manera.az
manera.az

“Yeddi gözəl” poemasında dini motivlər - İlahiyyatçı alim yazır..

“Yeddi gözəl” poemasında dini motivlər - İlahiyyatçı alim yazır..
Ələddin Sultanov,
fəlsəfə üzrə fəlsəfə doktoru


2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məhz ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə olan münasibətindən qaynaqlanır.

Nizami Gəncəvinin həyatı:

Dahi Azərbaycan şairi Nizami Gəncəvi dünya ədəbiyyatı tarixində xüsusi mövqeyə malik bir sənətkardır. Onun yaradıcılığı ilə orta əsr Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində yeni bir dövr başlanmışdır. Nizaminin misilsiz əsərləri, onun qabaqcıl ideyaları böyük sürətlə Yaxın və Orta Şərqə yayılaraq, bir çox xalqların ədəbiyyatının inkişafına müsbət təsir göstərmiş və bu ecazkar təsir öz qüvvəsini əsrlər boyu saxlamışdır. İlyas Yusif oğlu Nizami 1141-ci ildə Azərbaycanın ən qədim şəhərlərindən Gəncədə anadan olmuşdur.
“Yeddi gözəl” poemasında dini motivlər - İlahiyyatçı alim yazır..
Böyük sənətkarın əsərlərindən və onun həyatına dair əlimizdə olan məxəzlərdən məlum olur ki, şair uşaqlıqdan atasını və bir qədər sonra anasını itirmişdir. Tarix, fəlsəfə, məntiq, poetika, astronomiya, heyət, həndəsə, coğrafiya ― şairin mükəmməl bələd olduğu elm sahələri idi. O, eyni zamanda memarlıq, musiqişünaslıq, rəssamlıq kimi sənət növlərinə də yaxşı bələd idi. Azərbaycan, fars, ərəb, pəhləvi dillərini mükəmməl bilmək ona qədim dünya və orta əsrlərdə yaranmış bütün elmi və ədəbi məxəzlərlə tanış olmaq imkanı verdi. Nizami həm o zaman Gəncədə yaşayan məşhur alimlərdən dərs almış, həm də həyatdan, xalq kütlələrindən, dünyagörmüş, təcrübəli və bilikli qocalardan öyrənərək, öz biliyini dərinləşdirmişdir.

Dini təhsili və etiqadı

Nizami Gəncəvi uşaqlığında və gəncliyində dərin dini təlim-tərbiyə almışdır. Bunun isbatı isə əsərlərində Quran, Hədis və Peyğəmbərin həyatından iqtibas etməsi və bunları məharətlə yorumlamasıdır. Mötədil bir həyat sürən şair əsərlərində də bu mötədilliyi vurğulamışdır. Belə ki, sufiliyə və dərvişliyə əhəmiyyət verən şair eyni zamanda həyatın nəşə və sevinc içində yaşanması gərəkdiyinə inanırdı. Nizaminin “Yeddi Gözəl” əsərindəki aşağıdakı beytlərindən də məlum olur ki, o, ərəb dilini və İslami elmləri dərindən öyrənmişdir:

Ərəbcə, dəricə, yeri düşərkən,
Buxari, Təbəri, əsərlərindən,
Oxudum, oxudum, sonra da vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.


Şairin yaşadığı dövrdə İslam dünyasında sünni-şiə, şəriətçi-sufi kimi ideologiyalar zəminində ciddi münaqişələr və mübahisələr baş verirdi. Nizami Gəncəvi isə Allaha səmimi qəlbdən inanmış, Məhəmməd peyğəmbərə bağlı sadiq bir mömin idi.

Onun əxlaqı İslam dünyasını parçalamağa yönəlik məzhəbi münaqişələrin fövqündə və təəssübkeşlikdən uzaq idi. Bir tərəfdən Həzrət Əli sevgisi ilə dolu ikən, digər tərəfdən Həzrət Ömərə təzim edirdi. Bu da onun məzhəblər arasındakı ifratçılıqdan uzaq durduğunu göstərir. Belə ki, “Yeddi Gözəl”də Peyğəmbərin mədhi bölümündə şair belə deyir:

Şərin əsli ilə fəri ki, vardır,
Dörd xəlifə ona möhkəm divardır.


