydalarına ciddi əməl elə, lazım gəlsə, özümüz səni axtaracağıq. O da çıxıb gəldi əmisigilə. Burda qalıb işləmək istədiyini əmisinə dedi: – Laboratoriya olmasın, xəstəxana olsun. Babamın ölməsi də səbəb oldu, gəldim vətənə. Hardasa işləyib xəstələri müalicə edərəm, bu da olar mənim vətənə xidmətim”.

Əmisi də onu həvəsləndirdi: “Yaxşı fikir - ləşmisən. Hələlik sən işlə, sonrasına baxarıq. Bizdə məmurların bəzisi işlədiyi vəzifəyə qazanc mənbəyi kimi baxır. Böyük bir laboratoriyanı sənə verməkdənsə, özünə sərf edən adamları yığar oraya. Həm də nəzərə almalısan ki, sərhədlər bağlanıb, indi təchizat məsələləri çox çətinləşib. Əlimizdə olanları saxlaya bilsək, bəsdir. Elə mərkəzlər açmaq üçün gərək sözünü bir az yuxarılara çatdıra biləsən”.

– Yox, elə xəstəxanada həkim kimi, tibb işçisi kimi, xidmətçi kimi işləyəcəyəm. Virus təhlükəsi sovuşandan sonra qayıdaram İsveçə. Onsuz da işdən ayrılmışam, təcrübələr aparmaq üçün əvvəlki həvəsim qalmayıb. Həm də qoy ara sakitləşsin, ataanamı da gətirib kəndə getmək istəyirəm. Babamın qəbrinə baş çəkməmiş geri qayıtmaq mənə çox çətin gəlir.

Əmisi düzdü-qoşdu, elə səhəri gün korona - viruslu xəstələrin müalicə olunduğu xəstəxanada işə qəbul olundu, amma həkim kimi yox, adicə işçi kimi.

Bu vurhavurda diplomun tanınması-filan qeyri-mümkün idi. Eybi yoxdur, əsas odur ki, vicdan sakit olsun. Yaxşı ki, xəstəxanada xeyli süni nəfəs aparatları var idi. Deyirdilər ki, indi heç bir ölkə belə aparatları satmır, bunları da Prezident öz dostluq əlaqələri hesabına alıb ölkəyə gətirdib. Çox ağır xəstələri bu aparatlara qoşurdular, xəstələr boğulmaqdan xilas olur, sonra isə orqanizmin müqa vimətini artıran, fəsadları aradan götürən vasitə lərlə müalicə edilirdilər. Tibb işçiləri əsl fəda - karlıq göstərirdilər. Bir-iki saat koridorda, kresloda mürgüləyib yenə xəstələrin yanına qaçırdılar.
Rüstəm də ümumi həkim heyətinin ovqatına köklənmişdi. Yorğunluqdan ayaqlarını zorla sürü - yürdü, vaxtında yemək-içmək də olmurdu. Son günlərin stress və həyəcanları nəticəsində xeyli arıqlamışdı. Xüsusi geyimlər geyinib, ciddi qorunsalar da, tibb işçilərinin virusa yoluxma ehtimalı daha çox idi. Xəstəlikdən yüz faiz sığor - talanmaq mümkün deyildi.

Rüstəm xəstəxanada işlədiyinin 20-ci günü boğazı ağrımağa başladı. Bir neçə saat heç kəsə heç nə demədən bəzi tədbirlər gördü, sonradan öskürək, asqırmaq da əlavə olunanda şübhəsi artdı. Nə edəcəyini götür-qoy edənə qədər hərarəti də çoxaldı. Artıq həyəcan təbili çalınırdı. Tanıdığı həkimin otağına girib əlamətləri ona dedi. Həkim cəld laboratoriyaya zəng edib tibbi heyətdən götürülən analiz nümunələrinin nəticələri ilə məşğul olan qıza onun ad-soyadını dedi. Bir az telefona qulaq asıb dəstəyi yerinə qoydu. “Hə, dostum, nə gizlədim, virusa yoluxmusan” – dedi.

– Həkim, indi nə etməliyəm?

– Artıq bu iş sənlik deyil. Həm də narahat olma. Xəstəliyin ilkin mərhələsidir. İndiki nəticələr hələ sabah elan olunacaq. Biz hadisələri bir gün də qabaqladıq. Korona ciyərlərdə çox fəallaşmamış başlayırıq müalicəyə və sən gənc orqanizmin sayəsində qısa müddətdə sağalacaqsan.

