manera.az
manera.az

Ağrı hissi... - Zakir Məmməd yazır

📅 01.04.2018 17:12

Ağrı hissi... - Zakir Məmməd yazır
Zakir MƏMMƏD

M. Füzuli “Leyli və Məcnun”da körpə Qeys barədə belə yazır: “Zatında çü var idi məhəbbət”. Şair deyir ki, bu məhəbbət deyilən şey adamın canında yoxdusa, o yükün altına girmək çətindir. Bir keyfiyyətin adamın zatında olmamağı insanın ömrü boyu o defisitlə yaşamasına səbəb olur. Məsələn, qərbə inteqrqsiya olunmağımıza qərb ədəbiyyatını mütaliə etməyin, gedib orda təhsil almağın, ya dünya ilə yeni texnoloji ortaqlığın bir faydası olmur. Çünki adamın təfəkküründə qərbçiliyin az da olsa simptomları olmalıdır.

Bəs qərbçilik nədir? Yəqin ki, bu məqamda qərb ölkələrinin yaşayış tərzini birmənalı olaraq şərqlinin öz həyatına tətbiq etməsindən söhbət gedə bilməz. Azərbaycanlı oluban indiki halda insan kimi yaşayıb ömür sürməkdən danışmaq olar. Bizdən irəlidə olduqları üçün Avropanı bir örnək olaraq dəyərləndirmək zorundayıq. Qərbli təfəkkürünə yiyələnmək bir günün, beş günün məsələsi ola bilməz. Başqa cür izah edəsi olsaq, şərqli təfəkkürü yeniləşməli, qloballaşan dünyanın tələbləri səviyyəsinə qalxmalıdır. Yazıçı Aslan Quliyevin “İsti və soyuq torpaqlarda” adlı romanı, zənnimcə, oxucu fikrini qlobalizmə yönəldən və son illərdə bu tip mövzular üzrə adamı düşünməyə sövq edən unikal bir əsərdir. Yazıçı bu motivi qabartmağa mümkün olan ən optimal ədəbi variantları işə salmalı olur. Öncə, bizim doğru-dürüst kimliyimizi faş edir, poetik rəsmimizi çəkib başımızın üstündən asır.

Xalqın, toplumun əsrlərcə öyrəşdiyi, adət etdiyi yaşayış, davranış qaydalarının bir növ bədii təsnifatını verməyi, nəyi var, nöqtə-vergülünəcən nəzərə çatdırmağı lazım bilir. Azərbaycanlının həyat tərzinin, siyasətinin və məişətinin keçmişdə və indi necə olduğu hər bir azərbaycanlıya onsuz da məlumdur. Bu mənada əsəri oxuduqca, bizə tanış mənzərələri seyr etdikcə, adət-ənənədəki xronika şəklində təqdim olunan müəyyən tipik əhvalatlar sadalandıqca -- bütün bunlar həm əyləncə təsiri bağışlayır, həm də dərin düşüncələrlə baş-başa qalmaq üçün fürsət yaradır. Yazıçının uğuru təkcə toplumun özəl xarakteristikasını, məişət qayğılarını dərindən bilib təsvir etməsi ilə bağlı deyil. Daha çox, milli şüurun bütün təfərrüatlarını ümumi halda diqqətə almasıdır. Sosial mühitin eybəcərliklərinə bir mətndə ümumiləşdirilmiş baxış sərgiləmək asan məsələ deyil.