Nizaminin din anlayışı mərasimçilikdən ibarət ruhsuz bir dindarlıq deyildi. Allah sevgisində səmimiyyəti əsas tutan şair ənaniyyət və imanın əsla bir araya gələ bilməyəcəyini vurğulamışdır.
Nizaminin əsərlərində Əhli-beyt üzvlərinə, İmam Əliyə (ə) xüsusi ehtiram və sevgi hiss edilir. Amma unutmaq olmaz ki, onun poema və qəsidələrində raşidi xəlifələri, əhli-sünnənin mötəbər saydığı səhabə və alimlər haqqında da çoxlu təriflər mövcuddur. Nizaminin Əhli-beytə xüsusi sevgisini onun şafii məzhəbinə mənsub olması ilə də əlaqələndirmək mümkündür; çünki bu xüsusiyyət şafii məzhəbinə məxsusdur. Nizami Gəncəvi Allahın bu dünyada adi gözlə görünməsi, cəbr (iradə azadlığının inkarı) kimi əhli-sünnə üçün xarakterik olan əqidə əsaslarına inanmışdır. Şair “Sirlər xəzinəsi” poemasında Allahın gözlə görüləcəyinə dair belə deyir:

İbadət etdiyimizi görmək səadətdir,
O görülməli, görülməli və görülməlidir!


O zamankı Gəncə şəhərinin əhalisinin dini tərkibi barədə məlumatları da nəzərə alsaq, Nuzami Gəncəvinin əhli-sünnə məzhəbinə mənsub olması daha inandırıcı görünür.

Nizami bütün duyğu və şüuru ilə müsəlmandır və tək olan Allaha inanırdı. Nizami ilə əlaqəli təhqiqatlar aparan alimlər ehtimal edirlər ki, onun müəllimləri Əxu Fərrux və Əxi Fərəc böyük ehtimalla o dövrdəki əxilik/ahilik təriqətinə mənsub idilər. Belə ki, əxilik təşkilatı sufizm, xeyriyyəçilik və haqsızlıqlara qarşı mübarizə ideologiyaları altında bir yerə cəmləşən müsəlmanların qurduğu təşkilatlar idi və həm idarəçilikdə, həm də cəmiyyətdə böyük rol oynayırdılar. Nizaminin qələmə aldığı bu misralarından onun əxilik ideologiyasına yaxın olduğu görünür:

Nədən boyun əyərsən hər qəzaya,
Nədən razı gələrsən hər cəfaya,
Dağ kimi dur, belin olsun qaya daş,
Üzünə qabar daşürəklinin, əymə baş!

Çünki əxilik təriqətinin əxlaq prinsipləri ilə Nizaminin şeirlərindəki əxlaq prinsipləri paralellik təşkil edir.

Yaradıcılığı:

Nizami Gəncəvi öz yaradıcılığına lirik şeirlərlə başlamış, daha sonra divanını qələmə almış, eləcə də qəzəl, qəsidə, rübai müəllifi kimi məşhur olmuşdur. Şairin bizə miras qalan 48 min beytdən 19 mini “divanı-əşər”, 29 mini isə 5 poemanın yer aldığı “xəmsə”ni ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") təşkil edir.
“Yeddi gözəl” poemasında dini motivlər - İlahiyyatçı alim yazır..
“Yeddi gözəl” əsəri haqqında:

Əsərin orjinal adı farsca “həft peykər”dir. “Həft” 7 deməkdir. “Peykər” sözü isə “bədən, cüssə, çöhrə, surət, nəqş edilmiş” kimi mənalara gəlir. Poema həm də “Yeddi Gümbəz” adı ilə tanınır. Poemanın Azərbaycan dilinə bədii tərcüməsi xalq şairi Məmməd Rahim tərəfindən həyata keçirilmişdir.

