manera.az
manera.az

"Villa"dan görünən dünya - Dayandur Sevgin yazır

"Villa"dan görünən dünya - Dayandur Sevgin yazır

Məlahət Hümmətqızının "Villa" romanı,
"Yuxu" povesti və hekayələr kitabı
haqqında özəl düşüncələr.


Gənc yazıçı Məlahət Hümmətqızının "Villa" kitabında yer alan hər bir hekayə özəl "Villa"nın (roman) yeni, təfərrüatlarla zəngin köşə və ayrı-ayrı otaqlarının qapısı kimi açılır. Bu olaylar hər halıyla, istər-istəməz, Xalq şairi Hüseyn Arifin tanış misra - larını xatırlatmaqdadı: "Mən qorxardım ölümdən, bizdən sonra dünyaya gələnlər olmasaydı…"

Ağır tale zərbəsi almış, bir həyat boyunca hər gün min dəfə ölüb-dirilmişlərin təsəllisi belədir. Belə insanlar bu fani dünyadan "dövlət istəmirlər, var istəmirlər". Umduqları sadə həyat və bu sadəlik içində yaşaya biləcəkləri hüzurdu. Belələrini yaşat - mağa nə var dünyada?

Ancaq Məlahətin "Villa"sını oxuduqca görür - sən ki, həyat hər fürsətdə qara daş kimi qayıdıb alnına dəyir təzədən. Bədbəxtlik izləyir hər xoş - bəxtliyi. Akif və Mədinənin xoşbəxt günlərini izləyən bədbəxtliklər kimi… Evlənirlər. Bir qızları dünyaya gəlir. Xoşbəxtdirlər. Ancaq böyük rus şairi A.S.Puşkinin təsvirindən bizə tanış olan bir balıqçı ailəsinin yaşantıları da var ki, istəklərin, hərisliyin bitib-tükənməzliyi məqamında ailə münasi bət lə - rinə daxil olur. Zaman və məkan tanımır. Uzun ayların, illərin axarınca düşüb fərqli ünvanların qapısını döyür. Gülüşləri üzdə, təbəssümü gözdə söndürür. Eynilə Akif və Mədinənin ömür-gün hekayətində olduğu kimi…

Təbii, Mədinənin də haqqıdı ki, darısqal, ən vacib avadanlıqları belə olmayan, könül üşüdən mənzildən xilas olsun. Nağıllardan, izlədiyi serial - lardan diqqətini çəkən, əlinə belə su tökməyə layiq olmayan xanımların eninə-boyuna yaşadıqları bir villaları kimi villası olsun. Ancaq bilmir ki, alın yazısı olan bir həyatdan qaçmaq, sadə, səmimi bir xoşbəxtliyə arxa çevirmək istəyi hər qədəmdə basdırılmış gizli minalar kimidi. Qismətə qarşı çıxdığın hər qədəmdə o minaların bir-bir partlayışı arzuların sonunu gətirir. Qəzaya uğradır. Hər cür peşmançılıq yaşadır… Və həyatın bu üzünü görüb anlamaq, səhv etdiyini başa düşmək gec olur; itirdiklərin geri dönmür. Qazandığın rahatlıq tikana, balıq qılçığına dönüb boğazına tıxanır.

Necə ki Mədinə bu gerçəkliyin, sonun acısına düçar olur; boğazlarından kəsib, borc-xərc edib aldıqları villa, görkəmli tənqidçi Vaqif Yusiflinin ön sözdə yazdığı kimi, onun ailəsinin sakit keçən həyatında faciəvi rol oynayır. Gözlənilməyən bir qaz partlayışı Mədinənin həyatına son qoyur, onun sevimli həyat yoldaşı Akifin qara günləri başlayır. Abad evə köçməzdən əvvəl Mədinənin "havam çatmır, boğuluram" – deyə köhnə evdən qurtulmaq istədiyi anları Akif bədbəxtliklərinə səbəb olan villanın divarları arasında yalqız yaşamağa başla - yır. Peşmançılıq çəkir. Bu evi almazdan öncə Mədinə ilə aralarında olan söhbəti xatırlayır… Mədinə belə bir evlərinin olmasını istəyirdi. Amma pullarının çatmayacağını da bilirdi. Ayaq larını yorğanlarına görə uzatmalı olduqlarının fərqin - dəydi. Akif isə xanımının istəyini yerinə yetirmək üçün israr etdi:

– Demirdin, həyət evi istəyirəm? Bu da sənə həyət evi…

Dedi və etdi də.