Romanda isə yuxarıda qeyd etdiyimiz kimi, hər rəy, fikir, təsvir, hadisə, sitat və dialoq yerli-yerində, məqamında əks etdirilibdir. Gülsevən, balıq başı yeyən, qəlyan çəkən, baş kəsən, duz əkən adlı tayfaların toplaşdığı cəmiyyətdə yaşamaq çoxlu problemlər yaradır. Bu problem hər sahədə görsənir. Onun içindən bir yana çıxmaq qeyri-mümkün görünür. Müəllif personajların həyatını hər tövr üsullarla sınağa çəkir. Onların isti, soyuq iqlimli məmləkətlərdə də eyni qayğıların ucbatından təhlükə və risklərlə baş-başa olduqlarını deyir. Görünür, bunun ciddi səbəbləri varmış ki, o da əsrlərcə insanı izləyən həmin mental gələnəklərdən doğan şüur və iradədir. Əsərin ən tragik nöqtəsi heyvanla insanın bir ölçü vahidi ilə dəyərləndirilməsidir. Əzadarlıq səhnəsinin təsviri zamanı oxucu yəqin belə qənaətə gəlir ki, şəhərin içində heyvanla insan qarışıq da salına bilər. Məsələn, polis polkovnikinin dilindən səslənən “bu şəhərdə iki ağıllı adam var” sözləri mənzərənin dəhşətini dürüst göstərə bilir. Qan çıxarmaq niyyəti ilə əllərində qəmə tutmuş müsəlmanların gülünc hərəkətlərini təsvir edərkən yazıçının qələmindəki mətnaltı üzücü kədəri duymamaq mümkün deyil.

Canına magik realizm elementləri hopdurulmuş romanda lirik ricətlərlə dolu sentimentallıq, bəzən sarkazm həddində yumoristik üslub və faciə ilə dolu ağır kədər eyni dərəcədə mətnin poetik enerjisinə çevrilir. Bu üç mühüm amilin gerçəkləşməsində həyatın özündən yazıçı qələminə axıb dolan çox mühüm informasiyaların yerbəyer edilməsindən, həmin bədii məlumatın yeni keyfiyyətdə çoxqütblü oxucu marağına ötürülməsindən söz gedərsə, bu ardıcıllıqda, bu düzümdə mətnin insan psixologiyasına hansı parametrlərdə və hansı səviyyədə təsir edəcəyi də, zənnimcə, yazıçı tərəfindən götür-qoy edilmişdir.

Çünki Aslan Quliyev adlı yazıçının konkret bir toplumun timsalında bəşər övladına etdiyi bədii mesajlarına, məlum həqiqətlərə əlavələrinə həssas yanaşmanı onun əsərlərinin müasir dünyagörüşə yönələn üslubu diktə edir. Ən üzdə olan “ümumişlək” həyat həqiqətləri modernist təfəkkürdə bir daha yoxlanılır, bədii süzgəcdən keçirilir və münasib nəqletmə üsulu ilə uzaq məsafəyə ötürülür. O uzaq məsafə məişətimizdən siyasətimizə qədər bütün hədəfləri çərçivəyə ala bilir. Süjet qurmaq ustası olan Aslan Quliyevin bu mətninə baş qoşmaq oxucu üçün yaxşı bir əyləncə də, zəngin informasiya şəbəkəsi də ola bilər. Romanın ideya qatına yönəlik canlı dialoqlar, şirin mükalimələr bu boyda ağır yükü – geniş epik materialı sanki “diyircək üzərində” hərəkət etdirir.

