Yollar ona gedib çıxmadı - Şeirlər
![]()
MANERA.AZ İlham Qəhrəmanın şeirlərini təqdim edir:
Könül
Sürmədiyin hara qaldı?-
Qəsd etdin haqqıma, könül.
Mən idim ki, tab gətirdim
Bu qədər hoqqana, könül.
Bilirsən, dünya pis yerdi,
Çıxaq gedək hələ erdi.
Baltalar yarışa girdi,
Yensinlər şaqqama, könül.
Bəri yaxın gəl - kim isən –
Bilək kimin sən kimisən.
Dədəsi ölmüş kimi sən
İç çəkib sıkkıma, könül!
23.04.2021
Ağaca bağlanmış dəlinin nağılı
Dəlini qorxudan
ağaca sarıyarlar, telli balam, -
qəfil tutması tutar deyə,
ev yandırar, adam öldürər,
gedənə-gələnə daş atar deyə.
Ondan da qorxdular
bağın düzünə qoymadılar...
Bilmədi bu tale hardan gəldi,
Onunki bağın dikindən –
su tutmayan yerdən gəldi.
Cadar-cadar yarpaqları
su istədilər – əli çatmadı...
Suya baxdı yarpaqları,
yarpaqlara baxdı sular.
Köklərinin ucundan axdı sular.
Yollar ona gedib çıxmadı,
yollar çıxımsız oldu.
Yuyulub daralmış paltar kimi
unuduldu, baxımsız oldu...
Yazısı belə yazıldı,
belə gətirdi qisməti...
Hər gecə yuxusunda cin çapan,
qan-tər olan bir köhlən kişnədi.
Ona verilən arayışda yazıla bilər:
Fəsillər təkləmiş -
qışda küləklər budamış,
yayda üstünə gün şaxımış.
Dirigözlü, ayaq üstə öldürülmüş...
Acı təbəssümündən oxunur –
haçansa sağımış.
Nə ev yandırdı, telli balam,
nə adam öldürdü,
nə pəncərə daşladı...
Tutması tutanda şeir yazdı...
Ondan soruşardılar –
meh nədi, gül nədi?!
Niyə ağaca bağlanan dəli kimi
yollarını bağladılar bilmədi.
Telli balam, o tək çəkmədi –
o çəkəndən bağlandığı ağaca,
sarıldığı kəndirə də “pay” düşdü.
Sözlərinin ağzına təzə söz -
“Yiyə, vay!”,
“Yiyə, vay!”,
“Yiyə, vay!” düşdü.
Yanvar 2020
Könül - sevgi vətəni
Bəbirgözlüm, uzaqlıq nə edər
quştək könüldə yuva qurana?!
Şəninə duam var axşam-səhər,
oba yatana, oba durana.
Təzə bilmişəm sevginin
yurdu, vətəni varmış,
Onun da oturaqlı sakini,
yoldan ötəni varmış.
Yaşadığın vətən bir ayrı,
sevginin vətəni bir ayrı.
Hər şey təbiətdən gəlir
yağış ayrı, qar ayrı.
Könül bir məmləkətdi,
sevənlər orda hakimdi,
Bəxtəvər o kəslərin başına
könüldə oturaqlı sakindi!
03.04.2021
Niyə bir gülləyə yıxılmırsınız?!
Yetim-yesirin haqqı
ilan sümüyündən pisdi, cənablar!
Təbiniz necə çəkdi,
Allah əlacınızı
beləmi kəsdi, cənablar?!
Sac üstündə Qunça nənə:
-Tez bu çörəyi qonşuda
sağırlara ver - deyərdi.
Gör-götür məktəbiydi,
mərhəmət dərsi keçərdi...
Qəlbimizdə mərhəmət hissi
Qunça nənə tökənlərdən cücərdi...
Belə haçanacan gedər, -
geridən gələnə nə yol qoyur,
nə öyrədir, nə qandırırsız?!
Tutduğunuz əməllərlə
bizi niyə utandırırsız?!
Xeyirə bir koma qaralamadınız,
şərə saray, ev tikən cənablar,
İndi gözünüz dörd divara dikilib,
yetimin payına göz dikən cənablar!