Nizami Bu poemanı 1197-ci ildə bitirmiş və Marağa hakimi Əlaəddin Körpə Arslana ithaf etmişdir. Poemanın mövzusu Sasani beşinci hökmdarı Bəhram Gurun (ö.438) həyatı ilə bağlıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında öz dövrünə dair kəskin tənqidi fikirlərini səsləndirərək həm dini, həm də romantik düşüncələrlə dolu bir əsər meydana gətirmişdir.

Poemada memar Şidə hökmdar Bəhram üçün 7 günbəzdən ibarət bir saray tikir. Bu saray sadəcə 7 günbəzdən ibarət bir tikinti deyildi. Sarayda varlıq aləminin bütün ünsürləri təcəssüm olunmuşdu: Şidə tikdiyi bu sarayda dünyanın kosmik quruluşunu memarlıq kodu vasitəsilə təsvir etmişdi.

Belə ki, o, 7 sfera (göyün 7 qatı) və 7 ulduzu 7 günbəz simvoluna çevirmiş, 7 günbəzdən hər birini göyün 7 qatına uyğun rəngləmişdi.

Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Burada söhbət təkcə Bəhramın gözəllərlə əylənməsindən getmir, şairi düşündürən hökmdar və xalq problemi bu poemanın da mərkəzi xəttini təşkil edir. Bəhram ölkəni idarə etməyi zəhmətkeşlərdən və çobandan öyrənir. Nəhayət, o, fitnənin sözləri qarşısında öz səhvini başa düşüb haqsız hərəkətlərindən peşman olur. Şair əsərində ölkənin abadlaşması, xalqın firavan yaşaması üçün hökmdarı ədalətli olmağa, xalqa arxalanmağa çağırır.

Onu da qeyd etmək lazımdır ki, Nizami bu poemasındakı hadisələri əslində, İslamiyyətdən əvvəki dövrlərdə Sasani hökmdarı Bəhram Gurun dövründə baş vermiş kimi anladır. Ancaq burada eyni zamanda bir çox İslami motiv və ifadələrə yer vermişdir. Beləcə, biz əsərdə İslamiyətdən əvvəlki və sonrakı dövrün ədəbi bir üslubla məzc olunmasını müşahidə edirik.

"Yeddi Gözəl" əsərində “Allah” motivi:

Allah (ərəb. الله‎‎ ) sözü adətən monoteist dinlərdə və xüsusən İslamda istifadə olunan ən böyük qüvvəyə, yaradıcıya və məbuda verilən addır. Sözün mənbəyi Qurani-Kərimdir. Müsəlman alimlər Allahın mükəmməl ad və sifətlərə malik olduğunu vurğulamaqla yanaşı, bunların yaradılmışlara xas olan əlamətlərə bənzəmədiyini xüsusilə qeyd edirlər. Məsələn, İslamda Allah “Qadir” (hər şeyə gücü çatan), “Alim” (hər şeyi bilən), “Bəsir” (hər şeyi görən) kimi təsvir olunur, lakin Allahın bu xüsusiyyətləri insanların qüdrəti, bilməsi və görməsinə bənzəmir. Eyni zamanda kəlam elmində Allahın insan ağlına gələn hər şeydən fərqli olduğu, Allahın insana və digər varlıqlara bənzəmədiyi vurğulanır.

Nizami Gəncəvi “Yeddi Gözəl” poemasının giriş hissəsində sözə Uca Allaha tərif deməklə başlayır:

Ey bu kainatın açan gözünü,
Yoxdur səndən qabaq duyan özünü,
Hər bir başlanğıcın ibtidasısan,
Sonların sonusan, intəhasısan.