Romanda hər kəsin yaxından tanıdığı bir mühit, coğrafiya, zaman və tarix əks olunubdur. Belə təsəvvür yaranır ki, azərbaycanlının örnək ola biləcək yaşam tərzi, maraq və dünyagörüşü, arzu və məqsədlər yazıçı nəzəri ilə deyil, oxucu gözü ilə izlənmək üçündür. Məsələn, milli, dini, siyasi, mədəni nüanslarda insanın özünü necə idarə edəcəyi xüsusunda tipik obraz və əhvalata diqqət artırılır və bunun insanların yaşayış, davranış səviyyəsinə necə təsir göstərəcəyi barədə bilgilər sızdırılır. Yazıçı azərbaycanlının qafasında qəlibləşmiş dəyərlər sistemini sanki maddə-maddə oxucu mühakiməsinə təqdim edir. Xalqlar tayfaların birliyi kimi tanıdılır, baş kəsmək, tütün çəkmək, duz əkmək və s. əhvalatlardan duzlu bir yumorla, acı tənə ilə fikirlər, əhvalatlar, süjetlər tərtib edilir. Duz əkənlər, baş kəsənlər, qəlyan çəkənlər, oğraşlar, balıq başı yeyənlər tayfasından olanların hər birinin spesifik əlamətləri ilə onların uğraşdıqları tale və qisməti arasında harmoniya, bağlılıq axtarılır. Süjet materialının çox yerində əks olunan üç yoldaşın biri duzəkən – Coni, biri balıq başı yeyən – Qobi, biri də Poridir. Bunların biri canavar quruluşlu (Coni), biri porsuq (Pori), biri də qaban (Qobi) təbiətli məxluqlardır. Mifik obraz kimi bütün cizgilərə malik olmasalar da, həmin insanların vücudu totemə xas əlamətlərdən, kult rüşeymi ilə dünyaya gəlmə təzahürlərindən ibarətdir. Yazıçı mətnin kod sistemini yaradaraq, oraya nağıl elementləri yükləyərək, mifdən reallığa və əksinə böyük səliqə ilə keçidlər quraşdırır. Məsələn, ehsan yeməyə alışmış qoca obrazı da buna yaxşı nümunə ola bilər. Onun bir ayağı yerdə biri göydədir.

Bir az diqqətlə baxsaq, həyat dadlı bir yumora layiq zaman parçasıdır. Amma o dadlı yumoru yaza bilən qələm sahibləri azdır. Aslan bəyin yaradıcılığı ilə çoxdan tanış olsam da, onun haqqında ilk geniş təəssüratı məndə yaradan əsər onun “Azərbaycan” jurnalında çap olunan “Əyalət yazıçısı” povesti olmuşdur. 2005-ci ilin 11-ci sayında yer alan həmin əsərdə, yazıçının yeni romanında müşahidə olunan yazı manerası bir fikri isbat edir ki, həyat kinayə və rişxənd üçün insanların başına gətirilən ağır bəlalar məcmusundan başqa bir nəsnə deyildir. Hara getməyin, harada məskunlaşmağın əhəmiyyəti yoxdur. Prinsipcə insan gözəgörünməz qəzavü qədərin təqdiri ilə müdhiş oyuncağa çevrilməkdədir. Soyuq torpaqlarda da belədir, isti torpaqlarda da belədir. Ağır faciələr içərisində çapalayanda da belədir, heyvani instinktlərlə dünyanın kef-damağına qurşananda da.

Romandakı erotik səhnələr, çoxlu seks əhvalatları, şübhəsiz, yazıçı üslubunun tərkib hissəsi kimi baş verəsi faciəni şiddətləndirməyə xidmət edir. Yazıçının təsvir manerasındakı bu “erotik çalar” insanın həyata fiziksəl bağlılığını stimullaşdırır. Həyata bağlılığın kökündə həmin həyatı yaşamaq nəticəsində qazanılan həzzin, ləzzətin təfərrüatları dayanır. Köhnə dostluğun yeni münasibətlərində cinsi ehtirasın çağırışına tabe olmağın qayğıları, ailə xəyanətlərinə yol verməyin əzabları yönündə yazıçı qeyri-adi improvizələr edir. Bunun sayəsində mətn maraqla mütaliə edilir. Başı yaşayış uğrunda mübarizəyə məşğul personaj nə qədər kef çəkir-çəksin, həyat idealı konkret olmadığına görə o “eyşi-nuşin” arxa qatındakı müdhiş cəfalardan qurtulmamağı onun bədbəxtlik əmsalının əvvəldən məlum olmağına sübutdur. Bu bədbəxtlik sindromunu proseslərin gedişində təyin etmək olur, sonda, axırda, ayrıca olaraq onu təsvir etməyə ehtiyac qalmır. Bir də ki, həmin həzz dəqiqələri xatalı situasiyalarla, personajları qarabaqara izləyən, gizlindən izləyən hədə-qorxularla, risk dolu anlarla müşayiət olunur. Bu əyaniliyi, bu tragikomik psixologizmi yazıçı böyük səbr və həssaslıqla bədiiləşdirməyə müvəffəq olubdur.