Bəlkə də, Mədinənin araçılığı ilə həddən ziyadə imkanlı biri ilə ailə həyatı qurmuş rəfiqəsi Lalənin zəngin yaşayışı bu xoşbəxt cütlüyün faciəsinə yol açdı? Mədinənin arzusu cəlbedici parıltıya dönüb onu sonunu gətirəcək aləmə sürüklədi. Akifi sınanmış inancların üstünə getməyə vadar etdi… Olmuşdu axı aralarında bu söhbət:

– Həyət evinin düşər-düşməzi var, bizim ailəyə həyət evi düşmür, – demişdi Akif.

"Bu nə cəhalətdi, heç səndən gözləməzdim, mən bu bina evində yaşamaq istəmirəm, – deyə geri çəkilməmişdi Mədinə. – Dörd divardı, uşaq həyətə düşmək istəyir, gəzmək istəyir, topla oynamaq istəyir… Elə bil həbsxanada otur muşuq…

Ancaq bu istək xoşbəxt bir ailəni elə hala gətir - mişdi ki, güclü ürək tutması səbəbindən xəs tə xa - naya düşmüş Akiflə son anda onun köməyinə yetişmiş həyat yoldaşı Mədinə arasında olan söhbət bu məcraya yönəlmişdi:

– Sən ikinci dəfədir ki, məni həyata qay tarır - san, sənə bir can borcluyam. –

O nə sözdü danışırsan? Sən mənim həyat yoldaşımsan, başımın tacısan… Heç qoyaram səni ölməyə? Sən ölsən, kreditləri kim verər? –

Vallah, düz deyirsən. Nazir müavininə qonaqlıq borcluyam. Kvartalın axırdı. Hesabat verməliyəm. Hələ ölmək olmaz!

Çox ağrılı, ancaq günümüzün acı reallığını bütün dolğunluğu ilə ifadə edən bir lövhədi; insan ən ağır, həyatı üçün böyük təhlükə yarandığı bir məqamda belə, itirəcəyi əzizləri, onu əhatə edən aləmi, təbiət gözəlliklərini yox, bütün həyatlarını saran problemlər – kreditlər, borclar, idarə hesabatları barədə düşünür.

Bir yazıçı olaraq Məlahət Hümmətqızı həyatımızın bu qaçılmaz gerçəkliklərini son dərəcə dəqiq, incə cizgilərlə ifadə edə bilib.

Müəllifin həyati problemlərə yaxından bələdliyi bu yöndən "Villa"nın uğurunu təmin edib. Məlahət xanımın dəqiq müşahidələri əsərdə qabardılan məsələlərin oxunaqlığına zəmin yaradıb. Bədbəxt hadisə nəticəsində həyat yoldaşını itirən Akif əhdə sədaqət, vəfadarlıq baxımından daha diqqətçəkicidir; zahirən Mədinəyə çox oxşayan Yeganənin bütün qayğıkeşliyinə, övladına doğma ana kimi qulluq göstərməsinə baxmayaraq, sonacan gözünün ilk ovu olan qadınının xatirəsini tapdamır, ruhunu incitmir. Onun xəyalıyla yaşayır. Xəstəliyi bu səbəbdən olur. Şam kimi əriyir və tam bir etibar, vəfa sahibi kimi dünyasını dəyişir.

Bu vəfadarlıq duyğusu Akifin qız balası Nəzrinin üstündə nanə yarpağı kimi əsən, onu hər bəladan hifz edən Yeganəyə də dərin oxucu sevgisi qazandırır. Xeyirxahlıq və fədakarlıq duyğusunun hələ də dünyada ən çox ehtiyac duyulduğu bir hiss olması ideyasının aşılandığı "Villa" sözün həqiqi mənasında milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə çağırış məqamı, vasitəsi kimi oxucunun yaddaşına hopur.