Gecikmədən Rüstəmi ayrıca palataya köçürdülər və müalicəyə başladılar. İndi hirsindən ağlamaq istəyirdi. ... A bala, sən buraya yatmağa gəlmisən? Üzüqoylu yatırsan! Dur, dur ayağa. Bala, bu ağzın - dakılar, burnundakılar nədir? Deyəsən, yatmısan, ilan-milan girib ağzına-burnuna? Dur ayağa!
Qızın əmin danışığı, rahat tonda danışığı Rüstəmin gərilmiş əsəblərini bir az toxtatdı. O biri üzü üstə çevrilmək istəyəndə ürəyi bulandı, qusmağa başladı. Tez tibb bacısı özünü çatdırdı.

Bir azdan həkim də gəldi. Xadimə üst-başını təmizləyən kimi onu süni nəfəs aparatına qoşdular. Nəfəs alması düzəlmişdi, amma bütün sinəsi, qarnı ağrıyırdı. Hərarətdən bütün bədəni od tutub yanır - dı. Yuxu ilə reallığı qarışdırırdı. Tez-tez Ruqhildi əlində şpris, professor Bornu sınaq şüşəsi, anasını isə vedrə ilə görürdü. Covid-19 virusu nəhəng təkər kimi dağ-dərə, eniş-yoxuş bilmədən yuvar la - nır, yoluna çıxan hər şeyi udaraq getdikcə şişirdi. Rüstəm bu təkərin altında qalıb əzilməmək üçün var gücü ilə qaçırdı, nəfəsi tutulur, tərdən bədəni yanırdı. Ciyərlərinin xışıltısından başqa heç nə eşitmitdi. Artıq su içməyin ona heç bir fayda ver - məyə cəyinə, yanğının keçəcəyinə də inanmırdı. İstəyirdi ki, kimsə dayanmadan başına soyuq su töksün...

Hər yer od tutub yanırdı, heç nədən yapışa bilmirdi. Kaş kimsə su töküb söndürəydi bu yanan ağacları, onda bir budaqdan yapışıb xilas olardı! Elə bu dəmdə göydən üstünə su ələndi. Tez əl atıb bir qayadan yapışdı. Xilas olduğu yəqin idi. Aşağı baxdı. Anası əlində vedrə tutub gülümsəyirdi. Elə ordan səsləndi: “Ay bala, elə çıxdın həyətdən, çaşbaş qaldım, dərhal su ata bilmədim. Amma sən çıxan kimi arxanca su da atdım, dua da etdim. Arxayın oldum ki, sağ-salamat qayıdacaqsan. Hə, neylədin orda? Gəlin tapdın anana? Rüstəm var gücüylə qışqırdı: “Bildim, ana! Atdığın su bütün kainata çiləndi. Bir damcı da mənim üstümə düşüb yanğımı söndürdü. Gəlin də tapmışam. Adı bilirsən nədir? Raqhilddd!!!”

Səsə tibb bacısı qaçaraq gəldi. “Hə, necəsən? Deyəsən, halın yaxşıdır. Şükür! Qoy həkimi də çağırım. Nənən yenə girirmi yuxuna? Daha qorxma, qurtardıq onunla. Bundan sonra səni incitməyəcək. Qurtuldun, şükür!”

Bir azdan həkim də gəldi. Hərtərəfli yoxlayıb böhranın keçdiyini dedi. Tibb bacısına tapşırdı ki, bir azdan nəfəs aparatını ayırarsan, qoy özü nəfəs alsın. Sistem və iynə-dərman müəyyən eləyib getdi.

Bir neçə günə özünə gəldi Rüstəm. Artıq yavaş-yavaş yeyir-içir, yerində tərpənirdi.

Telefonu açdı. Dərhal Raqhildin mesajları yağış kimi üstünə töküldü. Çox narahat imiş, dalbadal zəng edir, mesaj yazırmış. Zəng elədi. O başdan
dərhal açdı Raqhild:

– Alo! Salam!

– Salam, salam! Necəsən? Niyə nigaran qoymusan məni?

– Ölmüşdüm də! Ölü telefonla danışar? Bu gün dirilmişəm, dərhal da sənə zəng elədim. Deyəsən, immunitetim güclü imiş. Virusa qalib gəldim.

– Hə, lap yaxşı. İndi özümə gəldim. Nə vaxt qayıdırsan bura?

– Heç vaxt. Mən burada qalacağam.

– Bu hardan gəldi ağlına? Mən çox istəyirəm ki, sən gələsən bura, işimizi davam etdirək. Bəs düşünmürsən ki, mənim üçün çətin olacaq sənsiz?

Unuda bilməyəcəyəm axı!

Xəttin o başında Raqhildin səsi titrədi.