Şair “Yeddi Gözəl” əsərinin müxtəlif yerlərində Uca Allahın əsmayi-hüsna (ən gözəl isimlər) dediyimiz adlarını qeyd etmişdir. O, əsərin başlanğıc hissəsini demək olar ki, Allah-Təalanın adlarına həsr etmişdir. Burada “Allah” ismini xüsusi ilə dəfələrlə işlədən şair bununla yanaşı “Xaliq” (yaradan), “Müsəvvir” (forma verən), “Rəzzaq” (ruzi verən), “Alim” (hər şeyi bilən), “Hakim” (hökmranlıq edən), “Xəbir” (hər şeydən xəbərdar olan), “Əzim” (uca), “Kəbir” (böyük), “Həfiz” (qoruyucu), “Qadir” (hər şeyə gücü çatan), “Əvvəl” (başlanğıcı olmayan), “Axir” (sonu olmayan) və “Ğəniy” (ehtiyacı olmayan) “kimi Allahın adlarını bu əsərində mövzuya görə ən uyğun yerində işlətmişdir. Məsələn aşağıdakı beytdə “Allah” ismi ilə şair Rəbbinə müraciət etmişdir:

Sən ey Nizamini bəsləyən Allah,
Qovma ki, qapına gətirmiş pənah.


Digər bir beytdə isə Allaha “Əvvəl” və “Axir” adları ilə müraciət etmişdir:

Sayın əvvəlisən sən bu gedişdə,
Sonların sonusan hər axır işdə.


Allahın “Qadir” adını şair belə izah etmişdir:

Sənsən dəyişdirən hər vəziyyəti,
Kimsənin bu işə çatmaz qüdrəti.


Allahın təkliyini ifadə edən tövhid-vəhdət inancı ilə bağlı olaraq şair başqa inancalara da cavab olacaq mahiyyətdə aşağıdakı beytləri qələmə almışdır:

Birə çat, ikidən əl üz, sonra dur,
Bu iki aləmi təpikləyib vur.
Üçə dəlil yoxdur, onu sevmə heç,
Müşrik olma, uzaş, ikidən də keç.
Bir sapın ucundan tut kişilərtək,
İkini at, üçü bir etmək gərək.
Üçdən əl çəkməsən, atmasan onu,
Qaldırmazsan göyə vəhdət topunu.
İkidən qurtulsan, əfsanə gəzmə,
Biri tapsan, artıq bəhanə gəzmə.

Bu beytlərdə şair tövhidi izah edir, bununla yanaşı atəşpərəstlik və xristianlıqdan uzaq durmağı tövsiyə edir. Şeirdəki “üçlük” xristianlıqdakı ata-oğul-müqəddəs ruh üçlüyünü, “ikilik” atəşpərəstlikdəki dualizmi, yəni Nur tanrısı Ahura və Qaranlıq tanrısı Anqru-nu təmsil edir.

Mələklər” motivi:

Mələklər İslama görə Allah tərəfindən nurdan yaradılmış varlıqlardır. Belə ki, insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur - onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb (Allaha yaxın) mələklər adlanır. Onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır və günah işləməzlər.

Nizami Gəncəvi bu poemanın müxtəlif yerlərində “mələk” kəlməsini istifadə etməklə yanaşı xüsusilə İslam dinindəki 4 böyük mələyin adını vurğulamışdır. Əsərdə Allah və peyğəmbərləri arasındakı vasitəçi olan mələk Cəbraildən belə bəhs olunur:

Peyğəmbər əmindir, Cəbrail əmin,
Onları qorxutmaz nə şeytan, nə cin.

Eləcə də digər iki böyük mələk olan Mikayıl ilə İsrafilin də adı çəkilir:

Keçdi Mikayılın taxtından haman,
Suri-İsrafilin rəsədgahından.


Poemanın digər bir yerində isə mələklərin məskəni hesab edilən səmanın Məhəmməd peyğəmbərin nuru ilə aydınlanmasını şair belə təsvir etmişdir:

Mələklər yurdunun fərşini bəzə,
Göylərin fövqündə çadır qur təzə.