"Villa" romanındakı Akifdən fərqli olaraq, "Yuxu" povestində təqdim edilən Ceyhun tama - milə başqa bir aləmin, əks qütbün adamıdı. Marina adlı qadınla qeyri-rəsmi yaşayır. Dörd yaşlı övladları belə var. Lakin buna baxmayaraq, Günay adlı gənc, ədalətli, zərif duyğulu bir həkim qızı da tora salmıq istəyir. Ancaq Günayın həssaslığı və gələcək həyatı qarşısındakı məsuliyyət hissi bu niyyətin qarşısını alır. Ceyhun ifşa olunur. Bu işdə Günaya anası yaxından kömək edir. Həmişə onun yanında olur. Yaxın rəfiqəsi Lalə köməyini Günaydan əsirgəmir. Bütün bunlar ondan irəli gəlir ki, cəmiyyət, yaxud insanlar həmişə təmiz, vicdanlı adamların yanında olur. Yaxşılar həmişə pisliklərin, cəmiyyətə və həyata ağrı, fəsad gətirən səbəblərin qarşısını kəsir, xəstə təbiətlərə, istəklərə qarşı cəsarətlə dirəniş göstərir. İnsanların mənəvi sağlamlığının qayğısına qalır. Masalar üstünə acı şərab yox, ruh oxşayan, şəfa verən şərbət qoyur, xalq ruhunu yaşadır. Bütün bu xeyirli niyyətlər önündə zəmanəmizin yeni məşədi ibadları olan Ceyhun kimi xudbinlər ətraflarında nə baş ver - diyin dən xəbərsiz qalırlar. Nəticədə oxucu, Günay kimi dəyərli bədii obrazlarda özünü tapır, ona oxşamağa çalışır. Və inanır ki, ömrün hansı bir anın dasa o da Günay kimi həyat təcrübəsindən qalib çıxacaq və özü də hiss etmədən Rəşad kimi qa biliy - yətli bir gəncin nəzərləri ömrü boyu onun uğurlarını, ömür yolunu usanmadan, xüsusi şəfqətlə izləyəcək.

"Villa" kitabına daxil edilən "Tənha qadın" hekayəsində ömrü tənhalıq içində keçmiş, yalqızlıq qorxusunun xofu ilə baş-başa yaşamış və bu nisgillə də axirət evinə köç etmiş Səkinənin həyatından bəhs olunur. O, valideynlərini və ərini vaxtsız itirdiyindən 45 illik ömrünü balalarını namusla böyütməyə həsr edir. Əvvəlcə qızının, sonra iki oğlunun toyunu edir. Ancaq bu xoş anların özündə belə üzü gülmür, köçürdüyü qızının, evləndirdiyi oğullarının toyunda qol götürüb oynaya bilmir. Əsl Şərq qadını kimi abır-həya hissi bu məqamda da tərk etmir onu.

Düşünür: "Həbib məni görür, onsuz oynaya bilmərəm, uşaqlarım xoşbəxtdi, mənə bəsdi, mən oynamasam da, balalarım oynayır, qohum-əqrəbam oynayır…

" Az keçmir, nənə də olur, nəvələri üçün yaşamağa başlayır. Ancaq bu xoş anların özündə belə tənhalıq, yalqızlıq qorxusu, əzabı onu tərk etmir.

Sevimli və bəxtsiz ömür-gün yoldaşı Həbibi unuda bilmir. Bu ağrılı həyatda onu tərk etməyən yeganə yol yoldaşı həmişə onunla olan şəkər xəs - təliyidi. Gəlinlərin "ayrı yaşayaq" tələbini sakitcə qarşılayır. Abır-həyasına qısılır, dərdini oğluna belə aça bilmir ki, hirslənər, beyninə qan sızar…
Ağrılara dözə bilməyəndə, oğlanları onu həkimə aparmaq istəyəndə isə daha gec olur. "Öləndə ehsanımı düşmənlər gəlib yeyəcəklər" ağrısı ilə dünyadan köç edir.

Yazıçı bütün ömrünü tənhalıq qorxusu ilə başbaşa yaşayan bu imanlı qadının son dəqiqəsini unudulmaz, yaddaqalan bir epizodla təsvir edir: "Bir gün gözlərini həmişəlik yumdu Səkinə. Ağrıdan-acıdan birdəfəlik canı qurtardı, ruhu Həbibin divardan asılmış şəklinə qondu. Həbib isə şəkildən baxıb həmişəki kimi gülümsəyirdi…"

"Yalan" hekayəsində isə Gülnar adlı gənc həkimin ağır, sağalmaz xəstəliyə dücar olmuş Xavər xalaya qarşı göstərdiyi hədsiz qayğıdan bəhs olunur. Gənc həkim əlacsız xəstənin ağrısını öz ağrısı bilir, onun həyəcanını yaşayır. Onun yerinə nəfəsi daralır, boğulur, onun əvəzindən rəng verib, rəng alır. Durumu yaxşı bilsə də, "yaşayacaqsan!" təsəllisi verir. Xəstənin ona olan inamını qırmaq istəmir.