– Niyə düşünmürəm ki! Bunun başqa həlli də var. Sən gələrsən bura və birlikdə işlərimizi burda davam etdirərik. Heç yasa da gedə bilməmişəm hələ. İstəyirəm ki, doğma vətənim üçün bir əməyim olsun. Səninlə də ciddi söhbətim olacaq. Kim bilir, bəlkə də, bütün dünyanı bürüyən bu bəlanın çarəsini ikimiz birlikdə tapacağıq?!

– Doğrudan, gəlməyimi istəyirsən?

– Həm də çox!

– Bunu sevgi etirafı kimi qəbul edim?

– Olar. Əsl etiraf sən gələndən sonra olacaq.

– Bəs orda işləyəcəyimiz laboratoriya məsələsi necə olacaq?

– Bu bir neçə gündə Azərbaycandakı vəziyyətlə tanış oldum; hazırda Azərbaycanda koronavirusun yoxlanması üçün pulsuz mütəşəkkil testlər
aparılır. Azərbaycan hökuməti Operativ Qərargah yaradıb, gücləndirilmiş iş rejiminə keçib, profilaktik və preventiv tədbirlər görülür, sabit və ardıcıl məlumatlandırma, maarifləndirmə tədbirlərinə başlanılıb. Ölkədə çaxnaşma yoxdur. Görülən tədbirlər, aparılan mübarizə Azər baycanın bu sınaqdan da daha az itki ilə çıxacağına ümid yaradır.

İndi ölkədə koronavirusla mübarizəni dəstəkləyən bir fond var. Onun ehtiyacları üçün bir milyard manatdan çox vəsait ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva ayrıayrılıqda illik maaşlarını fonda köçürüblər. Fonda təkcə dövlət hesabına ödənişlər olmur. Hazırda orta və kiçik şirkətlər, banklar və digər özəl qurumlar tərəfindən fonda 10 manatdan 2 milyon manata qədər köçürmələr edilir və bu proses davam edir.

Fonda 100 milyon manatdan çox könüllü ianə köçürülüb.

Əgər Prezidentə məlumat verə bilsək ki, koronavirusla mübarizə sahəsində çalışmışıq, məşhur Virusologiya İnstitutunda, həm də professor Bornun
rəhbərliyi altında işləmişik, dərhal bizə şərait yaradacaqlarına inanıram.

– Qoy mən atamla məsləhətləşim... Bir neçə dəqiqə sonra Raqhilddən zəng gəldi:

– Rüstəm, atam deyir, sizə tövsiyə məktubu verərəm. Buradakı səfirliyinizlə danışıb, birbaşa Prezidentlə əlaqə saxlayacağam. Antivirus barədə son
nəticələri və nümunələri də götürüb gedərsən Bakıya. Dərhal da işə başlayın. Bilmək olmaz. Bəlkə də, siz problemi daha tez həll edəcəksiniz. Harda olursa-olsun, təki antivirus tez tapılsın. Amma bir şərtlə: sonra qayıdıb Antraktidadan gələn qonaqlarımızla məşğul olmalıyıq.

– Əlbəttə! Təki sağ-salamat gedək, o vaxtda çataq. Ata-anamı gətirib vətəndə yerbəyer elə - yəndən sonra işləmək də, yaşamaq da asanlaşacaq.
Sağollaşıb telefonu söndürdü. Gözlərini yumdu. Dərhal da yuxuya getdi. Şirin bir yuxu gördü Rüstəm. Gördü ki, Raqhildlə kənddədirlər. Babasının qəbri üstə Yasin oxuyan mollanın yanıqlı səsindən kövrəldi, gözləri yaşardı. Bir damcı da yanağına axdı. Diksinib oyandı. Həmin tibb bacısı idi. Əlində şpris tutmuşdu. Zarafatla qışdırdı:

– Rüstəm, dur ayağa! Nə çox danışdın bayaq telefonda? Kim idi? Hansı dildə danışırdın, başa düşmək olmurdu. Nənən yenə girir yuxuna?..

– O qədər sual verdin ki, heç bilmirəm hansından başlayım.

– Heç birindən başlama! Bircə onu deyim ki, arvadın ruhuna Yasin oxut, gündə girirdi yuxuna. Daha girməyəcək!..

– Nə Yasin? Burda molla var?

– Burda niyə? Çıxırsan da sabah. Daha yaxşısan, buranı çox məşğul etmək olmaz.

Allah bilir, kimin duası müstəcəb oldu, qurtuldun.

– Allah bütün həkimləri qorusun, Raqhildi də onların içində!

– Kim? – Heç! Bir-iki günə onsuz da hamı biləcək.

Bura gəlir işləməyə, isveçli məşhur virusolaq professor Bornun qızı Raqhild Born!..

"Ulduz" jurnalı. - 2021 /AprelБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123456
78910111213
14151617181920
21222324252627
282930