Qurani-Kərim” motivi:

Quran (Qurani-Kərim) (ərəb. القُرآن‎‎ Əl-Quran) — İslam etiqadına görə ayələri Allah tərəfindən Cəbrayıl adlı mələk vasitəsi ilə İslam peyğəmbəri Məhəmməd peyğəmbərə göndərilən müqəddəs kitabdır.

Həmçinin İslam inancında Qurani-Kərim Məhəmməd peyğəmbərin ən böyük möcüzəsidir.

Müqəddəs kitabımız Qurani-Kərimin müəyyən ayələrini şeirvari bir dillə izah edən Nizami Gəncəvi “Qəmər” surəsinin 1-ci ayəsi olan və Məhəmməd peyğəmbərin möcüzə göstərərək göydəki ayı iki yerə yarmasından xəbər verən “Qiyamət yaxınlaşdı və ay yarıldı” ayəsini belə şərh etmişdir:

Ayın almasını iki parçaya,
Bölüb yetirdisə O, xətər aya.

Nizami Gəncəvi şeirdə Quran ayələrindən iqtibas etmə sənətini də ustaca icra etmişdir. Belə ki, şair “Nəcm” surəsinin Merac möcüzəsindən bəhs edən 17-ci ayəsi olan “مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ / Göz nə yayındı, nə də başqa bir yerə baxdı” ayəsindəki “مَا زَاغَ / mə zəğa (yayınmadı)” ifadəsini öz beytində belə istifadə etmişdir:

Gözlərini tutan “möhrü-məzağ”dır,
Bağlanıb durduğu sanma bu bağdır.


Bu misralardakı “möhrü-məzağ” ifadəsi ilə şair demək istəyir ki, Məhəmməd peyğəmbər bu kəlamı gözləri üstünə qoydu və o kəlam sürmə kimi onun gözlərinə dərman oldu.

Peyğəmbərlər” motivi:

Peyğəmbər İslam dininə görə Allahın elçisi, mələk Cəbrail vasitəsilə Allahdan vəhy alan, Allahın, buyruqlarını və vəyhlərini insanlara çatdıran şəxsdir.

İslam etiqadına görə, bəşər tarixində 124 min peyğəmbər olmuşdur. Amma vəhyalma xüsusiyyətlərinə görə onlar bir-birindən fərqlənmişlər. Məhz bu deyilən xüsusiyyətə görə biri digərindən üstün olmuşdur. Belə ki, özlərinə Allah tərəfindən şəriət kitabı verilən peyğəmbərlərə “Rəsul”, digərlərinə isə “Nəbi” deyilmişdir.

Nizami Gəncəvi bu əsərində İslam peyğəmbəri olan Məhəmməd peyğəmbərlə yanaşı, digər peyğəmbərlər olan Süleyman, Yunis, İbrahim, Musa, İsa peyğəmbərin də adlarını qeyd etmişdir. Ancaq son peyğəmbər olan Həzrət Məhəmmədə xüsusi yer ayırmışdır.

Şair “Yeddi Gözəl” poemasının əvvəlində Məhəmməd peyğəmbər üçün “Peyğəmbərin mədhi” və “Peyğəmbərin meracı” adlı iki bölüm ayırmışdır. O, “Peyğəmbərin mədhi” bölümündə Məhəmməd peyğəmbərin digər peyğəmbərlərə olan üstünlüyünü belə təsvir etmişdir:

Əhmədi-mürsəldən başqası məgər,
Varmıdır, Tanrıya ola peyğəmbər.
Nəbilərdən üstün qılıncı, tacı,
Şəriət-qılıncı, tac da meracı.

Burada Nizami Gəncəvi Məhəmməd peyğəmbərin şəriətinin bütün digər peyğəmbərlərin şəriətlərindən üstün olduğunu və heç bir peyğəmbərə verilməyən “merac” möcüzəsinin məhz ona verildiyini qeyd edir.