Məsələn, dostun arvadı ilə gizlincə seks yaşayan Pori bir epizodda öz cinsəl ehtiyacını aradan qaldırmaq üçün bu işi başqa bir gərgin və həyəcanlı, darmacal şəraitdə həyata keçirməyə başlayır. O, Coninin arvadı Səmoşla pilləkəndəcə ayaqüstü seks yaşamalı olur. Görəsən, təsvirlərinin təbiiliyi şübhə doğurmayan bu fövqəladə fraqmentlər yazara nəyə görə lazımdır? Bəlkə, demək istəyir ki, insanın heyvandan fərqi o qədər də çox deyil. Bəlkə, insanın ən çox öz fərdi varlığı, vücudu ilə duyduğu realı, gerçəyi onun nəzərinə bir daha çatdırmaq fikrindədir? Ənənəvi bədii yazı üslubunda xırda-xuruş xətaları ilə yanaşı, nümunəvi olmaq, başqalarına örnək olmaq və ya böyük ideallar nəzərə çatdırılır, görk üçün ciddi “həyat həqiqətləri” uydurulur. Amma Aslan bəyin əsərlərində belə bir həyat məktəbi yoxdur. Sadəcə, həyat dərsi vardır. Belə bir bioloji bilgi var ki, bütün canlılar çoxalmaq, nəsil artırmaq üçün cinsi əlaqəyə girir. Amma meymunlar, delfinlər və insanlar seksdən yalnız ləzzət almaq üçün istifadə edən yeganə canlılardır. Romandakı hadisələrdən də belə bir nəticəni çıxarmaq çətin deyil.

Beləliklə, deyə bilərik ki, buradakı konflikti insanın əsil həyatı ilə onun “güzgüdə” nümayiş etdirdiyi yalançı həyatı arasındakı ziddiyyətdə axtarmaq lazımdır. Feysbuk səhifəsində şair Xanım İsmaylqızından belə bir sitata rast gəldim. O yazmışdı ki, “Heyvanlarda insanaməxsus keyfiyyətlər - heyrətə, insanlarda heyvanaməxsus keyfiyyətlər - dəhşətə gətirir...” Romanda üç dostun timsalında bu keyfiyyəti müşahidə edirik. İnsanın hərdən bioloji varlıq kimi görünməyi də var. Əslində adam öz daxilində yaşayan heyvanı diqqətdən qaçırmamalıdır.

Əsərdə tez-tez xırda fraqmentlər şəklində insan xarakterindəki onun üzdə olmayan bəzi sirli tərəfləri təsvir edilir. Məsələn Əfi (Əfsanə) gecə yuxuda ucadan söyüşlə danışdığına görə ərini başqa otağa qovur. “Pori, belə gedərsə, başım-beynim pozulacaq. Adyal, balış götür keç o biri otağa”. Aslan bəyin xırda bir sitatla obrazın xarakterini açıqlayan qələmində belə nümunələr çoxdur. Təkcə insanı məmnun edən qısa, uzun dialoqlar deyil, yemək-içmək səhnələri, təbiət, dəniz, meşə, çöl, içi balıqla zəngin göllər isti və soyuq torpaqlarda yol yoldaşı kimi oxucunu müşayiət edir. Mütaliə həzzini artırmaq, nitqin dadını-tamını qaçırmamaq üçün əsərdə tez-tez duzlu balıqdan bəhs olunan səhnələrə meydan verilir. Oxucuya elə gəlir ki, təhkiyəni dadlandırmaq üçün “üstünə duz səpmək” lazımmış.