Axı başqasına görk olsun deyə
Neçə başda duran tutulmalıdı?!
Niyə bir gülləyə yıxılmırsınız,
Sizə neçə güllə atılmalıdı?!
O biclik qalmadı əl atmayasız,
Düzü kəsib əyri calayırsınız.
6-nı 9-a çevirən yerdə,
Yuxa qulağımı sulayırsınız?!
Heçmi gözünüzə gəlmədi
axirət günü, əcəl dərdi?!
Ona heyifim gəlir ki,
sizə zindan ucaldanlar
balalara məktəb ucaldardı.
Yetim-yesirin haqqı
ilan sümüyündən pisdi, cənablar!
Təbiniz necə çəkdi,
Allah əlacınızı
beləmi kəsdi, cənablar?!
14.05.2020
Naxçıvan
Adın şeirə çəkilər,
dəftər səhifəsindən keçər...
Sənə olan sevgimiz
yağı nəfəsinə gələr,
yağı nəfəsindən keçər.
Qisas qaldıqca acıyar,
dərdimiz acıya gəldi,
Arşın malçı əlində
Vətən şülən oldu,
Zəngəzur butasından
qayçıya gəldi.
Badamlı, Sirabın durudu,
yumrulmuş yollara bax -
sıx gözünü duru ağla.
Bir yaylağın dəsmal olsun,
Qarabağ-Zəngəzuru ağla.
Bizdən oğul olarmı, -
dərd varmı bundan ağır?!
Bizim olan torpaqdan
üstünə güllə yağır.
Sadəlövhlüyümüzdəndi -
hər vaxt bizi kələk tutur.
Sən qıraqda tək ağacsan,
dörd bir yandan külək tutur.
Biz sənə yaxın gəlməkdən
bir az da uzağa düşdük.
Başdakılar mılıx oldu,
tələyə, duzağa düşdük.
Fələk bir oyun oynaya
ayrılıq, həsrət kəm düşə?!
Kəllədəki ev kimisən
soyuq çəkirsən həmişə.
Hansı müəllim istəyər
məktəbin yolu bağlansın,
şagirdi dərsə gəlməsin?!
Əhdimiz var - yollarında
ayağımız torpaq görsün,
sevgi nəfəsə gəlməsin.
25.05.2020
Bayatılar
***
Comərdi qoy görəvə,
Yada verməz girəvə.
Yol gözləmək də işdi –
Çıx eyvana, gir evə.
***
Göldən uçan qu dərdi,
Suya söylə, yu dərdi.
Mənim sənsiz qalmağım,
Dəyirmanın su dərdi.
***
Yeri dar – daşar gözlər,
Bəndini aşar gözlər.
Yarınan söhbət edir,
Səs salma, çaşar gözlər.
***
Sağ-sola yellən gözüm,
Dost getdi, sellən, gözüm.
Görəndə dilim batır,
Yara sən dillən, gözüm.
***
Mən bilən beşi şair,
Yaz dərdi düşü, şair.
Vətən doğma, sən ögey,
Bu odda üşü, şair!
***
Ay mənim əyri yiyəm,
Yox mənim ayrı yiyəm.
Mən bu doğma vətənin
Bir ögey şairiyəm.
***
Qar yağıb kürək yoxdu,
Dam uçub dirək yoxdu.
Bu yol, o yar qapısı,
Aparan ürək yoxdu.
***
Gün aşdı yalı bəri,
Duz ötdü, salı bəri.
Bu nə haldı düşmüşük, -
Varmı bir halı bəri?!
***
Yel çəkdikcə üşür ney,
Zildən bəmə düşür ney.
Qəbrim üstə kim çalır?-
Sümüyümə düşür ney.
***
O Dəmirçi, bu Dondar,
Dəhnədən suyu döndər,
Yolçu, belə hul getmə,
Sağında gülü dön, dər.
***
Daşların saf daşısan,
Bahasan - şah daşısan.
Qaval daş, xına daş var,
Mən çəkən ah daşı sən.
MANERA.AZ