Əsərində “Peyğəmbərin meracı” deyə bir bölümə yer verən şair meracın başdan sona qədər bütün incəliklərini oxucusuna çatdırmağa çalışmış və bu bölümə belə bir girişlə başlamışdır:

Onun sığışmadı cahana tacı,
Taxtını ərş üstə qurdu meracı.
Cəbrail gətirdi Buraq: Qalx – deyə,
Bu alçaq torpaqdan o yüksək göyə.


Nizami Gəncəvi Məhəmməd peyğəmbərini o qədər çox sevmişdir ki, oğluna Məhəmməd adını qoymuşdur. “Yeddi gözəl” poemasında “oğluma nəsihət” bölümündə şair belə deyir:

Səndə əbədi bir bağın çöhrü var,
Çün, üstündə Mühəmmədin möhrü var.


Əsəri nə üçün qələmə aldığından bəhs etdiyi “Kitabı yazmağımın səbəbi” bölümündə Nizami Gəncəvi həm baş verə biləcək nöqsanlara görə Allaha istiğfar edir, həm də öz söz və düşüncələrini Həzrət İsanın atasız olaraq Məryəmdən dünyaya gəlməsinə bənzədərək gözəl bir təşbeh nümunəsi ortaya qoyur:

Hazırladım, indi eyləyirəm ah,
Tövbə, yenə tövbə, əstəğfirullah!
Nizami, İsandır sənin nəfəsin,
Məryəm ağacındır düşüncən, hissin.


"Axirət dünyası" ilə bağlı motivləri:

“Axirət” İslam etiqadına görə, ölümdən sonra gediləcək olan sonsuz aləmdir. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı əməl sahibi möminlər cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) əbədi olaraq davam edəcək. Qurani-Kərimə nəzər saldıqda axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük.

Güclü bir axirət inancına sahib olan Nizami Gəncəvi əsərində də insanları axirətə inanmağa dəvət edir və onlara belə səslənir:

Ey bəhanə quran, zənn etmə, guya,
Nə var buradadır, heçdir o dünya.


Eyni zamanda şair axirət dünyasının əhəmiyyətinə diqqət çəkərək bu dünyanın fani nemətlərinə aldanmamağı tövsiyə etmişdir. Bu barədə şair öz nəfsini hesaba çəkərək belə deyir:

Ey Nizami, bəsdir, dünyadan çək əl,
Alçaldığın yetər, göylərə yüksəl.
Çalış axirətdə qur öz yurdunu,
Məhəmməd dinində taparsan onu.


Şair insanın öz nəfsini yaxşı dərk etməsini və Uca Allahın onu hansı məqsədlə xəlq etdiyini anlamasını istəyir. Eyni zamanda ölümün bunu dərk edən insanları bu fani dünyadan əbədi həyat yurdu olan axirət dünyasına qovuşdurduğunu incə bir üslubla oxuculara çatdırır:

Kim ki, öz-özünü düşmüşdür başa,
Ona ölüm yoxdur, o ölməz haşa.
Nəqşini bilməyən fanidir, fani,
Baqi say bu nəqşi bilən insanı.
Tanısan özünü, köçsən cahandan,
Yenə bu dünyada yaşayacaqsan.


"Qədər inancı" ilə bağlı motivlər:

Ərəb dilində “qədər” sözü “miqdar”, “ölçü”, həmçinin “təqdir edilən” mənasını ifadə edir. Uca Allah öz əzəli elmi ilə hər şeyin ölçüsünü təqdir etmiş, yaratmamışdan öncə hər şeyi "lövhi məhfuz" (qorunan lövhə) adlanan kitabda yazmışdır ki, buna “Qədər” deyilir. İslam etiqadına görə, imanın şərtlərindən biri də məhz qədərə inanmaqdır.

Nizami Gəncəvi də “Qədər” mövzusuna toxunmuş və imanın bu şərtinə bağlanıb tənbəlliyə düşməyi xor görmüşdür:

Yazılmış alnına hər şey əzəldən,
Cəht eyləsən belə, nə gələr əldən?
Hər halda sən çalış, həyat əməkdir.
Cənnət kahıllığı nəyə gərəkdir?