Daha bir örnək. Coninin və Bülonun əmiləri Rusiyada atların, itlərin, şirlərin təlimi ilə məşğul olurlar və onlara yaxşı əmək haqqı verirlər. Əmilərin ölümü də həmin heyvanlarla düzgün olmayan, necə deyərlər, qeyri-ənənəvi təması ilə əlaqələndirilir. Bütün bu qalmaqallı olaylar maraqla izlənsə də, onların mahiyyəti ilə bağlı düşüncələr də oxucunu qayğılandırır. Məsələn, Burada təsvir edildiyinə görə Bilonun əmilərinin gedib uzaqlarda, Rusiyada ən arzuedilməz məşğuliyyətlərdən çörək qazanmağa məcbur olması uzun dövrlər azərbaycanlı insanının düşdüyü dözülməz həyat şəraitindən xəbər verir. Rusiya torpağından ölkəmizə həmvətənlərimizin tabutunun gəlməsi xəbərləri son illərə qədər ən çox gəzən söz-söhbət olduğu məlumdur. Yazıçı bu məlum, məşum olayların təsvirində bir növ ironiyadan da bəhrələnir.

Aslan Quliyevin qələmi, mənə elə gəlir ki, təkcə mətn tərtib etmir, həm də əraziləri ümumiləşdirən xəritə tərtib edir. Bu bədii xəritədə keçmiş sovet və indi müstəqil dediyimiz ölkələrin və orada yaşayan insanların obrazı əks etdirilibdir. Burada əsas model çörək dalınca harasa çıxıb getməyin təfərrüatları və səbəbləri fonunda müəyyən olunur. İnsan ayrı-ayrı torpaqlarda sınaqdan keçirilir, mərdlik, - namərdlik, halal – haram, yaxşı – pis bu kontekstdə çək-çevir edilir. Aslan Quliyevin “Ağrı” romanının ilk səhifələrində belə bir səhnə əks etdirilib. İtmiş qovluğunu axtaran yazıçı həyəcanlanır, qovluğun unudulduğu bağın yerini düzgün deməməkdə qınadığı tənqidçinin, dikdaban ayaqqabıların taqqıltısı ilə əsəblərə təsir edən gənc qızın, əsasını beton pilitkalara döyəcləyən, başını əsdirən qoca rus qarısının biganəliyindən üzüntü keçirir. Romanın itməsi, tapılması rəmzi məna kəsb edə bilər. Məncə, yazıçının ən böyük itkisi onu gözləyən və ona ehtiyacı olan gənc və yaşlı oxucusunu itirməsi ilə bağlıdır. Yazıçı “tənqidçi” adlandıracağımız hazırlıqlı və həyatı hələ bundan sonra öyrənməyə başlayan hazırlıqsız oxucusunu tapmalıdır.

Ədəbiyyatın xalq içində böyük nüfuzunu bərpa etmədikcə bizim Aslan Quliyev kimi bədii söz cahangirlərinin hakimiyyətini kitab aləmində qurmağımız çətindir. Böyük ağrılarımıza yeganə məlhəm ədəbiyyatdır. “Ağrı”da yer almış milli, sosial bəlalarımızı azaltmaq üçün bu romanı mütaliə edib yaxşı-yaxşı düşünmək lazımdır. Çünki bu romanda da bir ağrı hissi aydınca duyulmaqdadır. Elə bir ağrı ki, ondan heç cür canını xilas edə bilməzsən. Haraya köç etsə də, adamın canını və ruhunu dinc qoymayan ağrılar səngiməz. Roman, əslində, insanın canını dişinə sıxıb, dünyadan daha çox kam almaq istəyini, ancaq bunun heç vaxt mümkün olmayacağı həqiqətini ifadə edir.


Baxış sayı - 1 618 | Yüklənmə tarixi: 01.04.2018 17:12
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031