Həyatınsa öz hökmü var. Bu hökm verilir və gənc həkimin gücü yalnız için-için ağlamağa çatır. Onun süzülən göz yaşları əsl insanlıq, qayğıkeşlik yaşlarıdı. Təmənnasızdı. Bütün əlacsızların həkimə olan inamı qarşısında ehtiram nişanəsidir. Yaxşı niyyətlə söylənmiş yalanın diləyi kimi yaddaşlarda qalır.

Məlahətin "Ata yadigarı" hekayəsi ən özəl, nostalji düşüncələr aləminə götürür oxucunu. Ata yadigarı olan pianonun satılması gənc qızın sonrakı yaşamında böyük bir boşluq yaradır. Ailə həyatı qurduqdan sonra belə ata evində həmin o sevimli pianonun boş qalan yerinə baxdıqca ürəyi sızıldayır. "Uşaqlıq dostu"nun cüzi pul müqabilində satıl - ma sına görə sonsuz əzab keçirir: "Artıq onun yerin də üzümdə yeri alışıb-yanan, həyatdan aldı - ğım ilk solaxay şillə ilə bərabər, üzbəüz dayanıb, mə nə baxıb pişxəndlə gülümsəyən, mənimçün utancverici üz qarası olan iki ədəd yüz manatlıq vardı…"

Təsirli, oxucunu bütün duyğularına qədər sarsıdan, eyni zamanda onu arxada qoyub gəldiyi illərə qaytaran, etdiyi səhvləri birər-birər "ovcuna sayan" bir epizoddu. Sanki hər dəfə xəstə üstünə çağırıldığı evlərin divarları arasında ata yadigarı olan pianonu gözləri axtaran o gənc həkim qız deyil, hər bir oxucunun, ata-ana yadigarına sahib çıxa bilməyənlərin özüdü. Bu hekayə adamın özünü özünə qaytaran, gerçəkliklərlə, ömrü müz dəngünümüzdən keçib gedən illərin unudul maz lıq ları ilə dolu bir boğçadı. Açdıqca, iç dünyasına nəzər saldıqca özümüzü görür, özümüzə hesabat veririk.

"Qorxu" hekayəsində isə maddi çətinlik içində yaşayan, ailə içində sıxıntı keçirən namuslu, xoşniyyət bir ziyalının etdiyi yaxşılıqlar əvəzində heç gözləmədiyi halda qarşısına çıxan tapıntıdan bəhs olunur. Bu tapıntı intihar etmək dərəcəsinə çatmış bir insanın xilasına dönür, onun üzünü güldürür. Eyni zamanda oxucuya anladır ki, pis, ümidsiz günlərin ömrü az olur. Yetər ki, çətinliklər önündə əyilmə, həssas, duyğulu qəlbini ümidsiz günlərin ayağına vermə…

Əslində, ədəbiyyatın başlıca missiyası da elə budu. Yəni oxucunu iradəli, dözümlü olmağa səfərbər etmək, bir müəllif olaraq oxucunun yanında olmaq, onu həyat burulğanlarına qarşı hazırlamaq.

M.Hümmətqızının "Villa"ya daxil etdiyi roman, povest və hekayələrin də ana xəttini bu vacib missiya təşkil edir. Bu əsərlər oxucunu təzələyir, onu mənəvi saflığa, vəfalı olmağa, baş qalarının kədərini, ağrısını özününkü edə bilməyə səsləyir.

Məlahət xanım ixtisasca həkimdi. Bu səbəb - dən də onun əsərlərində insanpərvər, şəfa verici həkim obrazları ilə daha tez-tez rastlaşırıq. Onun həkim obrazları daxilən saf, insana yeni həyat bəxş etməkdən zövq alan, sənətinə ürəkdən bağlı olan şəxsiyyətlərdi. Bu obrazların yaşamında, həyata, insana baxışında müəllifin özünün də siması, yüksək vətəndaşlıq duyğusu təzahür edir. Ruhun və cismin sağlamlığı naminə yaşayan, fəaliyyət göstərən M.Hümmətqızının zərif qəlbi onun qələmə aldığı hər bir əsərində xeyirxahlıq duyğusu ilə döyünür. Və bu döyüntülər həm də zəruri bir həyəcan təbili çalır ki, ətrafınıza, cəmiyyətə və xatirələrinizə sayğıyla yanaşın.

Məlahət xanımın "Villa"sı, doğrudan da, yaşadığımız dünyanın hər addımbaşı qarşıya çıxan problemlərini, bu aləmin fərqli sakinlərini, onların istək və arzularını çox qabarıq, eyni zamanda da incə cizgilərlə təqdim edir.

Dayandur SevginБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930