"İbadət"lə bağlı motivlər:

İbadət (ərəb. عبادة‎‎) hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, Allah qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır. Ümumiyyətlə, Allaha ibadət Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. İslam dininin beş şərtində cəmləşən başlıca ibadətləri belə sıralaya bilərik:

1. Kəlməyi şəhadət (ərəb. الشهادة‎‎)
2. Namaz (ərəb. الصلاة‎‎)
3. Oruc (ərəb. الصوم‎‎)
4. Həcc (ərəb. الحج‎‎)
5. Zəkat (ərəb. الزكاة‎‎)

Nizami Gəncəvi “Yeddi Gözəl” poemasında oğlu Məhəmmədə nəsihət edərkən Allaha ibadət etməyin faydalarına işarə edərək belə deyir:

Tanrının əmrinə sən əməl eylə,
Bil, üstün gələrsən hər bir müşkülə.

Nizami Gəncəvi bu əsərinin bir çox yerində Allaha ibadət etməyi tövsiyə edir. “Yeddinci məzlumun şikayəti” bölümündə bir zahidin ibadətini isə bu şəkildə anladır:

Demə ki, yemişəm, demə yatmışam,
Bol namaz qılmışam, oruc tutmuşam.
Gündüz yoxdu yeyim çörəyim, suyum,
Gecə yoxdu yerim yatım, yuxlayım.
Allaha eylədim hər an ibadət,
Ancaq ibadətə eylədim adət.


Bu poemada Bəhram şaha danışılan nağıllardan biri Bişr adlı bir gənc haqqındadır. Mömin biri olan Bişr bir qadına aşiq olur. Lakin nəfsinə hakim olaraq ona yaxınlaşmır və zina etmir. Əvəzində isə beytül-müqəddəsə ziyarətə gedir və şərdən qorunmaq üçün orada Allaha dua edir. Allah onun duasını qəbul edir və o, həmin qadınla halal yoldan evlənir. Nizami Gəncəvi burada demək istəyir ki, öz nəfsinə qalib gələn insan Allah tərəfindən mükafatlandırılar. Şair burada həcc ibadəti ilə bağlı izahlar da verən şair Bişrin tövbə etmək üçün Kəbəyə getməsini belə təsvir etmişdir:

Çəkim bu diyardan öz yükümü düz,
Beytülmüqəddəsə çevirim qoy üz.
Xeyri, şəri bilən böyük Yaradan,
Mənim bu işimi eyləsin asan.
Gedib yol şeyləri tədarük etdi,
Beytülmüqəddəsə yollandı, getdi.
Sığındı qorxudan Pərvərdigara,
Verdi hökmünə, dedi: Et çara!
Divlərdən qurtarım, sən pasiban ol,
Qəlbimə tapmasın ta ki, fitnə yol.
Yalvarıb Allaha, o səcdə etdi,
Müqəddəs məkandan qayıtdı, getdi.

Bununla yanaşı Nizam Gəncəvi müsəlmanların ən müqəddəs ibadət yeri olan Kəbənin əzəmətini, İslam dünyasının ən böyük mənəvi qalası olduğunu və hər bir şeydən əziz olduğunu bu sözlərlə ifadə edir:

Qələ yox, Kəbədir anlayır hər kəs,
Ruhani gözündə odur müqəddəs.

Nəticə etibarilə, Nizami Gəncəvi “Yeddi Gözəl” poemasında İslam dininə çox bağlı olduğunu açıq bir şəkildə ifadə etmiş və insanların dini-əxlaqi cəhətdən kamilləşmələri üçün ədəbi bir üslubla onlara çoxlu öyüd-nəsihətlər vermişdir. Bir sözlə, onun əsərləri cəmiyyətin mənəvi cəhətdən inkişaf edib kamilləşməsində böyük rol oynamışdır və bunun təsiri hələ də davam edir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31